✔️ Müsəlman kişi və ya qadın haqqında xoşagəlməz şayiələr yayıldıqda, müsəlmanın məsələyə baxışı və davranışı bu cür olmalıdır:

 

1. Dərhal, islah üçün dua etmək və hökm verməyə əsla tələsməmək. Günümüzdə istənilən müasir üsullarla iftiralar daha rahat edilə biləcəyi üçün, diqqətli olmaq və dərhal inanmamaq.

 

2. Yalnız yayılan sözlərlə kifayətlənməyərək, qarşı tərəf üçün yetmiş üzür axtarmaq. Üzürlər ağlına gəlməsə belə, yenə də susmaq və bu haqda danışmaqdan çəkinmək. Bir sözlə, namazın vacib olduğu kimi, daima gözəl zəndə olmaq da vacibdir!

 

3. Əgər deyilənlərin doğru olduğuna tam əmin olsa, o zaman dərhal ən gözəl üslubla nəsihət etməyə çalışmaq və əsla tənə edərək buna sevinməmək. Əl-Xattabi demişdir: “Nəsihət – qarşı tərəf üçün xeyir istəməkdir”. Əgər səmimi olaraq xeyir istəyirsənsə nəsihət etmək, yox əgər nəfsi duyğular imkan vermirsə, o zaman bu işi başqalarına həvalə edərək, tamamilə susmaq.

 

4. Əsla yaymamaq. Çünki, Peyğəmbərimiz, bir kəsin eyblərini aşkara çıxaran insanın, qiyamət günü Allah tərəfindən öz eyblərinin aşkara çıxarılacağını xəbər vermişdir. Bununla yanaşı, günümüzdə insanların “birinin üzərinə beşini qoymaq” kimi bədnam işlərini nəzərə alaraq, yalan və böhtanların səbəbkarı olmaqdan qorxmaq.

 

5. Başqalarının bu haqda danışmasını əngəlləmək və bu qeybətlərdə iştirak etməmək. İnsanların şəxsi həyatlarımı və ya eyblərini müzakirə etməyi özünə hobbi etməmək və qiyamət günü şərr-böhtançı kimi Allahın hüzuruna çıxmaqdan qorxmaq. və s..
Uca Allah, hətta müsəlman birisinin gətirmiş olduğu xəbərə dərhal inanmamağı əmr etmişdir:

 

Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” (Hucurat, 6)

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 23.09.2018 | Oxunma sayı: 4. 530 baxış