Günümüzdə bir çox insan, müxtəlif pir və ziyarətgahları ziyarət etməyi, İslam dininə aid bir prinsip hesab edir. Hətta, “müsəlmanlıq – budur” – deyə düşünənlər belə vardır. Halbuki, İslam dini, Allahla insan arasına salınmış və qazanc vasitəsinə çevirilmiş bu vasitələri kökündən rədd etmiş və Allahla, arada heç bir vasitə olmadan birbaşa ünsiyyətə təşviq etmişdir. Uca Allah buyurmuşdur:

“Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!..” (Quran, 40/60)

İnsanlar, uydurulmuş vasitələri bəzən o qədər ucaldırlar ki, buna qarşı haqlı etiraz edənləri, “o, müqəddəs insandır, ona yüzlərlə inanan var, şəkk eləmə” – kimi sözlərlə, elmsiz və əsassız “arqumentlər” irəli sürə bilirlər.. Uca Allah, insanların uydurduqları “vasitələri” tərk etməyi və Ona yalnız Öz təyin etdiyi həqiqi vasitələrlə yaxınlaşmağı əmr etmişdir. Özünü müsəlman adlandıran səmimi bir insan üçün Uca Allahın bildirmiş olduğu həqiqi vasitələr kifayət etməlidir.

“Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.” (Quran, 7/180)

Məkkə müşrikləri Peyğəmbərimizə (ona salam olsun) “ilahlarımızı/tanrılarımızı/bütlərimizi pisləmə, bu sənə zərər vurar (loru dildə desək, “cəddi səni vurar”) – deyirdilər. Hz. Məhəmməd ‘Uzza’ adlı bütü qırmaq üçün Xalid b. Valid’i göndərdikdə, büt’ün gözətçiləri, “bax oğul, onun (Uzza’nın) qəzəbinə düçar olacaqsan, başına bir iş gələcək” – demişdilər. Məşhur səhabə Xalid isə, buna fikir verməmiş, büt’ün burnunu qırmış, bu qorxutmaların heç bir nəticə vermədiyi ortaya çıxmış və bu haqda aşağıdakı ayə nazil olmuşdu:

“Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar (müşriklər) isə səni Ondan qeyriləri (öz bütləri, tanrıları) ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz”. (Zumər, 36)

Duasının qəbul edilməsini istəyən bir insan, Allah’a boyun əyərək, gözəl əməllər etməklə, buna öz evində də rahatlıqla nail ola bilər.

Ətraflı: “Ruhun əsl qidası – Dua və Zikr” kitabı.

Link: YENİ KİTABIMIZ ARTIQ SATIŞDA!

 

   

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad zəruridir!

Share Button
Tarix: 15.06.2019 | Oxunma sayı: 2. 419 baxış