featured-image-2953

Talut dünyadan köçdükdən sonra Davud padşahlığa çatdı. Padşahlıq məqamı onu məğrur etmədi. O verdiyi ne`mətinə görə Allaha şükr edirdi. Allah-təala Tövratdan sonra Davud üçün Zəburu göndərdi. Ona çox işlər öyrətdi. Quşların dilini tə’lim verdi. Ona gözəl və ürəkoxşayan səs əta etdi. Davudun səsini eşidən zaman insanların ürəklərində iman güclənirdi. Səsi ürək açır və çaydan axan suyun səsinə oxşayırdı; axar suyun şır-şır səsinə, bahar çağı quşların könül oxşayan səslərinə.

Allah-təala dəmiri onun üçün yumşaltdı. Möhkəm dəmir Davudun əlində yumşaldı. Davud dəmirdən Allah yolunda mübarizlər üçün zireh düzəldirdi.
O böyük insan at yetişdirməyə də böyük əhəmiyyət verirdi. Çünki, atlar güclü silah sayılır və at minənlər Allah yolunda mübarizə edirdilər. Davud hər dəfə Zəbur oxuyanda quşlar onu müşayiət edir və Allahı zikr edirdilər. Dağlar da belə edirdi.
O, adil hökmran idi. Camaat arasında Allahın dininə uyğun şəkildə hakimlik edirdi. Hər bir məzlum öz insaniyyət haqqını kamil surətdə alırdı. Ona görə də camaat səadət və xoşbəxtlikdə yaşayırdılar.
Davud gecənin üçdə birini Allaha ibadətlə keçirirdi. O, Allahı sevirdi. Allah-təala da onu sevirdi. O, oruc tutur, daim Allahı yad edirdi. Səhər yuxudan oyandıqda Allaha zikr və təsbeh deyirdi. Dağlar onun zikrini təkrar edirdi. Davud qüdrətli bir dövlət yaratdı; Allaha və onun ayininə iman gətirənlər üçün bir dövlət. Davud həm başçı oldu, həm də peyğəmbər.
O, vaxtını dəqiq müəyyən etmiş, həyat və yaşayışını nizam-intizam üzrə qurmuşdu. Həzrət Davud (ə) öz vaxtını dörd hissəyə bölmüşdü: Bir hissəsini şəxsi işlərini yerinə yetirmək üçün, bir hissəsini ibadət üçün, bir hissəsini camaatın ziddiyyətli məsələlərini həll etmək üçün və bir hissəsini isə övladlarını tərbiyə etmək üçün ayırmışdı.

İMTAHAN

Davud öz sarayında yaşayırdı. Qapının önündə mühafizəçilər dayanmışdılar. İbadət vaxtı heç kəsə onun ibadət yerinə girməsi üçün icazə vermirdilər. Davud ibadət mehrabında oturduğu zaman birdən onun qarşısında iki kişi göründü. O, qorxdu. Çünki, o iki nəfər onlara aid olmayan bir vaxtda onun yanına gəlmişdilər.
Onların biri Davuda dedi:
-Qorxma! Bizim sənə ziyan vurmaq niyyətimiz yoxdur. Gəlmişik ki, bizim aramızda olan mübahisəli məsələ barəsində hakimlik edəsən. Davud arxayın olduqdan sonra onlardan soruşdu:
-Sizin ixtilafınız nədədir?
Onların biri dedi:
-Bu adam mənim qardaşımdır. Bunun doxsan doqquz baş camışı vardır. Mənimsə təkcə bir camış var. Amma, bu, mənim bir baş camışıma göz tikib. Bununla belə onun sübutu güclüdür.
Davud çox tə`sirləndi. Qəzəb və narahatlıqla dedi:
-Qardaşın sənə zülm etmişdir. Onun doxsan doqquz baş camışdan ibarət sürüsü olduğu halda sənin bir baş camışını da almaq istəyir.
Davud hökm verməyə tələsdi. O biri tərəfin sübutunu soruşmadı. O, hər iki tərəfdən məsələni soruşmalı idi.
Birdən onların hər ikisi gözdən itdi. Davud öz səhvini anladı. Həqiqətdə bu, Allahın Davud üçün bir imtahanı idi. O, ixtilafı olan hər iki tərəfin sözlərini eşitməli idi. Davud bildi ki, Allah onu imtahana çəkmişdir. Ona görə də hökmü çıxarmaqda tələsdiyinə görə Allahdan bağışlanmaq istədi.

YENİ HÖKM

Allah-təala Davuda Süleyman adlı bir övlad əta etdi. Süleyman atasının yanında böyüdü. Ata övladına gözəl əxlaq öyrətdi. Onu ibadət, xeyirxahlıq və Allaha şükr yolunda tərbiyə etdi.
Süleyman böyüdü və yeniyetmə yaşına çatdı. O, ağıllı və imanlı bir cavan oldu. Allah-təala Süleymanın üstünlüyünü göstərmək istədi. İstədi insanlara çatdırsın ki, o, atası Davudun varisidir.
Bir gecə camaat yuxuda rahat yatmışdılar. Əkinçilər və bütün çobanlar yuxuda idilər. Bir qoyun sürüsü öz tövləsindən çıxıb, üzüm tarlasına tərəf getdi. Qoyunlar üzüm salxımlarını yeyib, əkin sahələrini dağıtdılar.
Səhər vaxtı üzümlərin sahibi yuxudan oyanıb, bağa və öz üzüm tarlasına tərəf gedərkən qoyunlar hələ tarladaydılar. Kişi qəzəbləndi. Üzünü qoyunların sahibinə tutdu və qoyunları tarlanı otladıqları üçün onu ittiham etdi. Bununla da onların arasında ziddiyyət və qarşıdurma yarandı. Qoyunların sahibi dedi:
-Peyğəmbərin yanına gedərik və ondan bizim aramızda hökm etməsini istəyərik.
Tarla sahibi yolda qoyunların sahibinə dedi:
-Sən öz qoyunlarını saxlamalısan ki, istədikləri yerə gedib, otlamasınlar.
Qoyunların sahibi dedi:
-Sən də gərək öz tarlanı qoruyasan.
Tarla sahibi dedi:
-Mən yalnız gündüzlər tarlanı qoruya bilirəm. Amma, gecələr heç kəs qoyunlarını otlağa aparmır.
O anda Davudun sarayına çatdılar. Peyğəmbər camaat arasında qəzavət və hakimlik üçün oturmuşdu. Növbə üzümlərin sahibinə çatdı. O, Davudun yanına gəldi və hadisəni o həzrətə söylədi. Davud macəraya qulaq asdı. Bu məsələ barəsində öz hökmünü bəyan edib, buyurdu:
-Qoyunların sahibi öz qoyunlarını tarla sahibinə verməlidir. Çünki, qoyunları əkin tarlasına ziyan vurmuşlar.
Allah-təala Davud oğlu Süleymanın elm və biliyini aşkar edib, onu insanlara peyğəmbərin varisi kimi tanıtdırmaq istədi. Ona görə də Süleymanın qəlbinə yeni bir hökm ilham etdi. Süleyman atasına dedi:
-Ey Allahın peyğəmbəri! Bir incə və zərif hökm də var.
Davud buyurdu:
-Oğlum! Nə hökm?
Süleyman dedi:
-Tarla sahibi qoyunları bir il müddətinə onların sahibindən alar və onların yunundan, südündən və balalarından istifadə edər. Qoyunların sahibi də tarlanı təhvil alar ki, qoyunlarının əkin sahələrinə vurduğu ziyanları düzəltsin.
Davud Süleymanın hökmünə sevindi və anladı ki, Allah-təala Süleymanın elm və biliyini insanlar üçün bəyan etmək istəyir və onlara anlatmaq istəyir ki, o, Davudun varisi və canişinidir. Ona görə də Davud Süleymanın hökmünü icra etdi. Həmin hökm o zaman eləcə icra olunurdu.
Davudun hakimiyyəti qırx il çəkdi. O, bu müddət ərzində Allahın fərmanları ilə hökm edirdi. Xeyir, bərəkət və əmin-amanlıq onun hakimiyyəti altında olan yerlərdə yayılmışdı. Davud özünü ölüm ərəfəsində gördükdə Süleymanı özünə varis və canişin e`lan etdi. Allah-təala Süleymanı onun nümayəndəliyinə seçdi. Çünki, Süleyman rəftar, əxlaq və insanpərvərliyində atası Davud kimi idi.

————
Tamilla Mirzoyeva

Bənzər Məqalələr