Zənn və casusluq etmək barədə Uca Allah buyurmuşdur:

Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Birbirinizi güdməyin…” (Hucurat, 12)

Bu ayə çoxlu zənn etməkdən çəkinməyin vacibliyini, zənnin böyük bir qisminin günah olduğunu, casusluq etməyin qadağan olduğunu açıqlayır. Casusluq deyildikdə insanların eyiblərini arayıb axtarmaq nəzərdə tutulur ki, bu da insanlar barəsində pis zənn etməyin nəticəsidir. Peyğəmbərimiz (ona salam olsun) demişdir: “Zənn etməkdən çəkinin, çünki zənn ən yalan söhbətdir. (İnsanların) ayıblarını aramayın, casusluq etməyin, bir-birinizə həsəd aparmayın, bi-birinizə kin bəsləməyin, bir-birinizə arxa çevirməyin, ey Allahın qulları qardaş olun.” (Buxari və Muslim)

 

Ömər ibn əl-Xattabdan rəvayət olunan hədisdə o, demişdir: “Mömin qardaşının söylədiyi söz barəsində xeyirə ehtimal etməklə yalnız yaxşı zənn et.” Bunu İbn Kəsir Hucurat surəsindəki ayənin təfsirində qeyd etmişdir.

 

İnsan daima düşünməli, ona fayda verəcək işlərlə özünü məşğul etməli, faydasız şeylərdən çəkindiyi kimi, nə fayda, nə də zərər olan mənasız işlərdən də uzaq durmalıdır. Bəkr əl-Muzəni (Allah rəhmət etsin) demişdir: “O sözlər ki, doğru çıxanda sənə savab qazandırmır, lakin yalan çıxdıqda günah qazandırır onlardan çəkin. Bu da ki, qardaşın haqqında pis zənn etməkdir.” (Təhzib ət-Təhzib)

 

Əbu Nueymin “əl-Hilyə” əsərində Əbu Quləbə əl-Cəraminin belə dediyi rəvayət olunur: “Qardaşın haqqında sənə xoşagəlməz bir xəbər gəldikdə ona mümkün qədər özlüyündə üzür gətir. Üzür gətirə bilmədikdə isə öz-özünə de ki; yəqin ki, qardaşımın mənə bəlli olmayan bir üzürü var.”

 

Böyük alim Sufyan ibn Hüseyn demişdir: “Bir dəfə İyas ibn Müaviyənin yanında bir nəfər haqqında xoşagəlməz söz söylədim. O mənə baxıb dedi: Sən rumlulara qarşı döyüşmüsənmi? Mən: xeyr – deyə cavab verdim. O yenə soruşdu: Bəs sindlilərə, hindlərə və ya türklərə qarşı necə? Mən yenə: Xeyr – deyə cavab verdim. O dedi: Rumlular, sindlilər, hindlər və türklər (islam dinini hələ qəbul etmədikləri dönəmlər) səndən salamat oldu, qardaşların isə yox. Bundan sonra bir daha buna bənzər iş görmədim.” (əl-Bidayə van-Nihayə, 13/121).
Bir baxın öz zəkası ilə məşhur olan İyas ibn Müaviyənin bu cavabı necə də gözəldir. Bu onun həqiqətən də çox zəkalı olmasına dəlalət edir.

 

Əbu Hatim ibn Hibban əl-Busti “Raudatul-uqalə” əsərində demişdir: “Ağılı olan kəs gərək insanların ayıblarını aramaqdan çəkinərək, öz ayıblarını islah etməklə məşğul olsun. Kim başqalarının ayıblarını deyil, öz ayıblarını islah etməklə məşğul olarsa bədənini rahat edər və qəlbini yormaz. Hər dəfə özünün bir ayıbı yada düşdükdə qardaşının ayıbını yaddan çıxarar. Öz ayıblarını deyil, başqalarının ayıblarını arayıb araşdıranların isə qəlbi kor olar, bədəni yorular və öz ayıblarından yaxa qurtara bilməz.”

 

Həmçinin demişdir: “Casusluq (insanların eyblərini axtararaq casusluq etmək) nifaqın bir şöbəsidir. Yaxşı zənn etmək isə imanın bir şöbəsidir. Odur ki, aqil insan yalnız qardaşları barəsində yaxşı zənn edər və öz səhvləri haqqında düşünər və kədərlənər. Cahil isə qardaşları barəsində pis zənn edər və özündəki nöqsanlar barəsində əsla düşünməz və kədər etməz.”

 

Söz gəzdirərək insanların arasında fitnə çıxarmaq, Allah dərhahında ən böyük günahlardan hesab olunduğu kimi, cəmiyyətlərə də çox böyük zərərlər vurur. Yəhya ibn Əbi Kəsir necə də gözəl buyurmuşdur: “Bir nəmmamın (sözgəzdirən) bir saat ərzində törətdiyini, cadugər heç bir ayda edə bilmir”. (Rovdatul Uqalə, 179)

 

 

 

Bu yazının hazırlanmasında “Rifqan” kitabından istifadə olunmuşdur.

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 28.01.2016 | Oxunma sayı: 3. 177 baxış