Allaha, Onun elçisinə (ona salam olsun) və Əbədi həyat olan Axirətə səmimi şəkildə inanan/iman edən bir kəs üçün namazla bərabər əmr edilmiş digər bir əməlin zəkat olduğunu bilirik. Bu yazımızda Zəkatın qayda və qanunları haqqında deyil, cəmiyyət içində təmin etdiyi ideal bir bərabərlik və qardaşlıq haqqında bəhs edəcəyik.

 

Zəkat əmri Müqəddəs Kitabımızda 30 yerdə keçir. Bunların 4-ü müstəqil, 26-sı isə, dinin dirəyi və şəhadət kəlməsindən sonra vacib olan ikinci əməli olan namazla bərabər qeyd olunmuşdur. Təkcə bu belə, zəkatın Allah qatında namaz dərəcəsində önəmli bir dinin ayrılmaz hissəsi olduğundan xəbər verir. Beləliklə namaz – bədən əzaları ilə edilən ibadətlərin ən önəmlisi, zəkat isə, mal-mülklə (maddi olaraq) edilən ibadətlərin bir nömrəlisi hesab olunur. Zəkat – günümüzdə olan vergi sistemlərində olduğu kimi illik qazancdan deyil, ehtiyacdan artıq olan mal varlığından alınmaqla ən ideal bir sosial ədalət nümunəsidir.

 

Mənası “təzkiyə” (təmizləmə) olan feldən törəmiş zəkat kəlməsi, “malın təmizlənməsi” mənasını ifadə edir. Ehtiyacdan artıq olan malın 40/1-ni kasıbların haqqı olaraq təyin edən İslam, bununla varlı və kasıb arasındakı əbədi həsədi aradan qaldırmaq yolunda xidmət edən ən ideal tədbirdir. Üstəlik, bunun tətbiqi, təkcə yazılı qanunlarla deyil, iman və ilahi məsuliyyət duyğusu ilə təmin edilmişdir. Yəni bir müsəlman, zəkatdan yayındıqda, təkcə “qanun qarşısında nə cavab verəcəm?” – deyə yox, “bununla böyük bir günaha girirəm, Allaha necə cavab verəcəm?” – deyə düşünəcəkdir..

 

Yuxarıda qeyd etdiyimiz kimi, zəkat haqqında Qurani-Kərimdə bir çox ayələr vardır. Bunlardan bəzilərini qeyd etməkdə fayda vardır:

“Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi.” (Zariyat, 19)

“Zəkatlar Allah tərəfindən bir vacib olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və (pulu qurtardığı üçün yolda qalan) müsafirlərə məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (Tövbə, 60)

Dinimizə görə, bəhs etdiyimiz bu sosial bərabərliyi təmin edəcək ən üstün bir əməl olan zəkatdan boyun qaçıran imkan sahibləri, yaşadıqları cəmiyyətdəki kasıbların çətin həyat şəraitindən məsuliyyət daşıyırlar. Hətta, yuxarıda qeyd olunmuş ilk ayədə Uca Allah, kasıbın, varlının malında (malın ehtiyacdan artığının 40/1-ində) haqqı/payı (!) olduğunu bizlərə bildirmişdir. Daha açıq ifadə edəcək olsaq: Rəzzaq (ruzi verən) olan Allah sənə verir ki, sən də malının artıq qalanının qulu olmadığını göstərərək, ehtiyaclı olana verəsən. Yəni, Uca Allah, kasıbın ruzisini, məhz sənin malınla göndərir. Möhtəşəmdir, elə deyilmi?! Bu üstün nizamı təmin edən yeganə ideologiya – Allahın dini olan İslamdır. Məhz buna görə də, zəkatdan boyun qaçıraraq, dünyadakı nizamı alt-üst edən kəslərin necə iyrənc bir iş gördükləri haqda Peyğəmbərimiz (ona salam olsun) belə buyurmuşdur:

“Zəkatı verilməyən hər qızıl və gümüş, qiyamət günü atəşdə qızdırılaraq lövhə halına gətirilir və sahibinin yanları, alnı və kürəyi bunlarla dağlanır. Bu lövhələr soyuduqca, sahibinə əzab üçün təkrar qızdırılır. Müddəti əlli min il olan bir gündə qullar arasında hökm verilənə qədər bu belə davam edər. Beləliklə adam, yolunun ya cənnətə ya da cəhənnəmə çıxdığını görər.” (Muslim)

 

İslamda zəkat vermənin təkcə nisab və miqdarı deyil, ədəbi də təyin olunmuşdur. Çünki bəzən insan, kasıba özündən aşağı olaraq baxar, verdiyini başa qaxar və “can dərdi” olaraq verər. Yaradılışından ölümünə qədər şərəfli bir varlıq olan insanın heysiyyət və mənliyini qorumaq üçün nazil edilmiş bu ayə, həmin şəxslər üçün mükəmməl bir ibrət qaynağı olmalıdır:

“Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin, Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir. Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın! Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından (savabdan) bir şeyə nail olmazlar. Şübhəsiz ki, Allah kafir xalqı doğru yola yönəltməz.” (Bəqərə, 262-264)

 

Zəkat sistemi, tarix boyu sadəcə müsəlmanları deyil, qeyri-müsəlmanları belə özünə heyran qoymuşdur. Misal üçün, keçmiş ingilis baş nazir Toni Bleyer (Tony Blair), beynəlxalq tədbirlərin birində etdiyi nitqində İslamdakı sosial ədalət anlayışından çox ciddi təsirləndiyini bildirmişdi. O, Quranda yer alan zəkatı misal çəkərək insanların bir-birinə əl tutmasının bütün cəmiyyətlər üçün örnək ola biləcəyini qeyd etmişdi.

 

Zəkat haqqında ətraflı məlumat üçün buraya tıkla

 

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Share Button
Tarix: 03.11.2019 | Oxunma sayı: 696 baxış