«Mən elm şəhəri, Əli isə onun qapısıdır — hədisi»

Peyğəmbərdən (s.a.v) rəvayət olunan bu hədis, həm sənədinə, həm də mətninə görə zəifdir.
Sənədinin zəif olmasına səbəb bunlardır:
Hədisi Hakim (“Əl-Mustədrək” 3/226.)İbn Abbasdan iki yolla rəvayət etmişdir. Birinci yolda Əbu-s-Salt ər-Haravi adlı rəvayətçi vardır.
Əbu Hatim onun haqqında demişdir: “O, mənə görə heç səduq da sayılmır”.
Uqeyli demişdir: “O, Peyğəmbərin (s.a.v) əshabını söyən murdar adam olub”.
İbn Adiyy demişdir: “O, ittiham olunurdu”.
Nəsai demişdir: “Etibarlı (ərəb. siqa) deyildir”.

Hədisin ikinci yolunda bu rəvayətçilər vardır:
1. Muhəmməd ibn Əhməd ibn Həkim: Onun zəifliyi olub.
2. Əl-Həsən ibn Fəhm: Güclü rəvayətçi olmayıb.
3. Suleyman ibn Məhran əl-Ə`məş: Etibarlıdır, amma mudəllisdir. Bu rəvayətdə də o, hədisi “ənənə” ilə rəvayət etmişdir, birbaşa eşitdiyini açıq söyləməmişdir.
Əksər elm adamları hədisin zəif olduğunu söyləmişlər:
Buxari: “Münkər hədisdir. Hədisi heç bir səhih yolu yoxdur”. (“Əl-Məqasid əl-Həsənə” səh. 170.)
Əbu Hatim: “Hədisin əsası yoxdur”. (“Kəşful Xəva” 1/ 235.)
Əbu Zur`ə: “Bu hədis ilə çox yalançılar üzə çıxmışdır”. (“Tarix Bağdad” 11/205.)
Uqeyli: “Bu mətndə heç nə səhih deyildir”. (“Əd-Duafa əl-Kəbir” 3/150.)
İbn Hibban: “Bu, əsası olmayan bir şeydir”. (“Əl-Məcruhin” 2/151.)
Darəqutni: “Hədis iztirablıdır, sabit deyil”. (“Əl-İləl” 3/ 247.)
İbn əl-Covzi: “Səhih deyil və əsası yoxdur”. (“Əl-Movduat” 1/349.)
Nəvəvi, Zəhəbi, İbn Teymiyyə və Albani: “Uydurmadır”. (“Fəthul Məlik əl-Aliyy” 51; “Təlxis əl-Mustədrək” 3/126; “Məcmu əl-Fətava” 18/377; “Daiful Cami” ?1416.)

Rəvayətin mətni haqqında:
Mətnin uydurma olmasının səbəbləri:
Alim “elm şəhəri” sözləri ilə vəsf edilməz. Çünki şəhərin hüdudları məhduddur. Alim “Elm dəryası”, “Elm səması”, “Elm fəzası” kimi vəsflər ilə vəsf olunar.
Əli (r.a) haqqında deyilən bu rəvayətin səhih olduğunu fərz etsək, o zaman insanlar üçün göndərilən peyğəmbər Muhəmməd (s.a.v) yox, Əli (r.a) olmalıdır.
Peyğəmbərin (s.a.v) elmini Əlidən (r.a) başqaları da nəql ediblər. Onun həyat yoldaşları və digər əshabələri də onun elmini nəql ediblər.
Bütün bunlardan sonra necə deyə bilərik: “Peyğəmbərin (s.a.v) elmini yalnız bir qapıdan, Əlidən (r.a) götürmək olar?!”

————-
Tarixi Hadisələrin Təhlili Kitabı
Şəriət Elmləri Doktoru
Osman Xəmis
Tərcümə etdi
Abdurrəhim Muradlı

Tarixi Hadisələrin Təhlili Kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.

Share Button
Tarix: 14.03.2013 | Oxunma sayı: 1. 096 baxış