Uca Allah, insanı üstün bir varlıq olaraq yaratmış, dünya nemətlərini onun xidmətinə vermişdir. Lakin, mələklərdə olmayan bir özəlliyi, insana verərək, onu imtahana çəkmişdir. Bu özəllik – nəfs’dir. Nəfs – insana doğrunu yanlış, yanlışı isə doğru şəkildə göstərə bilir və həmçinin, səhv qərarlar verməsinə də səbəb ola bilir. Bəzən insan, ona bəxş edilmiş nemətləri gözməzlikdən gəlir, naşükürlük edir və beləcə Uca Yaradana -istəyərək və ya istəməyərək- üsyan etmiş olur. Halbuki, Uca Allah, insanı düşünməyə, əlində olmayan şeylərə görə qəzəb göstərərək, ona bəxş edilmiş yüzlərlə neməti unutmamağa çağırır:

“..Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz..”

İnsan bir dəqiqəsini ayıraraq, ona bəxş edilmiş şeylərə nəzər yetirməyə çalışsa, həqiqətən necə də naşükürlük etdiyini anlamış olar. Lakin insanları çoxu, əksər zamanlarda bunu etməz və beləcə, Allaha qarşı nankorluq etmiş olarlar. Yuxarıda qeyd etdiyimiz ayənin davamında, Uca Allah buna işarə etmişdir:

“.. Həqiqətən, insan çox zalım, həm də çox nankordur.” (İbrahim, 33-34)

 

Dünyada insana bəxş edilmiş və minlərlə insanın məhrum olduğu böyük nemətlərdən biri də, əmin-amanlıq nemətidir. Həqiqətən də insanların çoxu, bunu heç düşünməz, bunun necə böyük bir nemət olduğunun fərqinə belə varmaz. “Hər bir sağlam insanın başında bir tac olar, o tacı isə, yalnız xəstələr görər” – hədisindən anladığımız kimi, nemətdən məhrum olan kəsləri xatırlayaraq, şükür etmək və bəxş edilmiş üstünlükləri çox-çox xatırlamaq lazımdır. Əmin-aman yaşayışdan məhrum olanları görüb, öz halına şükür etmək üçün, hər gün xəbərləri izləmək belə kifayət edər.. Bu səbəblə də, Peyğəmbərlərin atası olan İbrahim (ona salam olsun), özünün və ailəsinin məskunlaşdığı torpaqlar üçün ilk olaraq Allahdan məhz – əmin-amanlıq və stabilliyi istəmişdir:

“Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et..”

Maraqlısı budur ki, bu ayə, yuxarıda qeyd etdiyimiz ayələrdən dərhal sonra gəlir (İbrahim surəsi, 35-ci ayə). Uca Allahın, nemətlərə şükür etmək və naşükür insan olmamaq barəsindəki çağırışlarından dərhal sonra, İbrahim peyğəmbərin bu duası – “xatırla” – əmri ilə bizlərə xatırladılır (!).

Naşükürlük – insanın Allaha üsyan edərək, əmin-amanlıq nemətini unutmasına və hətta, bu nemətin nankorluq səbəbiylə Allah tərəfindən ortadan qaldırılmasına (!) səbəb ola bilər. Bu səbəblə də, fitnə və fəsada qapı açacaq səbəblər öncədən dayandırılmazsa, sonra onun qarşısını almaq – mümkünsüz olur və fitnəyə qarışmış ‘sonrasını düşünməyən’ kütlənin törətdikləri yanlışları dayandırmaq mümkün olmur. Böyük alim Təqiyuddun Hərrani demişdir:

“Fitnə baş verərsə, ağıllı insanlar sefehlərin qarşısını ala bilməzlər”. (Minhəcus-Sunnə, 4/343)

 

Əgər narazılıq və naşükürlük qəlbə hakim olmağa başlayarsa, insanın ilk olaraq özünə nəzər yetirməsi, müdrik olaraq bunları düşünməsi lazımdır. Dahi alim İbn Qayyim’in bu sözləri, demək istədiklərimizi anlamaqda yardımçı olacaqdır:

“Allahın hikmətini düşün ki.. Bəndələrin başına təyin etdiyi hakimlər və əmirlər – onların əməllərinin növündəndir. Hətta, (insanların) əməlləri/nəsibləri sanki, başçılarının və hakimlərinin surətində zahir olmuşdur:

  • Əgər onlar doğru yolda olsalar, rəhbərlər də doğru yolda olarlar.
  • Əgər onlar ədalətli olsalar, hakimlər də ədalətli olarlar.
  • Əgər onlar başqalarına zülm etsələr, rəhbərləri də onlara zülm edər.
  • Əgər onlar hiyləgər və kələkbaz olsalar, rəhbərlər də onlara qarşı hiylə işlədərlər.
  • Əgər onlar Allahın onlara vacib etdiyi haqları verməzlərsə və xəsislik edərlərsə, başlarında olan hakimlər də onların haqlarını kəsib onların layiq olduğunu onlara verməzlər..” (Miftəh Dərus-Səadə, 1/253) 

 

İnsan, şükür edəcək səbəbləri unudaraq, narazılıq etdiyi zaman, əmin-amanlıq nemətindən məhrum olma ehtimalını unutmamalıdır. Çünki insan kütləsi, cox zaman irəlidə baş verə biləcək fitnələri, bəlaları düşünməz və beləcə, minlərlə insanın həyat yaşamını təhlükəyə ata bilər. Bunun misallarını, keçmiş və yaxın tarixlərdə dəfələrlə görmək mümkündür. “Daha yaxşı həyata sahib olmaq üçün” üsyanlar edən neçə-neçə millətin, bu gün necə ağır bəlalarla imtahan olunduqlarını və bəyənmədikləri o keçmiş həyatlarını bu gün necə arzuladıqlarını görürük.

Lakin təəssüf ki, zamanı geri qaytararaq bunların qarşısını almaq artıq mümkünsüzdür. Həmin zamanlarda yüksək qəzəb və etiraz o qədər yüksək olur ki, edilən heç bir çağırışa məhəl qoyulmaz və hətta, müdrik insanların sözləri ələ salınar. Bu səbəblə də, insanlar, aclıq bəlasından daha ağır bir bəla olan ‘əmin-amanlığın ortadan qalxması’ bəlasına düçar olarlar. “Bəs nə edək?” – deyə sual verənlər isə, bu kimi əməllərin bir çıxış yolu olmadığını, əksinə daha da ağır bir fitnə və fəsada səbəb olma ehtimalının daha yüksək olduğunu görmək üçün, yenə də yaxın tarixdə müxtəlif müsəlman ölkələrində baş verən acınacaqlı nəticələri diqqətlə təhlil etməlidirlər.

 

Heç şübhəsiz ki, xaosun hökm sürdüyü cəmiyyətlərdə heç vaxt əmin-amanlıq olmaz, qadın, uşaq və yaşlıların həyati təhlükə riski artar. Bu, aclıqdan daha ağır bir sıxıntı olduğuna görə də, İbrahim peyğəmbər (ona salam olsun) məskunlaşdığı vətəni üçün ilk olaraq əmin-amanlıq istəyərək, dua etmişdir.

“Əlbəttə, Biz sizi bir az qorxu, bir az da aclıq ilə imtahan..”
(Bəqərə, 155) ayəsinin təfsirində isə, böyük alim Useymin belə demişdir:

“Qorxu: əmin-amanlığın itməsidir və o, aclıqdan daha betərdir. Ona görə də, Uca Allah, qorxunu aclıqdan öncə qeyd etmişdir.” (Riyadus-Salihinin şərhi, 1/177)

 

Müsəlman cəmiyyətlərin ən böyük problemlərindən biri də, xarici təsirlərə məruz qalaraq, fitnələrə uymaqla bağlıdır. Müstəmləkəçilik siyasətindən doymayan bir çox xarici qüvvələr, hələ də müsəlman cəmiyyət və ölkələrə “inqilablar” yolu ilə zərər vurmaqdan çəkinmirlər. Bunu “icra etmək” üçün isə, yüzlərlə insan inandırılır və müxtəlif üsullara əl atdırılaraq, fəsada doğru qapılar açılır.. Dövrümüzün məşhur alimlərindən olan Albani deyir:

Bəzi islami camaatlar hələ də bu yolla nümayiş edirlər və bunun kafirlərin adətlərindən, üslublarından olduğundan qafildirlər. (Silsilətul-Əhədis əd-Daifə, 14/74 – 6531)

 

Bütün bu dediklərimizdən anlamış oluruq ki, əmin-amanlıq nemətinə təhlükə yaradacaq bütün səbəblərdən uzaq durmaq – mütləqdir. Çünki insan, ən üstün nemətlər barəsində, Allah dərgahında sorğu-sual olunacağını unutmamalıdır.

“O gün siz nemətlər barəsində soruşulacaqsınız” (Təkəsur, 8) – ayəsinin təfsirində böyük səhabə İbn Məsud (Allah ondan razı olsun) demişdir: “Ayədə qəsd olunan nemətlər: əmin-amanlıq və sağlamlıqdır”. (Tabəri, Təkəsur surəsinin təfsiri)

 

 


Uca Rəbbimiz, bizim yaşadığımız torpaqları və digər bütün müsəlman diyarlarını əmin-amanlıq etsin, ailələrimizi qorusun və düşmənlərimizə fürsət verməsin!  

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu
www.islamevi.az
Materiallardan  istifadə edərkən istinad zəruridir!

Bənzər Məqalələr