featured-image-3062

(10.31) “De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?”

Ey Muhəmməd! Müşriklər Allaha şərik qoşurlar, halbuki onların belə rəftar etməsinə əsas verən heç bir dəlliləri yoxdur. Lakin onlar Allahı özlərinin Yeganə Rəbbi olduğunu etiraf edirlər. Sən bundan istifadə edərək, onları inandır ki, Allah həm də onların Yeganə İlahıdır. Onlardan soruş: “İnsanlara maddi nemətləri göydən nazil edən və onları yerin təkindən çıxardan kimdir? Kin insanlara ruzi əldə etməyə kömək göstərir? Kim eşitmə və görmə qabiliyyətini yaratmış və onlara hakimdir? İnsanın bu qabiliyyəti ən diqqətəşəyan və xüsusilə yada salınmasına layiqdir. Bunlar insana nəsib edilmiş digər istedad və bacarıqları da ehtiva edir. Kim ölünü diriyə çevirir, toxum və dənlərdən ağaclar və başqa bitkilər yaradır, imansızı möminə çevirir, yumurtadan quş alır? Kim dirini ölüyə çevirir, ağaclarda toxum yaradır, mömini kafirə döndərir, quşları yumurtladır? Kim ali və aşağı dünyaların işlərini idarə edir? Kim bütün ilahi sərəncamları verir?” Əgər sən onlara bu sualları versən, onlar mütləq deyəcəklər ki, bunları həll edən Allahdır. Onlar etiraf edəcəklər ki, heç kim sadalalanan ilahi əməlləri yaratmaqda Allaha kömək etmir. Belə olduqda, onlar fakt qarşısında qoyaraq, de: “Elə isə, doğrudanmı siz Allahdan qorxmursunuz və məhz Ona şərik qoşmadan səmimi ibadət etməyəcəksiniz? Doğrudanmı siz Allaha bərabər tutduğunuz bütlərdən əl çəkməyəcəksiniz?”

(10.32) “O sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra, zəlalətdən başqa nə qalır?! Belə isə, (haqdan) necə döndərilirsiniz?”
(10.33) “Beləliklə, fasiqlərin iman gətirməyəcəyinə dair Rəbbinin Sözü doğru çıxdı”.

Allah bu sifətlərlə Özü Özünü səciyyələndirmişdir. O, Vahid bir İlahdır ki, Ona ibadət, pəstiş və həmd edilməsinə layiqdir. O, Özünün bütün məxluqlarına qayğı göstərir və onlara saysız nemətlər nəsib edir. O — Haqqın Özüdür və Ona aid edilməyən hər şey — azğınlıqdır. Fövqəluca Allah məxluqlarını yaradaraq onların taleyini idarə edir, onlara mərhəmətini bəxş edir, onları nemətləri ilə savablandırır və narahatçılıqlardan müdafiə edir, gözəl adların və nöqsansız sifətlərin, əzəmət və şan-şöhrət Sahibidir. Niyə insanlar belə misilsiz sifətlərə malik Olana ibadət etməkdən boyun qaçırır və nə xeyir verməyə qadir olan və ya nə də zərər vurmağı bacarmayan, nə öz həyatına, nə ölümünə və nə də dirilməsinə sərəncam çəkə bilməyən faydasız tanrıçalara müraciət edirlər?
Bu tanrıçalar hətta zərrə qədər də belə hakimiyyət sahibi deyillər və onu Allahla bölüşdürmürlər. Onlar hətta, Allahın razılığı olmadan, Onun qarşısında şəfaətçi ola bilməzlər. Vay o kəslərin halına ki, onları Allaha şərik qoşurlar! Vay o kəslərin halına ki, Ona iman gətirməkdən boyun qaçırırlar! Onlar haqq dindən məhrum oduqdan sonra, ağıldan da məhrum olmuşlar. Bundan başqa, onlar öz dünyəvi həyatıarını da, ölümdən sonrakı həyatlarını da məhv etmişlər. Onlar, Allahın fasiqlər barəsində öncədən buyurduğu kimi və ağıllı insanlara nəsihət, saleh müttəqilərə örnək və qalan bütün məxluqlara doğru yol Təlimatı olan aydın möcüzələr və inandırıcı dəlillər onlara göstərildikdən sonra da, iman gətirməyəcəklərini təsdiq etdilər.

(10.34) “De: “Allaha qoşduğunuz şəriklərdən eləsi varmı ki, hər hansı bir məxluqu ilk dəfə yaratsın, öldükdən sonra onu yenidən diriltsin?” De: “Məxluqu ilk dəfə Allah yaradır, sonra onu Qiyamət günü yenidən dirildir. Siz necə də haqdan döndərilirsiniz!”

Müşriklərin ibadət etdikləri, ilahlaşdırılmalarını zəruri edən sifətlərə malik olmadıqları bütlərin iqtidarsızlığını ifşa etmək üçün Fövqəluca Allah Peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, belə desin: “Sizin Allahın şərikləri saydıqlarınızın arasında elələri var ki, hər hansı bir məxluqu ilk dəfə yaratmağı bacarsın və öldükdən sonra da onu yenidən diriltsin? Bu — deyilişi təmtəraqlı olan sualın cavabı ancaq mənfi ola bilər və buna görə də heç bir uydurulmuş “ilah” məxluqları yaratmağavə öldükdən sonra yenidən yaratmağa qadir deyil. Onların hamısı köməksiz və yaradıcılıq qabiliyyətinə malik deyillər, çünki təkcə Allah buna qadirdir və bundan ötrü köməkçilərə möhtac deyil. Heç nədən məxluqları yaradan və onları öldükdən sonra yenidən həyata qaytaran Vahid Allaha ibadət etməkdən boyun qaçıran insanlar gör nə dərəcədə aldadılıblar ki, özləri xəlq edilən və heç nəyi yaratmağa qadir olmayan uydurulmuş “ilahlara” ibadət edirlər.

(10.35) “De: “Şərikləriniz içərisində (insanları) haqq yola yönəldə bilən bir kimsə varmı?” (Sənə cavab verə bilməyən müşriklərə) de: “Allah (insanları) haqq yola yönəldir. Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?”

Ey Muhəmməd! Soruş ki: “Allaha şərik qoşduqlarınızın arasında elələri varmı ki, insanlara doğru yolu göstərməyi və onların qəlbinə doğru yolla getmək arzusu yerləşdirməyi bacarsın? Şübhəsiz ki, insanlara dəlillər və sübutlar vasitəsilə doğru yol göstərən və bu işdə onlara yardım göstərən yalnız Allahdır. Doğrudanmı düz yola yönəldən Rəbb, özləri müvafiq biliklərə sahib olmadıqlarına görə doğru yola müstəqil çıxa bilməyən və azğınlıq zülmətində çabalayan uydurulmuş “ilahlara” nisbətən ibadətə daha azmı layiqdir? Sizə tək Allahdan başqa heç kimin ibadətə layiq olmadığı sübut edildikdən sonra Sizi belə yanlış qərarları qəbul etməyə və Allahla yanaşı məxluqlara ibadətin qanuniliyi haqqında danımağa məcbur edən nədir?”
Əgər müşriklərin Allahla bərabər ilahlaşdırdıqları bütlər yüksək keyfiyyətlərə malik deyillərsə və onların ilahiləşdirilməsi üçün zəruri olan tərifəlayiq işlər görmürlərsə, həmçinin onlar belə “ilahlara” ibadətin faydasızlığını təsdiq edən çoxsaylı nöqsan sahibləridirsə, onda müşrikləri belə “allahlara” etiqad göstərməyə məcbur edən nədir? Bu sualın cavabı şeytanın ən yaramaz böhtanı və ən dərin azğınlığı belə insanların gözü qarşısında, onlar bu yalana inanana, onu sevənə və onu yeganə geçəklik kimi qəbul edənə qədər, gözəl formada bəzəkli göstərməsidir.

(10.36) “Onların əksəriyyəti ancaq zənnə uyar, zənn isə əsla həqiqət ola bilməz. Allah nələr etməkdə olduğunuzu Biləndir!”

Allahla bərabər digər “ilahlara” da sitayiş edənlərin əksəriyyəti Allahın doğrudan da şəriki olmasına əmin deyillər, çünki çoxallahlıq həm sağlam təfəkkürə, həm də müqəddəs mətnlərə ziddir. Onlar ancaq öz fərz etdikləri kimi hərəkət edirlər, halbuki fərziyyələr həqiqəti əvəz etməyə qadir deyil. Onlar öz bütlərini ilah adlanırırlar və Allahla bərabər onlara da ibadət edirlər, amma əslində onların ilahları təkcə boş adlardır ki, müşriklər və öz ata-babaları ilə birlikdə uydurmuşlar. Allah bunu təsdiq etmək üçün onlara inandırıcı dəlillər nazil etməmişdir. Allah günahkar fasiqlərin törətdikləri hər şeyi bilir və onların hər birindən ən sərt intiqam alacaqdır.

(10.37) “Bu Quran Allahdandır, Ondan başqası tərəfindən uydurula bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk-şübhə olmayan kitabları müfəssəl izah edəndir”.

Quran o dərəcədə Əzəmətli Kitabdır ki, onun yalandan Allaha aid edilməsini təsəvvür etmək belə mümkün deyildir. Onun məziyyətləri haqqında Fövqəluca buyurmuşdur: “Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tərifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir” (Fussilət, 41/42). Bu — elə bir Kitabdır ki, ona bənzərini nə insanlar, nə də cinlər, əgər buna görə birləşib bir-birinə kömək göstərsələr belə yaza bilməzlər. Bu — aləmlərin Rəbbinin Sözüdür. Məgər məxluqlar ona bənzər və yaxud ona yaxın bir şey yaza bilərlərmi, axı sözlərin qiyməti onları söyləyənin əzəmətindən asılıdır?!!
Əgər yaradılmılardan kimsə Allahın əzəmətinə və ya Onun kamil sifətlərinə sahib olsaydı, onda ona Müqəddəs Qurana bənzər bir şey yazmaq mümkün olardı. Əgər bir anlığa nəzərə alsaq ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) bu Kitabı aləmlərin Rəbbinə adına yazmışdır, onda o (ona Allahın salavatı və salamı olsun!), tezliklə Allahın intiqamına və əzabverici cəzasına məruz qalardı. Lakin bu baş verməmişdir, çünki Müqəddəs Quran aləmlərin məskunlarına mərhəmət və Allahın bütün qullarına təkzibolunmaz dəlil kimi nazil edilmişdi. O, bütün Səmavi Kitabları təsdiq edir, çünki Quran həqiqətləri ondan əvvəl nazil edilmiş vəhylərə uyğun gəlir. Bundan başqa, əvvəlki vəhylərdə sonuncu Kitabın nazil ediləcəyi barədə öncədən xəbər vermişdilər və Müqəddəs Quranın nazil edilməsi ilə həmin müjdələr icra olundu. Quranda hökmlər və haramlar, şəriət və Kainat qanunları və həmçinin gerçək əhvalatlar izah edilir. Ona şübhə etmək mümkün deyil, çünki o, təkzibolunmaz haqdır və aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir və Özü də Öz yaratdıqlarının qayğısını çəkir və onlara saysız-hesabsız nemətlər bəxş edir. Onun ilahi qayğısının əzəmətli təzahürü isə nəcim əxlaqa və xeyirxah əməllərə dəvət edən və həmçinin insanların dünyəvi və mənəvi həyatı üçün fayda verə, hər şeyi izah edə bilən bu Kitabın nazil edilməsidir.

(10.38) “Yoxsa: “(Peyğəmbər) onu özündən uydurdu!” — deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona (Qurana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!”

Ey Muhəmməd! Əgər kafirlər Müqəddəs Quranı sənin özünün yazdığına inadkarcasına və ədalətsizliklə təkid etsələr, onda onlara onları haqqı etiraf etmələrinə məcbur edən bir təklif et. Əgər onlar sənin tələbini yerinə yetirsələr, onların iddialrını ehtimal edilən adlandırmaq olar, əgər bunu etməsələr, onda yalanları ifşa edilmiş olar. Onlara belə de: “Mənə Quran surələrinə bənzəyən heç olmazsa bir surə gətirin və sizə kömək etmək üçün, Allahdan başqa, kimi istəyirsiniz çağırın və siz heç vaxt bunu edə bilməzsiniz”.
Quran surələrinə bənzəyən bir surə belə yazmaq mümkün deyil. Əks halda, kafirlər mümkün ola bilən nə var idisə edərdilər ki, onu yazsınlar. Kafirlərin onlara edilmiş təklifə cavab verməyə qabil olmamaları sübut edir ki, onların iddiaları saxtadır və tamamilə əsassızdır.

(10.39) “Xeyir, o kafirlər elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlib çatmamış Quranı yalan hesab etdilər. Onlardan əvvəlkilər də (Allahın əmrlərini, ilahi kitabları, öz peyğəmbərlərini) təkzib etmişdilər. Bir gör zalımların axırı necə oldu!”

Kafirlər Ali Həqiqət olan Qurana iman gətirməkdən imtina etdilər, çünki onun ayələrini dərk edə bilmədilər. Əgər onlar Quran hikmətlərini başa düşə bilsəydilər və haqqı layiqincə dərk etsəydilər, mütləq bu Kitaba iman gətirərdilər. Onların kafirliyi həm də onunla dərinləşir ki, fasiqlərin cəzalandırılacağı haqqında Quranın öncədən verdiyi xəbər indiyədək icra edilməmişdir. Lakin bu kafirlik keçmişdə yaşayan kafirlərin rəftarından qətiyyən fərqlənmir. Bəs onda niyə onlar öz sələflərinin məruz qaldıqları aqibət üzərində düşünmürlər? Həqiqətən, onlar məhv edilmiş və kökləri də yerli-dibli kəsilmişdi. Qoy allahsızlar kafirlikdən çəkinsinlər ki, kafirlərin bütöv nəsillərinin qənimi olmuş cəzaya düçar olmasınlar.

Bu ayə istənilən məsələnin diqqətlə öyrənilməsinin zəruriliyinə dəlalət edir. Bu isə o deməkdir ki, insanlar heç vaxt onlara təqdim edilmiş nəzər nöqtəsini və ya təklifi hərtərəfli öyrənmədən nə qəbul və nə də inkar etməlidirlər.

(10.40) “Kafirlər) içərisində ona (Qurana) inanan da var, inanmayan da. Rəbbin fitnə-fəsad törədənləri daha yaxşı Tanıyandır!”
(10.41) “Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Mənim etdiyim əməllərin sizə, sizin etdiyiniz əməllərin mənə heç bir dəxli yoxdur!”

Ey Muhəmməd! İnsanlar arasında elələri var ki, Qurana və İslam Təliminə iman gətirirlər və elələri də var ki, heç vaxt haqq dinə gəlməyəcəklər. Allah inadkarlıq edən və Qurana iman gətirməkdən zalımcasına imtina edən günahkarların əməllərindən agahdır. Onlar özbaşınalıq edirlər və buna görə ən sərt cəza alacaqlar. Onlar səni hətta yalançı adlandırsalar da, sən insanları haqqa çağırmağına davam et, çünki sən onların əməllərinə görə cavab verməyəcəksən, onlar da sənin hərəkətlərinə görə. Hər bir insan yalnız öz əməllərinə görə məsuliyyət daşıyacaq. Əgər o, xeyirxah işlər görürsə, bunu öz xeyrinə edir, əgər pis əməllərə qurşanırsa, onda da o, özünə zərər vurur.

(10.42) “Onlardan (Quran oxunarkən) səni dinləyənlər vardır. (Lakin) ağlıkəsməz karlara sən anlada bilcəksənmi?”

Fövqəluca bu ayədə Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) və onun təbliğ etdiyi Kitaba iman gətirməkdən imtina edən allahsızlardan bəziləri haqqında xəbər verir və bildirir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ayələri oxuyanda onlar onu (ona Allahın salavatı və salamı olsun!)dinləyirlər, lakin onlar bunu haqq yolu tapmaq üçün deyil, məzələnmək və onun (ona Allahın salavatı və salamı olsun!) sözlərində səhv tapmaq üçün edirlər. übhəsiz ki, belə davranış onlara heç bir fayda və xeyir gətirə bilməz. Doğru yola aparan qapıların onların üzünə bağlı olması heç də təəccüblü deyil və Quran ayələri onlara fayda vermir.
Ey Muhəmməd! Məgər sən anlamaq qabiliyyəti olmayan karları səni eşitməyə məxbur edə bilərsənmi? Bu, gəlişi gözəl sualdır və onun cavabı ancaq mənfi ola bilər. Heç kim karları hətta ən güclü səsi eşitməyə məcbur edə bilməz, nəzərə alınsa ki, onlar həm də ağıldan məhrumdurlar. Əgər kar divanəni insan danışığını eşitməyə məcbur etmək mümkün deyilsə, onda kafirləri də ayələrə diqqətlə qulaq asıb, onlardan faydalı nəticələr çıxarmağa məcbur etmək qeyri-mümkündür. Lakin onlar ayələri dinləməklə özlərini Allah qarşısında, bilməməzliklərinə görə, bəraət qazanmaq imkanından məhrum edirlər. Onların qarşısında, insanın ətrafındakılardan eşitdiyindən əldə etmək mümkün olan əzəmətli biliklərə doğru aparan qapılar bağlanmışdır.
Sonra Fövqəluca Allah bildirir ki, onlar öz ətraflarında gördükləri faydalı bilikləri əldə edə biləcəkləri imkanından da məhrum edilmişlər. Fövqəluca buyurmudur:

(10.43) “Onların içərisində sənə baxanlar da (peyğəmbərliyini təsdiq edənlər, möcüzələri görənlər də) vardır. Bəsirəti olmayan korlara doğru yolu sənmi göstərə biləcəksən?!”

Ey Muhəmməd! Onlardan bəziləri səni müşahidə edirlər, lakin bu onlara heç bir fayda vermir. Sən, kor olub heç bir şeyi görə bilməyənə doğru yol göstərə bilməzsən və beləliklə sən bu kafirlərə doğru yol göstərmək qüdrətində deyilsən. Onlar, insanın ətrafında gedən hadisələrin mahiyyətini dərk etməyə imkan verən sağlam ağıldan, sağlam eşitmə və sağlam görmə qabiliyyətindən məhrumdurlar. Məgər bütün bunlardan sonra onlar haqqa aparan yolu tapa bilərlərmi?
Bu ayədən aydın olur ki, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) həyatını, onun nəcib əxlaqını və saleh əməllərini və həmçinin xütbələrini öyrənmək onun doğruçuluğunu və Təliminin haqq təlim olduğunu təsdiq edən ən böyük dəlillərdəndir. Bu dəlillər istənilən şüurlu insan üçün tamamilə kifayətdir.

(10.44) “Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!”

Allah insanlarla zalımcasına davranmır, onların cinayətlərini artırmır və saleh əməllərini azaltmır, lakin insanlar özləri öz nəfslərinə zülm edirlər və həqiqət onlara bəlli olanda onu qəbul etmirlər. Belə olduqda, Allah onları cəzaya məruz qoyur, onların qəlbini, qulaqlarını və gözlərini möhürləyir.

(10.45) “(Allah müşrikləri) gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı gün (Qiyamət günü) onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər”.

Fövqəluca Allah dünya həyatının tezkeçərliyindən xəbər verir. Gerçəkliyinə şübhə edilməsi mümkün olmayan Gün başladıqda, Fövqəluca Allah bütün məxluqları Məhşər meydanına toplayacaq, insanlara elə gələcək ki, onlar dünya həyatında onun sevincini və qəm-qüssəsini dadmadan dündüzün təkcə bir anı qədər yaşamışlar. Onlar bir-birilərini, sanki bu dünyada olduqları kimi, tanımağa başlayacaqlar. Həmin Gün əməlisaleh təqvalılar uğur qazanmışlardan, Allahla görüşəcəklərinə iman gətirmməkdən boyun qaçıran, düz yolla getməyən və əsil dinə etiqad etməyən allahsızlar isə böyük ziyana düşəcəklər. Onlar səadətdən məhrum olacaq və Cəhənnəmdə cəzaya layiq görüləcəklər.

(10.46) “(Ey Elçim! Kafirlərə) vəd etdiyimiz əzabın bir qismini sənə (dünyada) göstərsək də, yaxud (ondan əvvəl) səni Axirətə qovuşdursaq (canını alsaq) da, bil ki, onların axır dönüşü Bizədir. Allah onların nə etdiklərinə şahiddir!”

Ey Elçim! Kafirlərə görə qəm yemə və qisas vaxtının gəlməsinin tezləşdirilməsini arzulama! Biz onları cəzalandırmağı vəd etmişik və bu mütləq baş verəcəkdir. Cəza onları dünya həyatlarında da yaxalaya bilər ki, onda sən bunun şahidi olarsan və rahatlıq əldə edərsən. Amma cəza onları Son həyatlarında da haqlaya bilər, axı öldükdən sonra onların hamısı Allaha qayıdacaqlar və O, onlara nə törətdiklərini deyəcəkdir. Onlar öz etdiklərini unudurlar, lakin Allah onları bir-bir sayıb hesablayır. Həqiqətən də, Allah — hər şeyin Şahididir.
Bu ayə hər bir kafir üçün qorxunc xəbərdarlıq və öz xalqının onu inkar etdiyi Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) üçün isə təskinlik idi.

(10.47) “Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman, aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz!”

Keçmişdə hər bir xalqa elçi gələrdi və onları Vahid Allaha ibadətə və təkcə Onun dininə etiqad etməyə çağırardı. Allahın elçiləri insanlara qəribə möcüzələr göstərərdilər və belə olduqda, adamların bəziləri iman gətirər, digərləri isə iman gətirməkdən imtina edərdilər. Sonra isə Allah ədalətli hökm çıxarardı və ona uyuğun olaraq möminlər xilas edilər, kafirlər isə məhvə düçar olardılar. Bu, kafirlərə qarşı ədalətsizlik deyildi, çünki onlar, Allahın haqqı izah edən elçisi gələnə qədər və törətmədikləri günaha görə cəzalandırılmazdılar. Qoy Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) inkar edən kafirlər özlərini məhv edilmiş sələflərinə oxşatmaqdan əl çəksinlər ki, həmin qisas onlardan da alınmasın.

(10.48) “(Kafirlər: ) “Əgər doğru danışırsınızsa, (bir xəbər verin görək) bu vəd etdiyiniz qiyamət (və ya əzab) nə vaxt olacaq?” — deyə soruşarlar”.
(10.49) “(Ey Elçim!) De: “Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Hər ümmətin bir əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda, bircə saat belə nə geri qalar, nə də irəli keçərlər”.

Qoy heç kimə elə gəlməsin ki, cəza ləngiyir. Kafirlər onu tələsdirirlərsə, onda zalımlıq edirlər. Onlar Muhəmməd Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) tələb edirlər ki, cəzanı onlara nümayiş etdirsin, axı o (ona Allahın salavatı və salamı olsun!), Kainatın işlərinə sərəncam çəkmir. Onun (ona Allahın salavatı və salamı olsun!) vəzifəsi — sadəcə insanlara həqiqəti çatdırmaq və ayələri izah etməkdir. İnsanlardan hesabat tələb etmək və onları cəzalandırmaq Fövqəluca Allahın müstəsna haqqıdır. O, müvafiq müddət çatdıqda cəza nazil edir. Bu müddət Allahın Özü tərəfindən öncətəyin edilir və Allahın müdrikliyinə tam uyğun gəlir və heç kim bu müddətin gəlməsini nə sürətləndirməyə, nə də onu ləngitməyə qadir deyil! Qoy kafirlər cinayətkar insanlardan uzaqlaşdırılması mümkün olmayacaq üstlərinə düşmüş cəzanı tezləşdirmək fikrindən əl çəksinlər. Məhz buna görə, sonra Fövqəluca belə buyurur:

(10.50) “Müşriklərə de: “Söyləyin görüm, əgər Onun əzabı sizə gecə yaxud gündüz gələcəksə, onda günahkarlar bunlardan hansını tələsik istəyəcəklər?”
(10.51) “Əzab başınızın üstünü aldıqdan sonramı ona iman gətirəcəksiniz? Yoxsa indimi? Siz ki, onun tez gəlməsini istəyirdiniz!”

Amansız cəza günahkarları gecə onlar yatdıqları vaxt və ya gündüz dərdsiz-qəmsiz əyləndikləri zaman yaxalaya bilər. Günahkarlar onda nəyi tələsdirəcəklər? Doğrudanmı onlar cəza artıq onları haqlayanda və iman gətirməyin artıq heç bir faydası olmayacağı anda iman gətirəcəklər? Bu baş verən vaxt günahkarlar qışqıracaqlar ki, onlar iman gətiriblər, lakin bu zaman onlar ancaq sərt qınağa layiq olacaqlar. Onda onlara deyiləcək: “Doğrudanmı siz indi ağır vəziyyətə düşdükdə, iman gətirdiniz? Axı siz əvvəllər bu cəzanın tez gəlməsini istəyirdiniz? Törətdiklərinizin əvəzini alın! Tezləşdirilməsini istədiyinizi də alın!”
Allah cəzanın tezləşdirilməsini xahiş edən qullarını həmişə qınayır. Əgər onlar cəza onlara artıq yetişdikdən sonra iman gətirməyə cəhd göstərirlərsə, belə iman onlara heç bir fayda vermir. Məhz belə bir hal dənizdə boğulmağa başlayarkən Fironla baş vermişdi. Fövqəluca buyurur: “İsrail oğullarını dənizdən (sağ-salamat) keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarılarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!” — dedi. İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!” (Yunus, 10/90-91);
“Amma əzabımızı gördükləri zaman iman gətirmələri — Allahın Öz bəndələri barəsində öncə olub-keçmiş (tətbiq edilmiş) adətinə (qayda-qanununa) müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Kafirlər elə oradaca ziyana uğradılar (məhv oldular)”. (Mumin, 40/85).

—————
Əbdürrəhman bin Nasir əs-Səədi

MÜQƏDDƏS QURANIN TƏFSİRİ

Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov

Bənzər Məqalələr