Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Allah üç nəfərə kömək etməyi Öz üzərinə götürmüşdür: “(Azadlığa çıxmaq üçün) ağası ilə yazılı müqavilə bağlayıb (mukatəbə edib) onu yerinə yetirmək istəyən qula, iffətini qorumaq üçün evlənənə və Allah yolunda döyüşən mücahidə.” Nəsai istisna olmaqla “Sünən” əsərlərinin müəllifləri rəvayət etmişlər.
(Tirmizi: Cihadın fəzilətləri ? 1655. Nəsai: Cihad ? 3120. İbn Macə: Hökmlər ? 2518. Əhməd: 2/437. Əlbani hədisin “həsən” dərəcəsində olduğunu söyləmişdir.)

ŞƏRH

Uca Allah Onun yolunda xərcləyənlərə tez bir zamanda əvəzini verəcəyini vəd etmişdir. Burada xərcləmək ümumi sözlə ifadə edilmişdir. Məqsəd, malı Allahın sevdiyi işlərə xərcləməkdi. Çünki Allahın əvəz vəd etməsi, mükafatdır. Mükafat isə yalnız Onun sevdiyi işlərə görə verilir.
Allahın sevmədiyi işlərə: günaha və ya icazəli məsələlərdə israfçılıqla xərclənən vəsaitlərə gəlincə, Allah bu kimi işlərə əvəz verməsini vəd etməyib. Əksinə həmin insanlar ziyana uğrayacaqlar.
Hədisdə qeyd olunan bu üç əməl, Allahın sevdiyi ən fəzilətli işlərdən sayılır.
Allah yolunda cihad dinin dayağı, zirvəsi və yüksəkliyidir. Bu cihad döyüş, yaxud elm və sübutla ola bilər. Bu yolda nə xərclənirsə, onun əvəzi ödəniləcək. Bu yolu tutana isə Allah kömək edər və Onun işini asanlaşdırar.

Ağası ilə müqavilə imzalayan qula gəlincə, Allah bu yazını Öz Kitabında əmr etmişdir. O buyurur: “Kölələrinizdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən müəyyən məbləğ pul qazanıb ağasına vermək şərti ilə köləlikdən azad olmaq) istəyənlərlə – əgər onlarda bir xeyir görürsünüzsə – mükatəbə edin.” (Nur, 33). Yəni, bunu onların dini və dünyəvi durumlarının artması üçün xeyirli hesab edirsə, ağa mütləq müqavilə bağlamalıdır. Borcunu ödəyib tezliklə azadlığa çıxmaq istəyən kölə dinini və dünyasını rahat şəkildə yaşamaq üçün çalışırsa, Allah da ona köməklik edər, işlərini asanlaşdırar və gözləmədiyi yerdən ruzi yetirər.
Ağa müqavilə bağlayarkən möhlət məsələsində güzəştə getməlidir. Kölə müqavilədə yazılmış məbləği ödədikdən sonra, ağası malın dörddə birini köləyə qaytarmalıdır.
Uca Allah mükatəbə edən tərəflərin haqları barədə buyurur: “…Onlara Allahın sizə verdiyi maldan verin…” (Nur, 33). Bu həm ağaya, həm də başqa müsəlmanlara əmrdir. Buna görə də Allah qul üçün zəkat malından pay ayırmışdır. O buyurur: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (Tövbə, 60). Bu Allahın göstərdiyi köməklikdir.

Peyğəmbərdən (s.av) nəql edilən hədisdə bu daha geniş formada bildirilmişdir. O (s.a.v) buyurmuşdur: “Kim insanların malını götürdükdən sonra onları qaytarmaq istəyərsə, Allah onun yerinə qaytarar. Kim də insanların malını götürüb onu tələf etmək istəyirsə, Allah onun özünü tələf edər.” Buxari rəvayət etmişdir. ( Buxari: Borc almaq və qaytarmaq ? 2257. İbn Macə: Hökmlər ? 2411. Əhməd: 2/417.)

Evlənməyə gəlincə, Allah və Onun Peyğəmbəri (s.a.v) bunu əmr etmişlər. Evlənmək, Allahın köməyi, Onun və Peyğəmbərinin  əmrinin yerinə yetirilməsi, bu işin peyğəmbərlərin sünnəsi olması və sairə kimi xeyirləri ehtiva etmiş işdir.
Evlilik eyni zamanda insanı zinadan qoruyan, nəzərini naməhrəmdən çəkən, nəsil artıran, zövcəsinin və övladlarının xərcini çəkməsi kimi faydalı işlərə səbəbdir. İnsan ailəsinin yemək, içmək, geyim və digər ehtiyaclarının xərcini çəkərkən Allah rizasını düşünərsə, Allah qatında böyük savab qazanar. Bütün bunlar insan üçün xeyirdir və davamiyyətli savablardır. Bu, qısamüddətli nafilə ibadətlərindən daha üstündür.
Burada Allahın qula verdiyi nemətlər, insanın Rəbbinin ibadətinə qapanması, ərlə arvadın bir-birinə dini və dünyəvi işlərdə köməklik etməsi kimi məsələlər xatırladılır. Uca Allah buyurur: “Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın!” (Nisə, 3). Peyğəmbər (s.a.v) buyurmuşdur: “Qadınla dörd səbəbdən evlənirlər: Malına, gözəlliyinə, əsli-nəcabətinə və dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa yazıq olarsan.”
(Buxari: Nikah ? 4802. Müslim: Süd vermə ? 1466. Nəsai: Nikah ? 3230. Əbu Davud: Nikah ? 2047. İbn Macə: Nikah ? 1858. Əhməd: 2/428. Darimi: Nikah ? 2170.)
Dindar qadın ailə vəziyyətinin, evin və uşaqların xeyrinə işləyən amildir. O, həm də əri üçün qəlb rahatlığı və arxayınçılıq sayılır. Əgər dindarlığı ilə yanaşı yuxarıda qeyd olunan digər xüsusiyyətləri də olarsa, bu daha yaxşıdır. Əks halda təkcə dini ən layiqli hədəf sayılar. Uca Allah buyurmuşdur: “Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar…” (Nisə, 34).
Qadın, Allahın haqqını və ərinin haqqını yerinə yetirməlidir. O, ərinin haqqını bütün yaradılanların haqqından üstün tutmalıdır.
Ər isə, zövcəsinin islahı üçün çalışmalı, gözəl münasibətlərini tamamlayan bütün səbəbləri yerinə yetirməlidir. Çünki bu, ən ümdə məqsəddir. Buna görə də Peyğəmbər  evlənmək istənilən qadına baxmağı tövsiyə etmişdir. Bununla da insan öz işini aydın şəkildə biləcəkdir. Allah daha doğrusunu bilir.

—————–

MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Share Button
Tarix: 27.05.2013 | Oxunma sayı: 412 baxış