Bir çox insan şükür etməyi unudur.. Çünki Allahın ona vermiş olduğu dəyərli və sayı-hesabı olmayan nemətlərini düşünmür.. Halbuki Rəbbinin nemətlərinin içində “üzməyə davam edir”. Uca Allah belə buyurmuşdur:

Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Nəhl, 18).

 

Əziz insan, Rəbbin səni düşünməyə dəvət edir:

“(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?..” (Loğman, 20).

 

İnsan sahib olduğu bütün nemətləri özü əldə etdiyini düşünür. Bu düşüncə onu Allaha şükür edərək Ona boyun əyməkdən yayındırır. Halbuki Uca Allah bunun belə olmadığını bəyan etmişdir:

Sizə gələn hər bir nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız!” (Nəhl, 53).

 

Əgər insan öz bədən üzvlərinə diqqətlə nəzər yetirərsə, şükür etmək üçün başqa nemət axtarmaq ehtiyacını hiss etməz. Uca Allah belə buyurmuşdur:

“Məgər Biz ona iki göz vermədikmi?! Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?! Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!” (Bələd, 8-10).

 

Bu dəqiqə sən Rəbbini xatırlayırsansa, bu Allahın sənə vermiş olduğu böyük bir nemətdir. Bu neməti ətrafındakı onlarla insana deyil, məhz sənə bəxş etmişdir. Bunu düşünüb şükür edə bilirsənsə, Rəbbinə boyun əymək üçün önündə heç bir əngəl qalmamalıdır. Əgər bunu edə bilmirsənsə, dünyada da, axirətdə də itirən sən olacaqsan.

Allahın sənə vermiş olduğu nemətləri bu cür sadalaya bilərik: Həyat neməti, sağlamlıq neməti, eşitmə neməti, görmə neməti, iki əl, iki ayaq, su, hava və bu nemətlərin ən qiymətlisi olan İslam neməti. İnsanlardan birisi belə deyərdi: “Gözlərin, qulaqların, ayaqların, əllərin, ürəyin: Bunlardan hər hansı birini bir milyon manat müqabilində satarsanmı?..”

 

Nə qədər böyük bir sərvətə sahib olduğunu gördünmü? Lakin bunlara şükür etmək əvəzinə, hələ də əldə edə bilmədiklərinə və ya itirdiklərinə üzülürsən..

 

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 02.02.2016 | Oxunma sayı: 1. 798 baxış