Cavab: Mömin kişilər və mömin qadınlar Allah-Sübhənahudan qorxmalı və Ona təvəkkül etməlidirlər. Çünki Allah-Sübhənahu Əzəmətli Kitabında buyurur:

“Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!”[1]

“İnsanlardan qorxmayın, Məndən qorxun!”[2]

“Təkcə Məndən qorxun!”[3]

“Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhmlidir”.[4]

“Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!”[5]

Bu mənada bir çox ayələr var.

Mömin bir kəs, kişi və yaxud qadın olsun, Allahın rəhmətindən ümidini kəsməməli və yaxud Allahın məkrindən özünü əmin-amanlıqda hiss etməməlidir. Allah-Təala buyurur:

“(Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”[6]

“Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”.[7]

“Yaxud onlar Allahın hiyləsindən ehtiyat etmirdilərmi? Allahın hiyləsindən yalnız ziyana uğrayanlar ehtiyat etməzlər”.[8]

Cümlə müsəlmanlar, həm kişi, həm də qadınlar yuxarıda zikr olunan Quran ayələri və Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) bu barədə rəvayət olunan “Ləzzətlərə son qoyan ölümü tez-tez yada salın” hədisindən dolayı ölüm üçün hazırlıq görməli və qafil olmaqdan həzər etməlidirlər.

Çünki ölümdən qafil olmaq və bunun üçün hazırlaşmamaq pis aqibətin səbəblərindəndir. Aişənin (Allah ondan razı olsun) belə söylədiyi təsdiqini tapıb: Peyğəmbər buyurdu: “Kim Allahla görüşməyi sevərsə, Allah da onunla görüşməyi sevər. Kim də Allahla görüşməyi sevməzsə, Allah da onunla görüşməyi sevməz”. Mən dedim: “Ey Allahın peyğəmbəri, bəs ölümü xoşlamamaq? Axı hamımız ölümü xoşlamırıq. Peyğəmbər buyurdu: “Belə deyil. Mömin qul Allahın rəhməti, razılığı və cənnətindən danışıldıqda Allahla görüşməyə bir həsrət hiss edər və uca Allah tərəfindən eyni səbirsizliklə qarşılanar. Ancaq kafir qul Allahın əzabını, qəzəbini ona xəbər verən zaman Allahla qovuşacağı gündən xoşlanmaz və Allah tərəfindən də eyni münasibətlə qarşılanar”.

Hədis barədə ittifaq edilib.

Bu hədis dəlalət edir ki, ölümü xoşlamamaq və yaxud bundan qorxmaqda heç bir səhv, xəta yoxdur və bu o demək deyil ki, həmin insan Allahla görüşmək istəmir. Çünki mömin bir insan ölümü xoşlamırsa və yaxud ölümün yaxınlaşdığından qorxursa, o Allaha daha çox ibadət, itaət etmək istəyir və Onunla qarşılaşması üçün çox əməl etmək istəyir. Eynilə, mömin bir qadın ölümdən qorxursa və ölümün ona gəlməsini istəmirsə, bunu yalnız daha çox ibadət etmək və Rəbbi ilə görüşmək üçün hazırlaşmaq ümidi ilə edir. Sitatın sonu.

İbn Bəzz, “Fətvalar Məcmusu”, (6/313-314)

[1] Ali İmran,175.

[2] əl-Maidə,44.

[3] əl-Bəqərə,40.

[4] əl-Bəqərə,218.

[5] əl-Kəhf,110.

[6] əz-Zumər,53.

[7] Yusif,87.

[8] əl-Əraf,99.

Share Button
Tarix: 03.01.2013 | Oxunma sayı: 663 baxış