featured-image-2583

(5. 51) «Ey iman gətirmişlər! Yəhudiləri və xristianları öz köməkçiləriniz və dostlarınız hesab etməyin, çünki onlar ancaq bir-birilərinə kömək edirlər. Əgər sizlərdən kimsə onları öz köməkçiləri və dostları sayırsa, onda o özü onlardan biridir. Həqiqətən, Allah zalım insanları doğru yola yönəltmir”.

Fövqəluca Allah qullarına qiymətli nəsihətlər verir və onlara yəhudilərlə xristianların bəzi yaramaz xüsusiyyətlərini izah edir. Onlarla dostluq etmək və onları özlərinin yaxınları saymaq möminlərə yaraşmaz, çünki onlar ancaq bir-biriləri ilə dostluq edirlər. Onlar bir-birilərinə kömək edir və hamıya qarşı birləşirlər və buna görə möminlər əsil düşmənləri olan adamlarla dostluq etməməlidirlər. Onlar müsəlmanlara zərər vurmaq imkanını fota verməzlər və hətta əllərindən gələn hər şeyi edərlər ki, onları yoldan çıxarsınlar və onlarla o şəxs dostluq edə bilər ki, xasiyyəti onlarınkına oxşasın. Bax buna görə Allah buyurur ki, əgər insan onlarla dostluq edirsə, onda o, onlardan biridir. Onlarla yaxın və mehriban dostluq insanı onların dinini qəbul etməyə sövq edir, azacıq dostluq münasibətləri isə daha yaxın münasibətlərin yaranmasına səbəb olur və bunun nəticəsində insan onlardan birinə çevrilir.
Allah zalımlıq etmək xasiyyətinə malik olan insanları doğru yola yönəltməz, onlar isə mütləq Ona qaytarılacaqlar. Bu zalımlara istənilən möcüzələrin göstərilməsinə baxmayaraq, onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getməyəcək və ona (ona Allahın salavatı və salamı olsun!) tabe olmayacaqlar.

(5.52) “Sən görürsən ki, qəlbi xəstə olanlar onların arasında vurnuxaraq deyirlər: “Biz başımıza gələcək müsibətdən qorxuruq”. Lakin, ola bilsin ki, Allah dərgahından qələbə və ya hökmü ilə gəlsin və o zaman onlar nəfslərindəkini gizlətdiklərinə görə peşman olsunlar”.

Allah möminlərə Kitab əhli ilə dostluğu qadağan etdikdən sonra, bildirir ki, özünü mömin adlandıranların bəziləri onlarla mehribancasına dostluq edirlər. Belə davrananlar qəlbi şübhə, münafiqlik və inamsızlıq xəstəliyinə tutulanlardır. Onlar deyirlər: “Biz onların qüdrət sahibi olacaqlarından ehtiyatlanaraq onlarla dostluq edirik. Bunun belə olacağı halda, onlara kömək göstərdiyimizə görə bizə minnətdar olarlar”. Bu sözlər onların İslam barədə nə dərəcədə pis düşündüklərinə sübutdur.
Fövqəluca Allah onların yaramaz gümanını təkzib edərək buyurur ki, O, müsəlmanlara elə bir qələbə bəxş edə bilər ki, İslamı qüdrətli etsin, yəhudiləri və xristianları kiçildərək, müsəlmanlara tabe etsin. O, münafiqləri kədərləndirəcək istənilən digər hadisələri də törədə bilər ki, ondan sonra onlar yəhudilərin və başqa kafirlərin qələbəsinə ümidlərini itirərlər. Bax o zaman onlar ürəklərində gizlətdiklərinə peşman olar, çünki onların niyyətləri ancaq özlərinə ziyan gətirər və heç bir fayda verməz.
Allah müsəlmanlara, həqiqətən, qələbə bəxş etdi və o, İslamı ucaltdı, kafirliyi və kafirləri isə alçaltdı. O qələbə onları kədərlənməyə məcbur etdi və onların başına o qədər nifrətamiz işlər gətirdi ki, o barədə ən yaxşı bilən təkcə Allahdır.

(5.53) “İman gətirənlər isə deyəcəklər: “Doğrudanmı bunlar o kəslərdir ki, var gücləri ilə sizinlə birgə olduqlarına Allaha and içirdilər?” Onların əməlləri boşa çıxdı və onlar zərərə uğradılar”.

Möminlər ürəklərini xəstəlik tutmuş şəxslərin halına təəccüblənəcəklər. Onlar deyəcəklər: “Doğrudanmı, bunlar, iman gətirdikləri və möminlərə yardım etdikləri, onları sevdikləri və onlarla dostluq etdikləri haqqında Allaha and içən kəslərdir? Doğrudanmı, bunlar öz andlarını hər vasitə ilə təsdiq etməyə çalışanlardır?”
İnsanlar onların gizlətdikləri hər şeyi biləcəklər. Onların xəbis niyyətləri əbəs olacaqdır, İslam və müsəlmanlar haqqında çirkin gümanları isə yalana çıxacaqdır. Nə bədxah fitnələri, nə də bu dünyada törətdikləri əməlləri onlara fayda verməyəcək və onlar ziyana düşənlərdən olacaqlar. Onlar istədiklərinə nail ola bilməyəcək və qismətləri isə bədbəxtlik və məşəqqət olacaqdır.

(5.54) “Ey iman gətirmişlər! Əgər sizlərdən kimsə öz dinindən geri çəkilərsə, Allah əvəzində başqalarını gətirər, onları sevər və onlar da Onu sevərlər. Onlar möminlərin qarşısında müti, kafirlərin qarşısında isə sarsılmaz olarlar, Allah yolunda döyüşər və qınayanların qınağından qorxmazlar. Budur Allahın neməti, onu istədiyinə bəxş edər. Allah Hərşeyiəhatəedən və Biləndir”.

Fövqəluca Allah bildirir ki, O, yaratdıqlarına qətiyyən möhtac deyil və buna görə, dinindən imtina edən insan Allaha heç bir zərər vurmur, ancaq özü özünə zərər verir. Çoxsaylı səmimi qullar və doğruçu insanlar var ki, Mərhəmətli və Rəhmli Rəbb onları düz yolla aparacağına söz vermişdir. Bu insanlar ən qüsursuz keyfiyyətlərə, ən mətin qəlbə və ən gözəl mənəvi simaya malikdirlər. Onların ən yaxşı cəhəti Allahın onları sevməsi və onların da Onu sevməsidir. Allahın quluna bəslədiyi məhəbbəti, doğrudan da, ən şərəfli lütfkarlıqdır ki, ona göstərilir və ən böyük qiymətdir ki, ona verilir.
Allah Öz qulunu sevdikdə, onun qarşısında geniş imkanlar açılır və Allah onun hər çətin işini asanlaşdırır, onu xeyirxah əməllərə ruhlandırır, qınanılan əməllərdən çəkindirir və qullarının qəlbini Ona məhəbbət və dostluq münasibəti ilə doldurur.
Lakin öz Rəbbinin məhəbbətini qazanmaq üçün qul bütün varlığı ilə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getməli, nitqində, əməllərində və rəftarında ona (ona Allahın salavatı və salamı olsun!) bənzəməlidir. Bu barədə Quranda deyilir: “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir” (Ali-İmran, 3/31).
Allahın məhəbbətinə layiq olmaq üçün qul daima vacib və könüllü saleh əməllər vasitəsilə Ona yaxınlaşmalıdır. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) səhih hədislərinin birində rəvayət edilir ki, Allah buyurmuşdur: “Qulumun onların vasitəsilə Mənə yaxınlaşdığı ən sevimli əməlləri, Mənim ona həvalə etdiklərimdir. Könüllü ayinləri yerinə yetirməsi sayəsində Mənim qulum Mən onu sevənədək Mənə yaxınlaşmaqda davam edir. Mən onu sevdikdə isə, Mən onun eşitdiyi qulağı, gördüyü gözü, tutduğu əli, yeridiyi ayağı oluram. O Məndən bir şey istədikdə, Mən ona hökmən əta edirəm. Əgər o Mənim himayəmə sığınarsa, Mən hökmən onu qoruyaram”.
Allahın məhəbbətinə layiq olmaq üçün Onu dərk etmək və Onu tez-tez xatırlamaq lazımdır. İnsan Allahı dərk etmədikcə onun Ona bəslədiyi məhəbbəti kamil olmur. Daha doğrusu, onda belə məhəbbət heç yoxdur, halbuki o bunun əksini iddia edir. Lakin, əgər insan Allahı həqiqətən sevirsə, o hökmən Onu tez-tez yadına salacaq və əgər Allah Öz qulunu sevərsə, O, ondan ən cüzi əməllərini belə qəbul edəcək və onun çoxlu səhvlərini və günahlarını bağışlayacaqdır.
Belə qulların keyfiyyətlərindən biri də onların möminlərə qarşı mülayim və kafirlərə qarşı sarsılmaz olmalarıdır. Onlar iman sahiblərinin qarşısında özlərini uca tutmur, çünki onları sevir və onlara səmimiyyətlə xeyirxahlıq arzulayırlar. Onlarla ünsiyyətdə yumşaq, xeyirxah, iltifatla, mərhəmətlə davranır, güzəştə gedir və möminlər onlardan istədiklərinə əziyyətsiz nail olurlar. Amma Allahı inkar edən, Onun ayələrinə qarşı çıxan, Onun elçilərini yalançı sayan kafirlərlə münasibətlərində sərt və sarsılmaz olurlar. Onlar belə fasiqlərlə qətiyyətlə mübarizə aparmağa hazırdırlar və əllərindən gələni edirlər ki, onların üzərində qələbə çalsınlar.
Fövqəluca Allah buyurur: “Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin…!” (Ənfal, 8/60).
“Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən…” (Fəth, 48/29).
Allahın düşmənlərinə qarşı sərtlik qulu Ona yaxınlaşdıran keyfiyyətlərə aiddir, çünki o, öz Rəbbi ilə birlikdə onlara qəzəblənir. Lakin kafirlərə qarşı sərt münasibət və sarsılmazlıq, müsəlmanlara bu insanları İslam dininə ən layiqli tərzdə dəvət etməyə mane olmamalıdır. Müsəlmanlar kafirlərə qarşı sərt münasibətlərini dəvət zamanı müsahibələrdə onlara yumşaq yanaşmaqla uzlaşdırmalıdırlar, çünki bu keyfiyyətlərin ikisi də zəruri və faydalıdır.
Sonra Fövqəluca Allah xəbər verir ki, möminlər öz var-dövlətini qurban verərək və öz həyatlarını risqə ataraq Onun yolunda vuruşurlar. Onlar bu mübarizəni sözlə və əməlləri ilə aparırlar və onları qınayanların məzəmmətindən çəkinmirlər. Əksinə, onlar ancaq öz Rəbbinin lütfkarlığına can atır və Onun məxluqlarının qınağından daha çox, Onun Öz qınağından qorxurlar. Bu, onların məqsədyönlülüyü və qətiyyətli əzmkarlığına dəlalət edir, əks halda, ətrafdakılar qorxaq insanları qınadıqda onlar cəsarətdən məhrum olur, gücdən düşürlər. Onların ürəklərində məxluqların qarşısında əyilmək hissi yaşayır ki, bunun dərəcəsi isə onların insanların rəyinə bəslədikləri diqqətdən və insanların onları bəyənib və ya qınamalarından asılı olur. İnsan Allah xatirinə məzəmmət edənlərin qınağından ehtiyat etməsinə son qoyanadək, öz qəlbini məxluqlar qarşısında baş əyməkdən təmizləyə bilməz.
Fövqəluca Allah möminləri Özünün bəxş etdiyi və onlara bu ayədə xatırlanmamış digər xeyirxah əməllər işlətməyi həvalə edən gözəl və yüksək keyfiyyətlərinə görə təriflədikdən sonra, bildirir ki, bütün bunlar Allahın onlara göstərdiyi mərhəmətidir. Möminlər özlərini aldatmamalı, onlara əzəmətli lütfkarlığını göstərmiş Allaha həmd etməlidirlər və əgər onlar şükür etsələr, O, onlara daha böyük nemətlər bəxş edər. Bütün qalan insanlar isə bilməlidirlər ki, onlar Fövqəluca Allahın mərhəmətini qazanmaq imkanından məhrum edilməmişlər. Allah nemətini istədiyi kəsə bağışlayır.
O, hədsiz-hüdudsuz səxavətə malikdir. O, Öz rəhmi ilə bütün varlığı qaplayır və Öz sevimli qullarını başqalarına layiq görmədiyi mərhəməti ilə himayə edir. O, kimin Onun mərhəmətinə layiq olduğunu bilir və O, onu onlara bəxş edir. Allah kimin peyğəmbərliyi layiqincə yerinə yetirəcəyini və kimin də Onun peyğəmbərlərinin ardınca getməyə layiq olacaqlarını çox gözəl bilir.

(5.55) “Sizin Himayədarınız Allah, Onun Elçisi, namaz qılıb zəkat verən və rükuya gedən möminlərdir”
(Ayənin fərqli tərcüməsi mənimdir. Z.B. və V. M. tərcüməsi belədir: “Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər”(?). Ayənin son, kursivlə verilən hissəsi namazın huşu ilə qılınması tələbinə uyğun olmadığı üçün, anlaşılmazdır. Ayənin əslində belə bir söz və ya söz birləşməsi yoxdur. Təfsirin mətnindən də aydın olur ki, ayədə “rüku halında zəkat vermək” ifadəsi ilə bağlı şərhə yer verilməmişdir. F.S.)

Yəhudilər, xristianlar və başqa kafirlərlə dostluğun qadağan olunmasını və belə dostluğun nəticəsinin açıq-aşkar zərər olduğunu xatırlatdıqdan sonra, Fövqəluca Allah müsəlmanların kimi özlərinin hamisi və dostları saymalı olduqlarını və bundan necə faydalanmalı olduqlarını xəbər verir.
Allah buyurur ki, Onun himayədarlığına iman və təqvalılıq sayəsində layiq olmaq mümkündür. Hər bir təqvalı mömin Allahı sevməlidir. Əgər o, Allahı sevirsə, hökmən Onun elçisini (ona Allahın salavatı və salamı olsun!) də sevməlidir. Lakin Allahı və Onun elçisini (ona Allahın salavatı və salamı olsun!) layiqincə sevməkdən ötrü o, Onu sevən və Onu öz himayəçisi sayan hər kəsi sevməlidir. Bu insanlar — möminlərdir. Onlar dinin tələblərini qəlbləri və canları ilə yerinə yetirirlər, öz Allahına ixlasla ibadət edir, şərtlərini, fərz və nafilə sünnələrini yerinə yetirməklə namaz qılır, habelə sədəqə qəbul etməyə haqqı olanlara öz malından zəkat verməklə məxluqlara xeyirxahlıq edirlər. Bununla yanaşı, onlar rükuya gedir, yəni, Allah qarşısında itaət edir və aciz olduqlarını göstərirlər.
Beləliklə, möminlər Allahın bu ayədə xatırlatdığı insanları sevməlidirlər. Onlar ancaq bu şəxsləri özlərinin yeganə dostları və köməkçiləri hesab etməli və bütün qalanlarla dostluq etməkdən əl çəkməlidirlər.

(5.56) “Əgər onlar Allahı, Onun Elçisini və möminləri özlərinin hamiləri və köməkçiləri hesab edirlərsə, bilməlidirlər ki, Allahın tərəfdarları mütləq qalib gələcəklər”.

Bu ayədə Allah Onunla, Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə və möminlərlə yaxınlığın faydalı olmasını qeyd edir. Əgər insan Allahı, Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) və möminləri sevirsə, onda o, Onun tərəfdarlarından biri olur. Bu isə o deməkdir ki, insan Ona ibadət edir, Onun dostu və sevimlisidir. Belə insanlar hökmən üstün gələcək və həm bu dünyada və həm də ölümdən sonra xeyirli sonluğa nail olacaqlar. Fövqəluca Allah buyurur: “Sözsüz ki, bizim qoşunlarımız qələbə çalacaq” (Saffat, 37/173).
Bu böyük xoş müjdədən aydın olur ki, əgər insan Allahın hökmlərini yerinə yetirirsə, Onun tərəfdarlarından və döyüşçülərindən biridirsə, onda o, mütləq düşmənləri üzərində üstünlük əldə edəcəkdir və hətta, əgər Fövqəluca Allah Öz Müdrikliyi əsasında onun düşmənlərinə bəzən ona üstün gəlməyə imkan verirsə də, son nəticədə o mütləq onların üzərində qəlbə çalmağa nail olacaqdır. Allahın vədi belədir! Bəs kimin sözü Onun vədindən daha doğru ola bilər?

(5.57) «Ey iman gətirmişlər! Sizə qədər Kitab verilənləri və dininizi məsxərəyə qoyub onu əyləncə sayanları və digər kafirləri öz köməkçiləriniz və dostlarınız hesab etməyin. Əgər möminsinizsə, Allahdan qorxun!”

Allah Öz mömin qullarına yəhudilərlə, xristianlarla və digər kafirlərlə dostluq etməyi yasaqlamışdır. Möminlər onları sevməməli, onlarla dostluq etməməli, onları möminlərin sirrindən xəbərdar etməməli, İslama və müsəlmanlara zərər vura bilən işlərdə onlara kömək etməməlidirlər. Qəlblərində kök salan iman müsəlmanları kafirlərlə dostluqdan imtina etməyə məcbur edir və onları düşmənçiliyə sövq edir. Onları kafirlərlə düşmənçilik etməyə vadar edən şərtlərdən biri də Allah qorxusudur. Allah qorxusu dedikdə, Allahın hökmlərinin yerinə yetirilməsi və hər cür haramlardan çəkinmə nəzərdə tutulur. Onları buna həmçinin müşriklərin, kafirlərin və müsəlmanların əleyhinə çıxanların hamısının rəftarı vadar edir, çünki onlar İslam dinini təhqir edir, onu istehzaya qoyur, onu əyləncə hesab edir, ona kin bəsləyir, hökmlərinə, xüsusilə, namaza — İslamın ən parlaq rəmzinə və ən şərəfli ibadət ayininə hörmətsizlik göstərirlər.

(5.58) “Namaza çağırdığınız zaman onlar ona istehza edir və onu əyləncə sayırlar. Bu, onların ağılsız insan olmalarındandır”.

Azan səsini eşidərək, onlar onu məsxərəyə qoyaraq, əyləncə adlandırırlar ki, bu da onların dərrakəsizliyi və hədsiz nadanlığından irəli gəlir. Bu belə olmasaydı, onlar ağıl sahibi olsaydılar, onlar itaətkarlıqla namaz qılmağa gedər və başa düşərdilər ki, namaz qılmaq insanların malik olduqları hər şeydən üstün məziyyətdir. Buradan aydın olur ki, kafirlər müsəlmanlara və onların dininə qarşı amansız nifrət bəsləyirlər və əgər müsəlman onlara qarşı kin bəsləmirsə, onda onun imanı cüzi və naqisdir. Belə adam kafirlərin İslamı söyməsinə, allahsızlığa və azğınlığa etiqad etməsinə əhəmiyyət vermir. Bu o deməkdir ki, o, qeyrətdən və insan ləyaqətindən məhrumdur. Məgər bütün başqa dinləri təhrif olunmuş hesab etdiyi halda, onun dinini təhqir edən, onu əyləncə sayan və onun ardıcıllarını məsxərəyə qoyan cahil və axmaqlarla dostluq edən şəxs özünü haqq din tərəfdarı adlandıra bilərmi?
Bu ayə belə insanlara nifrət bəsləməyə çağırır ki, bu, heç olmazsa, azacıq da olsa, ağıl sahibi olan hər kəsə tamamilə aydındır.

(5. 59) “De: “Ey Kitab əhli! Doğrudanmı siz bizi Allaha, bizə nazil edilənə və əvvəl nazil edilənlərə və əksəriyyətinizin fasiq olduğuna iman gətirdiyimizə görə qınayırsınız?”

Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) İslamın doğrudan da həqiqi din olduğuna Kitab əhlini inandırmağı əmr etmişdi. Onlar isə tərifə və təriflənməyə layiq olan əməllərinə görə müsəlmanları qınayırdılar. Ona (ona Allahın salavatı və salamı olsun!) buyurulmuşdu ki, belə desin: “Ey Kitab əhli! Doğrudanmı bizim yeganə nöqsanımız Allaha, bütün müqəddəs Kitablara və bütün peyğəmbərlərə iman gətirməyimizdir? Doğrudanmı biz belə bir dini qəbul etməyən insanları kafir və günahkar adlandırmaqda günahkarıq? Doğrudanmı bizi, öz əməllərinə görə məsuliyyət daşıyanların ən mühüm vəzifəsi olan imana nail olduğumuza görə qınayırsınız?! Sizin əksəriyyətiniz Allaha itaətdən boyun qaçıran və günah işlər törətməyə cəsarət edən əsil fasiqlərdir və buna görə yaxşı olardı ki, siz susasınız. Əgər siz günaha batmasaydınız, bizə ünvanladığınız qınaqlar daha yüngül cinayət olardı. Lakin siz özünüz qatı günahkarlar olduğunuz halda bizi qınayırsınız”.

(5. 60) “De: “Allahdan daha pis əvəz alacaq adamlar haqqında sizə xəbər verimmi? Onlar — Allahın lənətlədiyi, onlara qəzəbləndiyi, onları meymuna və donuza çevirdiyi kəslərdir ki, tağuta ibadət edərdilər. Onlar daha da pis yerləri tutacaqlar və yoldan daha çox azmışlardır”.

Kitab əhlinin ittihamlarından belə çıxır ki, onlar müsəlmanların əməllərini səfeh əməllər sayırlar. Fövqəluca Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, onların necə bir dəhşətli vəziyyətdə olduqlarını yadlarına salsın. Ona əmr olunmuşdu ki, belə desin: “Bizi təqsirləndirdiyiniz əməllərdən olduqca daha pis əməlləri olan kəslər haqqında sizə xəbər verimmi? Elə insanlar var ki, Allah onları lənətləmiş və Öz mərhəmətindən uzaqlaşdırmışdır. Allah qəzəblənərək, onları həm bu dünyada və həm də Axirətdə cəzaya məhkum etmişdir. Onları, tağuta ibadət etdiklərinə görə, meymuna və donuza çevirmişdir”.
Tağut dedikdə, şeytan və, Allahdan üz çevirib, ona ibadət edənlər nəzərdə tutulur. Şübhəsiz ki, sadalanan yaramaz keyfiyyətlərə malik olan adamlar, Allahın mərhəmətinə yaxın olan möminlərdən olduqca çox pis vəziyyətə düşəcəklər. Allah möminlərdən razıdır və onlara həm bu dünyada və həm də Axirətdə mükafatlar əta edəcəkdir, çünki onlar Ona səmimi qəlbdən xidmət edirlər. Bu ayədə müqayisə dərəcəsi, keyfiyyətcə bir-birinə əks olan şeylərin kəskin qarşılaşdırılması üçün istifadə edilmişdir.

(5. 61) “Yanınıza gələrək, onlar dedilər: “Biz iman gətirdik”. Lakin onlar küfrlə daxil olmuşdular və onunla da çıxdılar. Allah onların nəyi gizlətdiklərini yaxşı bilir!”

Onlar yanınıza gələndə, ikiüzlülük edir və bədxah niyyətdə olurlar. Onlar özlərini dindar adlandırırlar, lakin sizin yanınıza gələndə də, sizdən ayrılıb gedəndə də onlar kafir olaraq qalırlar. Onlardan daha pis kim ola bilər? Kimin vəziyyəti onlarınkından da çirkin ola bilər?! Allaha onların gizlətdikləri hər şey olduğu kimi məlumdur və onlar həm yaramaz və həm də yaxşı əməllərinə görə mütləq əvəz alacaqlar.

(5. 62) “Sən görürsən ki, onların çoxu günah işlətməyə, halalın sərhədini aşmağa və haram yeməyə tələsirlər. Onların törətdikləri necə də murdardır”.

Fövqəluca Allah Onun mömin qullarını söyüb biabır edən Kitab əhlinin çatışmazlıqlarını sadalamaqda davam edir. O, xəbər verir ki, yəhudilər Yaradan qarşısında öz vəzifələrinə aid olan günahları həvəslə törədir, məxluqlara düşməncəsinə münasibət bəsləyir və haram şeyləri yeyirlər. Allah onların törətdikləri günahlar haqqında xəbər verməklə qane olmayaraq, bir daha bildirir ki, onlar o günahları məmnuniyyətlə və ləngimədən törədirlər. Bu isə, onların əxlaqsızlığı və fəsadçılığını və onların qəlbinə itaətsizliyin və zalımlığın xas olduğunu təsdiq edir. Onlar özlərini ləyaqətli və şərəfli insanlar hesab edirlər. Amma onların törətdikləri əməllər necə də pozğun və mənfurdur!

(5. 63) “Niyə din xadimləri və alimləri onları günah olan sözlərdən və haram yeməkdən çəkindirmirlər? Onların törətdikləri necə də pisdir”.

Bəs niyə insanlara kömək etməli olan din alimləri, Allah onlara bilik və müdriklik bəxş etdiyi halda, insanları nadanlıqdan çıxartmaq üçün günah işlər görməyi qadağan etmir və həqiqəti onlara çatdırmırlar? Onlar insanlara xeyirxahlıq göstərməyi əmr etməli və onları günahlardan çəkindirməli, onlara haqq yolu izah etməli, onları yaxşı işlərə ruhlandırmalı və törədə biləcəkləri cinayətlərdən xəbərdar etməliydilər. Amma onların törətdikləri gör necə də çirkindir!

(5. 64) “Yəhudilər dedilər: “Allahın Əli bağlıdır”. Xeyr, onların öz əlləri bağlıdır və dedikləri sözə görə lənətlənmişlər. Onun hər iki Əli də açıqdır və O, ürəyi istədiyini bağışlayır. Rəbbindən sənə nazil edilənlər onların əksəriyyətinin azğınlığını və kafirliyini artırır. Biz onların arasına Qiyamət gününədək düşmənçilik və kin-küdurət salmışıq. Onlar hər dəfə müharibə alovunu alışdıranda, Allah onu söndürür. Onlar yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərirlər, Allah isə fasiqləri sevmir”.

Fövqəluca Allah bu ayədə yəhudilərin dəhşətli sözləri və yaramaz etiqadlarından xəbər verir. Onlar deyirdilər ki, Allahın Əli bağlıdır, mərhəmət və xeyirxahlıq etməkdə xəsisdir. Bu sözlərinə görə onlar lənətlənmiş və xəsisliyə məhkum edilmişlər ki, bu, onların danışdıqları qeybətə uyğundur. Onlar misilsiz mərhəmət sahibi olan Allahı xəsis və xeyirxahlıqdan uzaq adlandırdılar və Allahın da onlara verdiyi əvəz tamamilə onların özünə layiq oldu. Onlar ən simic insanlara çevrildilər, yaxşı işlər görmək yerinə xəsislik etməyə, Allah haqqında pis fikirləşməyə başladılar və Onun mərhəmətindən uzaqlaşdırıldılar, halbuki, o, bütün məxluqatı əhatə edir, ali və ən aşağı aləmlərin hər guşəsini doldurur.
Bax buna görə Allah buyurur ki, Onun iki Əli də açıqdır və O, qullarını istədiyi kimi mükafatlandırır. Heç bir şey Ona qərara aldığını həyata keçirməyə mane ola bilməz. O, Öz qullarına mənəvi və dünyəvi nemətlər bağışlayır və əmr edir ki, onlar Onun səxavətli hədiyyələrini qazanmağa imkan verən əməllər yerinə yetirsinlər və Onun nemət qapısını öz qarşılarında bağlayan günahlar törətməsinlər. Allah gecə-gündüz mərhəmət göstərir və fasiləsiz olaraq saysız-hesabsız nemətlər nazil edir. O, qəmginliyi qovur və qüssədən xilas edir, kasıbları mükafatlandırır və əsirlərə azadlıq bəxş edir, zədə alanları sağaldır və dua edənlərin duasını qəbul edir, kasıbları varlandırır və ehtiyacı olanların yalvarışlarına cavab verir. O, Ona müraciət edənlərin xahişlərini təmin edir və hətta Ondan yardım istəməyənlərə də Öz lütfkarlığını göstərir. O, rahatlıq axtaranlara əmin-amanlıq əta edir və Ona itaətsizlik göstərənləri də Öz mərhəmətindən məhrum etmir. O, möminlərə də, günahkarlara da yaxşılıq, ancaq Onun sevimli qulları Onun xüsusi lütfkarlığına layiq görülürlər.
Allah onları saleh əməllər etməyə ruhlandırır, sonra da buna görə onları tərifləyir və Öz səxavəti ilə onların mükafatını çoxaldır. O, onları həm bu dünyada və həm də Axirətdə mükafatlarla təltif edir, özü də, bu mükafatlar təsvirolunmazdır və hətta insan onları xəyalına belə gətirə bilməz. O, Öz sevimli qullarına nemətlər nazil edir və onları hər cür bədbəxtliklərdən elə qoruyur ki, onlar hətta çoxusundan xəbər belə tutmurlar.
Pak və Müqəddəs Allah Öz qullarına istənilən nemətlər bəxş edir və onlar özlərini bədbəxtliklərdən xilas etməsini Ondan rica edib yalvarırlar. Allah Müqəddəsdir və Onu Özündən başqa kimsə layiqincə tərifləyə bilməz! Böyük Allah qullarını hətta bir an da olsa belə Öz mərhəmətindən məhrum etmir, çünki onlar hamısı ancaq Onun səxavəti sayəsində yaşayır və ömür sürürlər! Qoy Allah, öz nadanlığı üzündən Rəbbinə ehtiyacı olmadığını zənn edən və Ona Onun əzəmətinə yaraşmayan keyfiyyətlər aid edən hər kəsi rüsvay etsin!
Əgər Allah yəhudilərə və onlar kimilərə dedikləri dəhşətli sözlərin ancaq bəzilərinə görə layiqincə əvəzini versə, onlar hökmən elə bu dünyadaca məhv olar və bədbəxtçiliyə məhkum edilərdi. Lakin onlar dəhşətli sözlər danışmalarına baxmayaraq, O, onlara güzəştə gedir və möhlət verir, amma onların əməllərini unutmur.
Allahın nazil etdiyi ayələr onların əksəriyyətini yol verilən hədləri daha çox aşmağa və kafirliyə batmağa sövq edir. Allahın Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi xatırlatma qəlbə və ruha həyat verir, bu dünya həyatında və ölümdən sonrakı yaşayışa xoşbəxtlik gətirir və hər iki aləmdə müvəffəqiyyət əldə etməyə kömək göstərir. Bu xəbərdarlıq Allahın qullarına göstərdiyi ən böyük nemətidir və onları bunu tərəddüdsüz qəbul etməyi və Ona bu nemətə görə təslim olmağı və minnətdarlıq etməyi buyurur. Əgər bu xatırlatma insanlarda azğınlığı, zalımlığı və kafirliyi artırırsa, onda bu onlar üçün ən dəhşətli cəzadır. Onlar bu cəzaya Allahın xəbərdarlığından üz döndərdiklərinə, onu rədd etdiklərinə, ona müqavimət göstərdiklərinə və cürbəcür şübhəli və yanlış sübutlara istinadla ona qarşı etiraz etdiklərinə görə layiq görülürlər.
Allah belə insanlar arasına Qiyamət gününə qədər düşmənçilik və kin-küdurət salır. Onlar birləşə bilmir, bir-birinə kömək etmir, onlara fayda verə bilən işlərdə razılığa gəlmirlər. Onlar Məhşər gününədək ürəklərində bir-birinə nifrət etməyə və işlərində bir biri ilə düşmənçilik etməyə məhkum olunmuşlar.
Onlar daima müharibə odunu qızışdırmağa cəhd edirlər ki, İslama və onun tərəfdarlarına ziyan vursunlar. Onlar bundan ötrü öz süvarilərini və piyadalarını bir yerə toplayırlar, lakin hər dəfə Allah onları Öz yardımından məhrum edir, sıralarını pozur və müsəlmanları onların üzərində qələbə çalmağa nail edir. Onlar yer üzündə ciddi-cəhdlə günah işlər görərək fitnəkarlıqlar törətməklə öz azğın dinlərini təbliğ edir və insanlara İslam dinini qəbul etməyə mane olurlar. Lakin Allah günahkarlığı yayanları sevmir. Bundan əlavə, O, onlara nifrət edir və belələri mütləq layiqli cəzalarına çatdırılacaqlar.

(5. 65) “Əgər Kitab əhli iman gətirib qorxsaydılar və inkar etməsəydilər, onda Biz onların cinayətlərini bağışlayar və onları Nəim cənnətinə daxil edərdik”.

Fövqəluca Allah Kitab əhlinin rüsvayçı əməllərini, eyiblərini və qüsurlu fikirlərini xatırlatdıqdan sonra, onları tövbə etməyə çağırır və bu, Onun rəhmli və mərhəmətli olmasını təsdiq edir. O buyurur ki, əgər onlar Allaha, mələklərə, bütün Kitablara və bütün elçilərə inansalar, itaətsizlikdən çəkinsələr, əvvəl törətdikləri bütün cinayətləri bağışlanar və onlar insan qəlbinin arzuladığı və baxışların acgözlüklə dikildiyi istənilən şeyin toplandığı Cənnətin səadət bağlarına girərlər.

(5. 66) “Əgər onlar Tövratı, İncili və Rəbbindən onlara nazil edilənləri rəhbər tutsaydılar, onda başlarının üstündə və ayaqlarının altında olanlarla qidalanardılar. Onların arasında mötədil insanlar var, lakin əksəriyyətinin əməlləri pisdir”.

Əgər onlar Allahın buyurduğu kimi Tövratın və İncilin hökmlərini yerinə yetirsəydilər, əgər onlar əvvəlki Kitablarda peyğəmbərliyi haqqında xəbər verilən Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirsəydilər, əgər onlar Rəbbin onlara qayğı göstərərək nazil etdiyi böyük lütfü qəbul etsəydilər, onda Fövqəluca Allah onlara bol ruzi verər, səmadan üstlərinə yağış yağdırar və yerdə onlar üçün çoxlu məhsullar yetişdirərdi. Oxşar bir ayədə belə deyilir: “Əgər o kəndlərin sakinləri iman gətirsəydilər və təqvalı olsaydılar, onda Biz onların qarşısında göyün və yerin bərəkət qapısını açardıq” (Əraf, 7/96).
Sonra Allah buyurur ki, Kitab əhli arasında mötədil adamlar da var və onlar Tövratın və İncilin hökmlərinə əməl edir, lakin bu zaman təşəbbüs və səy göstərmirlər. Onların əksəriyyəti, ümumiyyətlə, qatı günahkarlardır və ancaq bəziləri xeyirxah əməllər etməkdə başqalarını qabaqlamağa meyl göstərirlər.

(5. 67) “Ey Elçi! Rəbbindən sənə nazil olanı bəyan et! Əgər etməsən, Onun elçiliyini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyur. Həqiqətən, Allah kafirləri doğru yola yönəltməz”.

Allah ən əzəmətli hökmü ilə Elçisinə (ona Allahın salavatı və salamı olsun!) müraciət edərək, ona nazil edilənlərin hamısını insanlara çatdırması hökmünü verir. Bunlar, müsəlmanların Muhəmməd Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) öyrəndikləri bütün dini-etiqad məsələlərinə, əməllərə, fikirlərə, hökmlərə və ilahi tələblərə aid idi. O (ona Allahın salavatı və salamı olsun!), öz peyğəmbərlik vəzifəsini ən kamil surətdə yerinə yetirirdi, insanları İslama dəvət edirdi, qorxunc xəbərdarlıqları və müjdələri onlara yetirir, onların aqibətini asanlaşdırır və onlara elə təlim verirdi ki, cahil və savadsız insanlar belə ən görkəmli ruhani alimlər və din xadimləri səviyyəsinə yüksəlirdilər. O (ona Allahın salavatı və salamı olsun!), insanları sözü və əməli ilə təlimləndirir, müxtəlif ölkələrə bəyanatlar göndərir və qasidlər yollayırdı. Elə bir yaxşı əməl yox idi ki, onu öz səhabələrinə göstərməmiş olsun və elə bir pis əməl də qalmamışdı ki, o (ona Allahın salavatı və salamı olsun!), məsləkdaşlarını ondan xəbərdar etməsin. İnsanların ən ləyaqətliləri olan şərəfli səhabələri və onlardan sonra gələn ardıcılları və sadə müsəlmanlar bunu təsdiq edirdilər və indi də bunu təsbit etməkdə davam edirlər.
Sonra Allah ona (ona Allahın salavatı və salamı olsun!) belə buyurur: “Əgər sən Rəbbinin sənə nazil etdiklərini insanlara xəbər verməsən, Onun əmrini yerinə yetirməmiş olarsan. Onu icra etməyə tələs və Mən səni himayə edəcək və insanlardan qoruyacağam. Sən onları səylə öyrətməli, Allahın hökmlərini onlara çatdırmalı və məxluqlar qarşısında ehtiyat etdiyinə görə vəzifəni yerinə yetirməkdən boyun qaçırmamalısan. Onların taleyi Mənim əlimdədir və Mən səni istənilən bədbəxtliklərdən qorumağa söz vermişəm. Sənə həvalə edilən — insanlara aydın həqiqəti çatdırmağındır və əgər onlar doğru yolla getsələr, bu onların öz xeyirlərinə olacaq. Yeganə niyyətləri öz alçaq istəklərinə haqq qazandırmaq olan kafirlərə gəldikdə isə, onların inkarçılığına görə sənin Rəbbin onları düz yolla aparmayacaq və onları yaxşı işlər görməyə ruhlandırmayacaqdır”.

(5. 68) “De: “Ey Kitab əhli! Siz Tövratı, İncili və Rəbbinizin sizə nazil etdiklərini rəhbər tutmadan doğru yolla getməyəcəksiniz”. Sənin Rəbbindən sənə göndərilən onların əksəriyyətində zalımlıq və kafirliyi dəfələrlə artırır”.

Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, Kitab əhlinin yanlışlıqları haqqında onlara xəbər versin, onların yalanını ifşa edərək, desin: “Sizin dini təsəvvürləriniz əsassızdır, çünki siz Qurana və Muhəmmədə iman gətirməmişsiniz və bir fakt kimi, öz peyğəmbərinizi və Kitabınızı inkar etmişsiniz. Siz ancaq o zaman haqqa əsaslana və etibarlı dayağa söykənə bilərsiniz ki, Tövratın və İncilin hökmlərinə riayət edəsiniz və onların tələb etdiklərinin hamısını yerinə yetirəsiniz. Siz Rəbdən sizə nazil edılən Vəhyi rəhbər tutmalısınız. O, sizin qayğınızı çəkir və sizə nemətlər bəxş edir, onların ən şərəflisi isə sizə nazil etdiyi Səmavi Kitabdır. Siz Allaha həmd etməli, Onun hökmlərini yerinə yetirməli və Onunla olan əhdinizə sadiq qalmalısınız”.

(5. 69) “Həqiqətən, möminlər və həmçinin Allaha və Axirət gününə iman gətirən yəhudilər, səbailər və xristianlar ədalətlə davranırdılar. Onlar nə qorxu biləcək, nə də kədərlənəcəklər”.

Fövqəluca Allah bu ayədə bildirir ki, Səmavi Kitabların, o cümlədən Quran, Tövrat və İncilin nazil edildiyi insanlar xilas üçün bir ümumi yola malikdirlər və ümumi əsasa söykənirlər. Bu, Allaha və Qiyamət gününə və saleh əməllərə imandır. Kim Allaha və Qiyamət gününə iman gətirib və saleh əməllər edibsə, o, xilas olacaqdır. O, irəlidə həyəcan doğuran hadisələrdən qorxmayacaq və onunla keçmişdə baş verənlər barədə qəm çəkməyəcəkdir. Bilmək lazımdır ki, bu ilahi müddəa bütün zamanlarda qüvvədə olmuşdur.

(5. 70) “Biz artıq İsrail oğulları ilə əhd bağlamış və onlara elçilər göndərmişik. Hər dəfə elçilər onlara xoşlarına gəlməyən bir şey gətirdikdə, bəzilərini yalançı adlandırır və digərlərini öldürürdülər”.

Allah İsrail oğulları ilə sərt müqavilə bağlamış, onları Ona iman gətirməyə və dinin vacib hökmlərini yerinə yetirməyə məcbur etmişdi. Allahın onlara nə dediyi öncə qeyd edilmişdi: “…“Mən sizinləyəm. Siz namaz qılsanız və zəkat versəniz, Mənim elçilərimə iman gətirsəniz, onlara kömək etsəniz və Allaha gözəl borc versəniz, Mən sizin günahlarınızı bağışlayaram və sizi altından çaylar axan Cənnətə daxil edərəm. Bundan sonra sizlərdən kimsə kafir olarsa, o, doğru yoldan çıxar” (Maidə, 5/12).
Allah onlara bir-birinin ardınca gələn elçilər göndərirdi və onlar israillilərin arasında dini təbliğ edir, onlara doğru nəsihətlər verirdilər. Lakin bu onlara fayda vermirdi. Buna görə, hər dəfə Allahın elçilərinin gətirdikləri hökmlər onların istəklərinə uyğun gəlmirdi, onlar elçiləri yalançı adlandırır, onlara müqavimət göstərir, onlarla ən dəhşətli tərzdə rəftar edirdilər. Elçilərin bəzilərini rədd edir, bəzilərini isə öldürürdülər.

—————-
Əbdürrəhman bin Nasir əs-Səədi

MÜQƏDDƏS QURANIN TƏFSİRİ

Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov

Bənzər Məqalələr