Qorxu hissi, hər bir məxluqda vardır. Yəni, hər bir bəndə, öz həyatında mütləq kimdənsə və ya nədənsə qorxacaqdır. Yaradılmışdan qorxmanın zərəri, bir çox baxımdan – faydalarından daha ağırdır.


Qorxunun üstün bir tərəfi ola bilərmi? Sağlam düşüncəli hər bir insan bilir ki, Yaradan’a qarşı duyulan hörmət və qorxu hissi – bəndənin üstün keyfiyyətlərə nail olmasına səbəb olur. Bu qorxu sayəsində əxlaqlı olur, nəfsini cilovlayır, ədalətli olur, insanlara qarşı rəhmli olur və digər heç bir qüvvədən qorxmazlıq kimi, ali xüsusiyyətlərə sahib olur. Daima düşünür ki, ‘Rəbbim məni görür, bu dünya təkcə yaşadığımız həyatla bitmir və mən Onun qarşısında duraraq hər bir davranışıma görə cavab verəcəyəm..’ Bir sözlə Allah qorxusu, dünya və axirət səadətinin səbəbidir.


Uca Allah, Ondan qorxulmağa, digərlərindən daha layiqdir. İbn Abbas rəvayət edir ki, bir gün (minikdə) Muhəmməd Peyğəmbərin (ona salam olsun) arxasında oturmuşdum. O, belə buyurdu: “Ey oğul! Mən sənə bir neçə kəlmə öyrədəcəm: Allahı qoru ki (yəni günahlardan çəkin, yalnız ona ibadət et) ki, Allah da səni qorusun. Allahı qoru ki, Onu öz qarşında tapasan. Bir şey dilədikdə, Allahdan dilə. Kömək istədikdə yenə də Allahdan kömək istə. Bunu da bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar belə, Allahın (sənin qədərinə) yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər vermək üçün bir yerə yığışsalar, yenə də Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Artıq) qələmlər qaldırılmış, səhifələrin (mürəkkəbi) qurumuşdur”. (Tirmizi 2516)

Bəs necə olur ki, insan Allah’ı heç xatırlamır, lakin hansısa bir şəxsin adı gələn kimi az qala titrəyir və qorxudan nə edəcəyini belə bilmir? Bunun bir neçə səbəbi vardır.. İnsanlar tövhiddən uzaqlaşdıqlarına, tövhidi həqiqi surətdə həyata keçirmədiklərinə görə və Allahdan qeyrilərinə bağlandıqlarına görə digərlərindən daha çox qorxur, daha çox hörmət edirlər. Kimisi müdirindən; vəzifəsini itirəcəyindən, kimisi isə, üzünü belə görmədiyi insandan, Allahdan qorxacaq dərəcədə qorxur.. Bu və digər səbəbləri bəhanə edərək Allah’ın buyuruqlarına, Onun insanlara göndərmiş olduğu həyat nizamı olan din’ə belə əhəmiyyət verməz, riayət etməkdən boyun qaçırar. Allaha həqiqi mənada təslim olanlar – yəni, müsəlmanlar isə, şiddət anında da, çətinliklərdə də yalnız Allaha yönəlirlər.

Bəziləri isə dünya və onun arzu-istəklərinə bağlanır, onun arxası ilə gecə-gündüz bir sərxoş kimi gedirlər. Onlar dünyanın şəhvəti, bər-bəzəyi üçün sevinir və onun üçün üzülürlər. Bəzən buna görə gecələri də yatmırlar.. Dünyada bir şey əldə etdikdə sevinir, əldə etmədikdə isə kədərlənirlər. Uca Allah bu kəslər haqqında belə buyurur:

 

“Kim (axirətdən vaz keçib) dünya və onun bər-bəzəyini istəyirsə, biz onun əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayışı) elə dünyada ikən verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. Belələrinin axirətdə atəşdən başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar”. (Hud 15-16).


Bir sözlə, təkcə dünyanımı arzulayırsan? Elədirsə, nəsibini gec-tez alacaqsan, heç narahat olma. Lakin, bunun qarşılığında Allaha boyun əyməyi tərk edir, Ondan deyil, başqalarından qorxursansa, sonsuz xoşbəxt həyatı itirmək ehtimalın çox böyükdür. “Əşşi, kim gedib görüb ki o dünyanı” – kimi düşünənlər, ölüb getdikdən sonra mütləq bu dediklərinə görə peşman olub, həqiqətləri görürlər.. Bir sözlə, o dünyanı hər kəs gedib görür, lakin (!) geri dönərək heç kimə bunu xəbər vermək şansları artıq olmur..

Muhəmməd peyğəmbər elə bu səbəblə də belə buyurmuşdur: “Dinarın qulu bədbəxt olsun, dirhəmin qulu bədbəxt olsun. Pal-paltarın, zinətin qulu bədbəxt olsun. Beləsinə istədiyi veriləndə razı qalar, verilməyəndə isə qəzəblənər. Bədbəxt olsun və başı aşağı çevrilsin. Onun ayağına batan tikan belə çıxmasın” (Buxari 6/61, İbn Məcə 11/216).


Bəli, Uca Allah, “Mənə heç bir şeyi şərik qoşmayın” – dedikdə, təkcə daş və taxtadan düzəldilmiş bütləri nəzərdə tutmurdu. Hər dövrün büt növləri vardır. Kimisi üçün büt – vəzifə, kimisi üçün şöhrət, kimisi üçün pul, kimisi üçün qadın, kimisi üçün bər-bəzək, kimisi üçün təkəbbür, kimisi üçün bir müğənni, kimisi üçün isə bir futbol komandasıdır.. Halbuki Rəbbimiz bizləri, yalnız Allah’a qul olmağa və Ondan qorxub çəkinərək, faydalı bir insan olmağa çağırırdı..

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Share Button
Tarix: 25.12.2019 | Oxunma sayı: 2. 160 baxış