İnsan zikr etməyə başladıqda, bəzən qəribə hallarla rastlaşa bilər. Misal üçün, öyrəndiyi hər hansı bir zikrin, həmin an üçün çox faydalı olduğunu hiss etdikdə, onu zikrdən yayındıracaq müxtəlif fikirlər peyda ola bilər. Hansı ki, zikr etməmişdən öncə, ağlına belə gəlmirdi. Bəzən isə, ağlına digər zikrlər gələrək, sanki “onu deyil, bunu de” – deyə, çaşdıra bilər. Təbii ki, burada şeytanın vəsvəsəsinin olduğunu aşkar şəkildə görmək mümkündür.

 

Bununla yanaşı, insanın xeyirli bir söz və ya əməllə məşğul olmasını əsla istəməyən şeytan, onun ağlına müxtəlif dünyavi fikirlər salaraq, zikrdən yayındırmaq istəyəcəkdir. İbn Qayyimin dediyi kimi, insan, daima döyüş meydanında olduğunu unutmamalıdır. Düşməni çox acımasızdır və insanı yayındırmaqdan başqa da işi-gücü yoxdur. Onun ən son variantlarından biri də, xeyirli bir əməli unutduraraq, həmin an üçün daha aşağı fəzilətli bir əmələ yönləndirməkdir. Qəribədir, insan düşünür ki, xeyirli bir əməllə məşğuldur, lakin əslində, daha böyük fəzilətə malik olan bir əməldən məhrum qalır… Bu səbəblə də insan, daima beynini oyaq və diri şəkildə tutmağa çalışmalı, bu böyük müharibədən qalib şəkildə çıxmaq üçün bol-bol dua edərək Allahdan yardım diləməlidir.

 

 

“Ruhun əsl qidası – Zikr və Dua” (səh. 184)

Bənzər Məqalələr