featured-image-2843

(8.61) “Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir”(Ayənin tərcüməsi redaktə edilmişdir. Buna ehtiyacın yaranmasının səbəbi Təfsirin mətninin özəlliyi ilə izah oluna bilər. Z.B. və V.M.-in tərcüməsində “təvəkkül etməklə” bağlı ifadə tamamilə yox idi. Halbuki bu, ayədə vacib hökmlərdən birini: müsəlmanın bütün əməllərində Allaha təvəkkül etməsini nəzərdə tutan müddəanı ifadə edir. F.S.)

Sənin əleyhinə döyüşən kafirlər sülh müqaviləsi imzalamaq və döyüş əməliyyatlarına son qoymaq istəsələr, sən də sülh müqaviləsi imzalamağa razılaş və Allaha təvəkkül et! Həqiqətən, sülh sazişi bağlamaq böyük fayda gətirə bilər.
Birincisi, müsəlmanlardan həmişə sülhə və əmin-amanlığa can atmaq tələb olunur və əgər kafirlər birinci olaraq sülh bağlamaq arzusunu bildirirlərsə, müsəlmanlar bu təşəbbüsü müdafiə etməlidirlər.
İkincisi, döyüş əməliyyatlarına son verilməsi müsəlmanlara öz qüvvələrini toplamağa və zəruriyyət yarandıqda növbəti döyüşlərə hazırlaşmağa imkan verir.
Üçüncüsü, sülh müqaviləsi imzalandıqdan sonra, düşmənçilik edən tərəflər bir-birini hədələməkdən vaz keçirlər və bir-birilərinin baxışları ilə daha yaxşı tanış ola bilərlər. İslam həmişə digər dinlərdən üstünlük əldə edir və heç bir din ona qalib gəlməyə qadir deyil. Buna görə hər bir ağıllı və sağlam düşüncəli insan İslam dinini qərəzsiz öyrənərsə, hökmən başqa dini əqidələrdən məhz ona üstünlük verər, axı İslam özünün gözəl hökmləri və müdrik qadağaları ilə fərqlənir, məxluqlara ədalətli və mehriban münasibət bəsləməyi öyrədir. Bu dində zülm etməyə və sıxıntı verməyə yer yoxdur və buna görə sülh sazişinin bağlanması İslamı qəbul etmək və ona etiqad göstərmək istəyənlərin sayının artmasına səbəb olur. Bu isə o deməkdir ki, sülh şəraitində yanaşı yaşamaq müsəlmanlara kafirlər üzərində qələbə çalmağa kömək edir. Ancaq bir şərt müsəlmanların ehtiyat etməsinə səbəb ola bilər: kafirlər sülh sazişi bağlamaqla müsəlmanları aldadaraq, onlara növbəti zərbəni vurmaq üçün anını gözləsinlər. Buna görə Allah möminlərə bildirmişdir ki, onlara Onun yardımı kifayət edər və kafirlərin fitnə-fəsadları mütləq onların özlərinə tərəf çevriləcəkdir:

(8.62) “Əgər onlar səni aldatmaq istəsələr, (qorxma və bil ki, onların şərindən və məkrindən qorumağa) sənə təkcə Allah kifayətdir. (O Allah ki) səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi”.
(8.63) “O, onların ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, Qüdrətlidir, Müdrikdir”

Allah səni bütün xoşagəlməz hallardan qoruyacaq. O, sənin maraqların və ehtiyaclarının təmin olunmasının qayğısını çəkir. O, səni dəfələrlə qorumuş və sənə yardım etmişdir və sən Onun səni müdafiə edəcəyinə əmin ola bilərsən. O, sənə göylərdən kömək göstərmiş və bundan sonra heç kim sənə müqavimət göstərə bilməmişdir. O, həmçinin sənə kömək edən möminləri ətrafında cəmləşdirmişdir. O, onların qəlbini bir-birinə yaxınlaşdıraraq onları birləşdirmiş və bunun sayəsində onların gücü dəfələrcə artmışdır. Məxluqların səyi nəticəsində buna nail olmaq mümkün deyildi, çünki buna, Allahdan başqa, heç kim qadir deyildir. Əgər sən yerdə olan bütün qızılları və gümüşləri, habelə digər qiymətli şeyləri sərf etsəydin də, bir-birindən ayrı düşmüş və dağınıq halda olan insanların ürəklərini bir-birinə beləcə yaxınlaşdıra bilməzdin, sən onsuz da buna nail ola bilməzdin. Bil ki, təkcə Fövqəluca Allah məxluqlarının ürəklərini çək-çevir edə bilir. Öz qüdrəti sayəsində O, mömin müsəlmanların ürəklərini birləşdirdi və onların dağınıqlığına son qoydu. Fövqəluca Allah buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz” (Ali-İmran, 3/103)

(8.64) “Ey Peyğəmbər! Sənə və sənin mömin ardıcıllarına Allah kifayətdir!”

Allah Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə gedən möminlərə kömək göstərəcəyini və düşmənlərlə mübarizədə yardım edəcəyini vəd etmişdi. Müsəlmanlar bu şərti yerinə yetirsələr, haqq dinə etiqad etsələr və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getsələr, onda O, bütün dünyəvi və dini işlərində onlara hökmən kömək göstərər. Lakin Onun köməyi, onların bu şərti nə dərəcədə qüsursuz yerinə yetirmələrindən asılı olacaqdır.

(8.65) “Ey Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır!

Ey Peyğəmbər! Möminləri cihada dəvət et və əlindən gələni et ki, onların niyyətləri möhkəm və qəti olsun! Onlarda düşmənlərlə döyüşmək arzusu oyat, onları itaətsizlikdən və müqəddəs müharibədə iştirak etməkdən boyun qaçırmamaq barədə xəbərdar et! Onlara fədakarlığın və səbirliliyin faydası və həmçinin mükafatlandırılma haqqında danış ki, onlar həm bu dünyada və həm də ölümdən sonra həmin məziyyətlərinə görə təltif ediləcəklər. Onlara qorxaqlıqdan törəyən pis nəticələri xatırlat, çünki bu pis xüsusiyyət dindar və igid insanlara yaraşan deyil. İzah et ki, mömin müsəlmanlar həmişə digər insanlardan daha cəsarətli olmalıdırlar. Fövqəluca Allah buyurur: “Düşməni təqib edərkən zəiflik göstərməyin. Əgər siz əziyyət çəkirsinizsə, bilin ki, onlar da siz kimi əziyyət çəkirlər. Lakin siz Allahdan almağa ümid etdiyinizə, onlar ümid bağlamırlar. Allah Biləndir və Müdrikdir” .

Ey möminlər! Əgər sizin aranızda iyirmi nəfər səbirli döyüşçü olsa, onlar iki yüz kafirin öhdəsindən gələrlər. Əgər aranızda yüz nəfər səbirli döyüşçünüz olsa, onda onlar min kafirin öhdəsindən gələrlər. Sizin hər biriniz on kafirə qalib gələr, çünki onlar anlaqsız insanlardır. Onların, Allahın Onun yolunda vuruşanlar üçün hazırladığı mükafatdan xəbərləri yoxdur. Onlar yer üzündə şöhrət tapmaq və orada fitnə-fəsad yaratmaq üçün döyüşürlər, siz isə cihadın haqq məqsəd üçün aparıldığını bilirsiniz. Siz Allahın adını və Onun dinini şərəfləndirməyə can atırsınız, Onun Kitabını müdafiə edirsiniz və Ondan böyük mükafat gözləyirsiniz. Bu şərtlər sizi cəsur, səbirli və cihadda iştiraka hazır olmağa yönəldir.

(8.66) “(Ey möminlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbr edənlərlədir!”

Allah möminlərin vəzifəsini asanlaşdırdı, çünki O, onların zəif olduğunu bilirdi. Onun rəhmi və müdrikliyi Onu öncə xatırladığımız hökmü asanlaşdırmağa sövq etdi və O, bildirdi ki, bundan sonra yüz səbirli müsəlman kafirlərdən iki yüz nəfərin, min səbirli müsəlman isə iki min kafirin öhdəsindən gələ bilər. Allah səbirliləri tərk etmir, daima onlara kömək və yardım göstərir.
Bu və bundan əvvəlki ayələrdəki hekayətlərdən aydın olur ki, əgər möminlərin qoşunlarının sayı müəyyən həddə çatarsa, onlar müəyyən sayda kafirləri darmadağın edə bilərlər. Həm də həmin ayələrdən məlum olur ki, Allah möminlərə onların imanı ilə bağlı olan cəsurluq bəxş etmişdir. Lakin bu vəhylərin əsil mənası ondadır ki, əvvəlcə Allah bir müsəlmanın on nəfər kafirin, on müsəlmanın — yüz kafirin və yüz müsəlmanın min kafirin qarşısından qaçmasını qadağan etdiyi halda, sonradan Allah bu hökmü yüngülləşdirir və müsəlmanlara kafirlərin sayı onlardan cəmi iki dəfə artıq olduqda onların qarşısından qaçmağı qadağan edir. Əgər kafirlərin sayı müsəlmanlarınkından iki dəfədən artıq olarsa, onda onlara geri çəkilməyə icazə verilir. Amma bu iddia iki şərtlə təkzib olunur.
Birincisi, şərh etdiyimiz vəhylər hekayət formasındadır və hər hansı hekayət ancaq xatırlanan mətn çərçivəsində nəzərdən keçirilməlidir. Deməli, bu ayələrdə Allah Öz mərhəmətini qullarının yadına salmışdır və nələrin baş verəcəyini xəbər vermişdir.
İkincisi, bu ayələrdə müəyyən sayda səbirli döyüşçülərdən bəhs edilir ki, onlar müxtəlif şəraitdə dözümlülük göstərməyə alışdırılmış olsunlar. Deməli, əgər döyüşçülər səbirli deyillərsə və əgər hətta düşmən öz sayına görə onlardan iki dəfədən də azdırsa, buna baxmayaraq onlar döyüşün davam etdirilməsinin onların məğlubiyyəti ilə nəticələnəcəyini hesab edirlərsə, o halda onlara geri çəkilməyə icazə verilir. Şübhəsiz ki, bu şərh ilahi müdrikliyə uyğundur, lakin onu təkzib etmək mümkündür.
Birinci iddia Allahın müsəlmanların yükünü yüngülləşdirməsi haqqındakı sözləri ilə təkzib edilir. Bu o deməkdir ki, ayədə xatırlanan hökm qətidir və yerinə yetirilməlidir. Əgər Allah deyibsə ki, O, müsəlmanların vəzifələrini yüngülləşdirmişdir, onda nazil edilmiş ayə, hekayət formasında olsa da Allahın hökmüdür.
Habelə qeyd etmək lazımdır ki, vəhyin hekayət formasında olması bu hökmə xüsusi bir cazibədarlıq bəxş edir ki, ayə əmr formasında nazil edilsəydi, həmin özəlliyindən məhrum ola bilərdi. Bu özəllik ondan ibarətdir ki, Allah möminlərin ürəklərini möhkəmlədərək, onların kafirlər üzərində mütləq qələbə çalacağını xəbər verir.
İkinci iddianın təkzib olunmasını təsdiq edən səbirli döyüşçülər haqqında xatırlatmadır ki, o, sadəcə, müsəlmanları səbirli olmağa çağırır və onları dözümlü və səbirliliyə yönəldən işlər görməyə sövq edir. Əgər müsəlmanlar belə əməllər etsələr, onda mənəvi və maddi şərait onların Allahın iradəsi ilə, az sayla da olsa, qələbə çalacaqlarına dəlalət edəcəkdir.

(8.67) “Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz. (Ey möminlər!) Siz (fidyə almaqla) puç dünya malını istəyirsiniz, Allah isə (sizin) Axirəti qazanmağınızı istəyir. Allah — Yenilməz Qüvvət Sahibi, Hikmət Sahibidir!”

Allah Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) və möminləri Bədr döyüşləri gedişində müşriklərdən əsir götürmələrinə görə məzəmmət edir. Onları diri saxlayırlar ki, əvəzində fidyə alsınlar, halbuki möminlərin gələcək əmiri Ömər b. əl-Xəttab onları axırıncı nəfərinə kimi öldürməyi təklif etmişdi.
Allahın nurunu söndürmək istəyən, Onun dinini məhv etməyə çalışan, yer üzündə tək Ona ibadət edənlərin kökünü kəsmək istəyənlər əsir götürülməməli, onlara görə fidyə almaq məqsədilə onlar diri saxlanmamalı idilər. Çünki onların buna görə alacaqları dünya malı, kafirlərin edam edilməsilə əldə ediləcək fayda ilə müqayisədə çox cüzi idi. Kafirlər hakimiyyətə sahib olduqca və pislik etməyi bacardıqca müsəlmanlar onları əsir götürməməlidirlər. Müşriklərin qanı axıdıldıqda, fitnəkarlıqları darmadağın edildikdə və planları pozulduqda isə, müsəlmanlar əsir kafirləri həyatdan məhrum etməsələr, günah işlətməzlər.
Ey müsəlmanlar! Siz əsirləri diri saxladınız ki, onların əvəzində dünyəvi nemətlər əldə edəsiniz. Siz dininizə daha çox fayda verən şey barədə fikirləşmədiniz. Axı Allah istəyir ki, Öz dinini qüdrətli görsün, Öz sevimli qullarına yardım göstərir və bütün digər dinlər üzərində təntənə çalmasında onların işinə kömək edir. O, onlara əmr edir ki, belə bir uğuru qazanmağa səbəb olacaq əməlləri həyata keçirsinlər.
Onun gözəl adları arasında — Qüdrətli və Müdrik adı haqqında. Onun qüdrəti hüdudsuzdur və əgər O, istəsə, müsəlmanlar kafirlər üzərində hər hansı bir savaşsız qələbə çalardılar. Lakin Onun İlahi müdrikliyi tələb edir ki, insanların bir qismi digər qismi üçün sınaq rolunu ifa etsinlər.

(8.68) “Əgər Allah tərəfindən əzəldən yazılan bir hökm olmasaydı, aldığınız fidyə müqabilində sizə böyük bir əzab toxunardı”
Əgər Fövqəluca Allahın qədəri ilə sizə hərbi qəniməti mənimsəmək icazəsi verilməsəydi, əgər O, sizi ümmətinizin kökünün kəsilməsindən xilas etməsəydi, sizə böyük bir cəza nəsin olardı. Buna görə hədisdə belə deyilir: “Əgər Bədr döyüşü günü cəza nazil edilsəydi, ondan təkcə Ömər xilas ola bilərdi”.

(8.69) “Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq (halallıq və nuşcanlıqla) yeyin. Allahdan qorxun. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir!”

Fövqəluca Allah İslam ümmətinə göstərərək, onlara hərbi qənimət götürməyə icazə vermişdi, halbuki bu, əvvəlki ümmətlərdən heç birinə verilməmişdi. Bununla yanaşı Allah təqvalı olmaq və bəxş edilən nemətlərə görə Ona şükür etmək hökmü vermişdi. Onun gözəl adları arasında Bağışlayan və Rəhmli adları haqqında. O, tövbə edənlərə onların hər cür günahını bağışlayır və Ona şərik qoşmayanların hamısının günahlarını əfv edir. O, müsəlmanlara rəhm etmiş və onlara hərbi qənimətlər götürməyə və onu halal gəlir saymağa icazə vermişdir.

(8.70) “Ey Peyğəmbər! Əlinizə düşən əsirlərə de ki: “Allah qəlbinizdə xeyirxahlıq görsə, sizdən alınandan daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir!”

Bu ayə Bədr döyüşündə əsir düşmüş bir sıra insanlarla əlaqədar olaraq nazil edilmişdir. Əsirlərdən biri Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) əmisi əl-Abbas idi. Müsəlmanlar ondan azad edilməsi üçün fidyə tələb etdikdə, o bildirdi ki, bundan əvvəl İslamı qəbul etmişdir. Lakin müsəlmanlar öz dediklərindən əl çəkməyərək ondan ötrü fidyə verilməsini tələb edirdilər və elə bu vaxt Fövqəluca Allah həmin ayəni nazil etdi və İslamı qəbul edənlərə, lakin müşriklər tərəfində vuruşmağa məcbur olanlara təsəlli oldu. Öz azadlığı üçün onlar nə qədər pul versələr də, əgər onların ürəyində həqiqətən xeyirxahlıq olarsa, Allah onlara verdiklərindən daha böyük mükafat əta edəcəyinə söz verdi. Bununla yanaşı Allah onlara günahlarını bağışlayacağını və onları Cənnət bağlarına daxil edəcəyini vəd etdi.
Sonradan Allah əl-Abbasa və bir sıra digər qüreyşlilərə vəd etdiyini yerinə yetirdi. Bir dəfə, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) çoxlu ianə gətirdikləri zaman əl-Abbas onun (ona Allahın salavatı və salamı olsun!) yanına gəldi. O (ona Allahın salavatı və salamı olsun!), ona özü ilə nə qədər apara bilərsə, götürməsini əmr etdi. O, o zaman ianədən o qədər götürmüşdü ki, evinə çətinliklə aparmışdı.

(8.71) “Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilsinlər ki) bundan (Bədr vuruşundan) əvvəl Allaha xəyanət etmişdilər. Allah (sənə Bədrdə olanlardan intiqam almağa) imkan verdi. Allah (hər şeyi) Biləndir, Hikmət Sahibidir!”

Onlar sənə xəyanət etsələr və sənə qarşı müharibəni yenidən başlasalar, bil ki, onlar əvvəlcə Allaha da xəyanət etmişdilər və buna görə Allah sənə onlara üstün gəlməyə imkan verdi. Qoy onlar sənin etibarına qarşı xəyanət etməkdən çəkinsinlər və yadda saxlasınlar ki, Allah onları cəzalandırmağa qadirdir.
Onun gözəl adları sırasında Bilən və Müdrik adları haqqında. Allah Öz elmi sayəsində hər şeydən xəbərdardır, Öz müdrikliyi ilə isə hər şeyi öz yerində yerləşdirir. Məhz bu sifətləri sayəsində O, şərəfli və gözəl qanunlarını nazil etmiş, azad edilmiş əsirlərin istədikləri zaman müsəlmanlara qarşı xəyanətkarcasına törədə biləcəkləri bəlalardan qurtaracağını müsəlmanlara vəd etmişdir.

(8.72) “Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən mühacirlər və sığınacaq verib köməklik göstərən ənsarlar — məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz. Əgər onlar din uğrunda sizdən kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir camaat əleyhinə yardım istisna olmaqla, kömək etməyiniz gərəkdir. Allah sizin nə etdiklərinizi görür”.

Fövqəluca Allah haqq dini qəbul etmiş və Onun yolunda hicrət etmiş, Onun və Onun yolunda müqəddəs müharibə xatirinə doğma yurdlarını tərk etmiş mühacirlərlə və Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və onun səhabələrinə sığınacaq vermiş, öz evlərini, var-dövlətini və hətta həyatını belə qurban vermiş ənsarlar arasında məhəbbət və dostluq yaratmışdı. Bu müsəlmanlar əsil dostlar və köməkçilər idilər, çünki onların imanı kamil və onları bir-biri ilə bağlayan əlaqə möhkəm idi.
İman gətirib, amma Mədinəyə hicrət etməyənlərə gəldikdə isə, onlar mücahidlərin və ənsarların yardımına arxalanmamalı idilər, çünki onlar müsəlmanların köməkçilərə kəskin ehtiyac duyduqları bir vaxtda özlərini kənara çəkmişdilər. Onlar hicrət etməmişdilər və müsəlmanların onlara yardım göstərməsinə və himayə etməsinə hələ layiqincə nail olmamışdılar. Buna baxmayaraq, əgər onlar möminlərdən din xatirinə vuruşduqları düşmənlərinə qarşı mübarizədə kömək istəsəydilər, müsəlmanlar köməyə gəlməli və onlarla birlikdə döyüşməliydilər.
Yox, əgər hicrət etməmiş müsəlmanlar dünyəvi məqsədlərə nail olmaq xatirinə müharibə apararlarsa, onda digər müsəlmanlar onların tərəfində vuruşmamalı və onlara kömək etməməlidirlər. Onlar həmçinin, müsəlmanlarla sülh müqaviləsi imzalamış rəqibləri ilə müharibə aparan hicrət etməmiş insanların tərəfində də döyüşməməlidirlər. Allah insanların etdiyi bütün əməlləri görür və onların tutduqları işlərə müvafiq olaraq hökmlər nazil edir.

(8.73) “Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları (yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr isə artıb qüvvətlənər)”.

Möminlər arasında dostluq yaradıldıqdan sonra, Fövqəluca Allah xəbər verir ki, küfrün birləşdirdiyi kafirlər də dostdurlar və bir-birilərinə köməkçidirlər. Bu isə o deməkdir ki, kafirlərə kömək edən və onları sevən ancaq kafir ola bilər. Əgər mömin müsəlmanlar bir-birilərini sevməsələr və kafirlərlə düşmənçilik etməsələr, əgər onlar qeyd-şərtsiz hamını sevsələr və ya qeyd-şərtsiz hamı ilə düşmənçilik etsələr və yaxud da onlar kafirləri sevsələr və möminlərlə düşmənçilik etsələr, onda yer üzündə fitnə-fəsad bərqərar olar və böyük qarma-qarışıqlıqlar başlayar.
Belə davranış çoxsaylı pis nəticələr törənməsinə səbəb olar və əgər bu baş versə, onda həqiqət yalana, möminlər isə kafirlərə qarışarlar. Bununla yanaşı müsəlmanlar əzəmətli ayinlər olan cihaddan və Allah yolunda hicrətdən boyun qaçırarlar və şəriətin, dinin digər tələblərini yerinə yetirməkdən əl çəkərlər. Bütün bunlar, onlar öz məhəbbətini təkcə mömin qardaşlarına yönəltməyəcəkləri halda, baş verə bilər.

(8.74) “İman gətirib (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək edənlər (ənsar) — məhz onlar həqiqi möminlərdir. Onları (Axirətdə) bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!”
(8.75) “Sonradan (Hüdeybiyyə sazişindən sonra, Məkkənin fəthindən əvvəl) iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər (cihad edənlər) də sizdəndirlər. Qohumlar Allahın Kitabında (lövhi-məhfuzda və ya Quranda irs, varislik baxımından) bir-birinə daha uyğundurlar (yaxındırlar). Həqiqətən, Allah hər şeyi Biləndir!”.
( Bu ayənin sonuna tərcüməçilər tərəfindən edilmiş əlavə izahı mətndən çıxarıb səhifəaltı qeyddə verməyi daha məqsədəuyğun saydım. Çünki bəzi bəzi oxucular belə əlavələri, tərcüməçi izahlarını ayənin əsli mətninə məxsus sayırlar və Müqəddəs Quranın digər Azərbaycan dilinə digər çeviriləri ilə müqayisə edərək yanlış nəticələr çıxarırlar. Bax: (“Ənfal” surəsinin 75-ci ayəsinin sonuna əlavə edilmiş izah: “Məkkənin fəthinə qədər mühacirlər və ənsar qohumluq əlaqələrindən asılı olmayaraq bir-birinin varisi hesab edilirdilər. Məkkənin fəthindən sonra bu hökm ləğv olunub varislik hüququ yalnız qohumlara aid edildi”). Tərc. F.S.)
Bunlardan əvvəlki ayələrdə iman gətirmiş mücahidlər və ənsarlar arasında olan məhəbbət və dostluqdan bəhs edilirdi. Bu ayələrdə isə Allah onları tərifləyir və onların mükafatlandırılacağından danışır. O, mühacirləri və ənsarları həqiqi mömin adlandırır, çünki onlar hicrət etməklə, Onun dininə yardım göstərməklə, bir-birini sevməklə və düşmənləri olan kafirlərə və münafiqlərə qarşı döyüşməklə öz imanlarını təsdiq etdilər. Allah onların günahlarını və nöqsanlarını bağışlamış və Səadət bağlarında onlar üçün böyük mükafat hazırlanmışdır. Onların bəziləri bu dünyada da mükafat almışdır ki, bu onlara ləzzət vermiş, ürəklərinə rahatlıq və əminlik gətirmişdir. Eyni şey mühacirlərdən və ənsarlardan sonra İslamı qəbul edən və sədaqətlə onların yolu ilə gedən iman sahiblərinə də aiddir. Onlar da iman gətirərək hicrət etdilər və cihada qoşuldular. Onlar da möminlərdən oldular, onlara da mücahidlərə və ənsarlara verilən vəzifələrdən həvalə edildi, onların da mühacirlər və ənsarlar kimi mükafat almaq haqqı var idi.
Dini qardaşlıq ilk müsəlmanların həyatında mühüm yer tuturdu. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) mühacirləri və ənsarları xüsusi bir qaydada qardaşlaşmaya dəvət etmişdi və onların bu qardaşlığı dini qardaşlıqdan daha böyükdü. Onlardan bəziləri hətta bir-birinin əmlakına varis də olurdular və onda Fövqəluca Allah xəbər verir ki, qan qohumlarının irsə daha çox haqqı var. Miras, onda müəyyən paya haqqı olan (zul fəraid) qohumlar arasında bölünməlidir, əgər belə qohumlar yoxdursa, onda o, digər ən yaxın qohumlara çatmalıdır. Allahın hökmü belədir. O, Öz qulları barədə hər şeydən tam xəbərdardır və nazil etdiyi qanunlar onların ehtiyaclarına tamamilə uyğun gəlir.

————
Əbdürrəhman bin Nasir əs-Səədi

MÜQƏDDƏS QURANIN TƏFSİRİ

Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov

Bənzər Məqalələr