featured-image-3460

Riya nədir? Riya – özünü göstərmək deməkdir. Məsələn, Allah qorusun, xüsusi ilə facebookda paylaşmalar edənlər, yaxud da nəsə faydalı yazılar yazanlar, bütün etdiklərini kiminsə xoşuna gəlmək üçün yox, Allahın razılığını qazanmaq üçün etməlidirlər. Bəzən bir çox müsəlman qardaşlarımız hazırlanan və vaxt sərf olunub yazılan məqalələri və yazıları müəllifi qeyd etmədən verirlər.

Onlara deyəndə ki, gözəl qardaşım nəsə kiminsə məqaləsindən və yaxud da yazısından istifadə edəndə onun adını, yəni müəllifini qeyd et. Müxtəliflər iradlarla özlərini haqlı çıxarırlar. Halbuki müəllifin gördüyü işə görə öz müəlliflik hüququ vardır. Bu hüququ, haqqı pozmaq onun haqqına girmək hesab olunur. Dində buna icazə verilmir.
Çünki müəllifə hörmət etmək müəllifin özü üçün deyil. Sən müəllifə hörmət etməklə Allah təalanın dininə hörmət etmiş olursan. Müəllif yazısını nə üçün yazır? Bu müəllifdən müəllifə fərqlənir. Bəzi müəlliflər yazılarında, danışıqlarında və etdiklərində Allah təalanın razılığını güdürlər. Mükafatı yalnız Allahdan istəyirlər. Çünki dərk edirlər ki, onsuzda oxucu və dinləyici ona hansısa bu və ya digər mükafatı verə bilməz. Verə bilsə belə haqq olduğu qədər verə bilməz. Haqq olduğu qədər versə belə yenə də müəllif yalnız və yalnız dərk etməlidir ki, mükafat verənlərin ən xeyirlisi uca Allahdır. Bütün sözlərin, cümlələrin, yazıların, danışıqların mələklər tərəfindən yazılır. Bütün işlərinə görə sənin Rəbbin tərəfindən sənin üzərinə təyin olunan mələklər etdiklərinin müqabilində sənə ya savab, ya da günah yazırlar. Bütün bunların qarşılığı isə sənə heç bir zülm olunmadan veriləcəkdir. Məsələn: Sən iddia edə bilərsən ki, müəllifin məqaləsində Allahın razılığı yoxdur. Belə olduqda sən bir oxucu kimi müəllifin tam qəlbini, niyətini, məqsəd və amalını bilmədən onun haqqında hökm vermiş olursan. Bu isə əsasən təkfirçilərin (yəni özlərindən başqa hamıya kafir deyənlərin) adətidir. Qeybə aid məsələlərdə hökm verməklə özünü bir günahla yükləmiş olursan. Sən hansısa islamla bağlı bir yazını görəndə əvvəlcə müəllifi tanımalısan. Bu sənin təbii haqqındır. Çox hallarda müəllif haqqında heç bir məlumat ala bilmirsən, müəlliflə qarşı-qarşıya gəlmədiyin üçün onun bütün mövzularda olan görüşlərini də bilmirsən. Ancaq yazılan yazıdan xoşun gəlir və onu oxuduqda hiss edirsən ki, yazılan yazılarda hansı xətalar, səhvlər, yaxud da hansı müsbət tərəflər var. Səsli dərsləri də buna aid etmək olar.
Bu günkü gündə, keçmiş nəsildə olduğu kimi heç kim özünü riyadan, yəni göstərişdən sığorta edə bilməz. Çünki bu gizlində olur. Bunu ancaq qəlbləri bilən Allah daha yaxşı bilir. Biz həmişə dua edərək uca Allahdan kömək istəməliyik ki, bizim bütün əməllərimizdə bizə ixlas bəxş etsin. Yəni etdiyimiz bütün ibadətlər, əməllər, işlər hamısı yalnız və yalnız Allah xatirinə, Allah üçün olsun. Bunun üçün biz özlüyümzdə həmişə qorxu içində olmalıyıq və bu böyük xəstəlikdən özümüzü xilas etməyə çalışmalıyıq. Buna müvəffəq edən isə uca Allahdır. Allahın izni ilə bu xəstəlik və müalicəsi haqqında qısa bir xatırlatma vermək istəyirəm. Həm özüm üçün, həmdə bütün oxucular üçün xeyirli, faydalı olmasını Allahdan istəyirəm.

Biz bilirik ki, hər bir xəstəliyin bir dərmanı vardır. Bilən bilir, bilməyən də bilmir. Görürsən ki, böyük bir xəstəliyə tutulursan, ancaq heç cür özünü müalicə etməyi bacarmırsan. Gərək səndə olan xəstəliyin müalicəsini bilən biri olsun ki, səni müalicə edə bilsin. Riya, yəni özünü göstərmək də böyük bir xəstəlikdir, müsəlmanın ibadəti üçün böyük təhlükədir, ixlasa ziddir, buna baxmayaraq bu xəstəliyin bəzi müaəlicə növləri vardır. Yəni dərmanları vardır. Bunlardan bəziləri aşağıdakılardır:

1.Hər bir şüurlu insan, ağılı başında olan müsəlman yəqin olaraq, yəni heç bir şübhəyə yer qoymayacağı qədər əmin olmalıdır ki, o bir quldur. Qul, öz ağasına xidməti müqabilində heç bir əvəz və mükafat gözləməz. Yəni ona gələn və gələcəkdə gələcək bütün nemətlər, yaxşılıqlar özünün yaxşılıqlarından deyil, Rəbbinin lütfündəndir. Yəni etdiyinin əvəzi deyildir.

2.Allahın ona verdiyi nemətləri, fəzilətini, lütfünü, tövfiqini (yəni gördüyü işlərdə müvəffəq olmasını) görməlidir, dərk etməlidir. Bütün bu üstünlüklər Allahdandır, özündən deyil. Onun yaxşı əməllərə müvəffəq olması, ibadət etməsi, insanlara faydalı olması Allahın istəyi ilədir, insanın öz istəməsi ilə deyil. Bütün xeyirlər, ancaq və ancaq Allahın quluna olan yaxşılığı və hədiyyəsidir.

3.Eyiblərini, xətalarını, qüsurlarını, nəfsinə və şeytana pay ayrılan vəziyyətləri gözdən keçirməlidir. Bunu bilmək lazımdır ki, əməllərin hər birində az da olsa şeytanın payı vardır. Bununla bərabır nəfsinin də payı vardır. Qılınan namazda belə şeytan öz payını insandan çəkib alır. Çünki bir hədisdə Allah Rəsulundan (səlləllahu aleyhi və səlləm) adamın namazda başqa şeylərlə məşğul olması soruşulur. Belə buyurur: “O, şeytanın, qulun namazından oğurladığı bir paydır”.

4. Nəfsə, Allah təalanın əmr etdiyi, qəlbin islahını və ixlası, riyakarın heç bir işində müvəffəq olmayacağını xatırlatmaqdır.

5.Öz daxilində riyanı gizləyərkən Allah təalanın qəlbində olanı bilib nifrət etməsindən qorxmaqdır.

6.Görünməyən ibadətləri çox etmək və bunları gizləmək. Gecə namazı qılmaq, gizlind everilən sədəqə, tək olanda Allah qorxusu ilə ağlamaq.

7.Allah təalanı haqqı ilə ucaltmaq. Bu da adları və uca sifətləri ilə tövhidi və Allaha ibadəti tam mənası ilə gerçəkləşdirməklə olur.

8.Ölümü və ölüm səkəratını, əziyyətini, qəbiri və əzabını, uşaqları qocaldan hallarıyla axirət gününü xatırlamaq.

9.Riyanı, riyanın daxil olması ehtimal olunan yerləri və gizli tərəflərini bilməkdir.

10.Riyanın dünyadakı və axirətdəki cəzasını fikirləşməkdir.

Bir sözlə qul bilməlidir ki, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) İbn Abbasa vəsiyyətində dediyi kimi insanlar ona bir şeylə fayda vermək üçün toplansalar da ancaq Allahın yazdığı bir şeylə fayda verə bilərlər.
Bu səbəblə sələflərdən biri belə deyir: “Riyanın yollarını bilən rahat olar… Çalış əməlində niyətin bu olsun ki, Allahın sənin əməllərini bilməsi kifayətdir”. Allah təala bizi gizlində və aşkarda bütün riya növlərindən qorusun. Amin!

——————
Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)….

Bənzər Məqalələr