featured-image-3595

Fəzilət sahibi, gözəl əxlaqlı, lütfkar, təvazökar bir şəxs idi. Alim ailəsində böyümüşdü, mənsub olduğu ailədə alimlər yetişmişdi. İlk təhsilini atasından almışdı. Daha sonra Şiraza getmiş və bu şəhərin alimlərinin yanında müxtəlif elm sahələrinə aid biliklərə yiyələnmişdi. Daha sonra Anadoluya getmiş və Bursa şəhərində Əhməd paşa mədrəsəsinin müdərrisi olmuşdu. Bir müddət sultan Yavuz I Səlimin (1512-1520) əmri ilə İstanbulda saray məmurlarının təlimi ilə məşğul olmuşdu. Sonra Ədirnəyə köçmüş və buradakı mədrəsələrdə dərs vermişdi. Ərəb və fars dillərində təfsir, ərəb dili, fiqh üsulu kimi elm sahələrinə dair bir sıra əsərlər qələmə almışdı. Yazdığı bir qəsidə Yavuz Səlimin o dərəcədə xoşuna gəlmişdi ki, özü də şair olan sultan mükafat olaraq ona 300 qızıl əşrəfi (1) bir samur kürk və hər üç ayda bir 80 aqça ülufə bağışlamışdı. Qazi Bəyzavinin “Ənvarü’t-Tənzil və Əsrarü’t-Tə’vil” adlı Qur’an təfsirinə haşiyə, Əzudəddin əl-İcinin (2)“Adabü’l-Bəhs” adlı əsərinin şərhinə haşiyə, Seyyid Şərif Cürcaninin “Təcrid” (3) ” inə yazılmış şərhə haşiyə, “Haşiyə ələ’t-Təlvih” alimin əsərlərindən bəziləridir(4) Əhməd Ədnirəvi onun gözəl xətti olduğunu, fəzilətli, xoş söhbətli, təmiz əqidəli və əxlaq sahibi insan olduğunu qeyd etmişdir (5) Mövlana Muhyəddin Bərdəi H. 927-ci ildə (1521) Ədirnədə vəfat etmişdi. Onun övladlarından Şəmsəddin Həmdi də “Bərdəizadə” ləqəbi ilə tanınmış şair idi və farsca çox gözəl şerlər qələmə almışdı (6) Muhyəddin Bərdəinin “Haşiyə ələ şərhi İsağoci li’l-Kati” adlı əsəri İstanbul Köprülü yazma əsərlər kitabxanası və Konya Yusifağa kitabxanasında, “Haşiyə ələ şərhi Adabi’l-Bəhs lil-İci”, “Risalətü’l-Kəlamiyyə” və “Şərhu’l-Adabu’l-Əzudiyyə” adlı əsərləri İstanbul Köprülü yazma əsərlər kitabxanasıında saxlanılır.

(1) Əşrəfi-Osmanlı imperatorluğunda bir neçə növ əşrəfi adlanan qızıl pul zərb edilmişdir. İlk “əşrəfi” (1=3,35 gr qızıl) Yavuz I Səlimin hakimiyyəti illərində, Misirin Osmanlı dövlətinə birləşdirilməsindən sonra, zərb edilmişdi.
(2) Qazi Əzudəddin Əbü’l-Fəzl Əbdürrəhman ibn Əhməd ibn Əbdülğəffar əl-İci (1300-1355). Əslən İranın Şiraz vilayətinin İc qəsəbəsindəndir. Şafi’i məzhəbinə mənsub fəqih idi. Fiqh, fiqh üsulu, təfsir, tarix, əxlaq kimi sahələrə dair bir sıra əsərlərin müəllifidir. Ən məşhur əsəri əqidəyə dair qələmə aldığı “Əqaidü’l-Əzudiyyə” adlı əsəridir.
(3) Nəsrəddin Tusinin (öl. 1274) “ət-Təcrid fi İlmü’l-Kəlam” adlı əsəridir.
(4) KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 98; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 676.
(5) Əhməd ibn Muhəmməd ƏDNİRƏVİ, Təbəqatü’l-Müfəssirin, s. 176, Beyrut (trz).
(İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 89; NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 340; İsaməddin Əhməd TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə fi Üləmai-Dövləti’l-Osmaniyyə, s. 240-241, Beyrut 1985. Taşköprülüzadə mövlana Muhyəddin Muhəmməd Bərdəinin h. 928 və ya 929-cu illərdə (1522 və ya 1523) vəfat etdiyini qeyd etmişdir. )

——————
Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər
Müəllif : Tarix Elmləri Doktoru
Elnur Nəsirov
Bakı:2011

Bənzər Məqalələr