Şeytanın aldatması nəticəsində, Cənnətdən çıxarılmasına səbəb olan məşhur hadisədəki xətanı edən Adəm, Allahdan  bəzi kəlmələr öyrənərək tövbə etmişdi:

“Nəhayət, Adəm Rəbbindən (tövbə etmək üçün xüsusi) sözlər öyrəndi. Allah da onun tövbəsini qəbul etdi. Həqiqətən, O, tövbələri qəbul edəndir, mərhəmətlidir.” (Bəqərə, 37)

 

Tövbəni qəbul etdirərək, Adəmin bağışlanmasına səbəb olan bu xüsusi sözlər nə idi? Bu barədə İslam alimlərinin fərqli rəyləri vardır. Alimlərə görə bunlar, doğru yolu (irşadı) göstərən ilham tövsiyyələri idi. Məşhur səhabə olan İbn Məsuda görə isə, bu ilham – hər namazın başlanğıcında oxuduğumuz “subhənəkə” duası idi.

 

سبحانَك اللهمَّ وبحمدِك، وتبارَك اسمُك، وتعالى جَدُّكَ، ولا إلهَ غيرُك

Transkr: [Subhənəkə Allahummə va bihəmdi­kə va təbarəkə-s-mukə va təalə cəddukə va lə iləhə ğayrukə]

Tərcümə: Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmə­tin ucadır. Səndən başqa məbud yoxdur!  (Səhih Tir­mizi, 1/77)

 

Bununla yanaşı, Hz. Adəm və Həvvanın tövbə edərkən dedikləri dua barədə, Əraf surəsində də xəbər verilmişdir:

رَبَّنَا ظَلَمْنَا أَنْفُسَنَا وَإِنْ لَمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ

Transkr: [Rabbənə zaləmnə ənfusənə va in ləm təğfir lənə va tərhəmnə lənəkunənnə minəl-xasirin]

Tərcümə: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq” — dedilər” (Əraf, 7/23)

 

*QEYD: Yuxarıdakı ayədə qeyd olunmuş müstəcəb (qəbul olunan) duanı, təkcə Adəm deyil, Həvva anamız da edirdi. Çünki ayədə, “O ikisi belə dedi” (قالا)  – deyilmişdir. Bu, ailədə təkcə kişinin deyil, qadının da dua etməsinin mühümlüyünə dair, önəmli bir misaldır.

 

Məşhur alim İbn Kəsir belə demişdir:

“Bu (dua) – etirafın, tövbəyə qayıdışın, təvazökarlığın, mütiliyin və çətin anlarda Allaha sığınmağın nümunəsidir. Onun zürriyətindən olan bir kimsə, bu nümunəvi davranışa əməl edərsə, onun dünya və axirət aqibəti xeyirə doğru gedər.” (Siratun-Nəbəviyyə)

 

Hazırladı: Ayxan Yaquboğlu

Share Button
Tarix: 19.09.2020 | Oxunma sayı: 1. 576 baxış