Əli (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Müsəlmanlar (qisas və qanbahası məsələlərində) canları baxımından bərabərdirlər. Onların ən aşağı təbəqədən (məsələn, qul və s.) olanları kimisə himayəyə götürərlərsə, ona etibar olunar. Onların yanına uzaqda olanları gələrlər. Onlar özlərindən qeyrisinə (yəni, düşmənlərinə qarşı) bir yumruq kimidirlər. Müsəlman kafirə görə öldürülməz. Əhd sahibi də öz əhdində öldürülməz.” Əbu Davud və Nəsai rəvayət etmişlər. İbn Macə isə bu hədisi İbn Abbasdan nəql etmişdir.
(Əbu Davud: Cihad ? 2751. İbn Macə: Qan bahaları ? 2685. Əhməd: 2/215. Əlbani səhih demişdir.)

ŞƏRH

Bu hədis, uca Allahın kəlamına sanki bir açıqlamadır. O buyurur: “Həqiqətən, möminlər (dində) qardaşdırlar…” (Hucurat, 10). Həmçinin bu hədis Peyğəmbərin (s.a.v) öz sözlərinə də açıqlama sayıla bilər. O demişdir: “…Allahın qulları olun və bir-birinizə qardaşlıq edin.”
(Buxari: Ədəb ? 5717. Müslim: Xeyirxahlıq, qohumluq əlaqələri və ədəblər ? 2563. Əhməd: 2/394. Malik: Cami ? 1684.)

Möminlər gərək bir-birini sevsin, səmimi münasibət bəsləsin. Onlar bir-birinə nifrət bəsləmək və düşmən mövqedə olmaqdan uzaq olmalıdırlar. Xeyirlərinə olan işlər üçün hamılıqla çalışmalı, öz dinlərini və dünyalarını möhkəmlətməlidirlər. Yuxarıda olan aşağıdakının üzərində lovğalanmamalıdır. Heç biri digərini təhqir etməməli və alçaltmamalıdır. Onların canları (hüquqi baxımdan) bərabərdir. Qisas zamanı isə, yalnız dini bərabərlik şərti kəsilir. Bu hədisdə varid olduğu kimi müsəlman, kafirə görə öldürülməz. Bərabərlik hökmü azad insanlar barəsində qüvvədədir. Bu səbəbdən də azad insan qula görə öldürülməz. Bundan başqa müsəlmanların hamısı eyni hökmə malikdirlər. Kim qəsdən və düşmənçiliklə digərini öldürərsə və ya əzasını kəsməklə xətər yetirərsə, ondan eyni şəkildə qisas alınar. Burada kiçiyə görə böyükdən, yaxud əksinə, həmçinin kişiyə görə qadından və əks tərəfdən, alimə görə cahildən, yüksəkdə olana görə aşağıda olandan, kamil insana görə qüsurludan və bunların əksindən qisas alınması arasında heç bir fərq yoxdur.

Peyğəmbərin (s.a.v) “Onların ən aşağı təbəqədən (məsələn, qul və s.) olanları kimisə himayəyə götürərlərsə, ona etibar olunar.” kəlamı ilə məqsəd, müsəlmanların himayəsinin bir olmasıdır. Əgər kafir hər hansı bir müsəlmandan sığınacaq istəyərsə (və o da sığınacaq verərsə), başqa müsəlmanların da onun toxunulmazlığını qoruması vacib sayılar. Necə ki, uca Allah buyurur: “Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra (İslamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!” (Tövbə, 6). Burada yüksək səlahiyyətli şəxslə başqa bir insan arasında fərq yoxdur.

Peyğəmbər (s.a.v) buyurmuşdur: “Onların yanına uzaqda olanları gələrlər.” Yəni, təhlükəsizlik və həmçinin qoşunların kiçik dəstələrlə birləşməsi üçün bu baş verir. Onlar bir-birini əvəz edir və ya keşikdə dayanırlar. Əgər qoşun və ya ona tabe olan kiçik dəstələrdən biri qənimət əldə edərsə, onların hamısı buna şərik olarlar. Burada işin birbaşa icraçısı xüsusiləşdirilməz. Çünki onlar hamılıqla köməkləşərək bu işin öhdəsindən gəlmişlər.

Peyğəmbər (s.a.v) buyurmuşdur: “Onlar özlərindən qeyrisinə (yəni, düşmənlərinə qarşı) bir yumruq kimidirlər.” Yəni, bütün yer üzündə yaşayan müsəlmanların düşmənlərinə qarşı sözlərində, əməllərində, döyüşlə bağlı göstərdikləri kömək və yardımlarında, iqtisadiyyat məsələlərində və hər vasitə ilə müdafiələrində bir yumruq kimi olmaları vacibdir.
Müsəlmanlar bu vacib işlərə gücləri yetən qədər riayət etməlidirlər. Bununla da Allah onlara qələbə və izzət verər. İmanın tələblərini yerinə yetirdikləri üçün onları düşmənlərdən qoruyar. Uca Allahdan diləyirəm ki, onları buna müvəffəq etsin.

Peyğəmbər buyurur: (s.a.v) “Əhd sahibi də öz əhdində öldürülməz.” Yəni, sığınacaq verilməsi, təhlükəsizlikdə olması və ya atəşkəs bağlanması ilə əlaqədar əhd imzalanan kafiri öldürmək halal sayılmır. Peyğəmbər, “Müsəlman kafirə görə öldürülməz.” sözlərini dedikdən sonra əhd imzalanan kəsi öldürməyin haram olduğunu bəyan etmişdir. Bununla da kiminsə bu işə icazə verilib deyə zənnə qapılmasının qarşısını almışdır. Allah daha doğrusunu bilir.

——————-
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Share Button
Tarix: 27.05.2013 | Oxunma sayı: 269 baxış