Xalil Qapısı önündəki meydan günümüzə qədər onun adını daşımaqdadır..

 

Hz. Ömərin ordusunun, 636-cı ilin avqust ayında baş vermiş Yərmuk döyüşü ilə Qüdsü fəth etdiyi zaman, Qüdsün o zamanki Patriki (baş keşişi) və valisi (qubernatoru) Sofroniy (Sophronius)  “mən Qüdsü ancaq başçınıza təslim edəcəyəm” demiş və Ömərin gəlməsini gözləmişdir. Xəlifə Ömər b. Xattab (Allah ondan razı olsun) bu istək üzərinə tarix boyu mədəniyyət və peyğəmbərlərin doğuş nöqtəsi olmuş müqəddəs Qüds şəhərinə gəlir və Xalil qapısından daxil olaraq oranı təslim alır. Bundan sonrakı bütün fatehlər də üç din üçün çox önəmli və müqəddəs olan Qüds’ə, Hz. Ömərin etdiyinə müvafiq olaraq Xalil qapısından girmişlər (Səlahəddin Əyyubi, Yavuz Sultan Səlim). Hətta, 12 avqust 1917-ci ildə Qüds’ə daxil olaraq, müsəlmanların (Osmanlı dövlətinin) 401 illik hakimiyyətinə son vermiş ingilis General Edmund Allenby də, şəhərə məhz Xalil qapısından daxil olmuşdu. Növbəti on illiklərdə başlarına nələrin gələcəyini və idarəçiliyin ingilislərə, sonra isə yeni qurulacaq yahudi dövlətinə keçəcəyini ağıllarına belə gətirməyən xalq, onları heyrətlə qarşılayırdı..

 

E. Allenby Xalil qapısında (1917)

 

Mövzuya qayıdaq.. Ömər şəhəri təslim aldığı zaman Məscidul-Aqsaya gəlir və bu günkü mehrabın olduğu yerin sağ tərəfini təmizləyərək, buraya bir məscid inşa etdirir. Müsəlmanlar tərəfindən Qüdsdə inşa etdirilmiş həmin o ilk məsciddən bu gün təəssüf ki, əsər-əlamət belə qalmamışdır.. Bu ilk məscid kiçik olduğuna görə, müsəlmanlar daha sonra bu günkü daha böyük olan məscidi ərsəyə gətirdilər. Bu səbəblə də buraya bəzən “Ömər məscidi” də deyilir. Lakin əsl Ömər məscidi, Qiyam Kilsəsinin 10 metr cənubunda yerləşir.

 

Qiyam kilsəsi, Qüds (1860-cı il)
Qiyam kilsəsi, Qüds (1860-cı il)

 

Hz. Ömər, Qüdsdəki bütün müqəddəs sahələri gəzmiş, hər yerdə namaz qılmış və bu zaman Qiyam kilsəsini də ziyarət etmişdir. Xristian inancına görə Qiyam kilsəsi, İsa peyğəmbərin (ona salam olsun) çarmıxa çəkildiyi, yuyulduğu və kəfənləndiyi yerdir. İnanclarına görə O, buradakı bir mağarada basdırılmış, üç gün sonra dirilmiş, həvariləri ilə zeytun dağında görüşmüş və bundan sonra səmaya yüksəlmişdir (İslama görə isə: Yəhudilər Hz. İsanı tapa bilməmiş və ona çox bənzəyən -İsaya xəyanət edən- birisini, İsa deyə çarmıxa çəkmişlər). İsa peyğəmbərin səmaya haradan yüksəlməsi mövzusunda xristianlar arasında fikir ayrılığı mövcuddur. Bu səbəblə də, protestantlarla ortodoksların (pravoslavların) təyin etdikləri iki ayrı yerə də kilsə inşa etdirilmişdir.

 

“Qiyam” kilsəsi, dini ayin əsnasında

 

Patrik Sofroniy, Xəlifə Öməri Qiyam kilsəsinə də aparmış, ondan hər yerdə namaz qıldığını, bu kilsədə də namaz qılaraq, bura şərəf verməsini istəmişdir. Bəlkə də, “Ömər burada namaz qılsa, kilsəmizi heç vaxt dağıtmazlar” – deyə düşünmüşdü.. İslamı qaralama, müsəlmanları isə qəddar kimi göstərmə kampaniyaları təbii ki o zamanlar da var idi. Lakin, Öməri və onun tabeliyində olan müsəlmanların ədalətini gördükdə, fikirləri dəyişdi. Sirr deyil ki o torpaqlardakı zülm və zorakılıq, yalnız müsəlmanların hakimiyyəti dövründə dayana bilmişdi..

Aşağıdakı şəkildə işarə edilmiş yer, mavi kümbəzli Qiyam kilsəsinin düz qarşısındakı “Ömər məscidi”-dir. Böyük səhabə Hz. Ömər’in, Qüdsü fəth etdiyi zaman, qeyd etdiyimiz hekayə əsnasında namaz qıldığı yerdə inşa edilmişdir.

 

Sarı dairə ilə işarə olunmuş yer – tarixi “Ömər məscidi”.

 

Hz. Ömərin ədaləti ilə tanış olma zamanı gəlib çatmışdı.. O, xristianlara “Kilsənizdə namaz qılsam, məndən sonra gələnlər buraya haqq iddia edərək, əlinizdən ala bilərlər” – deyərək namazını, kilsədə deyil, 10 metr cənubundakı boş bir sahədə (kilsənin həyətində) qılmışdı. Müsəlmanlar daha sonra bu yerdə məscid tikərək, adını “Ömər məscidi” qoydular.

 

İslam idarəçiliyi altında sülh və mehribanlıq münasibətlərinin hökm sürdüyü yaxın şərq’ə – xüsusən də Qüds’ə – növbəti bir misal.. Qiyam kilsəsindəki digər bir ənənə də, müsəlman ədalət və dözümlülüyün (tolerantlığının) sərhədlərini bizlərə daha parlaq formada nümayiş etdirir..

 

1900-cu illər.. Qüds qala divarının qərb çıxışı olan məşhur ‘Xalil qapısı’ önündə, şəhər xalqı (Ərəb, yahudi, qərbli, müsəlman və xristianlar eyni fotoda). Qapıda – müsəlmanların ay-ulduzlu (Osmanlı) bayrağı.

 

Belə ki, Osmanlı dövründə Qiyam kilsəsinin açarları iki müsəlman ailədə olarmış. Bu ailələrdən biri səhər kilsəni açar, axşam isə bağlayardı. Digər ailə isə, açarı mühafizə edərmiş. Müqəddəs Qüds şəhərinin müsəlmanların əlindən çıxmasından sonra, xristianlar öz aralarında açarın kimdə olması mövzusunda razılaşa bilməmiş, böyük mübahisə və döyüşlər baş vermişdir. Bütün səylərə baxmayaraq uzlaşma təmin edilə bilməmiş və eyni ənənənin davamına qərar verilmişdir. Günümüzə qədər hələ də müsəlman ailələrdə olan açarlarla, Osmanlı-müsəlman ənənəsi yaşadılmağa davam etdirilir. Heç kimə sirr deyildir ki, ədalətin qoruyucuları olan müsəlmanların hakimiyyətinə son verilməsindən sonra, həmin coğrafiya əhalisinin üzü demək olar ki heç gülmədi..

 

Qüds – Osmanlı hakimiyyəti altında (19-cu əsr).

 

Hz. Ömər, müsəlmanlar arasında ədalətiylə tanındığı kimi, digər din mənsubları – və hətta heç bir dinə inanmayanlar tərəfindən də bu cür tanınmış və daima hörmətlə anılmışdır. Hətta, Qüds şəhərinə ilk giriş yeri olan Xalil qapısı önündəki meydan, günümüzdə İsrail hakimiyyəti altında belə, rəsmi olaraq onun adını daşıyır.

 

“Ömər meydanı” (ərəb: القدس‎‎ əl-Qüds və ya ivrit/yəhudi: Yerusəlim יְרוּשָׁלַיִם‎)

 

Aşağıdakı tabloda həm ibrani, həm ərəb, həm də ingilis dilində “Ömər meydanı” yazılmışdır.

 

Ömər b. Xattab (Allah ondan razı olsun) şəhəri təslim almamışdan öncə, şəhərin qubernatoru və tanınmış şəxsləri ilə danışmış və öz adından bir yazılı sənəd (əmannamə/qanunnamə/əqdnamə) də, hazırlatmışdır. O, bu əməli ilə, Mədinə şəhərinə hicrət edib, orada məskunlaşarkən, tarixdəki ilk Konstitusiyanı tərtib etdirmiş Muhəmməd peyğəmbərin yolunu izləmişdir (bu haqda ətraflı oxumaq üçün buraya tıkla). Bu əqdnamənin altında Hz. Ömərdən başqa, general statuslu digər böyük müsəlman komandirlər olan Xalid b. Valid, Amr b. As, Müaviyə b. Əbu Sufyan və Abdur-Rahman b. Avf’ın imzaları da vardır.

 

“Ömər məscidi” divarındakı tarixi Əmannamə aktı

 

Bu əmannamə, eyni zamanda sülh və dözümlülük aktıdır. Ömər məscidinin girişindəki divara həkk olunmuş bu əmannamədən, qanlar içində boğulan müasir dünyanın götürəcəyi bir çox dərs və ibrətlər vardır.

 

Xəlifə Ömər’in “Əmannamə”-si

 

Həmin əqdnamədə (yuxarıdakı fotoda) bunlar yazılmışdır: “Allahın qulu və möminlərin əmiri olan Ömər tərəfindən İlya (Qüdsün Ömərə qədərki keçmiş adı) xalqına verilən əmannamədir. Möminlərin Əmiri istər xəstə olsun, istər sağlam – bütün xalqın mal və canlarının qorunacağına zəmanət verir. Eyni zamanda ibadət yerlərinə, xaçlarına və dinlərinə toxunulmayacağına dair təminat verir. Xalqın kilsələri dağıdılmayacaq və yerlərinə başqa heç bir şey tikilməyəcək. Öncədən sahib olduqları haqlar, eynilə mühafizə ediləcək. Sahib olduqları heç bir şeyə xələl gəlməyəcək və dini inancları barəsində onlara heç bir təzyiq edilməyəcək. Heç kim, heç bir şəkildə zərər görməyəcək… Allah, Peyğəmbəri, səhabələri və möminlər bu anlaşmaya şahidlik edirlər. İmza: Ömər b. Xattab.”

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad zəruridir.

Share Button
Tarix: 13.01.2020 | Oxunma sayı: 2. 287 baxış