Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “İnsan vəfat etdikdə onun əməli kəsilər. Yalnız üç şey istisna edilər: Davamiyyətli sədəqə, fayda verən elm və onun üçün dua edən əməlisaleh övlad.
( Əbu Davud: Alış-veriş ? 3383.)

ŞƏRH

Allah dünyanı əməl evi etmişdir. Bəndələr burada axirət yurdu üçün xeyir və ya şər işləri topalayırlar. Ora isə mükafat və ya cəza verilən bir yerdir. Səhlənkar yanaşanlar bu dünyadan köçdükdə peşman olacaqlar. Çünki onlar axirətləri üçün onları sevindirəcək azuqə toplamadılar. Artıq həmin vaxt heç nəyi düzəltmək mümkün olmayacaqdır. İnsanın öz savablarını zərrə qədər də artırmağa və ya günahlarından zərrə qədər azaltmağa gücü yetməyəcəkdir. Onun bütün əməlləri kəsiləcəkdir. Yalnız əməllərinin məhsulu olan bu üç əməl istisna ediləcəkdir.
Birinci, davamiyyətli sədəqədir. Yəni, faydası kəsilməyən sədəqədir. Bura insanların faydalandığı vəqflər (xeyriyyə işlərində istifadəsi nəzərdə tutulan və kiməsə məxsus olmayan sədəqələr) daxildir. Bu, sığınacaq kimi istifadə olunan daşınmaz əmlak, işlədilən qab-qacaq, minik və ya digər işlərdə istifadə olunan heyvanlar, istifadəsi ilə insanların yararlandığı və fayda götürdükləri kitablar, Quran kitabları, məscidlər, mədrəsələr və sairə ola bilər.
İnsanlar bütün bunlardan faydalandıqca, həmin sədəqəni verən şəxsə savab yazılmaqda davam edir. Bu, vəqfin ən önəmli üstünlüklərindən biridir. Birbaşa dini işlərə: elmin tədrisinə və ya ibadətin lazımi şəkildə yetirilməsinə xidmət edən vəqflər bu sırada daha önəmli yer tutur.
Buna görə də alimlər vəqfin sırf xeyirxahlıq və Allaha yaxınlıq üçün olmasını şərt kəsmişlər.

İkinci, insanın ölümündən sonra da fayda verən elmdir. İnsanın elm öyrənmək arzusunda olan tələbələrə öyrətdiyi elm, insanlara təbliğ etdiyi bilgilər və faydalı elmi sahələrə aid yazdığı kitablar bura aiddir.
Bütün bu işlərdə elmdən birbaşa və ya yazı yolu ilə faydalanmaq silsilə mahiyyətlidir. Həmin şəxsin savabları dayanmadan onun əməl dəftərinə yazılır. Neçə alimlər var ki, artıq yüz illərdir vəfat ediblər, amma onların kitabları hələ də istifadə edilir. Tələbələrinin isə xeyirləri hələ də davam edir. Bu, Allahın lütfüdür.

Üçüncü, əməlisaleh övladdır. Bura insanın doğma övladı, oğlunun, yaxud da qızının uşaqları daxildirlər. Əməlisaleh övlad, oğlan və ya qız ola bilər. Valideynləri onun əməlisalehliyi və duası ilə faydalana bilərlər. O, hər bir vaxt valideynləri üçün bağışlanma və rəhmət duası edər. Onların yüksək dərəcələrə nail olmaları və savablara yetişmələri üçün Allaha yalvarar.

Bu hədisdə qeyd olunanlar, Yasin surəsinin 12-ci ayəsinin məzmununa daxildirlər. Uca Allah buyurur: “Həqiqətən, ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik…”
“Onların nə etmiş olduqları…” kəlamında məqsəd, onların yol verdikləri yaxşı və pis əməllərdir.
“qoyub getdiklərini…” kəlamı ilə əməllərinin nəticələri, başqalarının etdikləri və ya faydalandıqları nəzərdə tutulur.

İnsana qoyub getdiyi əməllərdən cəmi üç şey çatır:
Birincisi, onun səbəb olduğu, dəvət etdiyi və ya yönəltdiyi bir işə kiminsə əməl etməsi.

İkincisi, başqalarının fayda götürdükləri istənilən işlərdir. Yəni, insanlar onu xeyirli işlərdə örnək tutub onun etdiyinə uyğun iş görürlər.

Üçüncüsü, başqasının onun yerinə etdiyi və yönəltdiyi işlərdir. Bu, onun yerinə verilən sədəqə, yaxud onun üçün edilən dua ola bilər. Bunları onun doğma övladları, təlimi və dəstəyi ilə böyüyən tələbələri, qohumları, sevimli dostları və ya istənilən müsəlman edə bilər. Bu, həmin adamın dindəki məqamına, insanlara töhfə etdiyi xeyrə və ya xeyirxahlığa səbəb olmasına müqabil olacaqdır. Allah insanların qəlblərində ona qarşı nə qədər sevgi həkk edibsə, onlar da bir o qədər onun üçün dua edəcək, bağışlanma diləyəcəklər.

Bütün bunlar haqqında danışılan əzəmətli hədisin tərkib hissəsinə daxildir.
Bəzən bir işdə insan üçün müxtəlif faydalar cəm olur. Məsələn, təhsil alması üçün atasının var gücü ilə çalışdığı əməlisaleh və alim övlad, yaxud da fayda götürən şəxsə vəqf və ya hədiyyə kimi vəsiyyət edilən kitablar bura daxildir.
Bu hədisi evlənməyə təşviq üçün istifadə etmək olar. Əməlisaleh övladların dünyaya gəlməsi və həyat yoldaşının faydalı işlərlə məşğul olması kimi mənfəətlərin hasil olması məhz evlilik sayəsində həyata keçir. Allah daha doğrusunu bilir.

———————–
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Share Button
Tarix: 19.04.2013 | Oxunma sayı: 736 baxış