Otuz dördüncü fəsil: Nəsəbə tənə etmək, ah-nalə, şivən qopardaraq ölü üçün ağlamağın küfr olması.

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “İnsanlarda küfr olan bu iki xüsusiyyət var: “Nəsəbə tənə etmək və ah-nalə, şivən qopardaraq ölü üçün ağlamaq”

Otuz beşinci fəsil: Ulduzların doğub-batmasına görə bizim üçün yağış yağdı.

Zeyd ibn Xalid əl-Cuhani (r.a) belə rəvayət edir: “Peyğəmbər (s.a.v) Hüdeybiyyədə yağışlı bir gecənin ardından bizə sübh namazını qıldırdı. Namaz qurtardıqdan sonra insanlara tərəf dönərək belə soruşdu: “Rəbbinizin nə dediyini bilirsinizmi? Onlar: “Doğrusunu Allah və Rəsulu bilər” deyə cabab verdilər. Peyğəmbər (s.a.v) belə buyurdu: “Allah-Təala buyurdu: “Qullarımdan bəzisi mənə mömin, bəzisi isə kafir olaraq sabaha çıxdı. Kim Allahın lütfü və rəhmətinə görə bizim üçün yağış yağdı deyibsə, O, mənə iman, ulduzlara isə küfr etdi. Yaxud kim bu ulduzların doğub-batmasına görə bizim üçün yağış yağdı deyibsə, mənə küfr, ulduzlara isə iman etdi.”

Otuz altıncı fəsil: Qul ağasından qaçarsa küfr etmiş olar.

Əş-Şəbi Cərirdən (r.a) belə eşitdiyini rəvayət edir: “Sahiblərindən qaçan hər bir qul onlara geri qayıdana qədər küfr etmiş olar.” Mənsur belə demişdir: “And olsun Allaha ki, Peyğəmbərdən (s.a.v) belə rəvayət olunur, lakin bu hədisin məndən burada, Bəsrədə rəvayət olunmasını istəmirəm.”

Cabir ibn Abdullah (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Qul ağasından qaçarsa, namazları qəbul olunmaz.”

Otuz yeddinci fəsil: Mənim dostlarım yalnız Allah və saleh möminlərdir.

Abdullah ibn Amr ibn əl-As (r.a) belə demişdir: “Peyğəmbərin (s.a.v) gizlincə yox, açıq-aydın belə dediyini eşitdim: “Bilin ki, atamın qohumları (yəni filankəs və filankəs) mənim dostlarım (vəlilərim) deyil. Mənim dostlarım yalnız Allah və saleh möminlərdir.”

Otuz səkkizinci fəsil: Möminin əcri bu dünya və axirətdə verilir, kafirin isə əcrinin bu dunyada verilməsi tezləşdirilər.

Ənəs ibn Malik (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Allah-Təala möminin bir əcrini belə verməkdə zülm etməz. Əcrini dunyada verər və axirətdə də əvəzini ödəyər. Kafirin isə yaxşı əməllərinin əvəzinin əcrini bu dünyada verər, axirət dünyasına qovuşduqda isə ona əvəzi ödəniləcək əcri qalmaz.”

Otuz doqquzuncu fəsil: İslam nədir və onun xüsusiyyətlərinin bəyanı.

Talha ibn Ubeydullah (r.a) belə demişdir: “Nəcd əhlindən saçı dağınıq halda olan bir kişi Peyğəmbərin (s.a.v) yanına gəldi. Biz onun səsinin mızıltısını eşidir, lakin nə dediyini anlamırdıq. Elə ki, o, Peyğəmbərə (s.a.v) yaxınlaşdı, onun İslam haqda soruşduğu anlaşıldı. Peyğəmbər ona: “Gəcə və gündüzün beş namazını qıl” deyə cavab verdi. O: “Mənim üzərimə başqa nə isə əməl etməm vacib deyilmi?” deyə soruşdu. Peyğəmbər ona: “Xeyr, yalnız nafilə qıldığın namazlar başqa Ramazan ayında oruc tutman” deyə cavab verdi. O yenə soruşdu: “Mənim üzərimə başqa nə isə əməl etməm vacib deyilmi?” Peyğəmbər (s.a.v) ona: “Xeyr, yalnız nafilələrdən başqa” deyə cavab verdi. Peyğəmbər ona zəkatı xatırlatdı. O yenə soruşdu: “Mənim üzərimə başqa nə isə əməl etməm vacib deyilmi?” Peyğəmbər ona: “Xeyr, yalnız nafilələrdən başqa” deyə cavab verdi. Sonra kişi çevrilib getdiyi vaxt belə dedi: “And olsun Allaha, buna nə artıracağam, nə də əsgildəcəyəm.” Peyğəmbər (s.a.v) belə dedi: “Dediyinə sadiq qalsa, o, zəfərə çatar.”

Qırxıncı fəsil: İslam beş dayaq üzərində qurulub.

[size=medium]Abdullah ibn Ömər (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “İslam beş dayaq üzərində qurulub. Allahı ibadətdə fərdləşdirmək,(Yalnız Onun ibadətə layiq haqq ilah olduğunu qəbul etmək. )namaz qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq və Həcc etmək.” Bir kişi ibn Ömərə (r.a) belə dedi: “Həcc etmək və Ramazan ayında oruc tutmaq.” O: “Xeyr, Ramazan ayında oruc tutmaq və Həcc etmək. Peyğəmbərdən belə eşitdim” deyə cavab verdi.”

Qırx birinci fəsil: İslamın hansı (əməli) daha xeyirlidir?

Abdullah ibn Amr ibn əl-As (r.a) belə demişdir: “Bir kişi Peyğəmbərdən (s.a.v) belə soruşdu: “İslamın hansı (əməli) daha xeyirlidir? O: “Yemək yedizdirmək və tanıdığına və tanımadığına salam vermək” deyə cavab verdi.”

Qırx ikinci fəsil: İslam özündən əvvəlki əməllərin hökmünü silər. Həcc və hicrət etmənin də belə olması.

İbn Şuməsə əl-Məhri belə rəvayət edir: “Amr ibn əl-As ölüm ayağında (r.a) ikən yanına gəldik. Uzun zaman ağladıqdan sonra üzünü divara tərəf çevirdi. Oğlu ona: “Atacan, Peyğəmbər (s.av) səni filan şeylə müjdələmədimi? Atacan, Peyğəmbər səni filan şeylə müjdələmədimi?” deməyə başladı. O, üzünü çevirərək belə dedi: “Həqiqətən, hazırlamaqda olduğumuz ən fəzilətli şey Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin onun Elçisi olduİman kitabı ğuna şəhadət etməkdir. Həqiqətən, mən üç hal üzərində olmuşam. Düşünürəm ki, o vaxt Peyğəmbərə (s.a.v) məndən çox nifrət edən olmayıb. Mənə imkan tapıb onu öldürməkdən sevimli bir iş olmayıb. Əgər o halda ölmüş olsaydım, Cəhənnəm əhlindən olardım. Allah-Təala İslamı qəlbimə saldıqda Peyğəmbərin yanına gəlib ona belə dedim: “Sağ əlini uzat sənə beyət edim” O əlini uzatdı. Mən əlini sıxaraq dayandım. O mənə: “Ey Amr, sənə nə olub?” deyə soruşdu. Mən: “Şərt qoymaq istəyirəm” deyə cavab verdim. O: “Nə şərt?” deyə soruşdu. Mən: “Günahlarım bağışlansın” deyə cavab verdim. O: “Məgər İslamın özündən əvvəlki əməllərin hökmünü sildiyini, həccin özündən əvvəlki əməllərin hökmünü sildiyini və hicrətin özündən əvvəlki əməllərin hökmünü sildiyini bilmirsənmi?” deyə soruşdu. Mənə (o anda) Peyğəmbərdən sevimli, gözümdə ondan daha hörmətli bir kəs qalmadı. Ona hörmətimdən, doyunca onun üzünə baxa bilmirdim. Bir kimsə məndən onu vəsf etməmi soruşsaydı, onu vəsf edə bilməzdim, çünki ona doyunca baxa bilməmişəm. Əgər o halda ölmüş olsaydım, Cənnət əhlindən olmağımı ümid edərdim. Ondan sonra etdiyim şeylərə görə halımın necə olacağını bilmirəm. Öldüyüm vaxt arxamca od aparılmasın, ah-nalə çəkilməsin. Məni dəfn etdiyiniz vaxt üzərimə torpağı yaxşıca tökün, sonra qəbrimin ətrafında dəvənin kəsilib paylandığı müddət qədər durun ki, sizinlə ünsiyyətdə olum və Rəbbimin Elçisini nə ilə qarşılayacağımı düşünüm.”

Qırx üçüncü fəsil: İslamda yaxşı işlər görəndən sonra cahillikdə etdiyi əməllərə görə hesab çəkilməz.

Abdullah ibn Məsud (r.a) belə buyurur: “Bir neçə insan Peyğəmbərdən (s.a.v) belə soruşdu: “Ey Allahın Elçisi, cahillikdə etdiyimiz əməllərə görə hesab verəcəyikmi?” O: “Sizlərdən kim İslamda yaxşı işlər görərsə, cahillikdə etdiyi əməllərə görə hesaba çəkilməz, kim pis işlər görərsə, cahillikdə və İslamda olduqda etdiyi əməllərə görə hesab verər” deyə cavab verdi.”

Qırx dördüncü fəsil: Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür.

Abdullah ibn Məsud (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür.”

Qırx beşinci fəsil: Dininə (İslama) gözəl bir şəkildə riayət edənə, etdiyi hər bir əməlin savabı on qat mislində yazılar.

Əbu Hüreyrə (r.a) Peyğəmbərin(s.a.v) belə dediyini rəvayət edir: “Allah-Təala buyurur: “Əgər bəndəm yaxşı əməl etmək istəsə Mən ona bu əməli etməsə belə, bir savab yazaram, əgər o, bu əməli etsə, Mən ona bu savabı on qat mislində yazaram. Əgər pis əməl etmək istəsə və bu əməli etməsə, Mən bağışlayaram, əgər o, bu əməli etsə, Mən ona bu əməlin mislində günah yazaram.” Peyğəmbər (s.a.v) buyurdu: “Mələklər dedi: “Ey Rəbb, o bəndən bu pis əməli etmək istəyir (və o, bunun pis əməl olduğunu bilir).” Allah-Təala buyurdu: “Ona nəzarət edin. O, bu əməli etsə, ona bu əməlin mislində günah yazın, əgər etməsə, əvəzinə ona savab yazın. Çünki o, bu əməli mənə görə tərk etdi.” Peyğəmbər belə buyurdu: “Allahla qarşılaşana kimi dininə (İslama) gözəl bir şəkildə riayət edənə, etdiyi hər bir əməlin savabı on qat mislindən yeddi yüz qat mislinə kimi yazılar və etdiyi hər bir pis əməlin günahı, etdiyi günahın mislində yazılar.”

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Allah-Təala ümmətimə könlündən keçirdiyini, onu danışıb və ya etməyincəyə qədər onlara bağışlar.”

————–
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir

Share Button
Tarix: 26.05.2010 | Oxunma sayı: 374 baxış