Hüseynin qatillərini tanımadan öncə gəlin bir neçə il geriyə qayıdıb Əli və Hüseynin (r.a) öz tərəfdarlarına olan münasibətinə nəzər salaq (ƏHLİ-ŞİƏ mənbələrindən daha geniş istifadə olunmuşdur).

 

Birinci: İmam Əlinin (r.a) öz tərəfdarlarına münasibəti:

O, öz tərəfdarlarından, Kufə camaatından şikayətlənir və deyirdi: “Başqa xalqlar öz rəhbərlərinin zülmündən qorxduğu halda mən öz xalqımın zülmündən qorxmağa başlayıram. Sizi cihada harayladım haray vermədiniz, söz dedim sözümü eşitmədiniz, gizli və aşkar ifadələrlə çağırdım heç biriniz gəlmədiniz, tövsiyə etdim qəbul etmədiniz. Şahidiniz yox kimi, qulunuz ağa kimidir? Sizə hökm oxuyuram ondan üz çevirirsiniz, ən bəlağətli sözlərlə müraciət edirəm ondan yayınırsınız, zalımlara qarşı cihada çağırıram sözümü bitirməmiş pərəm-pərəm düşürsünüz. Heç nə olmamış kimi əvvəlki işinizə qayıdır, tövsiyədən nəticə çıxarmırsınız. Günorta sizi düzəldirəm, axşama qıvrılmış ilan kimi əyilib üstümə gəlirsiniz. Düzəldən aciz, düzələn güclü olur. Ey bədənləri şahid, ağılları qeybdə, fikirləri müxtəlif olanlar. Əmirləriniz sizinin müsibətinizə düçar olub. Sizin ağanız Allaha itaət edir, siz isə asilik edirsiniz. Allaha and olsun, təmənna edirəm ki, Müaviyə sizi dinar ilə dirhəmi dəyişən kimi mənimlə dəyişsin. Məndən on nəfəri alıb əvəzində öz adamlarından bir nəfər versin. Ey Kufə camaatı, iki və üç şeyə mübtəla olmusunuz: eşidə-eşidə karsınız, danışa-danışa lalsınız, görə-görə korsunuz. Nə döyüş vaxtı dözümlü, nə də müsibət anında səbirlisiniz. Əliniz xeyirə çatıb, ey çobanını itirmiş dəvələr. Sizi bir tərəfdən toplayanda, digər tərəfdən baş götürüb gedirsiniz”. ( Nəhcul Bəlağə: 1/ 187-189.)

 

Müşkül təkcə bundan ibadət deyildi. Hətta onlar Əlini (r.a) yalançılıqda ittiham etmişdilər. Allah bizi belə müsibətdən qorusun.

Əş-Şərif ər-Radiy rəvayət edir ki, Möminlərin Əmiri Əli (r.a) demişdir: “Ey İraq əhalisi!.. Mən öz istəyimlə bura gəlməmişəm, siz istəmisiniz məndə gəlmişəm. Eşitmişəm ki, “Əli yalan danışır!” — deyirsiniz. Allah sizi öldürsün! Mən kimə yalan danışacağam?” (Nəhcul Bəlağə: 1/118-119.)

 

İkinci: İmam Həsənin (r.a) öz tərəfdarlarına münasibəti:

Həsən (r.a) demişdir: “Allaha and olsun, Müaviyə mənim üçün bunlardan daha xeyirlidir. Onlar tərəfdarım olduqlarını iddia edirlər. Eyni zamanda məni öldürmək, mülkümü talamaq, malıma sahib çıxmaq istəyirlər. Allaha and olsun, tərəfdarlarımın məni öldürüb ailəmi pərəm-pərəm salmaqlarındansa, qanımı verib Müaviyədən əhd alaraq ailəm üçün əminamanlıq əldə etməyim mənə daha xoşdur. Əgər mən Müaviyə ilə döyüşmək qərarına gəlsəm onlar boğazımdan yapışıb məni ona təslim edərlər”.
(“Ən-Nədva” 3/208; “Fi Rihabi Əhlul Beyt” səh: 270.)

O, həmçinin öz tərəfdarlarına belə demişdir: “Ey İraq əhalisi! Üç şey məni sizdən uzaqlaşdırmışdır: Atamı öldürməyiniz, mənə ləkə yaxmağınız və mülkümü talamağınız”. (“Ləqad Şəyyəni əl-Hüseyn” səh: 283.)

 

Hüseynin qatili olmuş Kufə camaatının xəyanəti:

İbn əl-Hənəfiyyə adı ilə məşhurlaşmış Muhəmməd ibn Əli ibn Əbu Talib qardaşı Hüseynə (r.a) belə tövsiyə etmişdir: “Ey qardaşım, sən kufəlilərin atana və qardaşına xəyanət etdiklərini bilirsən. Qorxuram, birdən sən də əvvəlkilərin halına düşərsən”. (İbn Tavus “əl-Luhuf” kitabı, səh. 39; İhsai “Aşura” kitabı, səh. 115; ƏbdülHüseyn “əl-Məcəlisul Fəxirə” kitabı, səh. 75.)

Hüseyn (r.a) Fərəzdəq adlı məşhur şairdən İraqlı tərəfdarları haqqında soruşduqda şair dedi:
“Ürəkləri səninlə, qılıncları isə əleyhinədir. Əmr səmadan nazil olur və Allah istədiyini edəndir”.
Hüseyn (r.a) dedi: “Doğru deyirsən, əmr Allahın əlindədir. Hər gün bir işdədir. Sevdiyimiz və razı qaldığımız iş başımıza gələndə Allahın nemətlərinə şükür edirik. Şükrü əda etməyə yardım edən Odur. Əgər qəza-qədər istədiyimizə nail olmağa mane olarsa, niyyəti haqq və daxili təqva olan kimsə uduzmaz”. (“əl-Məcəlis əl-Fəxirə” səh. 79; “Alə Xuta əl-Hüseyn” səh. 100; Əl-Əmin “Ləvaicul Əşcan” səh. 60; “Məalim əl-Mədrəsəteyn” 3/ 62.)

 

Hüseyn (r.a) Kufə camaatına müraciət edərkən atasına və qardaşına etdiklərini onlara xatırlatmış və demişdir: “Əgər siz bunu etməsəniz, əhdinizi pozsanız və beyətimdən çıxsanız and olsun ki, bu sizin üçün qəribə iş sayılmaz. Siz artıq bunu atama, qardaşıma və əmim oğlu Muslimə qarşı etmisiniz. Sizinlə qürurlanan özünü aldadar” (“Məalim əl-Mədrəsəteyn” 3/ 71; “Məali əs-Sibteyn” 1/275.)

 

Üçüncü: Zeynəl Abidin adı ilə məşhurlaşmış Əli ibn əl-Hüseynin öz tərəfdarlarına münasibəti:

Zeynəl Abidin (Allah ona rəhmət etsin) Kufə camaatının ağı deyib ağladığını gördükdə onları bu işdən əl çəkməyə çağırıb dedi: “Bizə görə ağı deyib ağlayırsınız. Bəs bizi kim öldürüb?!” (“əl-Məlhuf” səh. 86; “Nəfs əl-Məhmum” səh. 357)

 

Dördüncü: Əlinin (r.a) qızı Zeynəbin tərəfdarlarına münasibəti:

Zeynəb ağı deyə-deyə ağlayaraq onu qarşılayan topluma belə demişdir: “Ey kufəlilər səsinizi kəsin! Kişiləriniz bizi öldürür, qadınlarınız isə ağladır. Haqq hesab günü bizim ilə sizin aranızda hökmü Allah Özü verəcəkdir”. (Abbas əl-Qummi “Nəfs əl-Məhmum” kitabı, səh. 365.)

 

Beşinci: Cavad Muhəddisi:

“Bu səbəblərə görə İmam Əli əleyhissəlam onlardan şikayətlənmiş, İmam Həsən aleyhissəlam onlardan xəyanət görmüş, Muslim ibn Əqil onların gözü önündə məzlumcasına qətlə yetirilmiş, Hüseyn isə Kufənin yaxınlığında yerləşən Kərbəlada Kufə qoşununun əli ilə susuz öldürülmüşdür”. (“Movsuəti Aşura” səh. 59.)

 

Altıncı: Hüseyn Kurani:

“Kufəlilər İmam Hüseyni tək qoymaqla kifayətlənmədilər. Onlar qeyri səmimi mövqedə olduqları üçün üçüncü mövqeni tutdular. Yəni dərhal Kərbəlaya tərəf getdilər və orada İmam Hüseyn aleyhissəlama qarşı döyüşdülər. Kərbəlada şeytanı sevindirib Allahı qəzəbləndirən səhnələri göstərmək uğrunda sanki bir-biri ilə yarışırdılar”. (“Fi Rihabi Kərbəla” səh. 60-61.)

 

Yeddinci: Murtuza Mutahhiri:

O demişdir: “Heç şübhəsiz Kufəlilər Əlinin tərəfdarları idilər və İmam Hüseyni öz tərəfdarları qətlə yetirmişdilər” (“Əl-Məlhəmətul Hüseyniyyə” 1/129.)

 

Səkkizinci: Kazım əl-İhsai ən-Nəcəfi:

O demişdir: “İmama Hüseyn əleyhissəlama qarşı döyüşməyə gedən qoşunun sayı üç yüz min nəfər idi. Onların hamısı kufəlilər idi. Onların arasında nə şamlı, nə hicazlı, nə hindistanlı, nə pakistanlı, nə sudanlı, nə misirli, nə də afrikalı var idi. Hamısı kufəli idilər. Onlar müxtəlif qəbilələrdən toplaşmışdılar”. (“Aşura” səh. 89.)

 

Doqquzuncu: Hüseyn ibn Əhməd əl-Bəraqi ən-Nəcəfi:

“Qəzvini demişdir: Kufə camaatına irad tutulan məsələlər Həsən ibn Əli əleyhissəlamı zəhərləmələri, Hüseyn əleyhissəlamı çağırdıqdan sonra qətlə yetirmələri idi” (“Tarixul Kufə” səh. 113.)

 

Onuncu: Muhsin əl-Əmin:

“Sonra İraq camaatından iyirmi min nəfər Hüseynə beyət edib xəyanətkar oldular. Ona beyət etdikləri halda qarşı çıxıb onu öldürdülər” (“Ə`yan əş-Şiyə” 1/26.)

media-43b410d3-2103-41c4-9a16-55d438a1a52e

 

Hüseynin qətlini kim icra etmişdir?

Tarix kitablarında qeyd olunan məşhur məlumata görə Hüseynin (r.a) qətlinin iki nəfər icra etmişdir. Onlar Sinan ibn Ənəs ən-Nəxai və Şümür ibn Zil Covşəndir. İşin məsuliyyəti isə Ubeydullah ibn Ziyadın üzərinə düşürdü. Ubeydullah və Şümür Əlinin (r.a) tərəfdarlarından idilər.

Tusi rical elmi haqqında olan kitabında Ubeydullah ibn Ziyadın, Hz. Əlinin tərəfdarlarından olduğunu demişdir.
(“Rical ət-Tusi” səh. 54, tərcümeyi hal ? 120. Birinci nəşr. Heydəriyyə mətbəəsi, Nəcəf 1961. Bəhrul Ulum Muhəmməd Sadiqin tədqiqatı.)

Ən-Nəmazi əş-Şəhrudi Şümür haqqında demişdir: “Siffin günü möminlərin əmiri Əli əleyhissəlamın qoşununda idi”.
(Alləmə Əli Namazi əş-Şəhrudi “Mustədrəkat Ilmu Rical əl-Hədis” 4/220, tərcümeyi hal ? 6899. Muəssə ən-Nəşr əl-İslami, Qum hicri 1425. )

 

İnsanların İmam Hüseynin (Allah ondan razı olsun) qətlinə münasibəti

Bəli, Hüseynin (r.a) qətlə yetirilməsi müsəlmanlar üçün böyük bir müsibət idi. O Peyğəmbərin (s.a.v) sağ qalmış yeganə qız nəvəsi idi. O, məzlumcasına qətlə yetirilmişdir. Allah ondan və ailəsindən razı olsun. Onun qətli müsəlmanlar üçün müsibət, onun özü üçün şəhidlik, hörmət, dərəcə üstünlüyü və Allaha yaxınlıqdır. Çünki bu hadisə ilə Allah onu dəyərsiz dünyanın əvəzində əbədi axirət və nəim cənnətləri üçün seçmişdir.

Biz deyirik ki, kaş o, Məkkədən çıxmayaydı. Ona görə həmin dövrdə böyük səhabələr onun bu işdən əl çəkməsini tələb etmişdilər. Əksinə həmin zalımlar Hüseynin üsyan etməsini bəhanə gətirərək Peyğəmbərin (s.a.v) nəvəsini zalımcasına qətlə yetirdilər. Onun bu üsyana qalxması və qətlə yetirilməsinin bir çox fəsadları oldu. Belə ki, əgər o, evində otursaydı, bu fəsadlar baş verməzdi. Lakin bu Allahın qəza-qədəridir. Allah bir işin baş verməsini istəyərsə, insanlar onu istəməsələr də o, mütləq olacaqdır.

Bir çox peyğəmbərlərin və dəyərli insanların qətli faciə olduğu kimi, Hüseynin qətli də bir faciə idi. Peyğəmbərlərin tarixinə nəzər salsaq görərik ki, Zəkəriyyə peyğəmbərin oğlu Yəhya peyğəmbərin kəsilmiş başı bir nəfər zalım tərəfindən mehr əvəzi istifadə olunmuşdu. Zəkəriyyə peyğəmbər də qətlə yetirilmişdi. Həmçinin Ömər, Osman və Əli kimi insanları da qətlə yetiriblər. İslamı şəriəti insanı qətlə yetirməyin nə qədər böyük günah olduğunu açıq-aşkar söyləmişdir. O cümlədən adi ölüm ilə, yaxud qətl ilə öldürülən insanların ölümünə münasibəti də açıqlamışdır. Şəriətimiz ölmüş insanın ardınca ağı deyib ağlamağı, özünü yolmağı, vay-şivən qoparmağı qadağan etmişdir. Bunları nəzərə alaraq Hüseynin qətlini fikirləşdikdə özünü döymək, sinə paltarını cırmaq və sair bu kimi əməlləri etməyin icazəli olmadığını anlayırıq. Daha dəqiq desək, bütün bunlar qadağan olunan əməllərdir. Peyğəmbər (s.a.v) buyurmuşdur: “(Ölən adamın arxasınca) üzünə döyən, sinə paltarını cıran bizdən deyildir”. (“Səhih Buxari” Kitab əl-Cənaiz, Bab leysə minnə mən şəqqə əl-Cuyub, ? 1294.)

 

Peyğəmbər (ona və ailəsinə salam olsun) buyurmuşdur: “Mən (ölən adamın arxasınca) aği deyəndən, başını qırxan və sinə paltarını cıran insandan uzağam”. (“Səhih Müslim” Kitab əl-İman, ? 167.)

 

Bu cür müsibətlər anında müsəlmanın borcu Allahın buyurduğu kimi deməkdir: “O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər” ( Əl-Bəqərə: 156.)

 

Hüseynin qətlinə münasibətdə insanlar üç qismə bölünürlər:

Birinci qism insanlar hesab edirlər ki, Hüseyn haqlı olaraq öldürülmüşdür. Çünki o, vahid rəhbərə qarşı çıxmış və müsəlmanların birliyini pozmağa çalışmışdır. Buna dəlil olaraq Peyğəmbərin (s.a.v) bu hədisini qeyd etmişlər: “Sizin vahid rəhbəriniz olduğu halda, kimsə gəlib sizi parçalamaq istəsə kimliyindən asılı olmayaraq onu öldürün!” (“Səhih Müslim” Kitab əl-İmarə, ? 1852.)

Onların fikrinə görə İmam Hüseyn müsəlmanların birliyini dağıtmaq istəyirdi. Peyğəmbər (s.a.v) belə insanın kimliyindən asılı olmayaraq öldürülməsini əmr etmişdir. Demək onu haqlı olaraq öldürmüşdülər. Bu rəy Hüseynə və atası Əliyə (Allah onların hər ikisindən razı olsun) nifrət edən Nasibilərin (İslam düşmənləri olan xəvariclərin) fikridir.

 

İkinci qism insanların fikrincə, Hüseyn itaət edilməsi vacib olan imamdır və hakimiyyət də ona verilməli idi.

 

Üçüncü qism insanların fikrinə gəlincə zülmə məruz qalaraq qətlə yetirilmişdir. Eyni zamanda o, bəzilərinin iddia etdikləri kimi hakimiyyətə və ya imamlığa təyin olunmamışdı. Habelə Hüseyn nə üsyankar, nə də xəvaric deyildi. Allah ondan razı olsun! O, həqiqətən zülmə məruz qalmış və şəhid olmuşdur. Bu haqda Peyğəmbər (s.a.v) buyurmuşdur: “Həsən və Hüseyn Cənnət cavanlarının ağasıdır” (Tirmizi: Kitab əl-Mənaqib, Bab Mənaqib əl-Həsən vəl Hüseyn, ? 3768.)

 

Hüseynin qiyamçı kimi öldürülməməsinə sübut – onun geri qayıtmaq istəyi idi… Lakin onlar onun bu təkliflərini qəbul etmədilər və yalnız Ubeydullah b. Ziyada təslim olmasını şərt qoydular.

 

YEZİD HAQQINDA

Hər bir müsəlman şəxs öz dinini gözəl bilməli və onun ipindən möhkəm tutmalıdır. Səhabələr arasında olan və çox dərinlərə gedən ixtilaflara hər bir müsəlman insaf və ədalətlə yanaşmalıdır.

Müəyyən hadisələr baş verdikdən sonra bəziləri Yezidi lənətləyir, bəlkə də bununla digərlərini də lənətləmək üçün bir qapı kimi istifadə edirdilər. Lakin İslam alimləri müəyyən bir adama lənət edilməsini bəyənməmişlər. Yezidə lənət oxunduğunu eşidən bəzi adamlar, Yezidin əməlisaleh və müdrik olduğunu deyirdilər.

Hər iki tərəf öz fikirlərində həddini aşmış oldular. Bir tərəf deyir ki, o kafir və zındıqdır. Kafir olarkən öldürülmüş babaları: Utbə İbn Rabiə, əl-Valid və b.-nın qisasını almaq üçün Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun) qız nəvəsini, ənsarları və onların övladlarını qətl etmişdir. Həmçinin onun içki düşgünü olması və çirkin işlərlə məşğul olmasını deyirlər. Digəri tərəf isə deyir ki, o ədalətli, doğru yolda olan bir rəhbərdir. O səhabə və ya böyük səhabələrdəndir. 

Lakin Yezidə mənfi və ya müsbət mənada münasibətində həddini aşmış hər iki tərəfin dedikləri, elm və iman əhlinin dediklərinə ziddir.

Yezid, Osman İbn Əffanın (a.r.o.) xilafəti dövründə doğulmuş və o heç Peyğəmbəri (Ona və ailəsinə salam olsun) görməmişdir. Alimlərin yekdil rəyinə görə o səhabə, məşhur elm və adlı-sanlı əməlisalehlərdən olmamışdır. O sıravi birisi idi. O, kafir və ya zındıq kimi də tanınmırdı. Atasından sonra bəzi müsəlmanların razılığı, bəzilərinin isə narazılığı ilə xilafətə varis olmuşdur.

Yezidin xilafəti zamanı çox böyük hadisələr baş vermişdir:

Birinci: İmam Hüseynin qətlə yetirilməsi. Bir çox tarixçilərə görə Yezid, İmam Hüseyni (Allah ondan razı olsun) qətlə yetirməyi əmr etməmişdi. Lakin Yezid, İmam Hüseynin Kufəyə gəlməsinin qarşısını: hətta döyüşlə olsa belə – almağı əmr etmişdir. Bu əməlin özü, onun məsuliyyətdən qurtulmadığının göstəricisidir. Onun naibləri isə, bu əmrə əlavə etdilər. Şümr Zil-Cövşən adlı bir nəfər Ubeydullah b. Ziyadı, Hz. Hüseyni öldürməyə təhrik etdi. İmam Hüseyn (Allah ondan razı olsun) onlardan üç şey: Ya Yezidin yanına getməyi, ya cəbhə bölgəsinə cihada getməyi, yaxud da Məkkəyə dönməyi – tələb etdi. Lakin onlar buna mane oldular və Ömər b. Səd’ə, onu öldürmək əmri verdilər. Sonra isə Onu və bəzi ailə üzvlərini məzlum vəziyyətdə, qəddarlıqla qətlə yetirdilər. Uca Allah İmam Hüseyn və onun ailəsindən razı olsun!

Hz. Hüseyn və ondan daha öncə baş vermiş Hz. Osmanın (Allah onlardan razı olsun) qətli, ümmətdə baş verən fitnələrin ən böyük səbəbi oldu. Onları qətlə yetirənlər isə, Allah qatında ən şərli insanlardır.

Bu hadisədən sonra Yezid, əslində ona vacib olduğu halda, Hüseynin qətlinə qəti etirazını bildirməmiş, onun qısasını almamış və tərəfini saxlamamışdır.

İkinci: Mədinə camaatı Yezidin itaətindən imtina etmiş, beyəti (əhdi) pozmuş, onun Mədinə üzərində olan valisini və ailələrini də şəhərdən çıxarmışdılar. Yezid də oraya qoşun göndərmiş və əmr etmişdi ki, Mədinə camaatına üç gün vaxt versin. Əgər yenə də inadkarlıq etsələr, o zaman ora üç günlük qılıncla daxil olmasını da əmr etmişdi. Qoşun Mədinəyə daxil olur, öldürdüklərini öldürür, dağıtdıqlarını dağıdır, insanların namuslarını təhqir edirdilər. Bundan sonra ikinci qoşunu Məkkə şəhərinə göndərmiş və şəhəri mühasirəyə almışdı. Şəhər mühasirədə olarkən, Yezid vəfat edir.

Bunlar –  Yezidin əmri ilə edilən zalımlıq və qəddarlıqlardır!

Bu iki səbəbə görə – Yezid sevilməz! Saleh b. Əhməd b. Hənbəl deyir: Atama (Əhmədə) dedim: Bəziləri Yezidi sevdiklərini deyirlər. Atam dedi: Oğlum! Allaha və axirət gününə iman gətirən kimsə Yezidi sevərmi?! Dedim: Ata! Bəs nə üçün ona lənət oxumursan? Atam dedi: Oğlum! Sən atanın, kimisə lənətlədiyini görmüsənmi?

Onu gecə-gündüz lənətləməyə və bunun iman əsaslarından olduğunu düşünməyə gəlincə.. Təbii ki, onun kimi bir zalımı müdafiə etmək – bir müsəlmana əsla yaraşmaz. Lakin lənət, qarğış və bəd dua kimi mənfiliklər – insana xüsusi bir savab qazandırmaz. Bizə düşən, İmam Hüseynin yolu ilə getmək, Yezid kimilərinin zalımlıqlarını isə, Allaha həvalə etməkdir. Buxarinin “Səhih” adlı kitabında olan rəvayətdə deyilir:

“Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun) zamanında bir insan var idi və hər kəs onu – uzunqulaq deyə adlandırırdı. O, çox sərxoşluq edirdi. Hər dəfə Peyğəmbərin yanına gətirildikdə (cəza olaraq) döyülərdi. Camaatın arasında bir nəfər dedi: Allah ona lənət etsin, onu Peyğəmbərin yanına nə çox gətirirlər! Peyğəmbər (ona salam olsun) buyurdu: – Ona lənət oxuma! Çünki o, Allah və Rəsulunu sevir”.

 

Buna görə də, doğru və sağlam münasibət – alimlərin tutduğu mövqedir: Ona xüsusi sevgi bəslənmir və eyni zamanda lənət edilmir.  (T. Hərrani’nin sözlərindən istifadə olunmuşdur. Bax: Məcmu əl-Fətava, 3/409-414) Çünki, lənət və qarğış – müsəlman üçün fayda gətirən və savab qazandıran bir şey deyil. Əksinə, insanı mənfi auraya sürükləyən bədbinliklərdir. Düşmənə qarşı lənət yağdırmaq deyil, ibrətlər alaraq, sağlam şəkildə mübarizə aparmaq – ali düşüncəli insanlara daha çox yaraşır. Zalımların hesabı – Allah’a aiddir..

 

İki bidətin yaranması:

Təqiyuddin Hərrani demişdir: “Hüseynin qətlindən sonra insanlar iki bidət çıxartdılar:

Birinci: Aşura gününü qəm-qüssə içində ağlamaq, özünü döymək, susuz qalmaq və mərsiyə deməklə qeyd etmək. Bununla yanaşı salehləri söymək və lənət oxumaq, günahsızları da günahkarlara qatıb keçmişdə yaşayanları söymək bu günün adətinə çevrilmişdir. Həmin vaxt insanları cuşa gətirmək üçün yalançı hekayələr də danışılır. Bunu ilk dəfə adət halına salanların məqsədi ümmət arasında fitnə və ayrıseçkilik salmaq olmuşdur. Əgər belə olmasaydı nə üçün hər il qan tökə-tökə, keçmişi qurdalayaraq bu məsələ şişirdilir və qəbirlər təzim edilir?!

İkinci: Hüseynin qətlə yetirildiyi gün sevinmək, şirniyyat paylamaq və bayram ovqatı yaşamaqdır.
Kufədə əhli beytin tərəfini tutan bir qrup insan var idi. Onların başında Muxtar ibn Əbi Ubeyd əl-Mutənəbbi dayanırdı. Bir qrup insan isə əhli beytə nifrət edənlər idi. Onlardan biri Həccac ibn Yusuf əs-Səqafidir. Bidətin qarşısı bidət ilə deyil, Peyğəmbərin (s.a.v) sünnəsini yaşatmaqla almaq lazımdır. Bu məsələyə doğru münasibət bu ayədə deyilmişdir: “O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” — deyirlər (əl-Bəqərə)” (“Minhac əs-Sünnə”5/554-555.)

 

 

 


Bu yazı, www.islamevi.az saytının elmi heyəti tərəfindən hazırlanmışdır. Məqalədə Dr. Osman Xamisin “Tarixi Hadisələrin Təhlili” kitabından geniş şəkildə istifadə olunmuşdur. “Tarixi Hadisələrin Təhlili” kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.

Bənzər Məqalələr