featured-image-3059

(9.110) “Onların qurduğu bina ürəkləri parça-parça olana qədər qəlblərində bir şübhə mənbəyi kimi qalacaqdır. Allah Biləndir, Müdrikdir!”

Əgər onlar peşman olub öz Rəbbi qarşısında tövbə etməsələr və cinayətlərinin nəticələrindən qorxmasalar, inşa etdikləri bina daima onların şübhələrlə dolu qəlbinə iztirab verəcək. Əgər tövbə etsələr, onda O, onların günahlarını bağışlayar. Yox, əgər etməsələr, onda onların tikilisi günbəgün şübhə və münafiqliyini artıracaqdır.
Bilən və Müdrik — Onun gözəl adlarındandır. O, bütün aşkar və və qeybə məxsus olan hər şeyi və qullarının nəyi gizlədib, nəyi bəyan etdiklərini bilir. O, ancaq Öz ilahi müdrikliyinə müvafiq olaraq hər hansı bir işi edir, yaradır, hökm edir və yasaqlayır. Bundan ötrü həmd təkcə Ona məxsusdur.
Bu Quran ayələrindən aşağıdakı faydalı nəticələr çıxarmaq olar:
-Bir məscidin yanında, ona ziyan vurmaq üçün başqa bir məscidin tikilməsi qadağan edilir. Müsəlmanlara “zərərli məscidin” inşaaçılarının əsil niyyətləri məlum olduqda, o məscid sökülməlidir.
-Niyyət istənilən əməldə əks olunur və buna görə hətta ən layiqli əməl qadaöan olunmuş əməl ola bilər. Məhz bədxah niyyət “ziyan məscidinin” təşəbbüsçülərinin işini pis sonluqla nəticələndirdi.
-Müsəlmanların arasına ixtilah salan istənilən hərəkət günahdır və möminlər belə günahlardan çəkinməli və onların kökünü kəsməlidirlər. Müsəlmanların birləşdirilməsinə səbəb olan istənilən hərəkət vacib hərəkət sayılır və möminlər həmişə belə hərəkətləri etməyə çağırmalı və insanları ona ruhlandırmalıdırlar. Allah xəbər vermişdir ki, “zərərli məscidi” tikdirənlər məhz müsəlmanlar arasında ixtilaf salmaq niyyəti güdürdülər və buna görə də onların hərəkətləri günah idi. Kafirliyi müdafiə etmək niyyəti ilə və ya Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) müqavimət göstərməklə bağlı olan istənilən hərəkətlər də günahkar əməllər sayılır
-Allah itaətsizlik göstərilən yerlərdə namaz qılmaq qadağan edilir. Müsəlmanlar belə yerlərdən aralı gəzməli və oralara yaxınlaşmamalıdırlar.
-Günahlar törədildikləri yerə də təsir göstərirlər. Münafiqlərin günah əməlləri də onların tikdiyi məscidə öz təsirini göstərmişdir və müsəlmanlara onda ibadət etmək qadağan olunmuşdu. Saleh əməllər də onların icra edildiyi yerlərə təsir göstərir. Buna görə Allah Quba məscidi haqqında buyurmuşdur: “…İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. ..” (Tövbə, 9/108). Quba məscidi bir çox digər məscidlərə xas olmayan xüsusiyyətləri ilə fərqlənirdi. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) hər şənbə bu məscidə gəlir, orada namaz qılır və müsəlmanları da onda namaz qılmağa dəvət edirdi.
-Fövqəluca Allahın xatırlatdığı səbəblərdən dörd mühüm dini prinsip çıxarılır: müsəlmanlara zərər vuran istənilən əməl Allaha itaətsizlik və möminlərin sırasına nifaq salan və ya Allah və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə düşmənçilik edən günahkarlara köməklik göstərən kafirliyin təzahürüdür, qadağan edilmişdir və əksinə.
-Əgər Quba məscidi təqva və dindarlıq üzərində qurulmuş məsciddirsə, onda özülünü mübarək əli ilə qoyduğu və tikintisində özünün də işlədiyi Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) məscidi bu ada daha çox layiqdir.
-İstənilən saleh əməl Allah qarşısında səmimiyyətə və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yoluna tam uyğun gəlməsinə əsaslanır. Belə əməllərin əsası — təqva və möminlikdir və onlar insanı Cənnət bağlarının Səadətinə qovuşdururlar. Əgər insan bədxah niyyətlidirsə, bidət və azğınlıqla məşğuldursa, onda o, öz əməllərinin bünövrəsini, onunla birgə mütləq sürüşüb Cəhənnəm oduna yuvarlanacaq uçurumun lap kənarında qoyur, çünki Allah zalım insanları doğru yola yöməltmir.

(9.111) “Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!”

Fövqəluca Allah bu ayədə Cömərd Rəbbin möminlərlə bağladığı böyük və mühüm bir əhd haqqında həqiqəti xəbər verir. O, onların canını və malını Cənnət bağları ilə mübadilə edərək almışdır. Orada möminləri misilsiz ləzzətlər, füsunkar hurilər və qəlbə zövq verən və baxışlara sevinc gətirən möhtəşəm saraylar gözləyir. Bu həzz dolu səfalı məskəni əldə etmək üçün möminlər Allahın düşmənləri ilə mübarizədə Allahın adını və Onun dinini ucaltmaq naminə öz canını fəda etməli və malını qurban verməlidirlər. Bu saleh insanlar Allah yolunda döyüşür, düşmənləri öldürür və özləri də həlak olurlar. Onlar Allahla, Onun, bu dünyanın şahidi olduğu ən şərəfli, əzəmətli kamil Kitabları olan Tövratda, İncildə və Quranda Öz vədi və öhdəliyi ilə təsdiq etdiyi, əhd bağlayırlar. Onlar möhkəm iradəli elçilərə (Allahın onlara salamı olsun) — elçilərin ən kamillərinə nazil edilmişdir. Onların hamısı Allahın bu haqq vədini yekdilliklə təbliğ edirdilər.
Ey bu əhdin şərtlərini yerinə yetirən möminlər! Rəbbinizin vədinə əmin olun, bir-birinizi Onun yolunda mübarizəyə ruhlandırın və bir-birinizi müjdələyin. Siz böyük uğura nail olacaqsınız. Heç kimin nailiyyətləri sizinki kimi əzəmətli və şərəfli olmayacaqdır, çünki siz əbədi xoşbəxtlik və sonsuz səadət və həm də Cənnət səadətinin ən şərəfli zövqü olan Allahın lütfkarlığını əldə edəcəksiniz. Əgər siz bu əqdin fövqəlmühümlüyünü dəyərləndirmək istəyirsinizsə, Alıcıya, mala və və qiymətə diqqət yetirin. Alıcınız — Şan-şöhrəti Fövqəluca Allahdır. Sizin əldə edəcəyiniz əmtəə isə Cənnət Səadətidir — nail oluna biləcək nemətlərdən ən şərəflisi. Sizin ondan ötrü ödəyəcəyiniz dəyər isə canınız və malınız, insan üçün ən əziz olan şeylərdir. Bu əqdin kimin əlləri ilə imzalandığına da baxın: o əllər Allahın ən şərəfli elçilərinin (onlara Allahın salamı olsun) əlləridir! Bu əqdin yazıldığı Kitablara da baxın! Bunlar — Allahın ən yaxşı məxluqlarına nazil etdiyi ən mükəmməl Kitablarıdır.

(9.112) ”Tövbə, ibadət və həmd edən, oruc tutan, rüku və səcdəyə gedən, yaxşı işlər görməyi əmr edib, bəd əməlləri yasaqlayan və Allahın sərhədlərini qoruyan möminlərə müjdə ver!”

Görəsən Cənnət bağlarına və şan-şöhrətə nail olacaqları ilə müjdələnməyə layiq olan möminlər kimlərdir? Sanki bu suala cavab olaraq Fövqəluca Allah həmin möminlərin xüsusiyyətləri haqqında xəbər verir. Onlar etdikləri günahlara peşman olurlar və daima öz tövbələrinin şərtlərinə riayət edirlər. Onlar Allaha ibadət edir, Onun hökmlərini yerinə yetirir, müntəzəm olaraq dinin fərz və nafilə tələblərini icra edir və bu xüsusiyyətləri sayəsində onlar Allahın əsil qullarıdır. Bununla yanaşı müsibət zamanı da, sevinc içində olduqları vaxtda da, onlara çətin də, asan da olduğu anlarda onları öz Rəbbinə əmd edirlər. Onlar Rəbbin onlara əta etdiyi gözlə görülən və görünməz nemətlərinə görə şükr edirlər. Onlar Allahın lütfkarlığını xatırladıqları zaman və gündüzlə gecənin müxtəlif saatlarında Onun Özünü xatırladıqda Ona təriflər deyir, Onu mədh edirlər.
Onların digər bir keyfiyyəti də ərəb sözü olan “siyaha” ilə ifadə edilir. Bir şərhə görə bu söz onların oruc tutmasını bildirir. Digər bir şərhə görə isə bu onu göstərir ki, onlar bilik əldə etmək üçün səfərə çıxırlar. Üçüncü bir şərhə görə isə, bu onu göstərir ki, onlar daima can atırlar ki, bütün qəlbi ilə Allahı dərk etsinlər, Onu sevsinlər və Ona hüzurunda müraciət etsinlər. Ən səhih şərhə görə, burada söhbət, Allaha yaxınlaşmaq məqsədilə istənilən səfərdən gedir. Bu, həccə və ya ümrəyə getmək, cihadda iştirak etmək, bilik əldə etmək və ya qohumları yoluxmaq üçün çıxılan səfərlər ola bilər.
Bununla yanaşı bu möminlər tez-tez namaz qılır, rükuya və səcdəyə təkrar-təkrar qapılırlar, insanları vacib və könüllü dini qaydaları yerinə yetirməyə dəvət edirlər, onları Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) haram qıldığı bütün şeylərdən çəkindirirlər. Onlar həçinin Onun qoyduğu hədlərə riayət edir və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi hökmləri öyrənirlər. Onlar Allahın haramları ilə hökmlərini fərqləndirir, hökmləri yerinə yetirir, haramlardan isə uzaq gəzirlər.
Allah bu möminlərin layiq olduqları müjdəni dəqiqləşdirmir. Bu isə o deməkdir ki, onlara həm bu dünyada və həm də Axirətdə onlar üçün hazırlanmış istənilən maddi və mənəvi savablandırılmalar haqqında müjdə vermək olar. Bu həm də onu göstərir ki, müjdə bütün iman gətirənlərə aiddir. Lakin onun məzmunu möminlərin əməllərindən və imanının gücündən asılı olaraq fərqlənir.

(9.113) “Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz”.

Peyğəmbərə və möminlərə, Allaha iman gətirməkdən imtina edən və saxta ilahlara ibadət edən müşriklər üçün, onlar hətta öz yaxın qohumları belə olsalar da, Allahdan bağışlanmağı xahiş etmək yaraşmaz. Onlar üçün bağışlanma haqqında dualar düzgün deyil və faydasızdır və buna görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) və möminlər belə etməməlidirlər. Əgər insan müşrik kimi ölmüşdürsə və ya əgər adamlara məlum olduqda ki, o, müşrik kimi öləcək, onda o ( Yəni, ölən müşrik, bütpərəst, Allahla bərabər bütlərə sitayiş edən şəxs. F.S.), mütləq layiq olduğu cəzaya məruz qalacaq və əbədi olaraq Cəhənnəmdə məşəqqət içində olacaq. Belə insana nə havadarlarının xahişi, nə də onun üçün dua edib bağışlanma istəyənlərin xahişi fayda verməz.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) və möminlər öz Rəbbi ilə birlikdə sevinməli və qəzəblənməlidirlər. Onlar Onun sevdiyini sevməli, Onun düşmənçilik etdikləri ilə düşmənçilik etməlidirlər. Bu isə, Cəhənnəm odunun sakinləri arasına düşəcəkləri özlərinə məlum olandan sonra, günahkar olanlar üçün bağışlanma haqqında dua etməklə uyğun gəlmir.

(9.114) “İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı. Həqiqətən, İbrahim yalvarıb-yaxaran və yumşaq xasiyyətli idi”.

Rəhimli Allahın sevimlisi olan İbrahim (ə) öz atası üçün bağışlanma istəmişdi ki, ona verdiyi vədini yerinə yetirsin. O (ə) dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır” (Məryəm, 19/47). O (ə) bu sözləri deyən zanan atasının taleyinin necə olacağından hələ xəbəri yox idi. O (ə) atasının Allahın düşməni olduğunu, onun kafir kimi öləcəyini, dəvətdindən və nəsihətlərindən heç bir fayda götürməyəcəyini bildikdə, sevimli Peyğəmbər (ə) atasından əlini üzdü ki, Allahın iradəsinə müxalif olmasın. Doğrudan da, İbrahim Peyğəmbər (ə) hər bir təşəbbüsündə Allaha müraciət edirdi, Onu tez-tez yad edirdi, Ona bağışlanması haqqında dua və tövbə edirdi. O (ə) möhkəm insan idi və məxluqlara mərhəmətlə yanaşırdı. O (ə) onların səhvlərini bağışlayır, onların nadanlığından çəkinmir və haqsızlığa və təhqirə qarşı pisliklə cavab vermirdi. Hətta atası onu daşqalaq edəcəyini bildirəndə, o (ə) demişdi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm…” (Məryəm, 19/47).

(9.115) “Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları həmin yoldan azdırmaz! Həqiqətən, Allah hər şeyi Biləndir!”

Ey müsəlmanlar! Siz İbrahimin (ə) dininə etiqad etməli və ondan (ə), öz kafir atası üçün bağışlanma diləməsi vədindən başqa, qalan hər şeydə nümunə götürməlisiniz. Rəbbiniz sizə məhz belə davranmağı əmr etmişdir. Əgər Fövqəluca Allah insanlara doğru yol bələdçisi nazil edirsə və onlara bu yolla getməyi buyurursa, onda O, Öz lütfkarlığını axıra çatdırır və qullarına nəyə ehtiyacları olduğunu izah edir. O, onları dinin hökmlərindən xəbəri olmayan yolu azmış nadanlar kimi tərk etmir və bu da ona dəlalət edir ki, Allahın mərhəməti kamildir və Allahın şəriəti isə qullarının əsas və fərdi dini məsələlərinə dair suallara cavab verir.
Bir rəyə görə bu ayənin mahiyyəti ondan ibarətdir ki, insanlar, onlara nədən qorunmalı olduqları izah edildikdən sonra Allaha itaətdən imtina etdikdə, Fövqəluca Allah onları cəzaya məhkum edir və azğınlığa salır. Belələrinə əvəz, onlar haqqı açıq-aşkar inkar etdiklərinə görə verilir. Lakin birinci şərh daha üstündür.

(9.116) “Həqiqətən, göylərin və yerin mülkü Allaha məxsusdur. Dirildən də, öldürən də Odur. Sizin Allahdan başqa havadarınız və köməyə çatanınız yoxdur!”

Allah göylərin və yerin hökmdarıdır. O, qullarına həyat bəxş edir və onları öldürür və həmçinin Özünə məxsus digər əməlləri həyata keçirir. Əgər O, Kainatın mövcudluğunun əsaslandığı qanunları pozmursa, onda məgər O, Özünün ilahlığına və Özünə ibadət edilməsi haqqı ilə sıx əlaqədar olan şəriət hökmlərini pozarmı? Məgər Böyük Hökmdar qullarını unudar və onları azmış nadanlar kimi tərk edərmi?!! Həqiqətən, təkcə O, qullarına havadarlıq edə, onlara fayda verə, yardım göstərə və onları bədbaxtlıqlardan xilas edə bilər.

(9.117) “Allah, onlardan bəzilərinin qəlbi yayınmaq üzrə olduqda, Peyğəmbərin və çətin saatda onun ardınca gedən mühacir və ənsarların tövbəsini qəbul etdi, sonra da onları bağışladı. Çünki O, onlara qarşı Şəfqətlidir, Rəhmlidir”.

Fövqəluca Allah ayədə xəbər verir ki, Öz mərhəməti sayəsində O, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!), mühacir və ənsarların tövbəsini qəbul etdi. O, onların yol verdiyi səhvləri bağışladı, onlara ağır və zəhmət tələb edən hökmləri yerinə yetirmələri sayəsində bol savab verdi və onları böyük yüksəkliklərə ucaltdı. Ən ağır anlarda onlar Muhəmməd Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) birlikdə Təbuka yürüş etdilər. Həmin günlərdə şiddətli istilər var idi və müsəlmanlar ərzaq və minik heyvanları cəhətdən korluq çəkirdilər. Müsəlmanları evdə qalmağa sövq edən həddən çox amillər mövcud idi. Lakin onlar yardım üçün Fövqəluca Allaha müraciət etdilər və onlar, bəzilərinin qəlbi az qala kənara meyl etməkdə olduğu bir andan sonra, əmri yerinə yetirdilər. Onlar evdə qalmağa hazır idilər, lakin Allah onlara yardım göstərdi və onları gücləndirdi və mətinləşdirdi.
İnsan düz yoldan sapanda qəlbi də yan tərəfə əyilməyə meyl edir. Əgər bu, imanın əsas məsələlərinə toxunursa, onda belə təmayül kafirliyə səbəb olur. Əgər bu ayrı-ayrı dini hökmlərə aid olursa, onda onun ağırlığı, insanın tamamilə sapdığı və ya qismən və layiqincə yerinə yetirmədiyi şəriət hökmünün mühümlük dərəcəsindən asılı olur. Allah müsəlmanlara rəhm edərək onlara tövbə etdirmiş, onların tövbəsini qəbul etmiş və onları bu yolda mətinləşdirmişdir.

(9.118) “Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah Tövbə Qəbuledən və Rəhmlidir!”

Allah Təbuk yürüşünə digər müsəlmanlara birgə gedən üç nəfər kişinin də yövbəsini qəbul etdi. Burada Kəəb b. Malik və onun iki yoldaşından bəhs edilir. Onların başına gələnlər yaxşı məlumdur və müxtəlif hədis toplularında təsvir olunmuşdur.
Onlar o dərəcədə kədərlənmişdilər ki, hətta yer kürəsi, öz ucsuz-bucaqsız genişliyinə baxmayaraq, onlara dar gəlmişdi. Hətta onların öz ürəkləri də, insan üçün necə əziz olmasına baxmayaraq, onları sıxırdı. Bütün ətraf aləm və, adətən, insanı darıxdırmayan nə varsa, hamısı onlara dar gəlirdi. Bu hal insanın son dərəcə narahat və həyəcan keçirən vaxtlarında baş verir ki, bu narahatçılığı sözlə ifadə etmək mümkün olmur. Bunun səbəbi isə onların Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) lütfkarlığını hər şeydən üstün tutmalarındaydı. Onlar başa düşmüşdülər ki, ancaq şəriki olmayan Allah onları bədbəxtlikdən xilas edə bilər və buna görə də məxluqlara ümid etməkdən əl çəkmişdilər. Onlar öz ümidlərini öz Rəbbi ilə bağladılar, Ona doğru yönəldilər və təxminən əlli gün ərzində sınağa məruz qaldılar. Sonra Allah onlara tövbə etmək imkanı verdi, bunda onlara kömək etdi və onların tövbələrini qəbul etdi. O, Öz qullarının tövbəsini tez-tez qəbul edir və etdikləri səhvləri və xətaları onlara bağışlayır. Onun mərhəməti o qədər genişdir ki, O, hər anda və hər ləhzədə onunla Öz qullarını himayə edərək onların dünyəvi və dini işlərini sahmana salır.
Bu ayədən bir neçə fayldalı nəticələr çıxarmaq olar.
Birincisi, bu ayə ona dəlalət edir ki, qulların ən böyük məqsədi — Allahın onları bağışlamasını diləmələri olmalıdır. Seçilmiş qullar həmişə bu məqsədə can atırdılar və Allah da onlara istədiklərinə nail olmaqda kömək göstərmiş və onları Özünün xoşladığı və razı qaldığı əməllərə ruhlandırmışdır.
İkincisi, insan üçün çətin olan ibadət ayinləri, digər ibadət ayinlərinə nisbətən, üstünlüyə malikdir və həmin ibadəti icra etmək nə qədər ağır olarsa, savabı da bir o qədər çox olur.
Üçüncüsü, Allahın bağışlaması qulun tövbəsinin və peşmançılığının dərəcəsindən asılıdır və əgər insan öz xəta və nöqsanlarına əhəmiyyət vermirsə və Ona itaətsizlik etdikdən sonra özündə sıxıntı hiss etmirsə, onda onun tövbəsi kamil deyildir, hətta o, onu qəbul edilmiş saysa da.
Dördüncüsü, əgər insan bütün qəlbi ilə Fövqəluca Allaha müraciət edirsə və ümidlərini məxluqlara bağlamaqdan əl çəkirsə, onda bu xeyirli sonluğun və bədbəxtliklərin qurtarmasının əlamətidir.
Beşincisi, Allah Öz lütfkarlığı sayəsində üç müsəlmanı, onları heç də utandırmayacaq keyfiyyətlərlə səciyyələndirmişdir. Fövqəluca Allah demişdir ki, onların tövbəsinin qəbul olunması və ya rədd edilməsi aydınlaşana qədər onlara vaxt verilmişdi. Bu ifdənin yeganə mümkün olan iki tərcüməsindən birini seçmə məcburiyyətinə uyğun olaraq, onlar müsəlmanlardan sonraya saxlanılmış, ya da üzürlü səbəbləri qəbul edilmişlərdən fərqlənmişdilər. Hərçənd onlar yürüşdə iştirak etməmişdilər, amma onların əməli hələ xeyirxahlıqdan imtina etmək deyildi və buna görə, Allah onların yürüşdə iştirak etməkdən imtina etmələri barədə bir söz işlətmir.
Altıncısı, Fövqəluca Allah bu üç nəfər müsəlmanı səmimiyyətlə yad etmiş, onları doğru danışan adlandırmış və bütün möminlərə onlardan nümunə götürməyi əmr etmişdir. Məhz buna görə, Quranda daha sonra deyilir:

(9.119) “Ey iman gətirənlər! Allahdan qorxun və sədaqətli olanlarla birlikdə olun!”

Ey Allaha və Onun bütün hökmlərinə iman gətirənlər! Dininizin tələblərinə uyğun olaraq davranın, təqvalılığa etiqad edin və sizə haram buyurulan hər şeydən uzaq olun! Sözlərinə və əməllərinə sadiq olanlarla, təkcə həqiqəti danışıb, tənbəllik və yorğunluq bilməyən saleh əməllər işləyənlərlə, təmiz və səmimi niyyətli və tamahkarlıq fikirlərindən uzaq olanlarla birgə olun! Doğrudan da sadiqlik möminliyə aparır, möminlik isə Cənnət bağlarına!
Fövqəluca Allah buyurur: “… “Bu (Qiyamət günü) elə bir gündür ki, sadiqlərə sədaqəti fayda verəcək. Onları zəminindən çaylar axan Cənnət bağları gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, böyük qurtuluşdur!” (Maidə, 5/119).

(9.120) “Mədinəlilərə və onların ətrafında olan bədəvilərə (döyüşdə) Allahın Peyğəmbərindən geri qalmaq, ondan (ona üz verən məşəqqətlərdən) özlərini kənara çəkmək (belə çətinliklərin özlərinə üz verməsini istəməmək, beləliklə də, özlərini Peyğəmbərdən üstün tutmaq) yaraşmaz. Çünki Allah yolunda onlara elə bir susuzluq, yorğunluq və aclıq üz verməz, kafirlərin qəzəbinə səbəb olan elə bir yerə onlar ayaq basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin savabını itirməz!”

Fövqəluca Allah nurlu Mədinədə yaşayan mühacir və ənsarları və habelə şəhərin ətrafında yaşayan, İslamı qəbul edib nümunəvi müsəlman olan bədəviləri xeyirxah əməllərə ruhlandırır. Belə insanlara Allahın Elçisinin özünün (ona Allahın salavatı və salamı olsun!) iştirak etdiyi yürüşdə iştirakdan imtina etmək yaraşmaz. Onlara həmçinin rahatlıq axtarmaq, Elçinin (ona Allahın salavatı və salamı olsun!) alicənab və şərəfli həyatı qarşısında öz həyatına üstünlük vermək yaraşmaz. O (ona Allahın salavatı və salamı olsun!), möminlərə onların özlərindən yaxındır və buna görə hər bir müsəlman onun (ona Allahın salavatı və salamı olsun!) xatirinə öz həyatını qurban verməyə hazır olmalıdır. Əgər müsəlman Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) doğrudan da ehtiram bəsləyirsə və onu (ona Allahın salavatı və salamı olsun!) sevir və ona (ona Allahın salavatı və salamı olsun!) layiqincə iman gətirirsə, onda o, heç vaxt onunla (ona Allahın salavatı və salamı olsun!) birlikdə hərbi yürüşdə iştirak etməkdən boyun qaçırmaz.
Sonra Fövqəluca Allah möminləri müqəddəs müharibədə iştiraka ruhlandıran savablandırılma haqqında bəhs edir. Döyüşçüləri Allah yolunda haqlayan susuzluq, yorğunluq və aclıq, düşmən torpaqlarının alınması, düşmən qoşunlarının məğlubiyyətə uğradılması və döyüşdə ələ keçirilən qənimətlər — bütün bunlar müsəlmanlar üçün xeyirxah əməllər kimi hesablanır, çünki onlar möminlərin saleh əməllərinin nəticələridir. Allah xeyirxahlıq edənləri, Onun hökmlərini yerinə yetirməyə tələsənləri və Onun qarşısında və Onun məxluqları qarşısında öz vəzifələrini vicdanla yerinə yetirənləri savabsız qoymur. Ayədə xatırlanan əməllər Onun yolunda mübarizlərin saleh əməllərinin nəticələridir.

(9.121) “Onların çəkdikləri az-çox elə bir xərc, keçdikləri elə bir vadi olmaz ki, Allah əməllərinin qarşılığının daha artığını verməklə, əvəzində onlara (savab) yazılmamış olsun!”

Allah yolunda sədəqə vermək və hərbi yürüşlərdə iştirak etmək saleh əməllərə daxildir və müsəlmanlar onlara görə savab alacaqlar və onların həddi, əgər əməllər səmimiyyətlə Fövqəluca Allah xatirinə edilmişsə, möminlərin etdikləri əməlləri dəfələrlə üstələyəcəkdir. Bu və bundan əvvəlki ayələr müsəlmanları cihadda iştirak etməyə, bu yolda rastlaşacaqları istənilən çətinliyə görə savab alacaqlarına ümid bəsləməyə çağırır, çünki məhz bunun sayəsində onlar böyük yüksəkliklərə ucala biləcəklər. Bu ayələrdən həm də məlum olur ki, insan hətta özünün adi xeyirxah əməllərinə görə belə çox böyük savablar ala biləcəkdir.

(9.122) “Möminlərin hamısı birdən (döyüşə) çıxmamalıdır. Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (yaramaz işlərdən) çəkindilər!”

Fövqəluca Allah Öz iman sahibi olan qullarına nə edəcəklərini xəbər verir. Onlar cihada hamılısı birdəfəlik getməməlidir, çünki bu onlar üçün çoxlu problemlər yarada bilər və onları digər nemətləri əldə etməkdən məhrum qoya bilər. Yaxşı olar ki, hər şəhərdən, hər qəbilədən düşmənlə döyüşmək üçün döyüş əməliyyatlarını aparmaq və qarşıya qoyulan məqsədə nail olmaq üçün kifayət qədər döyüşçülər göndərilsin.
Sonra Fövqəluca Allah qeyd edir ki, cihada göndərilməyən müsəlmanlar başqa insanlara daha çox fayda verə bilərlər ki, əgər onlar da hamısı ilə birlikdə döyüşə göndərilsələr, bundan faydalı istifadə etmək olmaz. Cihadda iştirak etməyən insanlar şəriət elmlərini öyrənməli, onların mənalarını və ayinlərini dərk etməli, bu elmi digərlərinə öyrətməli və döyüşçülər savaşdan evlərinə qayıtdıqdan sonra onlara öyüd-nəsihət verməlidirlər.
Bu ayə biliklərin üstünlüyünü və dini məsələlərdən baş çıxarmaq bacarığını xüsusilə qeyd edir. Dini öyrənmək ən vacib hökmlərdən biridir və əgər insan müvafiq biliklərə yiyələnirsə, onda o, onları yaymalı, onları Allahın qulları ilə bölüşdürməli və insanlara faydalı məsləhətlər verməlidir. Doğrudan da, alim insan bilikləri yayırsa, onda onun elmi bərəkətli olur və ona savab gətirir və onlar daima artıb-çoxalır. Əgər alim qınına çəkilirsə, insanları hikmətli nəsihətlər və xeyirli möizələr vasitəsilə Allahın yoluna dəvət etmirsə, nadan insanlara onların bilmədiklərini öyrətmirsə, onda belə alim müsəlmanlara hansı faydanı verə bilər? O ölər və bütün bilikləri də onunla birgə ölər, lakin bu sonuc Allahın elm və müdriklik verdiyi insan üçün ən böyük zərərdir.
Bu ayə həm də onu göstərir ki, müsəlmanlar müəyyən şəxslərə bütün ümmətə fayda gətirə bilən işlərlə məşğul olmağı həvalə etməlidirlər. Belə insanlar özlərini bu işlərə bütövlüklə həsr etməklə layiqinsə səy göstərməli və öz vaxtını başqa işlərə sərf etməməlidirlər. Onlar ancaq bu minvalla öhdələrinə götürdükləri vəzifələri yerinə yetirə və insanlara böyük faydalar verə bilərlər. Müsəlmanlar ancaq yeganə bir məqsəd güdməlidirlər — İslam dininin xeyrinə və öz qardaşlarının maddi rifahı naminə çalışmaq. Onlar müxtəlif sahələrdə işləyə və müxtəlif işlər görə bilərlər, lakin onların hamısını bir ümumi məqsəd birləşdirir. Bu müdrik və faydalı prinsipə bütün hallarda riayət etmək zəruridir.

(9.123) “Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdən (özlərinə qarşı) sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir!”

Bu ayədə yenə bir Quran nəsihəti vardır. Döyüş əməliyyatlarında kimlərin iştirak etməli olduğunu izah etdikdən sonra, Fövqəluca Allah bildirir ki, öncə müsəlmanların yaxınlığında yaşayan kafirlərlə döyüşə başlamaq lazımdır.
(Bütün hallarda müsəlmanların silahlı mübarizəyə qoşulması kortəbii halda, ayrı-ayrı fərdlər və ya əlahiddə qruplar tərəfindən deyil, müsəlman ümmətinin rəhbəri tərəfindən həyara keçirilməlidir. Cihad haqqında ayələr şərəfli Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun!) İslam hakimiyyətini bərqərar etdiyi dövrdə nazil edilməyə başlamışdı və hərbi əməliyyatların keçirilməsi səlahiyyətli müsəlmanlara (peyğəmbərə, xəlifəyə və s.) aid idi. Bu və buna bənzər İslam hökmləri ilə əlaqədar qeyd edilməlidir ki, cihad (ilk növbədə bu ad altında, çox vaxt mütləq şəkildə, “müqəddəs müharibə” nəzərdə tutulur. Halbuki, cihadın digər əsas tətbiq olunduğu sahə insanın, müsəlmanın nəfsidir. İnsan ki, öz nəfsi ilə müqəddəs müharibəyə girişmir və bu mümkün də deyil. Amma insan öz nəfsi ilə mübarizə apara, yəni cihad edə bilər və etməlidir. Bu, insanın mənəvi durumu ilə bağlı müddəadır və, bəzən, “cihad” sözünü kabusa çevirərək ondan öz məqsədləri üçün istifadə edənlər də, xalqların, millətlərin taleyinə biganə olmayanlar da bu elementar gerçəkliyə xüsusi diqqət yetirməlidilər. Digər tərəfdən “cihad” ifadəsi heç də şok mənbəyinə çevrilməməli, fitnəkarlıqlar törətmək üçün o, səbəb kimi göstərilməməlidir. Eyni mahiyyətli söz və söz birləşmələri bütün dinlərdə və dillərdə var və heç kim onları bayraq edib müsəlləyə çıxmır. Allahın buyuruğu cihad döyüş mənasında fərdlər, qruplar və s. üçün nazil edilməmişdi. Bu gün əgər cihadı “müqəddəs müharibə” kimi qəbul edən varsa, o, onu da bilməlidir ki, belə müharibənin başladılasının və aparılmasının bütün səlahiyyətləri müasir dövlətlərin funksiyaları çərçivəsindədir və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) əqidəsinə sahib olanlar bu həqiqəti müdafiə edir və hər hansı dövlətin səlahiyyətinə qarışmağı yolverilməz günah hesab edirlər. F.S.)
Döyüş əməliyyatları zamanı müsəlmanlar sərtlik, cəsarət və mətinlik göstərməlidirlər. Onlar həmçinin bilməlidirlər ki, Allah Öz qullarına yardımını onların Allahdan qorxu hissinə müvafiq olaraq göstərir. Əgər onlar təqvalılığa etiqad etsələr, onda O, onlara kömək göstərər və düşmənə qələbə çalmağa yardım edər.
Müsəlmanların yaxınlığında yaşayan kafirlərlə döyüşmək haqqında hökm ümumi səciyyə daşıyır. Amma əgər kafirlərə qarşı döyüş əməliyyatlarına başlamaq məqsədəuyğun olduğu halda, onlar müsəlmanlardan uzaqda olarlarsa, onda belə etməyə icazə verilir, çünki bunun üçün səbəb çox ola bilər.

(9.124) “Bir surə nazil edildiyi zaman onlardan (münafiqlərdən): “Bu sizin hansınızın imanını artırdı?” — deyənlər də var. Möminlərə gəlincə, onların imanını artırar və onlar sevinərlər”.
(9.125) “Qəlblərində mərəz olanlara gəldikdə isə, (hər bir surə) onların murdarlığının üstünə bir murdarlıq da gətirər və onlar kafir olaraq ölərlər!”

Fövqəluca Allah növbəti Quran vəhyi nazil edilərkən münafiqlərin və möminlərin özlərini necə apardıqları barədə xəbər verir və onların davranışındakı fərqi qeyd edir. Quran ayələri hökmlərdən və qadağalardan ibarətdir, Allah haqqında hekayətlərdən bəhs edir, gizli qalmış tarixi hadisələri rəvayət edir və həmçinin cihadda iştiraka çağırır. Belə vəhylər nazil edilərkən münafiqlər iman gətirənlərdən soruşurlar: “Bu ayələr nazil olunduqdan sonra kimin imanı daha da gücləndi?”
Fövqəluca Allah izah edir ki, növbəti ayələr nazil edildikdən sonra əvvəl iman gətirənlərin imanı güclənmişdir. Onlar yeni biliklər əldə etmiş, növbəti vəhyin mənasını dərk etmiş, ona iman gətirmiş və onun tələblərinə uyğun olaraq rəftar etməyə başlamışlar. Onlarda yaxşılıq etmək və pislikdən çəkinmək arzusu oyanmışdır. Onlar Allahın onlara növbəti ayələri nazil etməsi, onları başa düşməyə və onlarda olan hökmləri yerinə yetirməyə kömək etməsi münasibəti ilə bir-birilərini təbrik etmişlər. Bütün bunlar ona dəlalət edir ki, iman sahiblərinin sinəsi Onun ayələri üçün açılmışdı, qəlbləri yəqinliklə dolmuşdu, onlar özləri isə öz Rəbbinin istənilən hökmünə itaət etməyə o saat hazır idilər.
Ürəkləri şəkk-şübhəyə və ikiüzlülüyə mübtəla olmuş günahkarlara gəldikdə isə, növbəti ayələrin nazil edilməsi onların mərəzini daha da artırmış və şəkk-şübhələrini çoxaltmışdı. Onlar bu ayələrə iman gətirməkdən imtina etmiş, onları rədd etmiş və onlardan üz çevirmişdilər. Belə münasibət onların xəstəliyini dərinləşdirmiş və onları məhvə doğru daha da yaxınlaşdırmışdı. Son nəticədə onlar kafir qalaraq həyatdan ayrılmışdılar. Onlar Allahın möcüzələrinə iman gətirmək istəmədilər və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətsizlik göstərdilər və buna görə Allah onları cəzaya məruz qoydu və öz Rəbbi ilə görüşən günə qədər onların ürəyinə münafiqlik saldı.

(9.126) “Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar olduqlarını görmürlərmi? Bununla belə, yenə tövbə edib ibrət almırlar!”

Fövqəluca Allah mürtədləri kafirliyə etiqad etdiklərinə və münafiqlik göstərdiklərinə görə qınayır. Nə əcəb onlar başlarına gələn bədbəxtlikləri və məruz qaldıqları xəstəlikləri üzərində düşünmürlər? Nə əcəb onlar Allahın onları sınamaq üçün nazil etdiyi hökmləri üzərində fikirləşmirlər? Onlar törətdikləri öz cinayətlərini tövbə etmək və onlara fayda verəni etməyi və zərər verəndən çəkinməyi nəsihət edən təlimatı xatırlamaq istəmirlər.
Fövqəluca Allah onları sınağa çəkdi, çünki O, bütün qalan xalqlarla da belə etmişdi. O, onları sevinc və kədərlə, hökmləri və haramları ilə sınaqdan keçirir ki, onlar düz yola qayıtsınlar, lakin onlar tövbə etməkdən və təlimatı xatırlamaqdan imtina edirlər.
Bu ayələr imanın güclənib-zəifləməsini sübut edir. Mömin müsəlman öz imanının qayğısını çəkməlidir. O, imanını həmişə yüksək saxlaması üçün onu dəyərləndirməli, yeniləşdirməli və artırmalıdır.

(9.127) “(Münafiqlərin yaramaz işlərindən, qəbahətlərindən xəbər verən) bir surə nazil edildiyi zaman bir-birinə baxıb: “(Müsəlmanlardan) sizi görən varmı?” — deyə soruşur, (görən yoxdursa) dönüb aradan çıxırlar. Onlar (haqqı) anlamaz bir tayfa olduqları üçün Allah da ürəklərini (imandan, xeyirdən) döndərmişdir!”

Münafiqlər ehtiyat edirlər ki, onların ürəklərində gizlətdiklərini insanlara xəbər verən bir surə nazil edilsin. Fövqəluca Allah növbəti vəhyini insanların ona iman gətirməsi və onun hökmlərinə uyğun olaraq davranmaları üçün nazil etdikdə, onlar bir-birinin üzünə baxır və anlayırdılar ki, onlardan heç biri nazil edilmiş hökmü yerinə yetirməyəcək. Onlar ancaq onu gözləyirlər ki, fürsət əllərinə düşən kimi möminlərin nəzərindən yayınıb gizlənsinlər və deyirlər: “Müsəlmanlardan kimsə sizi görürmü?” Sonra isə onlar hiss etdirmədən geri çevrilib gedirlər. Allah isə onları cəzalandırır və bu, onların törətdikləri cinayətlərə uyğun gəlir. Onlar xeyirxah əməllərdən üz döndərirlər və Allah da onların ürəklərini haqdan döndərir və onları yardımından məhrum edir. Bunun səbəbi onlara deyilənləri düzgün başa düşməmələrində və onlardan fayda əldə edə bilməmələrindədir. Əgər onlara deyilənləri başa düşsəydilər, onda növbəti vəhyin nazil edilməsindən sonra onlar mütləq ona iman gətirərdilər və öz Rəbbinin iradəsinə tabe olardılar.
Bu ayə münafiqlərin müqəddəs müharibəyə və şəriətin digər hökmlərinə necə böyük nifrət bəslədiklərini izah edir. Fövqəluca Allah buyurur: “Möminlər: “Kaş (cihad barəsində) bir surə nazil olaydı!” — deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, (Ey Elçim!)qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün! Amma onlara daha çox yaraşardı…” (Muhəmməd, 47/20).

(9.128) “(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə Şəfqətli, Mərhəmətlidir!”

Fövqəluca Allah qullarına onların arasından çıxmış savadsız bir Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) göndərməklə onlara göstərdiyi mərhəmətini xatırladır. Onlar onun (ona Allahın salavatı və salamı olsun!) keyfiyyətləri haqqında yaxşı məlumata malikdilər və ondan öyrənə bilərdilər. Onlarda ona (ona Allahın salavatı və salamı olsun!) itaət etməməyə heç bir əsas yox idi və həmçinin o (ona Allahın salavatı və salamı olsun!) onlara ürəkdən gələn xeyirxahlıqla yanaşırdı və onlara hər cür kömək göstərməyə çalışırdı. Onlar çətinlik çəkdikdə, bu onu narahat edirdi. O (ona Allahın salavatı və salamı olsun!) onlara ancaq yaxşılıq istəyirdi və əlindən gələni edirdi ki, onlara xeyir əldə etməyə köməklik göstərsin və onları doğru yola gətirməyə can atırdı. O (ona Allahın salavatı və salamı olsun!) istəmirdi ki, onlara pislik toxunsun və mümkün olanı edirdi ki, onlar o pislikdən uzaqlaşmağı öyrənsinlər. Mömin müsəlmanlara qarşı o (ona Allahın salavatı və salamı olsun!), onların valideynlərindən daha mehriban və mərhəmətli idi və buna görə müsəlmanların Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) qarşısında vəzifəsi bütün digər insanların qarşısında olan vəzifələrindən üstündür. Bütün insanlar ona (ona Allahın salavatı və salamı olsun!) iman gətirməli, ona (ona Allahın salavatı və salamı olsun!) ehtiram bəsləməli və onu (ona Allahın salavatı və salamı olsun!) sevməlidirlər.

(9.129) “Əgər onlar üz döndərsələr, de: “Mənə Allah yetər. Ondan başqa ilah yoxdur. Mən Ona təvəkkül etdim. O, Böyük Taxtın Rəbbidir!”

Ey Muhəmməd! Əgər onlar iman gətirsələr, doğru yola gələrlər və onlara nəsib olanı alarlar. Lakin imandan və xeyirxah əməllərdən üz döndərsələr, öz yoluna davam et və İslama dəvətini davam etdir. De: Allah mənə bəsdir! O, məni narahatçılıqlardan və həyəcandan xilas edər. Allahdan başqa ibadətə layiq olan ilah yoxdur! Mən təkcə Ona təvəkkül edirəm və qəti əminəm ki, O, məni faydalı olan hər şeyə O, yaxınlaşdıra və mənə zərərli olan hər şeydən uzaqlaşdıra bilər. O, bütün Kainatı əhatə edən Böyük Taxtın — məxluqlardan ən əzəmətlisinin Rəbbidir. Bu isə o deməkdir ki, O, həm də bütün qalan məxluqların Rəbbidir”.

—————-
Əbdürrəhman bin Nasir əs-Səədi

MÜQƏDDƏS QURANIN TƏFSİRİ

Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov

Bənzər Məqalələr