featured-image-3156

Hər bir canlı onunla qarşılaşacaqdır. Ölüm anında insanın nə hislər keçirdiyini və ölümdən sonra nələrin baş verdiyi haqda Bəra b. Azib – radıyallahu anhu — rəvayət edir ki, bir gün Peyğəmbər — sallallahu aleyhi və səlləm — ilə birlikdə ənsarlardan birini dəfn etmək üçün qəbristanlığa yollandıq.

Biz qəbrə yaxınlaşdıq, oranı hələ də qazırdılar. Peyğəmbər — sallallahu aleyhi və səlləm — üzünü Məkkəyə tərəf çevirərək oturdu. Biz də onun yanında sükut içərisində oturduq. O, əlində olan çubuq ilə yerə bir neçə dəfə vurduqdan sonra başını səmaya qaldırıb iki və ya üç dəfə: «Qəbr əzabından qorunmaq üçün Allaha sığının!» dedi və sözünə davam edərək: «Mömin bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan ağ üzlü mələklər gəlirlər. Onların üzü günəş kimi parıldayır, əllərində Cənnət kəfənləri, xoş ətirli Cənnət hanutu (balzam) olur. Gözün son görmə həddi qədər ölən adamdan aralı otururlar». Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey gözəl nəfs! (ruh) ) , Allahdan bağışlanma və razılıq qazanmaq üçün üzə çıx!» Möminin nəfsi (ruhu) tuluğun ağzından suyun axdığı kimi rahatlıqla çıxar. Bu zaman göylər və yerlər arasında olan mələklər Allahdan o, gözəl nəfs üçün bağışlanma diləyirlər. Onun qarşısına göylərin bütün qapıları açılır və hər qapının gözətçiləri o, gözəl nəfsin onların yanından ötüb keçməsini Allahdan diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar nəfsi əllərindəki kəfənə bürüyərlər, ona hanut vururlar. «Nəhayət birinizin əcəli gəlib çatdıqda onun canını mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər». (əl-Ənam 61). Bundan sonra mələklər nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: «Bu gözəl nəfs kimindir?» Deyirlər: «Filankəs oğlu filankəsdir». Onu dünyada daşıdığı ən gözəl adlarla sadalıyırlar və onunla birinci səma qatına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər və qapılar açılır. Hər bir səmada olan mələklər onunla vidalaşır və onu növbəti səmaya yola salırlar. Nəhayət yeddinci səmaya gəlib çatırlar. Uca və böyük olan Allah buyurur: «Mənim qulum haqqında yazın! Cənnətin ən yüksək yerinə — İlliyyuna!». Peyğəmbər — sallallahu aleyhi və səlləm — bu ayəni oxudu: «Sən nə bilirsən ki, İlliyyun nədir? O, yazılı bir kitabdır. Onu ancaq yaxın olan mələklər görə bilər». (əl-Mutəffifin 19-21). Mələklər onun adını İlliyyuna yazdıqdan sonra Allah buyurur: «Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, (torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm». Mələklər nəfsi torpağa qaytardıqdan sonra qul yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: «Sənin Rəbbin kimdir?» O, deyir: «Rəbbim – Allahdır» – «Dinin nədir?» O, deyir: «Dinim İslamdır» – «Sizə göndərilən o, adam kimdir?» O, deyir: «O, Allahın Rəsuludur» – «Bəs, sən nə etdin?» O, deyir: «Allahın kitabını oxudum, ona iman gətirdim və onu təsdiqlədim». Səmadan səs gəlir: «Mənim qulum haqqı dedi. Onu Cənnət libasları ilə geyindirin, Cənnət nemətlərindən ona verin və Cənnətin qapısını onun üzünə açın. Onun bədənindən gözəl iy gəlir və məzarı göz görən məsafə qədər genişlənir. Onun yanına xoşsifətli, gözəl geyimli, gözəl ətirli bir nəfər gəlib deyir: «Mən səni sevindirəcək bir xəbərlə gəlmişəm. Allahın sənə verdiyi nemətlərlə sən sevin! Bu gün sənə vəd olunmuş gündür». Mömin təəcüblü halda soruşur: «Sən kimsən? Sənin sifətin xeyirdən xəbər verir». O, deyir: «Mən sənin saleh əməllərinəm. Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini yerinə yetirmək üçün can atdığını və qadağalarından çəkinmək üçün çalışdığını görürdüm. Bu da sənin əməllərinin qarşılığında Allahın sənə olan mükafatıdır». Mömin üçün Cənnətin və Cəhənnəmin qapıları açılır. Ona deyilir: «Əgər sən Allaha asi olsaydın, ora (Cəhənnəm) sənin olardı. Lakin Allah oranı sənin üçün Cənnət ilə əvəz etdi». Mömin Cənnətdəki yerini gördükdən sonra Allaha dua edib deyir: «Ya Rəbbim! Qiyamət gününü yaxınlaşdır və mənə imkan ver ki, öz ailəmin, əmlakımın yanına qayıdım».
Kafir bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan qara sifətli mələklər gəlirlər. Əllərində Cəhənnəmdən gətrilmiş parça olur. Gözün son görmə həddi qədər ölmüş adamdan aralı otururlar». Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey xəbis nəfs! (ruh) Allahın qəzəb və nifrətini qazanmaq üçün üzə çıx!» Kafirin nəfsi (ruhu) bədənindən əyri uclu dəmir əsa yaş yundan çıxdığı kimi çıxar. Bu zaman göylər və yerlər arasında olan mələklər onu lənətləyirlər. Onun üçün göylərin bütün qapıları bağlanır və hər qapının gözətçiləri o, xəbis nəfsin onların yanından ötüb keçməməsini Allahdan diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar xəbis nəfsi Cəhənnəmdən gətirdikləri pis qoxulu kəfənə bürüyürlər. Bundan sonra mələklər nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: «Bu xəbis nəfs kimindir?» deyirlər: «Filankəs oğlu filankəsdir». Onu dünyada daşıdığı ən pis adlarla sadalıyırlar və onunla birinci səma qatına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər. Lakin qapılar açılmır. Peyğəmbər — sallallahu aleyhi və səlləm — bu ayəni oxudu: «Ayələrmizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk». (əl-Əraf 40). Bundan sonra Uca və Böyük olan Allah buyurur: «Onun haqqında yazın! Yerin ən aşağı hissəsinə – Siccinə!». Mələklər onun adını Siccinə yazdıqdan sonra Allah buyurur: «Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, (torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm». Mələklər nəfsi torpağa atırlar və Peyğəmbər — sallallahu aleyhi və səlləm — bu ayəni oxudu: «Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara apardığı bir şeyə bənzər». (əl-Həcc 31). Sonra xəbis nəfs yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: «Sənin Rəbbin kimdir?» O, deyir: «Mmmm…bilmirəm?!» – «Dinin nədir?» O, deyir: «Mmmm…bilmirəm?!» – «Sizə göndərilən o, adam kimdir?» O, deyir: «Mmmm…bilmirəm?!» Onda mələklər qışqıraraq: «O, Muhəmməddir!» O, isə: «Mmmm…bilmirəm. Mən insanların nə isə danışdıqlarını eşidirdim». Onlar: «Sən bunu eşitdikdən sonra onun ardınca getmədin (itaət etmədin)». Səmadan səs gəlir: «O, yalan deyir! Onu Cəhənnəm libası ilə geyindirin və Cəhənnəmin qapsını onun üzünə açın!». Cəhənnəmin isti havası onun üzünə vurur, onun qəbri o, qədər daralır ki, qabırğaları bir-birinə keçir. Onun yanına murdar sifətli, murdar libaslı və çox pis qoxulu biri gəlib deyir: «Mən sənin yanına elə bir xəbər ilə gəlmişəm ki, bu gün sən çox qəmgin və məyus olacaqsan. Bu gün sənə vəd olunmuş gündür». Kafir təəcüblü halda soruşur: «Sən kimsən? Sənin sifətindən zəhrimar yağır. Sifətin xeyirdən xəbər vermir?!». O, deyir: «Mən sənin pis əməllərinəm. Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini yerinə yetirməyən və Allaha asi olan görürdüm! Bu da sənin etdiyin əməllərin qarşılığında Allahın sənə olan cəzasıdır!». Sonra kafirin yanına kor, kar və lal cəlladı göndərirlər. Əlindəki dəyənəklə hansı ki, bu dünyadakı dağa vurulsaydı onu toz dənələrinə döndərərdi. Onunla kafiri vuraraq toza döndərir. Lakin Allah onu yenə də əvvəlki görkəminə qaytarır. Onun fəryadını, qışqırığını insanlar və cinlərdən başqa hamı eşidir. Sonra Cəhənnəmin qapıları onun üçün açılır və o, qışqıraraq deyir: «Ya Rəbbim! Qoy qiyamət gəlməsin»
(əl-Albani «Əhkəmul Cənaiz» s 202, İmam Əhməd 4/287, 295-296, Əbu Davud 4753, İbn Kəsr 2/131, İbn Həcər 3/234, 240.)

—————
AXİRƏTƏ İMAN
(YƏUMUL HƏSRA — PEŞMANÇILIQ GÜNÜ) kitabından
TOPLAYAN VƏ TƏRTİB EDƏN
K.HÜSEYN
www.islamevi.az

Bənzər Məqalələr