featured-image-2752

Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq.

Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.

Namaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir. Təəssüf ki, cəmiyyətimizdə “hələ tezdir, cavanam”, “qocalanda namaza başlayaram”, “qırx yaşından sonra namaz qılacağam” kimi fikirlər bəzi insanları namaz kimi gözəl ibadətdən yayındırır. İnsanlar bu ibadətin sanki yalnız qocalar üçün fərz olduğu qənaətinə gəliblər. Buna Quran və sünnə dəlalət edir.

Uca Allah buyurur: “Halbuki onlara ancaq Allaha — dini məhz Ona məxsus edərək həniflər kimi — ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də budur!” ( əl-Beyyinə surəsi, 5) Başqa ayədə deyilir: “Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir”. ( ən-Nisə surəsi, 103)

Gün ərzində beş vaxt namaz qılmağın vacibliyi isə Peyğəmbərdən (s.a.s) varid olan mötəbər hədislərdə öz əksini tapmışdır. Peyğəmbər (s.a.s) Muaz ibn Cəbəli (r.a) Yəmənə göndərərkən ona belə demişdir: “Sən Kitab əhlinin yanına gedirsən. Onları Allahdan başqa tanrı olmadığına və mənim Allahın elçisi olduğuma şahidlik etməyə dəvət et! Əgər bunu qəbul etsələr, onlara bildir ki, Allah, gün ərzində beş vaxt namaz qılmağı vacib buyurmuşdur.” ( Buxari 8, Müslim 16)

Bu gün müsəlmanların nəinki həyat tərzlərində, hətta əxlaqlarında belə xətalara yol vermələrinin başlıca səbəbi namazlarının lazımı şəkildə olmamağıdır. Çünki “Namaz çirkin və yaramaz işlərdən çəkindirir”
( əl-Ənkəbut surəsi, 45)
Namazın İslamda çox mühüm yeri olduğunu sübut edən dəlillər kifayət qədərdir.Lakin bu yazımda məqsədim namazın İslam dinində olan mövqeyindən bəhs etmək deyil. Sadəcə namaz qılıb, lakin ona səhlənkarlıqla yanaşanlara bu məqalənin kiçik bir nəsihət olacağı və onları düşünməyə vadar edəcəyi bir ümid ilə.Bismilləh:

Namazın ilk olaraq gün ərzində əlli dəfə vacib buyurulması onun Allah dərgahında nə qədər mühüm bir ibadət olmasından xəbər verir. Hətta Uca Allah namazın vaxtlarını gün ərzində beş dəfəyə endirsə də savabının isə əlli namazın savabı qədər saxlaması buna bir daha sübutdur.
Lakin Rasulullah (sas) üçüncü dəfə Musa peyğəmbərin (aleyhissəlam) yanına enərkən Musa (aleyhissəlam) ona (sas) belə demişdir:

-Ya Muhəmməd, beş vaxt namaz da ümmətinə ağır gələcək və onlar bu namazı qılmağa tənbəllik edəcəklər.Hətta Rasulullah (sas) buyurmuşdur:

-Ya Musa, artıq Rəbbim rəhm edib namazı əllidən beş vaxtacan endirdi.Artıq bu beş vaxt namazıda azaltmağı ondan xahiş etməyə utanıram.

Bəli, insan indi düşünərkən görür ki, Musa (aleyhissəlam) necə də doğru söyləmişdir.Bu Musa peyğəmbərin (sas) qeybdən xəbər verməsi deyildir.Sadəcə Allah təalə ona da (aleyhissəlam) ümmət vermişdir və Musa peyğəmbər (aleyhissəlam) ümmətinin namaza olan tənbəlliyini görmüşdür.

Ey namazını tez-tez qəzaya saxlayan, düşün! Günün ən azı on iki saatını oyaq olursan, bu on iki saatda qılınan beş vaxt namaz sadəcə iyirmi beş dəqiqə vaxtını aparacaqdır.Onudamı qılmağa tənbəllik edirsən? Hansı ki, Peyğəmbərimiz (sas) buyurmuşdur:

-“Kim namazlarını vaxtlı-vaxtında qılsa, Qiyamət günü bu namazlar onun üçün bir nur, bir dəlil-sübut olar, həm də ona uğur qazandırar. Namazlara səhlənkar yanaşıb onları vaxtlı-vaxtında qılmazsa, bu onun üçün nə bir nur, nə də bir dəlil-sübut olar, üstəlik o, ziyana uğrayar. Belələri, Qiyamət günü Qarun, Firon, Haman və Ubey ibn Xələf ilə bərabər həşr olunarlar.” ( Əhməd 2-169 Dərimi 2-301)

Bax ey müsəlman, hər namazda Allah təalənin hüzuruna çıxırsan, necə ola bilər ki, hansısa bir vəzifəli şəxsin qarşısına çıxanda həyəcandan nitqiniz quruyur, lakin ən uca olan Rəbbin qarşısına çıxmağa belə səhlənkarlıq edirsiz.

Düşün ey müsəlman, Rəbbinlə görüşə çıxırsan, necə olur ki, bir qızla görüşə çıxarkən yarım saat əvvəldən gedib gözləyirsən.Və ya qızlar rəfiqələri ilə görüşə çıxarkən necə həvəslə hazırlaşırlar.Lakin Rəbbin hüzuruna çıxmağa layeyd yanaşırlar.

Qorx ey müsəlman, kimisə Rəbbindən uca tutmağa qorx.Çünki ən uca olan yalnız Allahdır.Necə ola bilər ki, işlədiyin müəssisədə müdirin, rəhbərin səni kabinetinə çağırır.Tələsik bütün işlərini atıb, gedirsən.Lakin Rəbbin səni hüzuruna çağırır, amma sən gəlmirsən?

Yazacağım bu hədisi oxu! Vay olsun bu hədisi oxuyandan sonra düşünüb, ibrət almayanların halına.

Bir gün Peyğəmbərimiz sas sübh namazını qıldırır.Namazdan sonra səhabələrə sual verərək buyurur:

-Bu gün sizlərdən yuxu görəni olubmu?

Səhabələr:-Xeyr, ya Rasulullah!- dedilər..Peyğəmbər sas bu eşitcək buyurdu:

-İndi isə qulaq asın, gördüyüm yuxunu sizə danışım.Yuxuda ikən iki mələk gəlib məni apardı.Onlardan hara gedəcəyimiz barədə soruşduqda belə cavab verdilər:

-Gəl, çatanda deyəcəyik.

Bir qədər getdikdən sonra gördüm ki, bir nəfər əlində olan ağır bir daşı yerdə uzananın başına çırpır.Daş başına dəyəndə başı yarılır.Daş özü isə yuvarlanıb qırağa gedir.Həmin adam daşı gedib gətirənəcən yerdə uzananın başı təzədən bitişir.Mələklərdən soruşdum, bu adam niyə belə edir? Mənə belə cavab verdilər:

-Bu günahkar bəndə namazının bilə-bilə vaxtını keçirib, qəzaya saxlayandır.Ta Qiyamətə kimi ona bu cür əzab veriləcəkdir.

Başqa bir hədisdə Rasulullah (sas) buyurur:

– Kim əsr namazını qəzaya saxlayarsa, ailəsini və malını itirmiş kimidir.

Sübhənəllah, fərz et ki, ailəni-ananı,atanı,yoldaşını, uşaqlarını itirdin və heç bir mal-dövlətin də qalmadı.Bundan böyük dəhşət ağlına gəlirmi? Buna təsdiq olaraq Allah təalə Qurani-Kərimdə buyurur:- Namazlarınızı,xüsusəndə orta (əsr) namazı qoruyun, (vaxtında qılın) və Allaha qiyam vəziyyətində ibadət edin! (Bəqara surəsi, 238)

Peyğəmbərimiz (sas) digər səhih bir hədisdə buyurur:

-Namazı gözəl olanın (layiqincə qılan,qəza etməyənin) digər əməlləri də gözəl olar,Namazı naqis olanın (səhlənkarlıq edib,namazı qəza edənin) digər əməlləri də naqis olar. (Əbu Davud,Albani hədisə səhih deyib)

Qorx Allahdan, necə ki, Allah təalə Məun surəsi 4-5-ci ayələrdə səni qorxudur və bu əməldən çəkindirir:

4.Vay halına o namaz qılanların ki,

5.Onlar öz namazlarından xəbərsizdilər.(Səhlənkarlıq edib, namazı qəza edərlər)

Təfsir alimləri buyurur:-“Vay” —Cəhənnəmdə bir dərənin adıdır.

Bu ayələrdə Allah təalə namazlarını vaxtı —vaxtında qılmayanları hədələyir.O kəslər ki. namazlarında səhlənkarlıq edirlər, tənbəllik edirlər, namazları vaxtı-vaxtında qılmırlar, müəyyən şəxsi mənfəətləri üçün,dünyavi problemlər üçün,dünyavi gəlirlər üçün namazlarını gecikdirirlər.Allah təalə onlara buyurur:“Vay olsun sizə!”

Peyğəmbər (sas) səhabələrinə buyurur:

-Elə bilin eviniz qarşısından çay axır və siz də gündə beş dəfə həmin çaya girib yuyunursunuz.Bu zaman bədənizdə çirk qalarmı?

Səhabələr: “Xeyr, ya Rasulullah ! —deyə cavab verdilər.Peyğəmbər (sas) buyurdu:

-Gündə qılınan beş vaxt namaz da buna bənzəyir.İnsanı günahlardan təmizləyir.

Başqa bir şiddətli hədisdə Rasulullah (sas) buyurur:-Kim əsr namazını ötürərsə (vaxtında qılmazsa) bütün əməlləri batil olar.

Bəli,gördüyün kimi namazı qəzaya saxlamaq çox təhlükəli məsələdir.Ona görə elə indidən gəl qəza etdiyin namazlara görə tövbə et, Rəbbində məğfirət dilə və tövbənin qəbul olunması üçün bir daha o günaha qayıtma.

Namazlarını qoru.Çünki bu Rasulullahın (sas) ölüm ayağında sənə olan tövsiyyəsidir:-Namaz,namaz və əliniz altında olan yetimlər.

Bax, axı o zaman Rasulullahın ətrafında hamı namaz qılan və namazlarında möhkəm olub, onları vaxtı-vaxtında qılanlar idi.Bəs nə üçün Rasulullah (sas) onlara belə bir vəsiyyət etdi?Təbii, sualın cavabı hamınıza məlumdur.Həmçinin bu hədisdə namazın mühümlüyü açıq-aydın görünür.Çünki insan ölüm ayağında ikən ən vacib olanları söyləyib, vəsiyyət edir.

Ey qardaş və bacım, bu məqalə sənə kiçik bir xatırlatma idi.Çalış bir daha namazına belə laqeyd yanaşma.Çünki Qiyamət günü ən birinci namaz səndən soruşulacaq.Axirətdə sənə bu sual verilməmişdən, bu dünyada onun cavabını axtar:

-Namazını niyə gecikdirib, qəza etdin?

Ümid edirəm, bundan sonra bir çoxlarınız bu məsələ ətrafında daha dərindən düşünəcəksiniz.Allah təalədən diləyirəm etdiyimiz ibadətləri qəbul etsin.Bizi dinimizdə sabit etsin.Tövbə etdikdən sonra bir daha o günaha qayıtmaqdan bizi qorusun.Amin

Allah ən doğrusunu bilir.

————

Al-Faruq

Bənzər Məqalələr