Abdulla ibn Ömər (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “İnsanlar, aralarında minmək üçün bir baş yararlı dəvə olmayan yüz dəvəyə bənzəyirlər.” Buxari və Müslim rəvayət etmişlər.
(Buxari: ər-Raqaiq ? 6133. Müslim: Əshabələrin fəziləti ? 2547. Tirmizi: Misallar ? 2872. İbn Macə: Fitnələr ? 3990. Əhməd: 2/122.)

ŞƏRH

Bu hədis doğru xəbəri və faydalı yönəltməni şamil edir.
Xəbərə gəlincə, Peyğəmbər bildirmişdir ki, bu naqislik əksər insanlara aiddir və onlar arasında kamil və ya buna yaxın olan çox azdır. Necə yüz dəvə çox sayılır. Lakin onlardan birini minmək, üzərində nə isə daşımaq və digər işlər üçün istifadə etmək istədikdə, heç birinin yararlı olmadığını görürsən. İnsanların əksəri də belədir. Əgər elm, fitva, imamlıq, böyüklərə və uşaqlara başçılıq və digər mühüm vəzifələrə kimisə seçmək lazım gələrsə, bu işi düzgün şəkildə yerinə yetirəcək insanın tapması müşkül məsələyə çevrilir. Bu həqiqətdir. İnsan zalım və cahildir. Bunlar isə naqisliklərə səbəbdirlər. Eyni zamanda kamilliyə və kamilləşdirməyə maneədirlər.
Yönəltməyə gəlincə, bu xəbərin məzmununa görə Peyğəmbər bildirmək istəmişdir ki, ümmət hamılıqla ümumi faydası olan işlərə layiqli adamların təyin edilməsinə çalışmalıdır.
Uca Allah bu mənaya yönəldərək buyurur: “(Ehtiyac olmadıqda) möminlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır. Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!” (Tövbə, 122). Uca Allah döyüşməyi bir dəstənin üzərinə vacib edib digər dəstənin də elmə yönəlməsini əmr etdi. Bununla da biri-birilərinə kömək etmiş olurlar. Uca Allah ona başçılıq etməyi əmr etdi. Bu isə, həmin işin və onu tamamlayan şərt və kamilliklərin əmr edilməsidir.
İnsanlar mütləq dini və dünyəvi vəzifələrini yerinə yetirməlidirlər. Onlar eyni zamanda ümumi faydası olan işlərlə də məşğul olmalıdırlar. Buna isə, yalnız layiqli və əmin şəxslərin həmin işə təyin edilməsi ilə nail olmaq mümkündür. Deməli, bacardığımız qədər lazımi xüsusiyyətlərə malik insanı seçməliyik. Uca Allah buyurur: “Allahdan bacardığınız qədər qorxun.” (Təğabun, 16). Allah daha doğrusunu bilir.

——————-
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Share Button
Tarix: 05.06.2013 | Oxunma sayı: 300 baxış