featured-image-2840

(8.22) “Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır”.

Canlı məxluqların ən pisi ayələrdən və və nəsihətlərdən fayda götürməyənlərdir. Onlar haqdan söhbət edildikdə kar və lal olanlardır. Onlar nəyin fayda verdiyini anlamağa o qədər qadir deyillər ki, onlara əhəmiyyətli dərəcədə zərər verəndənsə, fayda verəni üstün tuta bilmirlər. Belə məxluqlar Allah qarşısında ən zərərli heyvanlardan da pis vəziyyətdədirlər. Allah onlara eşitmə, görmə qabiliyyəti və ağıl vermişdir ki, onlar həmin orqanlarından istifadə edərək, Öz Rəbbinə itaət etsinlər, lakin onlar o vasitələrdən günah törətmək üçün istifadə edir ki, bunun nəticəsində də özlərini böyük nemətlərdən məhrum edirlər. Onlar ən yaxşı məxluqların əks tipləridir; onlar doğru yolla getməkdən boyun qaçırmış və məxluqlardan ən pisi olmağı üstün tutmuşlar.
Onların məhrum edildikləri eşitmə qabiliyyəti eşidiləni dərk etmək istedadından ibarətdir. Lakin onlar ümumiyyətlə, eşitmək bacarığından məhrum edilməmişlər və buna görə də Fövqəluca Allah həqiqəti onların nəzərinə çatdırmışdır. Onlar Onun ayələri və möcüzələri haqqında eşitmişlər, amma bu, onlara fayda gətirməmişdir, çünki Ona məlum idi ki, onlarda xeyirxahlıq yoxdur və onlar Onun möcüzələrini lazımınca anlamağa layiq deyillər.

(8.23) “Əgər Allah (əzəldən) onlarda bir xeyir (olacağını) bilsəydi, (haqq sözü) onlara eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə də (haqdan inadla) üz çevirərək dönüb gedərdilər”.

Əgər Allah fasiqlərə eşitmə qabiliyyəti versəydi də, onlar Ona itaət etməyi rədd edəcəkdilər, çünki onlar qətiyyən haqqa can atmırdılar. Bu ona dəlalət edir ki, Fövqəluca Allah xeyirxahlıqdan məhrum olanları və müsəlman olmağa layiq olmayanları imandan və uğurdan məhrum edir. Belə qərarlar İlahi müdrikliyinə uyğundur. Buna görə həmd təkcə Ona məxsusdur.

(8.24) “Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzurunda cəm ediləcəksiniz!”

Fövqəluca Allah mömin qullarına buyurur ki, haqq dinin tələblərini yerinə yetirsinlər, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) çağırışına cavab versinlər. O, izah edir ki, bu hökm özündə böyük bir hikməti əks etdirir və çox böyük fayda verir, çünki insanın qəlbi təkcə Fövqəluca Allaha ibadət etməsi, Onun və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) hökmlərinin daima yerinə yetirilməsi sayəsində canlanır.
Sonra Fövqəluca Allah Öz qullarını itaətsizlik göstərməkdən çəkindirərək bildirir ki, O, insanın onun öz qəlbi ilə olan rabitəsini kəsməyə qadirdir. Qoy insanlar Onun hökmlərini ilk dəfə eşitdikdə, onları rədd etməkdən çəkinsinlər, yoxsa onlar Allahın hökmünü sonradan icra etmək istəsələr, bu imkanından məhrum edilərlər. Onların ürəkləri çaşıb karıxa bilər, çünki Allah insanın öz qəlbi ilə olan əlaqəsini pozmağa qadirdir. Allah qullarının qəlblərinin istədiyi kimi çək-çevir edir və onları istədiyi istiqamətə yönəldir. Qoy insanlar bu duanı tez-tez təkrarlasınlar: “Ey qəlbləri çək-çevir edən Allah, Öz dininin yolunda qəlbimi sabitləşdir! Ey ürəkləri yönəldən Allah, qəlbimi Sənə itaət yoluna yönəlt!” Gerçəkliyinə şübhə etmək mümkün olmayan Məhşər günü onların hamısı Allahın qarşısında toplanacaqlar və onda mömin xeyirxah əməllərinə görə mükafat, günahkar isə öz günahlarına görə əvəzini alacaqdır(Burada bəhs edilən əvəzi veriləcək günahlar — bu dünyadan köçməzdən öncə vaxtında tövbə edilməmiş və bağışlanılmamış günahlardır. F.S.)
(8.25) “Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah (Onun əmrlərini pozanlara) şiddətli əzab verəndir!”
(Ayənin tərcüməsinin birinci hissəsi bu variantda daha anlaşıqlı və əslinə daha yaxındır: “O fitnədən qorxun ki, təkcə zalımlara toxunmaqla qalmayacaq…”. F.S.)

Sınaqdan keçirilmə təkcə günahkar zalımlara deyil, həmçinin açıq-aşkar itaətsizlik edən günahkarları islah etməyə cəhd göstərməyən günahsız insanlara da zərbə endirir. Allahın cəzası cinayət törədilməsində təkcə günahkarlara düçar olmaqla kifayətlənmir və buna görə insanlar belə sınaqlardan ehtiyatlanmalı və ətraflarındakıları qınanılan əməllərdən çəkindirməli, əxlaqsızlıq və şərəfsizlik yayan bədniyyətli cinayətkarlara müqavimət göstərməli, başqalarına günah işlətməyə və zalımlıq etməyə yol verməməlidirlər. İnsanlar bilməlidirlər ki, Allah Onu qəzəbləndirməyə cəsarət edənləri və Onun lütfkarlığını qazanmağa cəhd göstərməyənləri sərt cəzalandırır.

(8.26) “(Ey mühacirlər!) Xatırlayın ki, bir zaman siz yer üzündə (Məkkədə) az idiniz; zəif (aciz) sayılırdınız, (buna görə də) adamların (kafirlərin) sizi ələ keçirməsindən qorxurdunuz. (Belə bir vaxtda Allah) sizə (Mədinədə) sığınacaq verdi, (Bədrdə) sizə köməklik göstərib müdafiə etdi və təmiz (halal qənimətlərdən) ruzi verdi ki, bəlkə, şükür edəsiniz!”

Fövqəluca Allah qullarına, onlar alçaldıldıqdan sonra qələbə bəxş etməklə, azsaylı olduqları halda sıralarını artırmaqla, kasıb olduqları halda onları varlandırmaqla göstərdiyi mərhəmətini xatırladır. Onlar zəif camaat sayılırdılar və başqa insanların hakimiyyəti altında olsalar da, Allah onlara yardım göstərdi və çoxsaylı nemətlər nazil etdi. Onlar başqa bir şəhərdə sığınacaq tapdılar, öz düşmənlərinə qalib gəldilər və bol qənimət ələ keçirdilər və bunların sayəsində varlı və təmin edilmiş insanlar oldular. Ola bilsin ki, bu böyük mərhəmətə və yerinə yetirilmiş xeyirxahlığa görə onlar Allaha şükür edərlər. Ola bilsin ki, onlar heç kimi şərik qoşmadan təkcə Ona ibadət edərlər.

(8.27) “Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə və aranızdakı əmanətlərə xəyanət etməyin!”( Ayənin tərcüməsinin mətninə edilmiş Quranda olmayan bir sıra tərcüməçi əlavə-izahları çıxarılmışdır. Çünki tərcümə etdiyim Səədi Şərhi ayənin tərkibinə əlavə edilmiş bu “izahlara” ehtiyacı aradan qaldırır. F.S.)

Fövqəluca Allah qullarına buyurur ki, Onun qarşısında, əmr olunanı icra etməklə və qadağan olunandan çəkinməklə, vəzifələrini yeriə yetirsinlər. Allah göylərə, Yerə və dağlara dini hökmləri yerinə yetirmək öhdəliyi götürməyi təklif etdi, amma onlar məsuliyyətdən qorxaraq, belə bir yükü öz üstünə götürməkdən boyun qaçırdılar. Lakin insan belə ağır bir yükü aparmağa razılaşdı, çünki o, öz təbiəti etibarı ilə zalım və nadandır. Allah qarşısında öz vəzifələrini yerinə yetirənlər bol mükafatlara layiq görülür. Kim ki, öz vəzifələrini yerinə yetirmir və ona göstərilmiş etimada xəyanət edirsə, o, sərt cəzaya məruz qoyulur. Belə günahkarlar Allaha, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və onlara göstərilmiş etimada xəyanət edərək, öz ləyaqətini alçaldırlar. Onlar xainlikləri üzündən ən alçaq və qüsurlu sifətlərə malikdirlər və bununla özlərini ən kamil və ən gözəl keyfiyyətdən — sədaqətli olmaqdan məhrum edirlər.

(8.28) “Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!”

Var-dövlətin və övladların insan üçün imtahan olması, onlara bəslədiyi məhəbbət onu vəzifələrini icra etməkdənsə, öz arzularına üstünlük verməyə məcbur edə bilər. Buna görə Fövqəluca Allah bildirir ki, mal-mülkiyyət və uşaqlar isə, sadəcə insanı yoldan çıxaran şeylərdir. Allahın qulları bir müddət onlara sahib olurlar, sonra var-dövlət və övladlar, onları vaxtilə digər insanlara saxlamağa həvalə etmiş Rəbbə qaytarılırlar.
Fövqəluca Allah həmçinin bildirir ki, Onun mükafatı çox böyükdür. Bu isə o deməkdir ki, hər bir dərrakəli və sağlam düşüncəli adam bu dünyanın fani və cüzi ləzzətlərindənsə, öz Rəbbinin böyük nemətinə üstünlük verməlidir. Həqiqətən, ağıllı insan hər şeyi götür-qoy etdikdən sonra, gerçək layiq olanına üstünlük verir.

(8.29) “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və Axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) Sahibidir!”

Qulun Allahdan qorxması onun xoşbəxtliyinin və uğur qazanmasının rəhnidir. Allah bildirir ki, insan bu keyfiyyəti sayəsində həm bu dünya həyatında və həm də öləndən sonra saysız-hesabsız nemətlər əldə edə bilər. Şərh etdiyimiz ayədə Allah buyurur ki, təqvalı qul dörd üstünlük əldə edir və onların hər biri yer aləmindən (onun bütün nemətləri ilə birlikdə) üstündür.
Birinci üstünlük — gerçəyi yalandan fərqləndirə bilmək bacarığıdır. Burada nəzərdə tutulan faydalı biliklər və doğru rəhbərlikdir ki, onların sayəsində insan düz yolu azğınlıqdan, haqqı nahaqdan, halalı haramdan, xoşbəxt möminləri bədbəxt günahkarlardan fərqləndirir.
İkinci və üçüncü üstünlüklər — xətaların bağışlanması(Rus dilindən tərcümə etdiyim əsərin həmin fraqmenti belədir: “?????? ? ?????? ???????????? — ??? ????????? ??????????? ? ???????? ??????…”. Bu, ərəb dilindən tərcümə edilmiş orijinalda tərcüməçinin rusdilli oxucular üçün nəzərdə tutduğu stilistik üslubdur. Lakin İslamda nə kiçik, nə də böyük günahların “buraxılması” anlayışı və praktikası yoxdur. Müsəlman təkcə Allah qarşısında tövbə edir. Xristianlıqda isə günahların “buraxılması” (və ya başqa cür desək, “yuyulması”) keşişlərin qarşısında günahları etiraf etmə mərasimidir ki, bunun Allah qarşısında tövbə etməklə birbaşa bağlılığı yoxdur. Bu da, xristianlığa xas olan digər “yeniliklər” kimidir. Məhz buna görə, hörmətli tərcüməçinin mətnini İslam anlayışlarına müvafiq verməyi məqsədəuyğun hesab etdim. Çünki Q. Elmir müəllim həmin fraqmenti ????????? ??????????? kimi vermişdir və bu isə yuxarıda qeyd etdiyim kimi, xristianların keşişlər qarşısında günahlarını etiraf etməsi mərasiminə aiddir. Halbuki müsəlmanlar Allahdan başqa heç kimə tövbə etmirlər. Hər bir müsəlman Allaha ibadət zamanı vasitəçisiz tövbə edir. Günahların bağışlanması isə Allaha məxsusdur və Onun bağışlama və əfv etmə haqqından kimsəyə pay verilməmişdir. F.S.
) və günahların əfv edilməsidir. Bu iki xüsusiyyət, birgə və ya ayrı-ayrılıqda xatırlanmasından asılı olmayaraq, bir-biri ilə bağlıdır. Şərhçilər hesab edirlər ki, xətaların bağışlanması kiçik günahların, əfv isə böyük günahların bağışlanmasına aiddir.
Dördüncü üstünlük – ən böyük mükafatlandırılma və qiymətli hədiyyədir ki, o, Allahın razılığını öz arzularından üstün tutan təqvalı möminlər üçün hazırlanmışdır.

(8.30) “(Ey Elçim!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!”

Ey Elçi! Allahın sənə göstərdiyi lütfkarlığını xatırla! Müşriklər səninlə necə rəftar edəcəkləri qərarına gəlmək üçün məşvərət çağırdılar. Onlar istəyirdilər ki, səni həbs edib qandallasınlar. Başqaları səni öldürmək istəyirdilər ki, bu vasitə ilə İslama dəvətindən xilas olsunlar. Bir başqaları düşünürdülər ki, səni şəhərdən qovsunlar. Toplaşanlardan hər biri bu barədə öz rəyini bildirirdi, lakin onlar kafirlərdən ən qəddarı olanın — lənətlənmiş Əbu Cəhlin təklifini qəbul etməyi qərara aldılar. O təklif etmişdi ki, Qureyş qəbilələrinin hər birindən bir nəfər gənc seçib hər birinə iti qılınc verilsin ki, onlar birlikdə sənə sarsıdıcı zərbə endirsinlər. Belə olduqda sənin qətlinə görə məsuliyyət bütün Qureyş ailələrinin üstünə düşəcəkdi və Haşimin nəsli isə qan bahası almaqla kifayətlənəcəkdi, çünki axı onlar bütün qureyşlilərdən eyni vaxtda intiqam ala bilməzdilər. Sui-qəsdçilər gecə vaxtı pusqu qurmağı və sən yuxudan oyanan zaman üsünə hücum etməyi qərara aldılar.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) səmadan nazil olan vəhy vasitəsilə sui-qəsddən xəbər tutdu. O, evdən çıxaraq qureyşlilərin başına qum səpdi və görünmədən onların yanından keçib getdi. Allah belə etdi ki, onlar onu (ona Allahın salavatı və salamı olsun!) görmədilər. Onlar onun (ona Allahın salavatı və salamı olsun!) evdən çıxmasının uzun çəkdiyini gördükdə, yanlarına bir nəfər gəlib dedi: “Qoy Allah əməllərinizi puç eləsin! Muhəmməd artıq evdən çıxmış və başınıza da qum səpmişdir”. Ancaq bundan sonra onlar başlarındakı qumu təmizləməyə başladılar.
Allah Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) sui-qəsdçilərdən qorudu və ona (ona Allahın salavatı və salamı olsun!) Mədinəyə hicrət etməyə razılıq verdi. Orada Allah ona (ona Allahın salavatı və salamı olsun!) çoxsaylı mühacir və ənsarlardan ibarət olan səhabələrlə kömək göstərdi. Onun (ona Allahın salavatı və salamı olsun!) dini yayıldı və bir-neçə il keçdikdən sonra o (ona Allahın salavatı və salamı olsun!) Məkkəni və onun əhalisini fəth etdi. Onlar onun (ona Allahın salavatı və salamı olsun!) qarşısında müti oldular və hakimiyyətini qəbul etdilər, halbuki o (ona Allahın salavatı və salamı olsun!) əvvəlcə öz doğma şəhərini, həyatı üçün təhlükə yarandığına görə, gizlicə tərk etmişdi. Öz qullarının qayğısına qalan Allah Pak və Müqəddəsdir və Ona müqavimət göstərməyə gücü çata biləcək bir məxluq yoxdur!

————–
Əbdürrəhman bin Nasir əs-Səədi

MÜQƏDDƏS QURANIN TƏFSİRİ

Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov

Bənzər Məqalələr