Həzrəti Ömərin İslam dinini qəbul etməsi, Məkkə müşriklərini çox qəzəbləndirmişdi. Çünki, bununla müsəlmanlar, haqq mübarizəsində daha güclü hala gəlmişdilər. Müşriklər öz aralarında toplanmış və Peyğəmbərimizə qarşı sui-qəsd ediləcəyini qərarlaşdırmışdılar. Bu qərardan xəbər tutan Əbu Talib, Haşim oğulları və Muttalib oğullarına, qardaşı oğlu Muhəmməd’i (ona salam olsun) qorumalarını tapşırdı. Tapşırığın insanlar tərəfindən qəbul edildiyini görən müşriklər, fikirlərindən vaz keçərək, iqtisadi blokada (embarqo) qərarını alaraq, birgə sənədlərə imza atdılar.

 

Boykota məruz qalan müsəlmanlar, aralarındakı irtibatı qorumaq üçün “Şibi Əbi Talib” adlı məhəlləyə köçdülər. Peyğəmbərimiz də, səhabə Ərqamın evindən oraya köçdü.. Bu embarqo 3 il çəkdi. Məhəlləyə gedən bütün yolları nəzarət altına alan müşriklər, oraya gizli yolla belə olsa ərzaq aparılmasına mane olurdular. Müsəlmanlar, aclıqdan ağlayan körpə uşaqlar üçün bazardan ərzaq almaq istədikdə, başda Əbu Ləhəb olmaqla Məkkə müşriklərinin liderləri satıcılara satış imkanı vermir və ya anormal qiymətlərlə satış etmələrini mümkünsüz edirdilər.

 

Bu ərəfədə Xədicə anamız və Əbu Bəkr (Allah hər ikisindən razı olsun), bütün sərvətlərini, boykot altında qalmış müsəlmanlara yardım etmək yolunda sərf etdilər. İnsanların ağır vəziyyətinə üzülən Peyğəmbərimiz:

“Ey Rəbbim! Bu zalım tayfaya, Yusuf peyğəmbər zamanındakı kimi yeddi il qıtlıq əzabı verərək, mənə yardım et!” – deyə dua etdi.

 

Çox qısa zaman sonra yağışlar yağmaz oldu və bu səbəblə Qureyş müşrikləri elə bir quraqlığa düçar oldular ki, hətta aclıqdan çoxlu sayda ölənlər oldu. Yeyəcək bir şey tapa bilmədikləri üçün ölü heyvanların ət və dərilərini yeməyə məcbur qalır, başlarını havaya qaldırdıqda isə, aclıqdan havanın sanki dumanla qapalı olduğunu görürdülər. Uca Allah bu barədə belə buyurur:

Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (Elə bir duman ki) insanları saracaqdır. Bu, şiddətli bir əzabdır! (Doğrudan da, Qüreyş müşriklərinə küfrləri üzündən belə bir aclıq üz vermiş, onlar çarəsizlikdən napak şeyləri belə yeməyə məcbur olmuşlar).” (Duxan, 10-11)

 

Müşriklər elə bir çarəsiz vəziyyətdə idilər ki, (o zaman hələ müsəlman olmamış) Əbu Süfyan, Peyğəmbərimizin yanına gələrək:

“Ey Muhəmməd! Sən – (aləmlərə) rəhmət olaraq göndərildiyini deyir, Allaha itaəti, qohum-əqrəbaya yardım etməyi əmr edirsən. Öz qövmün/xalqın isə, aclıqdan ölmək üzərədir! Bu fəlakətin onların üzərindən qaldırılması üçün Allaha dua et! Əgər sənin bu duan səbəbilə Allah bu bəlanı üzərimizdən qaldırsa, Allaha (İslam dininə) iman edəcəyik..” – dedi.

 

Peyğəmbərimiz (ona salam olsun) dua etdi və bunun nəticəsində qısa bir zaman sonra yağış yağdı və qıtlıq yavaş-yavaş ortadan qalxdı. Lakin təəssüf ki, Əbu Süfyanın bütün Məkkə əhalisi adından verdiyi söz çox tez unuduldu. Uca Allah bu ayələri endirərək, onların timsalında bütün nankor və naşükür insanlar haqqında belə buyurmuşdur:

“İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.” (Yunus, 12)

 

İman etməsələr də, qorxularından bu embarqonu dərhal qaldıran Məkkə müşrikləri, nə etsələr də, Allahın vəd etdiyi haqq qalibiyyətinin qarşısını ala bilmədilər. Çünki, Qədərdə (taledə) haqq və batil arasında qələbə növbələşməsi olsa da, son qalibiyyət – Allahın yolunu tutub gedərək, səbr edənlərindir.

“..Səbr et! Şübhəsiz ki, (gözəl) aqibət müttəqilərindir (Allahdan qorxanlarındır).” (Hud, 49)

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr