Övladlarını uydurma və fantastik nağıllarla deyil, mənəvi olaraq savadlı böyütmək istəyənlər üçün: Qurandan sitatlarla (mötərizələrdə mənbələr qeyd olunmuşdur), uşaqlar üçün nağıl formasında hazırlanmış mətn.

 

Balaca Yusif çox ağıllı və gözəl bir uşaq idi. Onun on bir qardaşı var idi. Atası Yaqub Yusifi oğlanlarının hamısından çox sevirdi. Bu isə Yusifin qardaşlarının xoşuna getmirdi. Bir gün Yusif qəribə bir yuxu gördü. O yuxuda gördü ki, on bir ulduz, günəş və ay ona səcdə edirlər. Balaca Yusif yuxunun nə demək olduğunu başa düşmədi.

 

On bir ulduzun, günəşin və ayın ona səcdə etməsi onu çox təəccübləndirdi. Yusif, atası Yaqubun yanına gəlib ona dedi: — Atacan! Mən yuxuda on bir ulduz və günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər. (Yusif 4)

Yaqub – Allahın insanları doğru yola çağırmaq üçün göndərmiş olduğu bir elçi – yəni, bir peyğəmbər idi. Ona görə də yuxunun nə demək olduğunu başa düşdü. O, Yusifə belə dedi: — Allah sənə bərəkət versin ey Yusif! Bu yuxu sənin elmli bir peyğəmbər olacağına müjdədir. Səndən əvvəl Allah sənin babaların İshaqa və İbrahimə də Öz nemətini bəxş etmişdir. Artıq Allah sənə və Yaqubun ailəsinə nemət bəxş etdi. Yaqub dünya görmüş adam idi. O, insanları yaxşı tanıyırdı və şeytanın insanları necə yoldan çıxarıb onlara qalib gəldiyini də bilirdi. Ona görə də Yusifə dedi: — Ey oğlum! Gördüyün yuxunu qardaşlarına danışma, ola bilsin ki, onlar həsəd aparıb, sənə bir pislik edərlər.

Yusifin Bün-Yamin adında bir qardaşı var idi. Ataları Yaqub, onların hər ikisini digər oğlanlarından daha çox sevirdi. Yusifin digər qardaşları onlara həsəd aparırdılar. Onlar deyirdilər: — Nə üçün biz gənc və qüvvətli olduğumuz halda atamız kiçik və zəif olan Yusif ilə Bin Yamini sevir?..

Bir gün balaca Yusif, öz yuxusunu qardaşlarına danışdı. Bunu eşidən qardaşların həsədi daha da artdı və onlar bərk qəzəbləndilər. Xəlvət bir yerə toplaşıb dedilər: — Gəlin Yusifi öldürək və ya uzaq bir yerə ataq. Bəlkə onda atamız ancaq bizi sevə. Onlardan biri dedi: — Xeyr onu yolda olan quyuya atın yoldan keçənlərdən biri götürüb aparsın. Bu fikri hamısı bəyəndi və belə də etmək qərarına gəldilər. Onlar Yusifi özləri ilə uzağa aparmağa izn almaq üçün ataları Yaqubun yanına gəldilər. Yaqub bilirdi ki, oğlanları ögey qardaşları Yusifə həsəd apardıqlarına görə onu sevmirlər. Ona görə də Yusif üçün çox qorxurdu və onu gözündən uzaq qoymurdu. Qardaşlar da bunu çox yaxşı başa düşürdülər, lakin onlar artıq Yusifə pislik etmək qərarına gəlmişdilər. Onlar dedilər: — Atacan! Nə üçün Yusifi bizimlə birgə gəzməyə buraxmırsan? Nədən qorxursan? Axı o bizim sevimli kiçik qardaşımızdı. Biz bir atanın övladlarıyıq. Qardaşlar daima bir yerdə oynamalıdır, nəyə görə biz bir yerdə oynamayaq? Sabah onu bizimlə birlikdə (çölə gəzməyə) göndər, qoy oynayıb-əylənsin, gözü-könlü açılsın. Biz onu mütləq qoruyacağıq! (Yusif 12)

Yaqub ağıllı, lakin mülayim bir kişi idi. O, Yusifə bir şey ola biləcəyindən çox qorxurdu və istəmirdi ki, Yusif ondan uzaq düşsün. Ona görə də oğlanlarına dedi: — Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız! (Yusif 13) Onlar dedilər: — Bu əsla ola bilməz! Axı biz qüvvətli və gəncik. Biz orada ola-ola qurd onu necə yeyə bilər? Nəhayət Yaqub onlara Yusifi özləri ilə meşəyə götürmələrinə icazə verdi. Qardaşlar, Yusifi özləri ilə meşəyə aparmaq üçün atalarından icazə aldıqlarına görə çox sevindilər. Yusifi də özləri ilə götürüb meşəyə getdilər. Orada onlar balaca Yusifi dərin bir quyuya atdılar. Onların nə balaca Yusifə, nə də yaşlı atalarına yazıqları gəlmədi. Yusif çox kiçik və incə qəlbli bir uşaq idi. Quyu isə dərin və qaranlıq idi. Yusif bərk qorxurdu, lakin Allah Yusifin qəlbinə bir rahatlıq verdi və ona dedi: — Qorxma və kədərlənmə! Allah səninlədir, O səni xilas edəcək!

 

 

Qardaşlar Yusifi quyuya atdıqdan və meşədə işlərini görüb qurtardıqdan sonra bir yerə toplaşıb dedilər: — Atamıza nə deyəcəyik? Onlardan biri dedi: — Atamız deyirdi ki, qorxuram Yusifi qurd yeyə və sizin xəbəriniz olmaya. Biz də ona deyərik ki, sənin dediyin doğru oldu, onu qurd yedi. Onlar dedilər: — Doğrudur, atamıza elə bu cür deyərik. Deyərik ki, onu qurd yedi. Qardaşlardan biri dedi: — Bəs bunu nə ilə sübut edəcəyik? Onlar dedilər: — Bunu Yusifin qana bulaşmış köynəyi ilə sübut edəcəyik. Onlar bir quzu gətirib onu kəsdilər. Sonra isə Yusifin köynəyini quzunun qanı ilə boyadılar. İndi atamız bizə inanar! — deyə sevindilər.

Axşam üstü ağlaya-ağlaya atalarının yanına gəldilər. Və dedilər: «Ata! Biz qaçıb bir-birimizlə ötüşürdük (və ya ox atıb yarışırdıq), Yusifi şeylərimizin (libaslarımızın) yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir.» (Yusif 16,17) Onlar Yusifin köynəyinin üstünə yalandan bir qan ləkəsi yaxıb gətirmişdilər (Yusif 18). Və dedilər ki, bu Yusifin qanıdır. Yaqub ağıllı və müdrik bir peyğəmbər idi. O bilirdi ki, qurd insanı yeyəndə onu parçalayır və paltarını cırır. O başa düşdü ki, qurd hadisəsi uydurmadır və köynəyin üstündəki qan da Yusifin qanı deyil. Çünki Yusifin köynəyi salamat idi. O oğlanlarına dedi: — Bu sizin uydurduğunuz bir hekayədir. Mənə yalnız tükənməz, dözümlü səbr gərəkdir. (Yusif 18)

 

Yaqub sevimli oğlu balaca Yusif üçün çox kədərləndi, lakin o, bu itkiyə gözəl bir tərzdə səbr edib dözdü. Səbr – ən gözəl dərmandır.. Qardaşlar axşam yeməklərini yeyib, quyuya atdıqları Yusifi unudaraq öz rahat yataqlarında yatmağa getdilər. Yusif isə quyuda tək-tənha qalmışdı. Onun nə bir yeməyi, nə də yatmağa bir yeri var idi. Qaranlıq gecədə meşənin ortasındakı dərin quyuda tək qalan Yusif sabaha qədər atası Yaqubu və qardaşlarını düşündü. Yaqub da Yusifi bir an belə unuda bilmədi. Səhəri gün meşənin içindən keçib gedən bir dəstə camaat su içmək üçün quyunun yanında dayandılar. Bir kişi quyudan su çıxartmaq üçün quyunun içərisinə bir qab sallayıb, sonra da onu yuxarı dartmağa başladı. Qab çox ağır idi. O qabı quyudan çıxardanda Yusifi görüb heyrətə gəldi və camaatı ora səsləyib: Şad xəbər, şad xəbər! Bu bir oğlandır! (Yusif 19) — dedi. İnsanlar çox sevindilər və balaca Yusifi bir paltara büküb özləri ilə götürdülər.

Onlar gəlib Misirə çatdıqda Yusifi bazara çıxardıb ucadan dedilər: — Cavan bir oğlan satılır! Kim bu oğlanı almaq istəyir?! Əziz adlı bir nəfər Yusifi satan tacirə bir neçə dirhəm verib onu satın aldı. O Yusifi evinə gətirib arvadına dedi: — Yusifə yaxşı bax, o çox doğru danışan bir gəncdir. Əzizin arvadının Yusifdən çox xoşu gəldi. O Yusifi xəyanətə təhrik etməyə çalışırdı. Yusif isə buna əsla razı olmurdu və deyirdi: — Xeyr! Mən ağama xəyanət etmərəm, o mənə çox yaxşılıqlar edib. Mən Allahdan qorxuram. Qəzəbli qadın Yusifə şər atıb, ondan ərinə şikayət etdi. Əziz Yusifin ona sadiq olduğunu bilirdi və arvadının haqsız olduğunu görüb ona dedi: — Sən həqiqətən, günah edənlərdənsən. (Yusif 29)

 

Yusif öz gözəlliyi ilə bütün Misirdə məşhur olmuşdu. Onu görən hər kəs: — Bu, bəşər/insan deyildir! Bu ancaq Allah yanında əziz olan bir mələkdir! (Yusif 31) — deyirdi. Əzizin arvadının Yusifə olan qəzəbi isə günü-gündən artırdı. Bir gün o Yusifə dedi: — Mən səni zindana saldıracağam. Yusif isə ona: — Zindan mənim üçün (günah etməkdən) daha yaxşıdır. (Yusif 33) — deyə cavab verdi. Beləliklə xəyanətkar qadın Yusifi zindana salmağa nail oldu. Lakin Əziz, Yusifin günahsız olduğunu bilirdi.


Zindana atılan Yusif tez bir vaxtda zindan əhli arasında böyük rəğbət qazandı. Onlar Yusifin çox elmli, geniş ürəkli və mərhəmətli bir gənc olduğunu gördülər. Zindan əhli Yusifə hörmət və ehtiramla yanaşırdı. Yusiflə bərabər zindana iki gənc də girmişdi. Gənclər Yusifin çox gözəl yuxu yozduğunu bildikdə ona öz yuxularını danışdılar. Onlardan biri dedi: – Mən (yuxuda) gördüm ki, şərab üçün üzüm sıxıram. Digəri isə belə dedi: Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. (Yusif 36) Onlar Yusifdən bu yuxunu yozmalarını istədilər. Yusif yuxu yozma elmindən xəbərdar olan bir peyğəmbər idi. Lakin onun zamanında insanlar Allahdan qeyri, özlərinin düzəltdikləri bütlərə ibadət edirdilər. Onlar deyirdilər: Bu yer ilahıdır (tanrısıdır), bu dəniz ilahıdır, bu ruzi ilahıdır, bu yağış ilahıdır. Yusif isə bunları görüb gülürdü, lakin o, ağıllı insan olduğundan camaatın halına acıyırdı. O istəyirdi ki, insanları Allahın dininə, doğru yola dəvət etsin. Yusif özü-özünə dedi: Ehtiyac, bu insanları mənim yanıma gətirib. Ehtiyacı olan insan isə mülayim, itaətkar və öyüd-nəsihət dinləyən olur. Mən indi onlara nə desəm onlar mənim söhbətimi dinləyib, mənə qulaq asacaqlar. Lakin Yusif tələsmirdi. O dedi: — Yeyəcəyiniz qida gəlməmişdən əvvəl, mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. (Yusif 37)

 

Yusif fürsəti əldən verməyib, insanları Allahın dininə dəvət etmək üçün söhbətə başladı. Yusif dedi: — Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Lakin Allah Öz elmini hər kəsə öyrətmir, xüsusən də Ona şərik qoşanlara. Heç bilirsiniz Allah bu elmi mənə nəyə görə verib? Ona görə ki, Allaha şərik qoşanların dinini tək etdim. Mən ata-babalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz (Yusif 38). Lakin bu tövhid yalnız bizə aid deyildir, əksinə, o, bütün insanlara aiddir. Bu (tövhid), Allahın bizə (və bütün) insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti şükür etməz! Yusif ayağa qalxıb o iki gəncə dedi: — Siz deyirsiniz bu yer ilahıdır, bu dəniz ilahıdır, bu ruzi ilahıdır, bu yağış ilahıdır… Biz isə deyirik ki, Allah, aləmlərin Rəbbidir! Ayrı-ayrı tanrılar daha yaxşıdır, yoxsa hər şeyə qadir və qalib olan Allah?! (Yusif 39) Haradadır yer ilahı, dəniz ilahı, ruzi ilahı, yağış ilahı? Mənə bir göstərin (deyin) görüm, Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və yerə bənzər şeylərdən) nəyi yaradıblar? Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var? (Fatir 40) Yerə, göyə və insana baxın. Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də mənə Allahdan başqalarının nə yaratdığını göstərin. (Loğman 11) (Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz! (Yusif 40)

Yusif tövhidin nə demək olduğunu başa saldıqdan sonra yuxularının mənasını onlara xəbər verib dedi: — Ey iki zindan yoldaşım! (Yuxularınızın mənasına gəldikdə) sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir! Yusif bu iki nəfərdən qurtulacağını yəqin etdiyi şərab paylayana dedi: — Ağanın yanında məni də yada sal! (Yusif 41, 42)

Yusifin dediyi kimi bu iki nəfər zindandan çıxarıldı. Onlardan biri yenidən padşahın şərabpaylayanı oldu, digəri isə edam olundu. Şərabpaylayan padşahın yanında Yusifi yad etməyi unutdu və beləliklə Yusif bir neçə il zindanda qaldı. Günlərin bir günü Misir padşahı qəribə bir yuxu gördü. O yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini və yeddi yaşıl sünbüllə yeddi quru sünbül gördü. Padşah bu yuxuya çox təəccüb etdi və bunun nə demək olduğunu əhli-əyalındakı yuxu yozanlardan soruşdu. Onlar dedilər: — Bu qorxulu bir şey deyildir. İnsan yuxuda çox şey görə bilər, lakin bunun hamısı həqiqət ola bilməz. Bunu eşidən şərabpaylayan: — Mən sizə bu yuxunun nə demək olduğunu söyləyərəm. — deyib padşahın izni ilə tez zindana, Yusifin yanına gəldi. O, padşahın yuxusunu Yusifə danışdı və onu yozmasını istədi. Yusif bütün insanlara qarşı rəhmli, alicənab və mərd insan idi. O xəsisliyin və paxıllığın nə olduğunu bilməzdi. Yusif yuxunun yozumunu və baş verəcək bəlalardan qurtarmaq üçün nə etmək lazım olduğunu şərabpaylayana anlatdı. O dedi: — Yeddi ilə adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə saxlayın. Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız. Daha sonra insanların bol yağış (bərəkət) görəcəyi bir il gələcək. Onda da adamlar (zeytun, üzüm, xurma və s. meyvələrin) şirəsini sıxacaqlar (onlardan bol-bol istifadə edib bəhrələnəcəklər). (Yusif 47, 48, 49)


Şərabpaylayan padşahın yanına qayıdıb yuxunun yozumunu ona söylədi. Padşah yuxunun mənasını və ağıllı məsləhətləri eşitcək çox sevindi. O, yuxunu kimin yozduğunu soruşdu. Onlara dəyərli məsləhət verən alicənab insanın kim olduğunu bilmək istədi. Şərabpaylayan dedi: — O, doğru danışan Yusifdir. Mənə də zindandan çıxıb padşahın şərabpaylayanı olacağımı o söyləmişdi. Padşah böyük maraqla Yusifi görmək istədi və onun ardınca zindana adam göndərib dedi: — (Yusifi) yanıma gətirin, onu özümə ən yaxın adam edəcəyəm! (Yusif 54) Padşahın göndərdiyi adam zindana gəlib, Padşahın Yusifi görmək istədiyini dedi. Lakin Yusif zindandan bu cür çıxmaq istəmirdi. İnsanlar Yusifi Əzizə xəyanət etmiş bir adam kimi tanıyırdılar. O isə adının təmizə çıxmasını istəyirdi. Odur ki, padşahın elçisinə dedi: — İstəyirəm ki, mənim günahsız olduğum sübut olunsun və mənə bəraət verilsin. Padşah öz əyanlarına Yusif barəsində hər şeyin bir daha öyrənilməsini əmr etdi. Yusifin günahsız olduğu məlum olduqdan sonra ona bəraət verildi və Yusif zindandan təmiz adla azad olundu. Padşah Yusifə dedi: — Sən bu gün yanımızda mövqe sahibisən və etibarlı bir şəxssən! (Yusif 54) Məndən nə istəyirsən?

 

Yusif bilirdi ki, Misir torpağında həm indiki, həm də bundan əvvəlki padşahların çoxlu xəzinələri var. Lakin bu xəzinələrdən adi insanlar deyil, yalnız padşah və onun ətrafındakı saray zadəganları istifadə edə bilirlər. Kasıb camaata qarşı isə xəyanətlər və zülm olurdu. O, bu xəzinələri ədalətlə idarə edə biləcəyinə əmin idi. Hər kəsin haqqını ödəmək, hər kəsə layiq olduğunu vermək lazım idi. Odur ki, Yusif padşaha dedi: — Məni Misirin xəzinələrinə məmur təyin et. Çünki mən (özümə etibar edilən mal-dövləti) qoruyan və (işləri idarə etməyi) bilənəm. (Yusif 55) Beləliklə Yusif Misirin xəzinədarı oldu və insanlar buna görə Allaha çoxlu həmd və şükürlər etdilər. Nəhayət Misir camaatı Yusifin xəzinəni ağılla və ədalətlə idarə etməsi nəticəsində asudə və ehtiyacsız yaşamağa başladı. Lakin Yusifin qabaqcadan xəbər verdiyi kimi camaata böyük bir aclıq üz verdi. Uca Allah Misir və Şam əhlini aclıqla imtahana çəkdi. Misir xəzinədarı olan Yusifin ədalətli, alicənab və rəhmli olmağının sorağı Şam əhlinə və Yaquba gəlib çatdıqda, Yaqub oğlanlarını ərzaq və taxıl almaq üçün Misirə yolladı. Yusifin qardaşı Bin Yamini isə öz yanında saxladı. Çünki Yaqub onu çox sevirdi və onu da Yusifi itirdiyi kimi itirmək istəmirdi. Yusifin yanına gedən qardaşlar onun quyuya atdıqları doğma qardaşları Yusif olduğunu bilmirdilər. Çünki onlar qardaşları Yusifin öldüyünü zənn edirdilər. Axı onlar Yusifi qaranlıq bir gecədə meşənin ortasındakı dərin bir quyuya atmışdılar. O necə sağ qala bilərdi? Yusifin qardaşları gəlib onun hüzuruna daxil oldular.


Onlar Yusifi tanımadıqları halda, Yusif onları dərhal tanıdı. (Yusif 58) Yusif qardaşlarının  onu öldürmək üçün quyuya atdıqlarını və Allahın, onu oradan necə xilas etdiyini xatırladı. Lakin o, bu barədə onlara bir söz deməyib, onları ifşa etmədi. Əksinə onlardan soruşdu: — Siz haradansınız? Onlar dedilər: — Kənən(bölgəsin)dən. Yusif dedi: — Atanız kimdir? Onlar dedilər: — Atamız İbrahimin oğlu İshaqın oğlu Yaqubdur. Yusif dedi: — Sizin başqa qardaşınız varmı? Onlar dedilər: — Bəli. Bizim Bin Yamin adında qardaşımız var. Yusif dedi: — Bəs nə üçün o sizinlə gəlməyib? Onlar dedilər: — Çünki atamız onu gözündən uzaq qoymur və ondan uzaq qalmağı xoşlamır. Yusif dedi: — Nə üçün atanız onu gözündən uzaq qoymur, o çoxmu balacadır? Onlar dedilər: — Xeyr. Lakin bizim Yusif adında bir qardaşımız var idi. Bir gün onu özümüzlə meşəyə apardıq. Biz Yusifi yeməyimizin yanında qoyub, qaçıb bir-birimizlə ötüşdüyümüz zaman qurd gəlib onu yemişdi. Yusif ürəyində onlara güldü, lakin onlara bir söz demədi. O qardaşı Bin Yamin üçün çox darıxırdı. Yusif onların (ərzaq) yüklərini hazırlayıb dedi: — «Atabir qardaşınızı yanıma gətirin. (Yusif 59) Əgər onu yanıma gətirməsəniz, məndən bir qab belə ərzaq gözləməyin və mənə də yaxınlaşmayın!» (Yusif 60) Onlar getdikdən sonra Yusif xidmətçilərinə dedi: — «Onların (ərzaq əvəzinə verdikləri) mallarını da (xəlvətcə) yüklərinin içinə qoyun. Bəlkə, ailələrinə döndükdə onu başa düşsünlər və ola bilsin ki, qayıtsınlar!» (Yusif 62) Qardaşlar öz dəvələrinə minib atlarının yanına qayıtdılar. Başlarına gələni Yaquba söyləyib dedilər: — Qardaşımız Bin Yamini bizimlə göndər. Yoxsa bizə ərzaq verilməyəcək. Biz, əlbəttə, onu qoruyacağıq! (Yusif 63) Yaqub dedi: — Bundan əvvəl qardaşını sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? (Yusif 64) Yusifin başına gələni unutdunuzmu? Bin Yamini də Yusifi qoruduğunuz kimi qoruyacaqsınız? Allah Özü ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir. (Yusif 64) Onlar dəvələrin yüklərini boşaltdıqda orada həm öz mallarının, həm də ərzağın olduğunun görüb dedilər: — Həqiqətən Yusif çox alicənab insan imiş. O bizim dəvələrə ərzaq yükləyib, əvəzində isə bizdən heç nə götürməyib. Ey ata! Bin Yamini də bizimlə göndər onun payına da əlavə bir dəvə yükü ərzaq alaq. Yaqub onlara dedi: — Başınıza bir bəla gəlməyəcəyi təqdirdə Bin Yamini (sağ-salamat) qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz verməyincə, onu sizinlə göndərməyəcəyəm! Onlar and içib söz verdikdə Yaqub: — Allah dediyimizə şahiddir ! — dedi. (Yusif 66)

 

Sonra Yaqub oğlanlarına dedi: — Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. (Yusif 67) Yusifin qardaşları gəlib Misirə çatdıqda atalarının dediyi kimi ayrı-ayrı qapılardan girib Yusifin hüzuruna getdilər. Yusif qardaşı Bin Yamini görüb çox sevindi. Onu bağrına basıb dedi: — Mən, həqiqətən, sənin qardaşınam. (Yusif 69) Onlar uzun illər idi ki, görüşmürdülər. Xeyli söhbət edib keçmişi xatırladılar. Atalarını, analarını və uşaqlıqlarını yada saldılar. Yusif istəyirdi ki, Bin Yamin onunla qalsın və onlar hər gün beləcə söhbət edib birlikdə yaşasınlar. Lakin Bin Yamin sabah Kən′ənə, atasının yanına qayıtmalı idi. Axı Bin Yaminin qardaşları Allaha and içmişdilər ki, onu atalarının yanına qaytaracaqlar. Bəs onu necə saxlamaq olardı? Əgər onu səbəbsiz saxlasa insanlar deyərdilər ki, Misir padşahı Kən′əndən olan bir gənci səbəbsiz yerə həbs edib. Bu isə haqsızlıqdır. Ağıllı və zəkalı Yusif bunun çarəsini tapdı. Onların yüklərini hazırladığı vaxt qardaşının yükünün içinə bir su qabı qoydu. (Karvan yola düşdükdən) sonra (arxalarınca) bir carçı: — Ey karvan əhli! Siz, həqiqətən, oğrusunuz! — deyə haray çəkdi. (Yaqubun oğlanları arxalarınca gələnlərə tərəf) dönüb: — Nə itirmisiniz? — deyə soruşdular. Onlar belə cavab verdilər: — Hökmdarın (qızıl) su qabını itirmişik. Onu tapıb gətirənə bir dəvə yükü ərzaq veriləcək! Carçı: — Mən də buna zaminəm! — dedi. (Yaqubun oğlanları) dedilər: — Allaha and olsun! Siz də yəqin bilirsiniz ki, biz Misir torpağına fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik! Onlar soruşdular: — Əgər yalan desəniz, onun cəzası nədir? Qardaşlar: — Onun cəzası yükündə (oğurluq şey) tapılan adamın kölə edilməsidir. Biz zalimləri belə cəzalandırırıq! — deyə cavab verdilər. (Yusif 70-75)

 

 

Su qabı Bin Yaminin yükündən çıxdıqda qardaşlar xəcalət çəkdilər və dedilər: — Əgər o oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da (Yusif də) oğurluq etmişdi. (Yusif 77) Bu sözləri eşidən Yusif onlara qəzəblənmədi və onu ürəyində saxladı. O, mülayim və səbirli idi. Qardaşlar dedilər: — Ey vəzir! Bunun çox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub götür. Biz sənin yaxşılıq edən adamlardan olduğunu görürük. (Yusif) dedi: — Allah eləməsin! Malımızı kimdə tapmışıqsa, yalnız onu tutub saxlayacağıq. Yoxsa, sözsüz ki, haqsızlıq etmiş olarıq! (Yusif 78, 79) Nəhayət Bin Yəminlə Yusif istədiklərinə nail oldular. Onlar bir yerdə qalacaqlarına çox sevindilər. Yusif uzun zamandan bəri tək-tənha idi. O, sevdiyi insanlardan heç kəsi görə bilmirdi. Allah da onu Bin Yaminlə görüşdürdü. Bin Yaminin qardaşları atalarına nə deyəcəklərini bilmirdilər. Onlar çaşqınlıq içində qalmışdılar. Əvvəl Yusifin, sonra da Bin Yaminin itkisi atalarına dərd üstündən dərd gətirəcəkdi. Atalarının yanına qayıtmaq istəməyən böyük qardaş digərlərinə dedi: — Atanızın yanına qayıdıb deyin:«Ata! Oğlun, həqiqətən, oğurluq etdi. Biz ancaq bildiyimiz şey barəsində şahidlik edirik. Biz qeybi mühafizə edən deyilik.» (Yusif 81) Bu sözləri eşidən Yaqub başa düşdü ki, bütün bunlar Allah tərəfindən bir imtahandır. Hələ dünənə qədər Yusifin itkisi, bu gün də Bin Yaminin. Allah ona iki oğul itkisi ilə bəla göndərməzdi. Burada Allahın gizli bir hikməti var. Allah bir bəndəsini imtahan etməyincə ona nemət bəxş edib, onu sevindirməz. Həmçinin böyük oğlunun Misirdə qalıb, atasının yanına qayıtmamağı da üçüncü imtahan idi. Bu fikirlər Yaquba bir az təsəlli verdi və o dedi: — Ola bilsin ki, Allah onların hamısını mənə yetirsin! O, həqiqətən, (hər şeyi) biləndir, hikmət sahibidir. (Yusif 83) Lakin Yaqub adi bir insan idi. Onun qəlbi də daşdan deyildi. O hər dəfə Yusifi yadına salanda dərdi təzələnirdi. Yaqub oğlanlarından üz döndərdi. Və:«Heyf sənə, yazıq Yusif!» —dedi. O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi). (Oğlanları Yaquba) dedilər: — Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən! Yaqub belə cavab verdi: — mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm! (Yusif 84-86) Yaqub, naümid olmağın günah olduğunu bilirdi, ona görə də onun Allaha böyük ümidi var idi. O, oğlanlarını Yusifin və Bin Yaminin ardınca bir daha Misirə yolladı və onlara Allahın rəhmətindən ümidlərini kəsməməklərini bərk-bərk tapşırdı. Bu minvalla qardaşlar üçüncü dəfə Misirə yollandılar.

 

Onlar Yusifin hüzuruna gəlib, ona öz müsibətlərini və yoxsulluqlarını xəbər verib, ondan lütfkar olmasını istədilər. Yusifin hüznü bir az da artdı və ürəyi yumşaldı. Axı ondan kömək istəyənlər atasının oğlanları və peyğəmbərlərin nəvələri idi. O, daha özünü saxlaya bilməyib onlara dedi: — Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiklərinizi bilirsinizmi? (Yusif 89) Bu sirri onlardan və Yusifdən başqa heç kəs bilmirdi. Onlar başa düşdülər ki, Misirin xəzinədarı və padşahın vəziri olan Yusif onların quyuya atdıqları Yusifdir. Əlacsız qalan qardaşların bunu etiraf etməkdən başqa çarələri qalmamışdı. Onlar: — Yoxsa sən Yusifin özüsən?! — dedilər. O da: — Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub, pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki,) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz! — deyə cavab verdi. Onlar: — Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir. Biz isə sənin barəndə, sözsüz ki, günah etmişik! — dedilər. Yusif dedi: — Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! O rəhmlilərin ən rəhmlisidir. (Yusif 90-92)

 

Yusif atası Yaqubu görmək üçün darıxmağa başladı. Onların ayrılığı artıq çox uzun olmuşdu. Artıq sirrin üstü açılmışdı və Allah Yaqubun gözlərini güldürəcəkdi. Yaqubun ağlamaqdan gözləri tutulmuşdu. Yusif qardaşlarına dedi: — Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün, o (yenidən) görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin! Karvan (Misirdən) ayrılanda ataları Yaqub (yanındakı övladlarına) dedi: — Əgər məni səfeh hesab etməsəydiniz, deyərdim ki, Yusifin ətrini alıram! Onlar: — Allaha and olsun ki, sən yenə öz köhnə səhvində qalmaqdasan! — dedilər. Muştuluqçu gəlib köynəyi Yaqubun üzünə sürtən kimi onun gözləri açıldı və o: — Məgər sizə demədimmi ki, mən Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm! — söylədi. (Oğlanları ona): — Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq! — dedilər. Yaqub dedi — Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm. O, həqiqətən, bağışlayan, rəhm edəndir! (Yusif 93-98) Nəhayət Yaquba öz sevimli oğlunu bir daha görə bilmək nəsib oldu. O gəlib Misirə çatanda Yusif onu qarşıladı. Onların hər ikisinin sevincinin həddi-hüdudu yox idi. O gün Misir üçün əlamətdar bir gün idi. Yusif ata-anasını taxt üstünə qaldırdı. Onlar Yusifə təzim edib əyildilər. Yusif dedi: — Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim o yuxunu həqiqətə çevirdi. (Yusif 100) Yusif çoxlu şükür edib, onun şəninə gözəl sözlər söylədi. Yaqub və onun ailəsi ömürlərinin sonunadək Misirdə sülh və əminamanlıq içində yaşadılar. Lakin bu əminamanlıq və səltənət Yusifi Allahı yad etməkdən bir an belə yayındırmadı. O daima Allaha ibadət edib, Onun əmrlərinə bacardığı qədər itaət edirdi. Yusif Allaha dua edib deyirdi: — Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur! (Yusif 101)

 

 

Bənzər Məqalələr