featured-image-2740

Sual: Peyğəmbərimizə: Ya Məhəmməd deyə bilərik?

Cavab: Həmd Allaha məxsusdur.

Birincisi: Sağlığında peyğəmbərə sallallahu aleyhi və səlləm “Ya Məhəmməd” deyərək müraciət etmək qadağan idi. Çünki Allah təala buyurur: “Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! (Peyğəmbəri özünüz bir-birinizi çağırdığınız kimi çağırmayın. Ona “Muhəmməd, nə deyirsən?” yox, “Bəli! Buyur, ey Allahın elçisi, ey Allahın peyğəmbəri!” — deyə cavab verin”/ (ən-Nur 24:63)

Əd-Dahhak, İbn Abbasdan rəvayət edərək demişdir: “Onlar Ya Məhəmməd, Ya Əbəl Qasım deyərdilər. Lakin Allah təala Öz peyğəmbərinə qarşı hörmət olaraq bu cür çağırmağı onlara qadağan etdi. Beləcə onlar Ya Rəsulullah, Ya Nəbi Allah dedilər. Mücahid və Səid ibn Cübeyr də bənzərini söyləmişdirlər.

Qatadə demişdir: Allah Onun peyğəmbərinə hörmətlə davranmağı, təzim etməyi, rəhbər kimi şərəfləndirilməyi əmr etmişdir.

Müqatil ibn Həyyan demişdir: Onu çağıranda Ya Məhəmməd və Ya ibn Abdullah deyərək ad ilə müraciət etməyin. Lakin ona hörmətlə müraciət edin, şərəfləndirin və Ya Nəbi Allah və yaxud Ya Rəsulullah deyə çağırın.

Malik, Zeyd ibn Əsləmdən nəql edərək demişdir: Allah onlara əmr etmişdir ki, onu sallallahu aleyhi və səlləm şərəfləndirsinlər, hörmət etsinlər.

Beləliklə, peyğəmbərə sadəcə ad ilə mücərrəd şəkildə müraciət edilməməli, daha doğrusu bu cür demək lazımdır: Ya Rəsulullah, Ya Nəbi Allah.

İkincisi:

Vəfat etdikdən sonra dua edərək peyğəmbəri çağırmaq, ondan istəmək qadağandır. Çünki dua ibadətdir. İbadət də yalnız Allaha edilməlidir. Allah buyurur: “Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!” (Cin 72:18)

“Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər!” (əl-Əhqaf 46:5)

Peyğəmbərimiz sallallahu aleyhi və səlləm İbn Abbasa (radiyallahu anhu-Allah ondan razı olsun) demişdir: “İstəyəndə Allahdan istə, kömək istəyəndə Allahdan kömək dilə”.

Tirmizi (2516) rəvayət etmişdir və Şeyx Albani (Allah ona rəhmət etsin) “Səhih Sünən əl-Tirmizi” əsərində hədisi səhih olaraq təsnif etmişdir.

Dua-faydanın cəlb olunmasını və zərərin dəf olunmasını, uzaqlaşmasını istəməkdir.

Dua yalnız “YA” söyləməklə edilmir. Daha doğrusu duada bu cür çağırmaq artıq insanlar arasında adət halını almışdır. Xüsusilə də, çətinlik gələndə və başına fəlakət gəldikdə insanlar “YA ALLAH”, yəni EY ALLAH bizi xilas et, bizə kömək bəxş et, bizə dəstək ver deyə çağırırlar.
Bu iş tövhid əhlinin (Allahı ibadətdə təkləşdirənlərin) əməlidir. O kəslər ki, Allahdan başqasını öz dualarında çağırmırlar. Qəbirlərə və qurbangahlara ibadət edənlərə gəldikdə onlar “övliyaları” çağırırlar və “Ya Bədəvi, Ya Rifai, Ya Ceylani (Ya Mir Mövsüm Ağa, Ya Əli, Ya Hüseyin, Ya Həzrəti Abbas və s) deyə çağırırlar. Bunun mənası odur ki, onlar Ey Bədəvi bizə kömək et, bizim dadımıza çat, bizi xilas et deyirlər.
Həmçinin onlardan bəziləri: Ya Rəsulullah, Ya Məhəmməd deyirlər. Bu da ondan istəmək, kömək istəmək və ona yalvarmaqdır.

Məlumdur ki, bu cür çağırmaq Muhəmməd sallallahu aleyhi və səlləm və digər rəsulların gətirdiyi risalətə qarşı ən böyük ziddiyyət, müxalif olmaq, ona qarşı çıxmaqdır. Tövhidə dəvət, yalnız Allaha ibadət etmək, digərlərinə ibadəti tərk etmək-kitablarda nazil olmuşdur.
Allahın Öz qulları üçün din olaraq seçdiyi islam dinində Allahdan başqasına, göndərilən heç bir peyğəmbərə və yaxud Allaha yaxın olan heç bir mələkə dua etmək qəbul olunmur. Əksinə biz yalnız Allaha dua etməli, Ondan istəməliyik. Belə ki, Allah təala buyurur: “(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir ilah var? Siz nə az düşünüb daşınırsınız?” (ən-Nəml 27:62)

Nəticə etibarilə məlum olur ki, bir kəs “Ya Məhəmməd və yaxud Ya Rəsul Allah söyləyirsə, bundan qəsdi ondan istəmək və ondan kömək diləmək deyilsə, o zaman bunda bir qəbahət yoxdur. Məsələn, onu yadına salmaq və yaxud xatırlamaq və yaxud hədis oxuyarkən “sallallahu aleykə ya Rəsul Allah (Sənə Allahın salamı olsun ey Allahın rəsulu)” və yaxud sənin sözlərin necə də əzəmətli və gözəldir Ey Allahın elçisi söyləməkdə bir qəbahət yoxdur. Lakin “Ey Məhəmməd” söyləmək əxlaqa ziddir, necə ki bunu yuxarıda zikr etdik.

Şeyx İbn Bəzdən (Allah ona rəhmət etsin) soruşmuşdurlar: Dünyanın hər hansı bir yerində olan bir kəs Ya Məhəmməd, Ya Rəsul Allah söyləyərsə, onu çağırarsa bu şirkdirmi?

O cavab vermişdir:

Allah Sübhənahu və Təala Öz Mübarək Kitabında və Rəsulunun sallallahu aleyhi və səlləm dodaqları ilə bəyan etmişdir ki, ibadət yalnız və yalnız Allah təalanın haqqıdır, heç kəsin ibadətdə payı yoxdur, həmçinin dua da ibadətin bir növüdür. Beləcə, dünyanın hər hansı bir yerində bir kəs Ya Rəsul Allah, Ya Nəbi Allah və yaxud Ya Məhəmməd söyləyirsə, və yaxud məni xilas et, mənə dəstək ol, mənə şəfa ver, ümmətinə dəstək ver, xəstə müsəlmanlara şəfa ver, onlardan doğru yolda olmayanları hidayətinə qovuşdur və s. sözlər söyləyərsə, o zaman həmin insan onu sallallahu aleyhi və səlləm Allaha ibadətdə şərik edir, şərik qoşur. Eyni hökm digər peyğəmbərləri, mələkləri, övliyaları, cinləri, bütləri və yaxud istənilən yaradılmış şeyləri Allaha şərik qoşan kəslərə də aiddir. Çünki Allah təala buyurur: “”Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! (Zariyat 51:56)
“Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!)” (əl-Bəqərə 2:21)

Sitatın sonu “Məcmu Fətəvə əl-Şeyx ibn Bəzz” (2/453).

Şeyx ibn Üseymindən (Allah ona rəhmət etsin) soruşmuşdurlar:
Bəzi insanlar çətinliyə düşdükdə, sıxıntı anlarında Ya Məhəmməd və yaxud Ya Əli, ya Ceylani deyə söyləyirlər. Bunun hökmü nədir?

O belə cavab vermişdir:

Əgər bundan məqsədləri, niyyətləri onlara dua edərək bir şey istəmək və kömək diləməkdirsə, o zaman həmin insan müşrik olur, yəni böyük şirk edir, islamdan çıxır, onun tövbə etməsi və duasında yalnız Allahı çağırması fərzdir. Allah təala buyurur: “(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir ilah var? Siz nə az düşünüb daşınırsınız?” (ən-Nəml 27:62)

Müşrik olmaqla bərabər həmin insan özü-özünü aldadır, səfeh vəziyyətinə qoyur. Allah təala buyurur: “(Ya Rəsulum!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada (peyğəmbərlik və Kəbəni təmir etmə üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır”. (əl-Bəqərə 2:130)

“Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər!” (əl-Əhqaf 46:5)

Sitatın sonu, Fətəvə əl-Şeyx ibn Üseymin (2/133)

Allah daha yaxşı bilir.


Jumshud Mammadov

Bənzər Məqalələr