featured-image-3301

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
1 — {Həqiqətən Biz, Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvəl onları qorxut!” — deyə öz tayfasına peyğəmbər göndərdik.} 2 – {O dedi: “Ey qövmüm! Həqiqətən mən, sizi açıq-aşkar qorxudan bir peyğəmbərəm!}
3 – {Allaha ibadət edin, Ondan qorxun və mənə də itaət edin!}

Nuh Allahın ilk göndərdiyi elçidir. O öz qövmini doqquz yüz əlli il dəvət etmişdi. Uca Allah ona demişdi ki, Mənim əzabım gəlmədən öncə, öz qövmini dəvət et. Uca Allah onlara şiddətli od və tufan əzabı vəd etmişdi.

4 – {O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək möhlət verər. Allahın müəyyən etdiyi əcəl gəlib çatdıqda isə, o əsla təxirə salınmaz. Kaş biləydiniz!”}
Əgər belə etsəniz, sizin əvvəllər etdiyiniz bəzi günahlarınızı bağışlayar və sizin əcəlinizi uzadıb, daha çox yaşamağınız üçün möhlət verər. Təki siz itaətdə olasınız. Çünki Allahın müəyyən etdiyi əcəl gəldikdə siz küfr üzərində qalsanız, o zaman əcəliniz gecikməz. Siz imana və itaətə gəlin ki, bundan xilas olasınız. Əgər siz, Allahın müəyyən etdiyi əcəlin vaxtından gecikməyəcəyini anlasanız, bunu da başa düşərsiniz.

5 – {O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim!}
6 – {Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı.}
Nuh onları Allahın yoluna, imana və itaətə çağırdıqca onlar küfrdə və şirkdə israr edirdilər.

7 – {Sənin onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qularlarına tıxadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür göstərdilər.}
Mən hər dəfə onları iman gətirib bağışlanmağa nail olmağa dəvət etdimsə, onlar məni eşitməmək üçün barmaqlarını qulaqlarına tıxayır, məni görməmək və eşitməmək üçün paltarlarını başlarına çəkir, olduqları küfr yolunda davam edir, haqqı qəbul etməkdə təkəbbürlülük göstərirdilər.

8 – {Sonra mən onları uca səslə dəvət etdim.} Mən onları gizlidə deyil, açıq-aşkar şəkildə dəvət etdim.
9 – {Daha sonra onları gizli yolla dəfələrlə dəvət etdim”.}
Nuh onları açıq-aşkar dəvət edib, dəvəti qəbul etmədiklərini gördükdə onları tək-tək dəvət etməyə başladı. O, dəvətini müxtəlif yollar və mövzular əsasında qururdu. Bəzi mənbələrə görə Nuh, insanların evlərinə qonaq kimi gedir və onları dəvət edirdi.

10 – {Və dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır!}
11 – {O sizə göydən bol yağış göndərər;}
Ayə göstərir ki, bağışlanma diləmək yağışın və ruzinin bol olması üçün ən əsas səbəbdir.

12 – {O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!}
13 – {Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz?}
14 – {Halbuki O, sizi mərhələlərlə xəlq etdi.}
Əvvəl nütfə, sonra laxtalanmış qan, sonra bir parça ət yaradıb, sonra insan şəklinə salmışdır. Sonra siz çağalıq, uşaqlıq, gənclik, qocalıq dövrünü yaşayırsınız. Sizi bu bədahətlə yaradanın əzəmətliliyinə necə küfr edə bilərsiniz?!

15 – {Məgər görmürsünüz ki, Allah yeddi göyü qat-qat necə yaratdı?!}
16 – {Orada ayı bir nur, günəşi də bir çıraq etdi.}
17 – {Və Allah sizi yerdən bir bitki kimi göyərtdi.}
Yəni Adəmi torpaqdan yaratmış, yer üzündə bitən bitkiləri və yaşayan heyvanları isə onun övladları üçün qida mənbəyi etmişdir.

18 – {Sonra sizi yenə ora qaytaracaq və çıxardacaqdır.}
Öldükdən sonra torpağa basdıracaq və təkrar torpağa döndərəcəkdir. Qiyamət günü isə, sizi bir daha dirildəcəkdir. Bu diriltmə birinci dəfədəki kimi mərhələ ilə deyil, bir dəfəyə baş verəcəkdir.

19 – {Allah yeri sizin üçün xalı etdi ki,}
20 – {Onun geniş yollarında gəzəsiniz!”} Dağların arasında sizin üçün geniş yollar saxlamışdır.
21 – {Nuh dedi: “Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə tabe oldular.}
Sıravi insanlar öz kafir başçılarına, varlı insanlara tabe oldular. Amma bol var-dövlət və övlad onları dünyada azğınlığa, axirətdə isə, daha çox əzaba məhkum etdi.

22 – {Çox böyük bir hiylə qurdular.} Başçıları məni öldürmək üçün insanları bu işə təhrik edərək tələ qururdular.
23 – {Və dedilər: “Öz tanrılarınızı tərk etməyin, Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri atmayın!”}
Başçıları sıravi insanları Nuha ؛ qarşı qaldırmaq üçün onlara deyərdilər: “Öz tanrılarınıza ibadət etməyi tərk etməyin.” Bu tanrılar bütlər və şəkillərdən ibarət idi. Daha sonra bu ilahlara ərəblər ibadət etdilər. Ayədə qeyd olunan adlar Adəm ilə Nuh arasında yaşayan əməlisaleh insanların adlarıdır. İnsanlar onların xatirəsini ucaltmaq üçün onların şəkillərini məbədlərə vurmuşdular. Bir neçə nəsil keçdikdən sonra İblis həmin insanlara: “sizdən əvvəlkilər bunlara ibadət edərdilər siz də onlara ibadət edin” — dedi. Bütlərə ibadət etmək də, o zamandan başladı. Sonradan bu bütlərin sorağı ərəb yarımadasına gəlib çatdı və bəzi qəbilələr də onlara ibadət etməyə başladılar.

24 – {Onlar çoxlarını yoldan çıxartdılar. Sən də ancaq onların zəlalətini artır!”}
Bu başçılar çox insanları haqq yoldan azdırıblar. Bəzi təfsirçilərə görə insanları azdıran bütlər olmuşdur.

25 – {Onlar öz günahlarından dolayı suda boğdurulub Cəhənnəmə daxil edildilər və özlərinə onları Allahdan qurtaracaq köməkçilər də tapa bilmədilər!}
Günahları onların suda boğulub ölmələrinə, qəbir əzabına və cəhənnəm oduna düçar olmalarına səbəb oldu.

26 – {Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!}
Nuh onların iman gətirəcəklərinə ümidini kəsdikdə və qövmindən daha heç kəsin iman gətirməyəcəyi xəbəri vəhy ilə ona çatdırıldıqdan sonra, o, qövminə qarşı bəd dua etdi. Allah da onun duasını qəbul edib onları suya qərq etdi.

27 – {Çünki sən, onları buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub-törədəcəklər.}
28 – {Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsəni və bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə, ancaq və ancaq həlakını artır!”} Nuhun bu duası qiyamətə qədər olan hər bir zalıma çatır.
—————
Abdurrəhim Muradlı
Qurani kərimin son üç cüzünün təfsiri

Bənzər Məqalələr