featured-image-3061

(10.16) “De: “Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım, O da onu sizə bildirməzdi. Mən axı bundan öncə də sizin aranızda yaşamışam. Məgər bilmirsiniz?”
(10.17) “Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən adamdan daha zalım kim ola bilər? Günahkarlar nicat tapa bilməzlər!”

Ey Muhəmməd! De ki: “Əgər Allah istəməsəydi mən sizə Quran ayələrini oxumazdım, O da haqqı sizə öyrətməzdi. Mən peyğəmbərliyə başlayana və siz də Quran ayələrini eşidənə qədər mən sizinlə bərabər uzun bir ömür sürmüşəm. O zaman mənim heç ağlıma da gəlməzdi ki, özümdən vəhlər uydurum. Doğrudanmı siz başa düşmürsünüz ki, mən uzun illər boyu belə bir şey etməmişəmsə, onda elə indi də yalan bir şey uydurmaram?
Mən sizin aranızda uzun bir ömür sürmüşəm və siz mənim nəsəbim haqqında hər şeyi gözəl bilirsiniz. Siz bilirsiniz ki, mən təhsil almamışam. Mən nə oxumaq və nə də yazmaq bilmirəm. Mənə hətta heç vaxt elm öyrənməmişəm. Doğrudanmı ərəb dili bilicilərinin və məşhur alimlərin qarşısında aciz qaldıqları belə bir Böyük Kitabı yaza bilərəmmi? Belə bir Kitab mənim yaradıcılıq fantaziyamın məhsulu ola bilərmi? Ya da bu Kitab, onun Müdrik və Fövqəltərifəlayiq Yaradıcı tərəfindən nazil edilməsinə inandırıcı dəlildir?
Əgər siz beyinlərinizi bir qədər qurdalayıb, mənim xüsusiyyətlərim və bu Kitabın özəllikləri üzərində düşünsəniz, onda onun həqiqiliyinə sizdə heç bir şübhə yeri qalmaz. Siz əmin olarsınız ki, o — haqdır və onun hüdudlarında kənarda olanlar — azğınlıqdır. Lakin siz bundan sonra da inadkarlıq edib, haqqı danmaq istəyirsinizsə, onda siz — zalımlarsınız və buna heç bir şübhə yoxdur.
Allaha böhtan atan və Onun ayələrini inkar edənlərdən daha zalım kim ola bilər?!! Əgər mən Ona artıq-artıq sözlər desəydim, dünyada ən zalım insan olardım və heç vaxt uğur qazana bilməzdim və belə olduqda mən öz yalanımı gizlətməyə nail olmazdım. Lakin mən sizin yanınıza Allahın inkar etdiyiniz ayələri ilə gəlmişəm. Bu isə o deməkdir ki, ədalətsiz zalımlar sizsiniz. Sizin yaramaz təşəbbüsləriniz mütləq puç olacaq və siz belə baxışlara etiqad etdiyiniz müddətdə heç vaxt uğura nail ola bilməyəcəksiniz”.
Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (s.ə.s.) əmr etmişdir ki, belə sözlərlə Onunla görüşəcəklərinə ümid etməyən fasiqlərə müraciət etsin. Bu isə o deməkdir ki, onların inadkarlığının və cinayətlərinin səbəbi Allahla görüşəcəklərinə inanmamaları və ümidlərinin olmamasıdır. Bu həm də onu göstərir ki, Allahla görüşəcəyinə inanan hər bir insan hökmən Müqəddəs Qurana itaət edəcək və iman gətirəcək, çünki belə insanların niyyətləri xeyirxah olur.

(10.18) “Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” — deyirlər. De: “Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!”

Fövqəluca Allah ayədə bildirir ki, Allahın Elçisini (s.ə.s.) inkar edən müşriklər onlara hətt zərrə qədər də olsa xeyir gətirməyə və ya qorumağa qadir olmayan bütlərə ibadət edirlər. Onlar dəlillərlə təsdiq edilməyən sözlər danışır və uydurulmuş ilahları özlərinin Allah qarşısında şəfaətçiləri adlandırırlar. Onlar o bütlərə ona görə səcdə edirlər ki, bütlər onları Allaha yaxınlaşdırsınlar və Onun qarşısında şəfaətçilik etsinlər. Lakin bu baxışlar onların öz qondarmalarıdır və buna görə Fövqəluca Allah Öz Peyğəmbərinə (s.ə.s.) belə deməsini buyurmuşdur: “FövqəlFövqəluca Allah Hərşeyibilən Hökmdardır və O, Öz elmi ilə, göylərdə və yerdə gedən bütün hadisələrdən agahdır, O, bəyan etmişdir ki, Onun şəriki yoxdur və Ondan savayı digər allahlar yoxdur. Məgər siz — ey müşriklər, bundan sonra da Allahın şərikləri olduğunu iddia edəcəksiniz? Doğrudanmı siz ümid edirsiniz ki, Allaha Onun bilmədiyi nə isə yeni bir şey xəbər verə biləcəksiniz? Doğrudanmı siz Allahdan da yaxşı məlumatlısınız?”
Aləmlərin Rəbbindən daha üstün məlumata malik olduqlarını zənn edən azğın və nadan axmaqlar olan müşriklərin bu iddialarından daha yalan və yaramaz bir şey ola bilərmi? Əgər ağıllı bir insan onların təkcə bu sözləri üzərində düşünərsə, bu kifayət edər ki, o, müşriklərin baxışlarının yalan və yaramazlığına qəti əmin olsun.
Sübhən Allah! O, bütün nöqsanlardan sonsuzluğa qədər uzaqdır. Onun şəriki və bənzəri yoxdur. Əksinə, O Vahiddir və Əbədi Allahdır. Nə göylərdə və nə də Yerdə Ondan başqa haqq məbud yoxdur. Amma müşriklərin ibadət etdikləri bütün göydəki və yerdəki bütlər faydasızdırlar və buna dəlalət edən sağlam təfəkkür, din və təhtəlşüurdur. Fövqəluca Allah buyurur: “Bu belədir. Çünki Allah haqqdır, (müşriklərin) Ondan başqa ibadət etdikləri isə batildir. Həqiqətən, Allah fövqəlucadır, böyükdür!” (Həcc, 22/62).

(10.19) “Bir vaxt vardı ki, bəşəriyyət möminlərin tək bir ümmətiydi, sonra aralarında ziddiyyət yarandı. Rəbbin tərəfindən əzəldən söz verilməsəydi, ziddiyyətə uğradıqlarına görə aralarında dərhal hökm çıxarılardı”

Bir zaman insanlar haqq dinə etiqad edirdilər və bahid bir ümmət idilər, lakin sonradan aralarında ziddiyyət düşdü. Belə olduqda, Allah bəzilərinə müjdə vermək və digərlərinə xəbərdarlıq etmək üçün onlara Öz elçilərini yolladı. Allah onlara Kitablar nazil etdi ki, insanların arasında baş qaldırmış ziddiyyətləri həll etsinlər. Əgər O, insanlara möhlət verəcəyini və günahkarları dərhal cəzalandırmayacağını vəd etməsəydi, bütün ixtilaflar artıq aradan qaldırılmışdı: möminlər xilas, kafirlər isə çoxdam məhv edilmişdi. Lakin O, insanların bir hissəsini digər bir hissəsi ilə sınamaq niyyətində idi ki, sadiq qullarla yalançılar arasındakı fərq üzə çıxsın.

(10.20) “Müşriklər: “Barı, Peyğəmbərə Rəbbi tərəfindən bir möcüzə nazil ediləydi!” — deyirlər. Onlara belə cavab ver: “Qeyb ancaq Allaha məxsusdur. Elə isə, doğrusu, mən də sizinlə birlikdə gözləyləyənlərdənəm!”

İnadkar kafirlər təəccüblənirlər ki, görəsən niyə onların tələb etdikləri möcüzələr Muhəmməd Peyğəmbərə (s.ə.s.) nazil edilmədi. Onlar deyirlər: “(Müşriklər) dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Məgər ona özü ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan (və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən) bir mələk göndərilməli deyilmi? Yaxud ona (ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə göydən) bir xəzinə endirməli və ya ondan (onun meyvəsindən) yeyib dolanmaq üçün bir bağı olmalı deyildimi?” Zalımlar (müşriklər möminlərə) dedilər: “Siz ancaq ovsunlanmış (buna görə də ağlını itirmiş) bir adama tabe olursunuz!” (Furqan, 25/7-8);
“(Quranın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini sındırmayan müşriklər) belə dedilər: “Bizə yerdən (Məkkədən) bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik. Yaxud (ağacları) arasında şırıl-şırıl çaylar axan xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə və yaxud Allahı və mələkləri (peyğəmbərliyinin doğruluğuna şahid olaraq) açıq-aşkar qarşımıza gətirməyincə və ya da qızıldan bir evin olmayınca və yaxud sən göyə qalxmayınca (biz sənə iman gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!” (Ey Elçim!) De: “Rəbbim pakdır, müqəddəsdir! (Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!) Mən isə yalnız peyğəmbər olan bir insanam!” (Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!)” (İsra, 17/90-93).
Ey Muhəmməd! Onlar səndən möcüzə göstərməyini istədikdə, onlara de: “Allaha qullarının vəziyyəti çox yaxşı məlumdur. O, Öz elminə və Özünün qüsursuz hikmətinə əsaslanaraq onları təkbaşına idarə edir və heç kim hakimiyyət və möcüzələrlə bağlı sərəncam vermək bacarığına malik deyildir. Bir qədər gözləyin, mən də sizinlə birgə gözləyirəm. Sizin hər biriniz layiq olduğunuzu alacaqsınız və onda görəcəksiniz ki, kimin sonu uğurlu olacaqdır.

(10.21) “İnsanların başına gələn bir müsibətdən sonra onlara bir mərhəmət (asudəlik) dadızdırsaq, (ayələrimiz barəsində) dərhal hiylə qurmağa girişərlər. De: “Allah daha tədbirlidir”. Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar!”

Allah insanlara xəstələndikdən sonra şəfa və ya kasıblıqdan sonra var-dövlət və yaxud da sarsıntıdan sonra əmin-amanlıq əta edir və onlar lap yaxın vaxtlarda onlara düçar olmuş bəlanı unudub, Allaha, əmin-amanlıq və mərhəmət göstərdiyinə görə minnətdarlıq etməyi yaddan çıxarırlar. Bundan da başqa, onlar zalımlıq etməyə və məkrli planlar qurmağa başlayır ki, Allahın ayələrini inkar etsinlər və haqqı yalanlasınlar. Lakin Fövqəluca Allah fənd qurmaqda daha çevikdir və buna görə də kafirlərin şərli fitnələri həmişə onların öz əleyhlərinə çevrilir. Onlar öz qurduqları tələyə düşürlər və bu əməllərinin sərt nəticələrindən xilas ola bilmirlər, çünki mələklər onların örətdiklərini yazırlar, Fövqəluca Allah isə onları hesablayır ki, kafirlər layiq olduqları əvəzi bütövlüklə ala bilsinlər.
Allah, insanlara mərhəmət göstərdikdən və onları bəlalardan xilas etdikdən sonra onların özlərini necə aparmalarını yad edərək, bu qaydanı təsdiq edən xüsusi bir əhvalatı xatırladır. Bu özəl hal insanların dənizdə fırtına zamanı onun ən dəhşətli nəticələrindən vahiməyə tutulduqları halda özlərini aparmasıdır. Fövqəluca buyurur:

(10.22) “Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə səmimiyyətlə Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!”
(10.23) “Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik”.

Allah insanlara quruda və dənizdə səyahət etməyə imkan verir və bunu necə etməyi onlara öyrədir. Onlar rahatca gəmilərə oturub, heç bir təşvişə düşmədən istədikləri yerə gedirlər. Onlar buna sevinir və özlərini arxayın hiss edirlər. Lakin şiddətli bir külək əsəndə və dalğalar yüksəkliyə qalxanda, onlar elə düşünürlər ki, ölüm onları hər tərəfdən əhatəyə almışdır. Belə olduğu halda onların məxluqlara bəslədikləri bütün ümidləri kəsilir və onlar başa düşürlər ki, onları bu fəlakətdən xilas edə bilən təkcə Allahdır. Onda onlar təkcə Ona səmimi qəlbdən dua etməyə başlayır və onları xilas etdiyi təqdirdə Ona şükr edən qullar olacaqlarını boyunlarına götürülər. Allah onları saq-salamat sahilə çıxartdıqda, onlar başlarına gələ bilən bəlanı və həmçinin etdikləri duanı və verdikləri vədi unudurlar. Sonra isə Ona şərik qoşmağa başlayır, halbuki onlara çox yaxşı məlumdur ki, onları bədbəxtliklərdən və fəlakətlərdən xilas etməyə qadir olan təkcə Odur. Bəs niyə onlar bədbəxtlik vaxtlarında olduğu kimi, xoşbəxt çağlarında da Tək Allaha müraciət etmirlər?!!
Lakin belə özbaşınalıq müşriklərin ancaq özünə ziyan vurur. Bu gün onlar zalımlıq edir və Tək Allaha səmimi xidmətdən yayınırlar, halbuki bunun sayəsində onlar yalnız keçici dünyəvi nemətlər əldə edir və həzz alırlar. Bu, çox cüzi bir qismətdir və tez də tükənir və sonra onlar istəmədikləri halda bu dünyanı tərk etməli olurlar. Qiyamət günü gəldikdə isə, onların hamısı Allah qarşısında dayanacaqlar və O, onların törətdikləri bütün əməllərini onlara xəbər verəcəkdir. Qoy onlar öz mənfur əməllərini törətməkdən çəkinsinlər!

(10.24) “Həqiqətən, (nemətləri, cah-cəlalı ilə fəxr etdiyiniz) dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib (əlvan çiçəklər və müxtəlif meyvələrlə) bir-birinə qatışar. Nəhayət, yer üzü bəzənib süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadır olduqlarını zənn etdikləri vaxt gecə və yaxud gündüz əmrimiz (bəlamız) gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, (yolunub) biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!”

Bu ibrətamiz hekayət ən hikmətli məsəllərdən biridir və bu dünya həyatının təsvirinə tamamilə uyğun gəlir. Yer üzünün ləzzətləri, gözəllikləri, hakimiyyət və başqa maddi nemətlər onların verildiyi insanları qısa müddət ərzində heyran qoyur. Onlar öz yüksəliş səviyyələrinə nail olduqda, ya onlar öz ağasını tərk edir, ya da ağası onlardan ayrılır. O, boş əllə qalır, onun qəlbi isə kədər, qəm və məyusluqla dolur. Məhz buna görə, dünya həyatı göydən endirilən yağışa bənzəyir — onun sayəsində yerdə cürbəcür gözəl bitkilər yetişir və bir-birinə sarmaşıb-qarışırlar. Onlardan bir qismi (dənli bitkilər, meyvələr və b.) insanların qidalanması üçün ərzaq məhsulları olur, digər qismi isə (otlar və s.) mal-qara üçün yemə çevrilir. Onların hesabına yer gözəl bir guşəyə dönür və ona tamaşa edənlərə böyük sevinc bəxş edir. İnsanlar yaşıl, sarı, ağ və bir çox başqa rənglərə çalan qəribə bir mənzərənin şahidi olurlar. Onlar elə ümid edirlər ki, bu füsunkarlıq əbədi olaraq davam edəcəkdir, çünki bütün bunlar — insanların bu dünyada arzu etdikləri və ehtiyacları olduğu nemətlərdir. Onlar belə ümidlər bəslədikləri bir halda qəfildən gündüz və ya gecə vaxtı Allahın hökmü icra olunur və yer üzü biçilmiş zəmiyə çevrilir və sanki onda heç vaxt nemət bolluğu olmamışdı. Dünya həyatını məhz belə səciyyələndirmək olar.
Allah məxluqlarına Öz ayələrini bu cür izah edir ki, insanlar onların mənasını daha tez dərk edə bilsinlər. Allah insanlar üçün belə məsəlləri çəkir ki, onlar nəyin özləri üçün faydalı olduğu haqqında düşünürlər. Allahın ayələrindən üz döndərən səhlənkar nadanlara gəldikdə isə, onlar özləri üçün faydalı nəticələr çıxarmağa və şübhələrdən xilas olmağa qadir deyillər.

(10.25) “Allah (qullarını) əmin-amanlıq Yurduna çağırır və istədiklərini doğru yola yönəldir!”

Fövqəluca Allah dünya həyatının və maddi nemətlərin mahiyyətini izah etdikdən sonra, Öz qullarını Axirət həyatına çağırır. O, Əmin-amanlıq Yurduna Öz çağırışını bütün məxluqlarına yönəldir, lakin doğru yolla yalnız seçilmiç qullarını aparır. Bu — Allahın mərhəməti və alicənablığından irəli gəlir və O, istədiklərini Öz sayəsinə almaqda azaddır. Bütün bunlar Onun adilliyi və müdrikliyinin dəlilləridir. Onun elçiləri haqqında izahlarını eşidərək başa düşənlərdən heç kim Onun qarşısında bəraət qazanmağa nail ola bilməyəcək. Allah Cənnət bağlarını “əmin-amanlıq məskəni” adlandırır, çünki o bağlar hər hansı nöqsan və çatışmazlıqlardan azaddır. Onlarda alınacaq zövq ən kamil, əbədi və hərtərəfli gözəldir. Əgər Allahın Özü insanları bu Rahatlıq və Səadət diyarına dəvət edirsə, deməli, onlar müqəddəs məqsədə nail olmağa kömək edən saleh əməllərə can atmalıdırlar. Buna görə, daha sonra Fövqəluca buyurur:

(10.26) “Yaxşı işlər görənləri Cənnət və daha artıq savab (Allahın üzünü görmək) gözləyir. Onların üzünə nə bir toz (ləkə), nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar!”

Bu möminlər öz imkanları daxilində Yaradana səmimi qəlblə ibadət edərək, özlərinin Fövqəluca Allahın müşahidəsi altında olduqlarını hiss edirlər. Bununla yanaşı onlar həm sözləri və həm də əməlləri ilə Allahın qullarına gücləri çatan maddi və fiziki yardım göstərərək, onları xeyirxah işlər görməyə çağıraraq və qınanılan hərəkətlərə yol verməkdən çəkindirərək, nadan insanları öyrədərək, haqdan üz döndərənlərə səmimi məsləhətlər verərək bir çox digər yaxşı əməllər də həyata keçirirlər. Onlar ən yaxşı mükafatlar olan füsunkar Cənnət bağlarına və buna əlavə edilməsinə layiqdirlər. Əlavə dedikdə, Allahın Gözəl Üzünü seyr etmək, Onun ecazkar nitqini eşitmək, Onun xeyirxahlığına sevinmək və Onunla yaxınlıqdan zövq almaq imkanı nəzərdə tutulur. Bu isə o deməkdir ki, möminlər arzu etdikləri və xahiş edə biləcəkləri hər şeyə nail ediləcəklər.
Fövqəluca bildirir ki, onların üzündə nə qəm-qüssə, nə toz-torpaq, nə dəq həqirlik olmayacaqdır. Bu isə o deməkdir ki, onlar narahatçılığın nə olduğunu bilməyəcək, çünki hər hansı narahatçılıq hökmən insanın üzündə əksini tapır və o, qəmli və məyus görünür. Amma möminlərin üzündə təkcə sevinc və məmnunluq görmək olacaqdır ki, o barədə Fövqəluca belə buyurub: “Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!” (Mutəffifin, 83/24). Onlar Cənnət məkanının əbədi sakinləridir. Onlar Cənnət bağlarının tərk etməyəcək, yox olmayacaq və dəyişikliyə uğramayacaqlar.

(10.27) “Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar (bürüyər). Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!”

Fövqəluca Allah Cənnət sakinlərini xatırladıqdan sonra, dünyada Allahın qəzəbini doğuran yaramaz kafirlikdən və müxtəlif günahlardan başqa heç nəyə nail olmayan və Cəhənnəmdə əzab çəkən fasiqləri yada salır. Onlardan alınacaq intiqam — törətdikləri bəd əməllərin dəyərinə bərabər olacaq, əməlləri ilə layiq olduqları qədər narahatçılıqlara düçar olacaqlar. Onların ürəyi zillətə düşəcək və Allahın cəzalandıracağı qarşısında vahiməyə qapılacaqdır ki, artıq bundan onları kimsə xilas edə bilməyəcək. Bu rəzillik onların xarici görkəmində öz əksini tapacaq və buna görə onların üzləri sanki gecənin zülmət parçaları ilə örtülmüş olacaqdır. Budur Cəhənnəm Odunun bu məkandan heç vaxt ayrılmayacaqları sakinləri! Bu iki qrup insanlar arasındakı fərq necə də böyükdür?!
Fövqəluca buyurur: “O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır! O gün neçə-neçə üzlər tutulub qaralacaq, (sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!” (Qiyamə, 75/22-25);
“O gün bir çox üzlər parlayacaq, Güləcək, sevinəcəkdir. O gün bir çox üzlərə isə toz-torpaq qonacaq, Onları zülmət (yaxud his) bürüyəcəkdir. Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!” (Əbəsə, 80/38-42).

(10.28) “O gün onların hamısını (haqq-hesab çəkmək üçün bir yerə) yığacaq, sonra müşriklərə: “Siz də, Allaha qoşduğunuz şərikləriniz (bütləriniz) də yerinizdə durun!” — deyəcək və onları (bir-birindən, yaxud başqalarından) ayıracağıq. Şərikləri (bütlər) dilə gəlib deyəcəklər: “Siz bizə ibadət etmirdiniz”.
(10.29) “Sizinlə bizə aramızda təkcə Allahın şahid olması yetər. Biz (eşitməz, görməz və duymaz olduğumuz üçün) sizin bizə ibadət etməyinizdən xəbərsiz idik!”

Bütün məxluqların Məhşər ayağına gələcəkləri həmin Gün Fövqəluca Allah müşrikləri, Onun əvəzinə, ibadət etdikləri bütləri ilə bir yerə toplayacaqdır. Onlara əmr ediləcək ki, O, onların arasında Öz hökmünü verənə qədər, öz yerlərində dursunlar. Sonra isə onları bir-birindən ayıracaqlar və onların canları və ruhları arasında nəhəng məsafələr yaranacaqdır. Belə olduqda, dünyada yaşadıqları zaman özlərinin uydurduqları “ilahlara” ən səmimi məhəbbət bəsləmələrinə baxmayaraq, (Qiyamət günü) müşriklərin və bütlərin arasında, qarşısıalınmaz düşmənçilik başlayacaqdır. Lakin bu məhəbbət kin-küdurətə və ədavətə çevriləcək, bütlər isə müşrikləri rədd edəcəklər. Onlar deyəcəklər: “Biz şahidlik edirik ki, Allahın şərikləri yoxdur və heç kimi Ona bərabər tutmuruq. Onun sizinlə bizim aramızda şahid olması bizə bəsdir. Biz heç vaxt bizə ibadət etməyi sizə əmr etməmişdik və sizi buna dəvət etməmişdik. Siz bizə deyil, sizi belə davranmağa çağıran lənətə gəlmiş şeytana ibadət edirdiniz”.
Elə buna görə də Fövqəluca buyurmuşdur: “Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir” (Yasin, 36/60);
“O gün (Qiyamət günü Allah) onları (müşrikləri, kafirləri) bir yerə yığacaq, sonra da mələklərə belə deyəcək: “Bunlar sizəmi ibadət edirdilər?” (Mələklər:) “Sən paksan, müqəddəssən. Bizin ixtiyar sahibimiz onlar deyil, Sənsən! Xeyr, onlar (bizə yox) cinlərə (şeytanlara) ibadət edirdilər. (Müşriklərin, kafirlərin) əksəriyyəti onlara (cinlərə) iman gətirmişdi”, – deyə cavab verəcəklər” (Səba, 34/40-41).
Qiyamət günü başladıqda alicənab mələklər, peyğəmbərlər və əməlisalehlər möminlər onları ilahiləşdirən müşriklərdən üz döndərəcəklər. Onlar bildirəcəklər ki, heç vaxt insanları onlara ibadət etməyə çağırmayıblar və bununla onlar həqiqəti deyəcəklər. Belə olduqda müşrikləri sözlə təsvir edilməsi mümkün olmayan böyük bir məyusluq bürüyəcək. Onlar öz əməllərinin miskinliyini və şəxsi keyfiyyətlərinin yaramazlığını dərk edəcəklər. Onlara aydın olacaq ki, onlar yalançı imişlər və Allahın Özünə böhyan atırmışlar. Onların canyananlıqla icra etdikləri ibadət faydasız olacaq, ibadət etdikləri “ilahlar” isə onları tərk edəcəklər. Lakin artıq heç nəyi dəyişdirmək mümkün olmayacaq.

(10.30) “Orada hər bir nəfər keçmişdə törətdiklərinin acısını çəkəcəkdir. Onlar Allaha — özlərinin həqiqi Himayədarına qaytarılacaq və uydurduqları bütlər onlardan uzaqlaşıb qeyb olacaqlar”.

Həmin gün hər bir nəfərin əməlləri və qazandıqları diqqətlə araşdırılıb öyrəniləcək və sonra o, müvafiq əvəz alacaqdır. Əgər onun əməlləri xeyirxah əməllər olarsa, onda ona veriləcək əvəz də xeyirli olacaq, amma əməlləri şərli olarsa, onda onlara görə virələcək əvəz pis olacaq. Bütün insanlar Allaha, onların əsil Hökmdarına və Hamisinə qaytarılacaqlar və onda müşriklərə, onların bütlərə ibadətin doğru olmasına inanmaları və onların fayda verəcəyi və cəzadan qoruyacağına ümid bəsləmələri kömək etməyəcəkdir.

——————–
Əbdürrəhman bin Nasir əs-Səədi

MÜQƏDDƏS QURANIN TƏFSİRİ

Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov

Bənzər Məqalələr