Uca Allah yaratmış olduğu hər məxluqu qoruyur və onların ehtiyaclarını təmin edir. Onun yaratdığı ən üstün məxluq isə, təbii ki, insandır. Allah insana iradə və seçim qabiyyəti vermiş və onu imtahan edəcəyini bildirmişdir. əl-Vali olan Allah, Öz sevgi, yardım və dostluğunu, bu iradənin doğru şəkildə istifadə olunmasına bağlamışdır:

“De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın..(Ali-İmran, 3/31)

Yuxarıdakı ayə, Allah sevgisindəki ölçünü dəqiq olaraq ortaya qoymuşdur. Uca Allah Öz peyğəmbərinə ﷺ deyir ki, ‘insanlara de, əgər Məni (Allahı) sevirlərsə, o zaman sənə (Muhəmməd peyğəmbərə) tabe olsunlar ki, Mən də onları sevim və onlara əbədi xoşbəxtliyi hədiyyə edim..’

 

Peyğəmbərə ﷺ tabeçilik isə, Onun əmrlərinə önəm vermək, əməl etmək, qadağan etdiklərindən birmənalı olaraq çəkinmək, iman, ibadət, təqva (Allah qoxusu), saleh əməl və gözəl əxlaqda onu rəhbər olaraq qəbul etməklə mümkündür. İnsan bu sahədə nə qədər irəli pillədə olarsa, Vali ismindən və onun təsirindən bir o qədər nəsibini almış olacaq.


əl-Vali (Vəli)
 — İşləri düzəldən, idarə edən, dost, köməkçi deməkdir. Buna görə də bir vilayət başçısına “Vali” deyilir. 

«O, Vəlidir (yardımçıdır/dostdur), Həmiddir». (əş-Şura, 28)

 

Bu əzəmətli İsmin ehtiva dairəsinə yardım edən, dəstək verən mənaları da daxildir.

«Allah iman edənlərin Vəlisidir (dostu və dəstəkçisidir). Onları zülmətdən nura çıxarar…». (əl-Bəqərə, 257)

«Allah iman edənlərin Vəlisidir. Kafirlərin isə vəlisi yoxdur». (Muhəmməd, 11)

 

Bu ismi bilən bir müsəlman, heç kəsdən qorxmamalı, mənəvi olaraq ona fayda verməyən, əksinə, onun üçün zərərli olan kəslərdən uzaq durmalıdır. Heç bir dünyavi mənfəət, Allahdan uzaqlaşmaq üçün səbəb olmamalıdır. Bununla yanaşı, Allahın dininə düşmənçilik edən inkarçılarla dostluq etməkdən də uzaq durmalıdır. Çünki, insana yardım edəcək ən böyük güc – Allahdır. Qəlbində bu qətiyyət olan kəs, başqasına, ələxsus da kafirlərin dostluğuna ümid bəsləməz.

«İman edənlər, iman edənləri buraxıb kafirləri özlərinə dost tutmasınlar. Onlardan sizə bir qorxu olmayınca bunu edən kəs, Allahdan heç bir şey gözləməsin». (Ali-İmran, 28)

 

Allah dostuna da ‘Allahın vəli qulu’ ya da, “övliya” deyilir. Sözün kökü, elə həmin kökdür. Bu dostluğun nə cür qazanılacağını yuxarıda izah etməyə çalışdıq. Vali olan Uca Allah, bu İsimlə şərəflənən bəndəsini qoruyar, əsla yardımsız qoymaz, qəlbinə rahatlıq verərək bütün dünyavi qorxuları çıxarar, heç kimsənin qarşısında alçaltmaz, dualarına cavab verər, qətiyyətini/əzmini artırar və bir an belə olsun, onu öz nəfsiylə baş-başa buraxmaz..

Çünki Allah, yalnız Ona ümid bəsləyən, bu İsmin mənasını yaxşıca bilərək, bu İsimlə çox-çox dua edən, yalnız onu gerçək sirdaş və dost qəbul edənləri sevir. Sevdiyi bəndəsini isə, Özünə dost kimi qəbul edir. Yetər ki, bəndə bu şərəfin fərqində olsun və həyatını buna uyğun yaşasın..

 

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr