Abdurrahman ibn Səmura (r.a) demişdir: Peyğəmbər (s.a.v) mənə belə buyurdu: “Ey Abdurrahman ibn Səmura! Başçılıq etməyi istəmə. Şübhəsiz ki, əgər o, öz istəyinlə sənə verilsə, onun məsuliyyətini daşımalı olacaqsan. Yox əgər istəyin olmadan verilərsə, sənə (Allah tərəfindən) kömək edilər. Əgər sən bir işi etməyinə and içsən, lakin sonra başqa işin ondan daha yaxşı olduğunu görsən, daha yaxşı olanı et və andına görə kəffarə ver.” Buxari və Müslim rəvayət etmişlər.
(Buxari: And içmələr və nəzirlər ? 6248. Müslim: And içmələr ? 1652. Tirmizi: Nəzirlər və and içmələr ? 1529. Nəsai: And içmələr və nəzirlər ? 3782. Əbu Davud: Xərac, əmirlik və qənimət ? 2929. Əhməd: 5/62. Darimi: Nəzirlər və and içmələr ? 2346.)

ŞƏRH

Bu hədis iki əzəmətli cümləni ehtiva etmişdir.
Onlardan birincisi, insanlara başçılıq etməyi və digər məsul işləri istəmək və ya bunlara nail olmaq üçün tədbirlər görmək olmaz. Əksinə hər bir şəxs Allahdan salamatlıq istəməlidir. Çünki insan bu başçılığın onun üçün xeyir və ya şər gətirəcəyini bilmir. Həmçinin o, bu məsuliyyətli işin öhdəsindən gəlib-gəlməyəcəyindən də xəbərsizdir.
Əgər o bunu istəyərsə və əldə etməyə var qüvvəsi ilə çalışarsa, öz nəfsini cavabdeh etmiş olar. İnsanın işləri onun nəfsinə həvalə edildikdə, o, müvəffəqiyyət qazanmaz. Bu halda onun işləri düz getməz və ona kömək göstərilməz. Çünki onun istəyi çəkinməsi lazım bilinən iki məsələyə bağlıdır.

Birincisi, dünyaya hərislik və hakimiyyət istəyidir. Hərislik isə, insanı Allaha məxsus mülklə şübhəli rəftar etməyə (yəni, zəkat, vəqf və s. malları düzgün istifadə etməməyə) və özünü Onun bəndələrindən üstün görməyə vadar edir.

İkincisi, bu iş insanın özünə artıq dərəcədə güvəndiyinə və Allahın köməyinə güvənmədiyinə dəlalət edir. Bu səbəbdən də hədisdə buyurulmuşdur: “onun məsuliyyətini daşımalı olacaqsan.”
Lakin əgər başçı olmağa hərislik göstərməyən və onun üçün mübarizə aparmayan, əksinə ona istəyi olmayan və özünün bu işin öhdəsindən gələ bilməyəcəyini hesab edən şəxs, bu işə təyin edilərsə, Allah ona köməklik edər. Onu nəfsinin ümidinə qoymaz. Çünki o, bu imtahana can atmamışdır. Kimə də ixtiyarsız olaraq bir imtahan gələrsə, məsuliyyəti ondan götürülər və o, vəzifəsini yerinə yetirməyə müvəffəq olar. Bu halda bəndənin uca Allaha təvəkkülü daha da güclənər. Əgər insan düzgün bir səbəbi götürərək Allaha təvəkkül edərsə, uğur qazanar.
Hədisdəki “sənə (Allah tərəfindən) kömək edilər…” kəlamı sübutdur ki, başçılıq etmək və digər dünyəvi məsul işlər özündə iki məsələni, din və dünyanı cəm etmişdir. Çünki məsul işlərin hamısının məqsədi insanların dinlərinin və dünyalarının islah olunmasıdır.
Buna görə də əmr, qadağa, vaciblərin tələbi, haramlardan çəkindirmə, haqların yerinə yetirilməsinə nəzarət, eləcə də siyasət və müharibə kimi məsələlər onlara bağlıdır. Bu iş, onu ixlasla Allaha aid edən və belə bir vacibi (layiqincə) yerinə yetirən şəxs üçün ən fəzilətli ibadətlərdən sayılır. Əks halda isə, o, insan üçün ən böyük təhlükələrdən birinə çevrilir.
Bu səbəbdən də o, hamıya vacib olmayan vaciblərdən (fərdul-kifayə) sayılır. Çünki çoxsaylı vaciblər məhz onun üzərində dayanmışdır.
Sual verilə bilər: Nəyə görə Yusuf  xəzinə mallarına başçılıq etməyi istəmişdir? Necə ki, ayədə buyurulur: “(Yusuf) dedi: “Məni bu yerin (Misirin) xəzinələrinə məmur təyin et…” (Yusuf, 55).
Sualın cavabı uca Allahın bu kəlamında deyilmişdir. O buyurur: “…çünki mən (özümə etibar edilən mal-dövləti) qoruyanam, (işləri idarə etməyi) bilənəm!” (Yusuf, 55). O, mal-dövləti tam şəkildə qorumaq və xəzinə ilə başlı bütün məsələləri hər tərəfli bilmək kimi bir işin öhdəsindən gələcək başqa birinin olmadığını görərək, onu öz üzərinə götürməyi daha məqsədəuyğun hesab etmişdir. Belə ki, xəzinə gəlirlərini və xərclərini yalnız o, gözəl şəkildə idarə edər, ədaləti tam bərqərar edə bilərdi. Yusuf hökmdarın onu seçdiyini, irəli çəkdiyini və yüksək məqama təyin etdiyini görüb, ona və rəiyyətinə lazımi tövsiyələr verməsini özünə vacib hesab etdi. Onun cavabdehlik daşıdığı iş də bunu tələb edirdi.
Buna görə də o, məmləkətin xəzinələrinə başçı təyin edildikdən sonra kənd təsərrüfatının güclü inkişaf etməsi üçün çox çalışdı. Yeddi il ərzində Misirin ən uzaq bölgələrində belə əkilməyən torpaqlar qalmadı. Sonra məhsulu yığıb qəribə bir şəkildə qorudu. Elə ki, quraqlıq illəri başladı, insanların ərzağa olan tələbatı artdı. Yusuf məhsulu ədalətli şəkildə insanlar arasında bölməyə başladı. O, kasıbların çətinə düşəcəyindən ehtiyatlanaraq tacirlərə məhsulu almağı qadağan etmişdi. Bu, insanlar üçün olduqca əlverişli və faydalı qərar oldu.
İkinci cümlədə Peyğəmbər  buyurur: “Əgər sən bir işi etməyinə and içsən, lakin sonra başqa işin ondan daha yaxşı olduğunu görsən, daha yaxşı olanı et və andına görə kəffarə ver.”
Vacibi və ya müstəhəbi tərk etməyə and içən bu hökmə daxildir. O, andının yerinə kəffarə ödəyir və tərk etməsinə and içdiyi vacib və müstəhəb (bəyənilən) işi yerinə yetirir. Bura həmçinin haram və ya məkruh (bəyənilməyən) işi etməyə and içən də daxildir. Ona həmin haram və məkruh işi tərk etmək və andının yerinə kəffarə ödəmək əmr olunur.
Bu dörd qisim, Peyğəmbərin  “daha yaxşı olanı et…” kəlamına daxildirlər. Çünki əmr olunanın yerinə yetirilməsi və qadağan olunanın tərk edilməsi mütləq şəkildə xeyirdən sayılır.
Uca Allahın bu ayəsinin mənası da elə budur. O buyurur: “Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanlar arasında sülh yaratmaq barəsindəki andlarınıza Allahı (Allahın adını) hədəf etməyin! Allah eşidəndir, biləndir!” (Bəqərə, 224). Yəni, yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanlar arasında sülh yaratmaq üçün andlarınızı üzr gətirməyin, hədəf qurmayın və maneə etməyin. Əgər bu cür işləri tərk etməyə and içibsinizsə, andlarınızın yerinə kəffarə verin, yaxşı əməlləri edin, pis əməllərdən çəkinin və insanların arasında sülh yaradın.
Bu hədisdən belə nəticə çıxarılır ki, bu işlərdən qeyrilərində andın yerinə yetirilməsi daha məqsədəuyğundur. Lakin əgər yaxşı işin icrasına və ya qadağan olunmuş işin tərkinə görə and içilmişdirsə, onu pozmaq olmaz. Yox əgər icazəli bir işə (mübaha) görə and içilərsə, onu yerinə yetirib yetirməmək barədə seçim etmək olar. Lakin andın yerinə yetirilməsi daha münasib sayılır.
Bil ki, kəffarə yalnız gələcəkdə nəyisə etməyə and içdikdən sonra onu pozduqda ödənilməlidir. Andın kəffarəsini vermək istəyən, qul azad etmək, on kasıbı yedizdirmək və ya geyindirmək seçimini edə bilər. Əgər buna gücü yetməzsə, üç gün oruc tutmalıdır.
Keçmiş işlərə və ya mənasız yerə söylənmiş andlara, məsələn, insanın söhbətindən sonra: “Xeyr, vallahi”, “Bəli, vallahi” — deməsinə gəlincə, bunlara görə kəffarə ödənilməz. Allah daha doğrusunu bilir.

—————-
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Share Button
Tarix: 27.05.2013 | Oxunma sayı: 310 baxış