featured-image-2728

Evlilikləri gecikən qadınlara verəcəyim nəsihət bundan ibarətdir ki, bu qadınlar dua etməklə və itaətlə Allaha tərəf dönsünlər ki, Allah onlara dinindən və əxlaqından razı qalan birini onlara bəxş etsin. Əgər bir insan ixlasla, səmimi qəlbdən və əzmlə, qətiyyətlə Allaha tərəf dönərsə, üz tutarsa, Ondan yardım diləyərsə, duanın qaydalarına riayət edərsə və duanın qəbul olunmasına mane olacaq hər hansı bir şeydən uzaq durarsa, baxın görün Allah Təala bu halda nə buyurur: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” [Əl-Bəqərə 2:186]

Digər bir ayədə Allah Təala buyurur: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” [Ğafir 40:60]

Allah təala bildirir ki, qulun duasının cavabı qul Allahın əmrlərinə icab edib Ona iman gətirdikdən sonra verilir. (Çarə kimi) Allaha üz tutmaq, Onun qarşısında özünü zəlil hiss edərək Ona yalvarıb-yaxarmaqdan sonra da duanın cavabını gözləməkdən daha güclü bir silah görmürəm. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyi rəvayət olunur: “Bilin ki, qələbə səbir etməklə gəlir, rahatlıq sıxıntıdan sonra, asanlıq isə çətinlikdən sonra gəlir.” 1. Əhməd və digərləri rəvayət etmişdirlər. Əlbani hədisi səhih olaraq təsnif edib. Əlbani, Səhih əl-Cami, cild. 2, səh. 1151.

Allahdan diləyim budur ki, bu qadınlar və onlar kimi digər qadınların işlərini asanlaşdırsın və onlara əməlisaleh həyat yoldaşları qismət eləsin, dinlərində və dünyəvi işlərinin yaxşılaşmasında onlara kömək olsunlar.

Muhəmməd ibn Salih əl-Üseymin

Bənzər Məqalələr