Təravih namazı – Ramazan ayında qılınan gecə namazları təravih namazı adlanır.

 

«Təravih»– istirahət, dincəlmə deməkir.[1]
Müsəlmanlar təravih namazında hər dörd rək’ətdən sonra dincəldiklərinə
görə belə adlanmışdır.

 

Təravih və təhəccüd namazları eyni namazlardır. Ramazan ayında buna Təravih, adi vaxtlarda isə təhəccüd deyilir.

 

Bu namazın hökmü müstəhəbdir. Təravih namazı fərdi şəkildə qılına bilər, lakin bu namazın camaatla məsciddə qılınması daha əfzəldir. Aişədən rəvayət olunan hədisdə deyilir ki, Peyğəmbərimiz ﷺ belə edərmiş.[2]

 

Təravih namazının rükətlərinin sayı gecə namazı kimidir. Peyğəmbər ﷺ özü on bir rükətdən çox qılmasa da, bunu qadağan etməmişdir.

 

Muhəmməd b. Saleh demişdir:

“Bəziləri bunu inkar edib deyirlər ki, sünnə də varid olandan çox qılan asi olaraq
günah qazanır. Şəkk yoxdur ki, bu fikir xətadır. Necə asi və günahkar sayıla bilər ki, Peyğəmbərdən ﷺ gecə namazı haqqında soruşduqda o: “İki-iki qılın…”- demiş və heç bir məhdudiyyət qoymamışdır.”   

Aişə rəvayət edir ki, Peyğəmbər ﷺ məsciddə gecələrin birində (Ramazanda) namaz qıldı və camaat da onunla bərabər bu namazı qıldı. Ertəsi gün yenə namaz qıldı və əvvəlkindən də çox camaat onunla bu namazı qıldılar. Üçüncü (və dördüncü) gün yenə bu hal təkrar oldu və ondan sonra Peyğəmbər camaatla namaz qılmağa gəlmədi. O gecənin səhəri Peyğəmbər ﷺ dedi:

«Sizin bu namazı qılmaq üçün belə çox sayda cəm olduğunuzu gördüm və onun sizə vacib buyurulacağından qorxduğum üçün camaat namazına gəlmədim.» [3]

 

Hz. Ömər xəlifə olduğu dövrdə müsəlmanları Ubeyy b. Kab’ın arxasında təravih namazına toplamışdır. Çünki bu namazı axıra qədər imamla birlik də qılana böyük savab vardır.

 

Fayda olaraq qeyd edək ki, Təravih namazı qılan (namazda ikən) Quranı əlində tutaraq, hər rükətdə Fatihə surəsindən sonra istədiyi qədər üzündən oxuya bilər.

Qadın, Fərz və təravih namazlarını qılmaq üçün məscidə gedə bilər, lakin evində qıldığı namaz daha üstündür. Necə ki, Muhəmməd Peyğəmbər ﷺ demişdir:

“Qadınlarınıza məscidlərə getməsini qadağan etməyin, lakin evləri onlar üçün daha xeyirlidir.” [4]

 

Məşhur hədis alimi Hafiz Deyləmi demişdir:

”Muhəmməd Peyğəmbər ﷺ zamanında qadınlar evlərindən namaz paltarlarına bürünmüş, örtülmüş halda çıxardılar, amma qaranlıq, yəni zülmət, olduğundan tanınmazdılar. Peyğəmbər ﷺ namaz salamını verdikdən sonra kişilərə, qadınlar gedənə qədər yerinizdə qalın – deyərdi. Bununla belə Peyğəmbər ‘namazları evlərində daha üstündür’ demişdir.”

Aişə (Allah ondan razı olsun) demişdir:

”Peyğəmbərﷺ qadınların ondan sonra nə edəcəklərini bilsəydi, onlara məscidə getmələrini qadağan edərdi.”

 

Onun bu sözü birinci əsrin səhabə qadınları haqdadırsa, necə zənn edirsən, zəmanəmizin bəzi qadınlarını görsəydi nə deyərdi?!

 

Təravih namazının vaxtı: İşa namazının sünnəsindən sonra Sübh namazınadəkdir.

 

__________________________
[1]- «əl-Mu’cəmu-l-Vasit» səh: 380.
[2]- Səhihu-l-Buxari, 1147; «əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi» 4/13.
[3]- Səhihu-l-Buxari, 1129; Səhih Muslim 1780.
[4]- Əhməd və Abu Davud

 

 

www.islamevi.az

 

ƏLAVƏ OLARAQ OXU: TƏRAVİH NAMAZINI 20 RÜKƏT QILMAQ BİDƏTDİRMİ? (geniş araşdırma) (oxumaq üçün bura tıkla 👈🏻)

Share Button
Tarix: 19.05.2019 | Oxunma sayı: 1. 905 baxış