Hz. Muhəmməd ﷺ Təbuk döyüşü üçün səfərə çıxarkən, münafiqlər (üzdə müsəlman kimi görünən, lakin daxildə imansız olanlar – red.) gələrək, gerçək olmayan səbəblər təqdim etmiş və müharibədən üzürlü hesab olunmaları üçün icazə istəmişdilər. Peyğəmbər də ﷺ onlara izn vermiş və bu hadisə üzərinə Tövbə surəsinin ayələri nazil olaraq, Hz. Muhəmmədə “onlara nə üçün izn verdin?” (9/43) deyə, xəbərdarlıq edilmişdi. Münafiqlərin propoqandasının təsiri altına düşmüş bəzi müsəlmanların da qəlblərində tərəddüd meydana gəlmişdi. Lakin, onlar bu əməlin yanlışlığını anlayaraq Allahdan bağışlanma diləmiş və tövbə edərək xətalarını düzəltməyə çalışmışdılar.

Müsəlmanlardan bir qrupun qəlbləri əyriliyə meyl etmək üzrə ikən Peyğəmbərin və çətin vaxtda ona tabe olan mühacirlərlə ənsarın tövbəsini şübhəsiz ki, Allah qəbul etdi. Sonra da onları bağışladı. Həqiqətən, Allah onlara qarşı çox şəfqətli və mərhəmətlidir. (9/117)

Təbuk döyüşündə iştirak etməyənlər arasında Kəb b. Malik, Hilal b. Umeyyə və Murara b. Rabi adlı səhabələr də var idi. Təfsirçilərə görə aşağıdakı ayədə işarə edilən üç nəfər məhz onlardır:

(Döyüşə qatılmayıb) arxada qalan üç nəfəri də (Allah bağışladı). Dünya onlara dar gəlmiş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Allahdan (Allahın əzabından) qorunmaq üçün yalnız Onun Özünə sığınmalı olduqlarını anladılar. Sonra Allah onları tövbə etməyə müvəffəq etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir. (9/118)

 

İnsanın qəlbi, hebelə onun vicdanı bəzən elə sıxılır ki, dünya ona dar gəlməyə başlayır. Hər şey və hər kəs ona sıxıcı gəlir, heç bir şeydən zövq almamağa başlayır. Bəli, günahlar öz təsirini bəzən bu cür göstərir, zəif olan qəlb isə, buna tab gətirə bilmir. Həmin üç səhabə də bu hisləri yaşamışdı. Lakin, bir neçə incə nüansı anlayaraq, bu ağır yükdən qurtula bilmişdilər: Yalnız Allahın Özünə sığınmaq, Onunla irtibatı gücləndirməyin vacibliyini anlamaq və günahlardan üz döndərərək, tövbə etmək.. Vəssəlam, qurtuluş qapıdadır..

 

Ayxan Yaquboğlu (islamevi.az)

Share Button
Tarix: 06.12.2021 | Oxunma sayı: 1. 809 baxış