featured-image-2575

(141) “Onlar gözləyirlər ki, siz bir fəlakətə düçar olasınız. Allah sizə qəlbə bəxş edəndə onlar deyirlər: “Məgər biz sizinlə deyildik?” Qismət kafirlərə çatanda isə onlar deyirlər: “Məgər biz sizi himayə etmirdikmi və sizi möminlərdən qorumurduqmu?” Allah aranızda Qiyamət günü hökm çıxaracaqdır. Allah möminlərə qarşı kafirlərin yolunu açmayacaqdır”.

Allah ayədə bildirir ki, O, münafiqlərin kafirlərlə dostluğunu və onların möminlərə düşməncəsinə münasibətini sübuta yetirir. Onlar möminlərlə nə baş verəcəyini və sonun necə: pis və ya yaxşı olacağını gözləyirlər. Onlar ikiüzlü adamlardırlar və bu halların hər biri üçün onların müvafiq cavabları hazırlanmışdır.
Allah möminlərə qələbə bəxş etdikdə, münafiqlər deyirlər: “Məgər biz sizinlə deyildik?” Onlar özlərini elə aparırlar ki, qınanmaqdan və təhqirlərdən xilas olmaq, qənimətlərin bir hissəsini almaq və möminlərin müvəffəqiyyətlərindən istifadə etmək ümidi ilə guya qəlbən və cismən iman gətirmişlərdəndirlər. Əgər kafirlər müvəqqəti uğur qazanırlarsa, münafiqlər onlara deyirlər: “Məgər biz sizə himayə göstərmirdikmi və sizi möminlərdən müdafiə etmirdikmi? Biz əlimizdən gələn hər şeyi edirdik ki, sizi onlardan qoruyaq, onları qorxudaq və döyüşdən yayındıraq. Biz onlarla mübarizədə sizin üçün çoxlu başqa şeylər də edirdik”.
Uca Allah demir ki, kafirlər möminlər üzərində qələbə çalırlar, çünki qələbə gələcək uzunmüddətli uğurlar üçün zəmindir. Kafirlərə ancaq daimi olmayan qısamüddətli qismət nəsib ola bilər və bunda ilahi hikməti vardır. Qiyamət günü başladıqda isə Allah qulları arasında olan bütün ixtilafları həll edəcəkdir. O, qəlbi və canı ilə iman gətirənləri Cənnət bağları ilə mükafatlandıracaq və bütün münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları məşəqqətli cəzalara məruz qoyacaqdır.
Allah heç vaxt kafirlərə möminlər üzərində qəti üstünlük qazanmağa və onların üzərində hökmranlıq etməyə imkan verməyəcəkdir. Möminlərə, nə onları köməksiz qoyanlar və nə də onlara qarşı çıxanlar zərər vura bilməyəcəklər. Allah heç vaxt möminlərə kömək göstərməyə və onları kafirlərin hökmranlığından qorumasına son verməyəcəkdir.Buna isə asanlıqla əmin olmaq mümkündür. Əgər hətta müsəlmanlar kafir xalqların hakimiyyəti altında olsalar da, onlar yenə də öz ləyaqətlərini saxlayacaq, başqa dinlər qarşısında səcdə qılmayacaq və özlərinə nifrətlə yanaşılmasına yol verməyəcəklər, çünki Allah onlara həqiqi əzəmət bəxş edir. Buna görə hər şeydən əvvəl və hər şeyin sonunda həmd təkcə Allah məxsusdur!

(142) “Həqiqətən, münafiqlər Allahı aldatmağa cəhd edirlər, lakin, əslində, O, onları aldadır. Onlar namaza qalxanda könülsüz qalxır və ancaq özlərini insanlara göstərmək məqsədi güdür, Allahı isə çox az yada salırlar”.

Uca Allah münafiqlərin yaramaz sifətlərindən və çirkin xüsusiyyətlərdən xəbər verir. Onlar Allahı aldatmağa cəhd göstərir və özlərini elə aparırlar ki, guya mömindirlər, halbuki onlar kafirliyi ürəklərində gizlədirlər. Onlar güman edirlər ki, Allahı azdırırlar və ümid edirlər ki, O, bunu bilməyəcəkdir və onları başqa qulların qarşısında rüsvay etməyəcəkdir. Amma bilmirlər ki, Allah münafiqləri aldadır, çünki onların əməlləri və ehtimalları əsil özünüaldatmadır. İnsanı alçaqlığa, nifrətə və məhrumiyyətlərə məruz qoyan əməllərdən də ən böyük yalan, ümumiyyətlə, nə ola bilər?!! Bunlar münafiqin ağlının naqisliyinə dəlalət edir, çünki ancaq ağılsız insan günah işlədə və onları ləyaqətli əməl hesab edə bilər və eyni zamanda zənn edər ki, o özü ağıllı və hiyləgərdir. Ey Allah, Sən cahili Öz yardımından məhrum edəndə onun başına nə bəlalar gəlir!!
Allah Qiyamət günü də münafiqləri aldadacaqdır. O buyurur: “Həmin gün münafiq kişilər və münafiq qadınlar möminlərə deyəcəklər: “Dayanın, biz sizdən bir qədər nur alaq”. Onlara belə cavab veriləcək: “Geriyə qayıdın və nur axtarın”. Nəhayət onların arasına darvazaları olan hasar çəkiləcək, daxili tərəfində mərhəmət, zahiri tərəfində isə əzab olacaq. ۩ Münafiqlər onlara: “Məgər biz sizinlə deyildik?” deyə soruşacaqlar. Onlar deyəcəklər: “Bəli, lakin siz özünüz özünü aldadırdınız, fürsət gözləyirdiniz, şübhə edirdiniz və Allahın hökmü gələnədək özünüzü xam xəyallarla aldadırdınız. Tovlayan (şeytan) sizi Allahla əlaqədar aldatdı.۩ Bu gün nə sizdən, nə də kafirlərdən fidyə alınmayacaqdır. Sizin məskəniniz, sizə daha çox yaraşan Od olacaqdır. Bu gəliş yeri necə də pisdir!” (Hədid, 57/13-15).
Münafiqlərin daha bir sifəti də onların Allaha xoş gələn ən şərəfli əməllərdən biri olan namazı həvəssiz qılmalarıdır. Münafiqlər namaza könülsüz qalxır və namaz qılmalı olduqlarından narazı qalırlar. İnsanın ürəyində zəhmət çəkmək arzusu yaranmadıqda, o, tənbəl olur. Əgər onların ürəyi Allaha və Onun mükafatına doğru can atmaqdan məhrum olmasaydı, əgər onlarda iman olsaydı, onlar namaz qılmağa tənbəllik etməzdilər.
Sonra Allah münafiqlərin qəlbində nə gizlətdiklərini bildirir. Onlar şöhrətpərəstlik düşkünüdürlər və özlərini insanlar qarşısında ona görə göstərməyə çalışırlar ki, özlərinə hörmət bəslətdirsinlər və insanları onlara ehtiram göstərməyə sövq etsinlər. Onlar Allah xatirinə səmimiyyətlə çalışmırlar və Onu nadir hallarda xatırlayırlar, çünki onların ürəkləri özlərini nümayiş etdirməklə və şöhrətpərəstliklə doludur və əslində, Onu zikr etmək və bütün bu tələbləri yerinə yetirmək Allahı bütün varlığı ilə sevən və Ona layiqincə ehtiram bəsləyən iman sahiblərinə xas olan keyfiyyətdir.

(143) “Onlar bunların (iman və küfr) arasında tərəddüd edirlər, lakin nə birinə, nə də digərinə məxsus deyillər. Allahın azdırdığı kəs üçün sən artıq yol tapmazsan”.

Münafiqlər möminlər və kafirlər arasında tərəddüd edirlər, amma eyni zamanda nə qəlbən, nə də cismən nə buna, nə də o birisinə mənsub deyillər. Onlar qəlbən kafirlərlə birlikdədirlər, halbuki onları möminlərlə yanaşı görmək olar. Bu, təsəvvür etmək mümkün olan ən böyük səhvdir və buna görə Allah buyurur ki, Onun yolundan azdırdığı şəxs üçün artıq heç kim doğru yol tapa bilməz. Onlar artıq düz yola çıxa və öz səhvlərindən əl çəkə bilməzlər, çünki artıq onların qarşısında Allahın mərhəmət qapısı bağlanmış olacaq və onun əvəzində onlar ən dərin nifrətə layiq görüləcəklər.
Münafiqlərin alçaq keyfiyyətlərinin xatırlanması onu göstərir ki, möminlər, onlarınkına nisbətən, tamamilə əks keyfiyyətlərə malikdirlər. İman sahibləri səmimi, qəlbən və cismən doğruçudurlar. Onlar namazı və digər ibadət ayinlərini böyük həvəslə yerinə yetirir və onları hidayət yoluna yönəltmiş Allahı tez-tez xatırlayırlar. Qoy ağıllı insan bu iki yol üzərində düşünsün və özünə onlardan ən layiqlisini və əlverişlisini seçsin, bu seçimə isə təkcə Allah kömək edə bilər.

(144) “Ey iman gətirənlər! Möminlərin yerinə kafirləri özünüzə köməkçi və dost götürməyin. Məgər siz Allaha özünüzə qarşı bəlli bir sübut verməkmi istəyirsiniz?”

Kafirlərlə dostluq və möminlərə düşməncəsinə münasibət münafiqlərin sifətləri olmasını xatırlatdıqdan sonra, Allah mömin qullarına belə yaramaz keyfiyyətlərə malik olmağı və onlara oxşamağı qadağan edir. Əgər onlar belə hərəkət etsələr, onda onlar Allaha özlərinə qarşı aydın bir dəlil vermiş və özlərini cəzaya uğratmış olurlar. Rəbb onları belə əməlləri törətməmək barədə xəbərdar edir və onun çirkin nəticələri haqqında xəbər verir və əgər bundan sonra da onlar bu əməlləri törədərlərsə, amansız cəzaya layiq görülərlər.
Bu ayə Allahın ədalətinin kamilliyinə dəlalət edir. O, insanları, həqiqət onlara aydın olmadıqca, cəzalandırmır. Ayədə həmçinin itaətsizlikdən çəkindirmə vardır ki, bu da itaətsizlik edənin özünə qarşı Allaha açıq-aşkar bir dəlil verməsi ilə bağlıdır.

(145) “Həqiqətən, münafiqlər Cəhənnəmin ən alt qatlarında olacaqlar və sən onlar üçün köməkçi tapa bilməzsən”,

(146) “ancaq tövbə edib törətdiklərini islah edənlər, Allahdan möhkəm yapışanlar və Onun hüzurunda öz imanını paklaşdıranlar istisnadır. Belələri möminlərlə birlikdə olacaqlar və Allah isə iman gətirənlərə böyük mükafat əta edəcəkdir”.

Uca Allah ayələrdə münafiqləri gözləyən aqibətdən xəbər verir. Onlar Cəhənnəmin ən aşağı pilləsinə atılacaqlar və orada ən dəhşətli cəza alacaqlar və bütün qalan kafirlərdən ən aşağıda olacaqlar. Kafirlər kimi, onlar da Allaha iman gətirməkdən boyun qaçırırlar və Onun elçiləri ilə düşmənçilik edirlər. Bununla belə, onlar fitnə və məkrli planlar qurur və möminlərə elə zərər vurmağa çalışırlar ki, insanlar kənardan bunu görmür və hiss etmirlər. Adamlar onları müsəlman kimi tanıyır və bunun sayəsində onlar layiq olmadıqları şeyi əldə edirlər. Bununla onlar özlərini ən sərt cəzaya məhkum edirlər. Onlar həmin cəzadan xilas ola bilməyəcəklər və əzablarını yüngülləşdirmək üçün heç kim onların köməyinə gəlməyəcəkdir.
Bu, bütün münafiqlərə aiddir, onlardan istisna edilənlər Allahın mərhəmət göstərdiyi və törətdikləri günahları tövbə etməyə yönəltdiyi şəxslərdir. Belə insanlar bütün varlığı ilə saleh əməllər işləməyə çalışır, Allahdan yapışaraq ümid edirlər ki, O, onlara xeyirxahlıq əta etsin və şərdən qorusun, səmimi qəlblə İslama və haqq dinə etiqad edirlər, Ona elə ibadət edirlər ki, sanki onlar Onu görürlər və məxluqlara xeyirxahlıq göstərirlər. Onlar çalışırlar ki, qəlb və canları ilə Allahın iltifatını qazansınlar, özlərini göstərməkdən və ikiüzlülükdən xilas olsunlar. Belə keyfiyyətlərə malik olan insanlar bu dünyada və bərzəx aləmində Qiyamət gününə qədər və o başladıqdan sonra da digər möminlərlə birlikdə olacaqlar. Allah isə onları çox böyük mükafatla təltif edəcəkdir ki, o mükafatın böyüklüyü ancaq təkcə Onun Özünə məlumdur. O, elə bir şey olacaqdır ki, onu nə gözlər görmüş, barəsində nə qulaqlar eşitmiş və nə də insan xəyalı onu təsəvvür edə bilər.
Allahın, “möminlər Ondan möhkəm yapışır və Onun qarşısında öz imanını təmizləyirlər” ifadəsini (təvəkkül etmənin və səmimiyyətin əvvəllər qeyd edilmiş xeyirxah əməllərə aid olmasına baxmayaraq), xüsusilə xatırlaması üzərində bir düşünün! Bu onunla izah olunur ki, insan onlara olan ehtiyacı, xüsusilə, çətin bir şəraitə düşdükdə, kəskinliklə hiss edir. Məhz belə hallarda insanların qəlbində ikiüzlülük (münafiqlik) kimi bir keyfiyyət yaranır ki, Allahın onu şərdən mühafizə edəcəyinə təvəkkül etməklə və ikiüzlülüklə qətiyyən bir araya sığmayan səmimilik sayəsində ondan xilas olmaq mümkündür. Allah bu iki əməli xüsusilə xatırladır və onların əhəmiyyətini vurğulayır, çünki qəlbin və canın bütün əməlləri onlara əsaslanır və çətin anda insan onlara kəskin ehtiyac duyur.
Bir düşünün ki, “tövbə etmiş münafiqlər möminlərlə birlikdə olacaqlar” ifadəsini xatırladıqdan sonra, Uca Allah demir ki, O, onlara böyük mükafat əta edəcəkdir, sadəcə, qeyd edir ki, bütün möminlər mükafata layiq görüləcəklər. Allah Öz Kitabında daima bu məşhur qaydadan istifadə edir. Əgər söhbət mükafatlandırılmağa və ya cəzalandırılmağa layiq olan ayrıca, lakin özləri kimi yeganə olmayan, bir qrup insandan gedirsə, onda Allah mükafatlandırmanı və ya cəzalandırmanı həm bu insanlara və həm də bütün qalanlara aid olan şəraitlə əlaqələndirir ki, heç kim səhvən bu hökmün təkcə onlara şamil edildiyini güman etməsin. Bu — Müqəddəs Quranın əsrarəngiz xüsusiyyətlərindəndir.
Bir sözlə desək, bu ayədən aydın olur ki, tövbə etmiş münafiqlər möminlərlə birlikdə olacaqlar və mükafatı onlarla birlikdə alacaqlar. Bu barədə xatırlatdıqdan sonra, Uca Allahın özünəbəsliyinin kamilliyini, hüdudsuz səbatlı, rəhmli və səxavətli olmasını xəbər verir:

(147) “Siz şükür edən və iman gətirən olsaydınız Allah sizə niyə əzab verərdi? Allah razılıq edənə minnətdardır və Alimdir”.

Məgər siz şükür edən olsanız və iman gətirsəniz Allah sizi cəzalandırarmı? Bilin ki, O, Ona edilən minnətdarlığa görə təşəkkür edən Rəbdir. O, Onun xatirinə çətinliklərə dözən və yorulmadan yaxşılıq edən hər kəsə qiymətli mükafat və böyük nemət verir. Kim Onun xatirinə dünya nemətindən imtina edirsə, O, ona daha artığını bağışlayar. Sizin davranışınız, sizin niyyətləriniz və əməlləriniz Ona məlumdur. O, sizin havaxt doğru və səmimi olduğunuzu və havaxt yalan danışıb ikiüzlülük etdiyinizi bilir. O, istəyir ki, siz tövbə edərək düz yola qayıdasınız. Əgər siz Ona doğru can atırsınızsa, Onun sizi cəzalandırması nəyə lazımdır? O, sizi cəzaya məruz qoymaqdan məmnun olmur və sizin əzablarınızdan mənfəət götürmür. İnsan Allaha itaət etmədikdə ancaq özünə zərər vurduğu halda, Allahın bəyəndiyi işləri görəndə də təkcə özünə fayda verir.
Qeyd etmək lazımdır ki, şükür (minnətdarlıq) etmək dedikdə, Allah qarşısında bütün qəlbi ilə müti olmaq, Onun mərhəmətini qəbul etmək, Allaha xoş gələn əməllər etmək və Onun bəxş etdiyi nemətləri Ona itaətsizlik göstərmək məqsədlərinə sərf etməmək nəzərdə tutulur.

(148) Allah, zülm edilənlərdən başqa, kiminsə çirkin sözü açıq səsləndirməsini xoşlamır. Allah Eşidən və Biləndir”.

Uca Allah ayədə bildirir ki, insanların uca səslə pis sözlər danışması onun xoşuna gəlmir. Belə davranış Onda nifrət doğurur və O, buna görə cəzalandırır. Pis söz dedikdə, insanı incidən və kədərləndirən bütün yaramaz sözlər nəzərdə tutulur. Bu, Allahın nifrətinə səbəb olan söyüş, iftira, təhqir və bunlara bənzər yasaq edilmiş ifadələrdir.
Bu ayənin mənasından aydın olur ki, Allaha gözəl sözlər, məsələn, Onu zikr edən və ya yumşaq və xeyirxah müraciətlərdən ibarət olan sözlər xoşdur. Amma əgər insanla haqsızcasına rəftar etmişlərsə, onda ona onu incidəni lənətləməyə, ondan şikayət etməyə və bu barədə hamının eşidə biləcəyi şəraitdə danışmağa icazə verilir, bir şərtlə ki, o şəxs, onu incidənə böhtan deməsin, özünə qarşı edilmiş haqsızlığın həddini aşan təhqirlər etməsin və ona pislik etməyənləri incitməsin.
Belə etməyə icazə verilir, lakin daha yaxşı olardı ki, haqsızlığa uğradılmış insan onu incidəni bağışlasın və özünə qarşı edilən haqsızlığa görə əvəz çıxmasın. Uca Allah buyurur: “Pisliyin əvəzi eyni dəyərli pislikdir. Lakin kim ki, bağışlasa və barışıq etsə, onun mükafatı Allah dərgahındadır. Doğrusu, O, zülm edənləri sevmir” (Şura, 42/40).
Bu ayədə eyni zamanda yaramaz, gözəl və yol verilən sözlər xatırladıldığı üçün Uca Allah bildirir ki, O — Eşidəndir. O, insanların nitqini eşidir; qoy qullar Allahın onlara qəzəblənməsinə və cəzalanmalarına səbəb olan sözlər söyləməkdən özlərini qorusunlar. Allah qullarını xoş sözlər söyləməyə ruhlandırır və xatırladır ki, onların danışıqlarının və fikirlərinin əsası olan niyyətləri Ona məlumdur.

(149) “Əgər bir yaxşılıq edib onu gizlətsəniz və ya pis əməli görüb gizlətsəniz, bilin ki, Allah Əfvedən və Qüdrətlidir”.

Burada yaxşılıq adı altında başa düşülən ürəkdən gələn və hərəkətlə bildirilən bütün vacib və könüllü surətdə deyilən xoş sözlər və edilən əməllərdir. Əgər insan bir xeyirxah işi açıq görərsə və ya onu gizlədərsə və əgər bir adam, onun həyatına, malına və ya namusuna təcavüz etmiş bir insanı, alicənablıq göstərərək, bağışlayarsa, o, hökmən müvafiq əvəz alacaqdır. Kim Allah xatirinə bağışlayarsa, o, Onun bağışlamasına layiq görülər və kim ki, yaxşılıq edər, o, Onun tərəfindən yaxşı münasibətə layiq görülər, çünki O, Əfvedən və Qüdrətlidir. O Öz qullarına səhvləri və böyük günahları bağışlayır, onların qəbahətlərini ört-basdır edir və onlara yüksək dərəcədə güzəştlə yanaşır. Bu, Onun üçün çətinlik yaratmır.
Bu ayədə Allah insanları Onun adlarının və sifətlərinin əhəmiyyəti haqqında düşünməyə dəvət edir. Rəbbin bütün yaratdıqları və hökmləri ilahi adların və sifətlərin nəticəsi və təzahürüdür və buna görə O, tez-tez dini hökmləri Öz gözəl adları ilə əlaqələndirir. Bunun nümunəsi şərh etdiyimiz ayədir ki, onda yaxşı əməllər və incidənlərə qarşı əfvedici münasibət haqqında xatırlatdıqdan sonra, Allah bizə imkan verir ki, Onun bəzi adlarını öyrənək. Onların yada salınması, sadalanan saleh əməllərə görə xüsusi mükafat haqqında xatırlatmanı əvəz etmişdir.


(150) “Həqiqətən, Allaha və Onun Elçilərinə iman gətirməyənlər, Allah və Onun elçiləri arasında fərq qoymaq istəyərək, deyirlər: “Biz bəzilərinə inanırıq və digərlərinə inanmırıq”, — və bunların arasında yol tapmaq istəyənlər”

(151) “əsil kafirlərdir. Biz kafirlər üçün rüsvayedici işgəncələr tədarük etmişik”.

Hər kəsə aydındır ki, insanlar Allaha və Onun elçilərinə iman gətirmiş möminlərə və bütün bunları inkar edən kafirlərə bölünmüşlər. Lakin, üçüncü bir qrup da var ki, onlar bir sıra elçilərə iman gətirdiklərini, başqalarına isə iman gətirmədiklərini bəyan edirlər. Belə adamlar güman edirlər ki, seçdikləri bu yol onları Allahın cəzasından xilas edəcək, lakin onların ümidləri tamamilə əsassızdır. Onlar əslində, Allahla Onun elçiləri arasına, sadəcə, sədd çəkirlər. Əgər insan doğurdan da Allahı sevirsə, o, Onun bütün elçilərini də hökmən sevməlidir. Məhz belə olduqda onun Allaha məhəbbəti kamil ola bilər. Yoxsa ki, o, elçilərdən birinə nifrət bəsləyirsə, əslində o, Allaha və bütün qalan elçilərə nifrət bəsləmiş olur. Uca Allah buyurur: “Əgər kimsə Allahla və Onun mələkləri, elçiləri ilə, Cəbraillə və Mikaillə düşmənçilik edirsə, bilsin ki, Allah da kafirlərin düşmənidir” (Bəqərə, 2/98).
Beləliklə, əgər insan elçilərdən tək birinə belə iman gətirməkdən boyun qaçırarsa, onun bütün elçilərə, hətta özünü ardıcılı hesab etdiyi elçiyə də iman gətirmədiyini təsdiq etmək olar. Heç kim səhvən onların imanla küfr arasında orta mövqe tutduğunu təklif etməsin deyə, Allah onları əsil kafir adlandırmışdır.
Onlar deyirlər ki, elçilərdən bəzilərinə iman gətirirlər, amma əslində münafiqlər onlara inanmırlar, çünki əgər onların qəbul etdikləri elçilərə iman gətirməyə sövq edən dəlilləri varsa, onda onların inkar etdikləri elçilərə iman gətirməyə sövq edən də elə həmin dəlillərdir və ya onların eyni olan daha inandırıcı dəlillərdir. Əgər iman gətirməkdən boyun qaçırdıqları peyğəmbərlərin inkar edilməsinə səbəb olan şübhəli hallar varsa, onda həmin hallar və ya onlara bənzər hallar və yaxud daha da tutarlı hallar onların qəbul etdikləri peyğəmbərlərin inkar edilməsi üçün əsas ola bilərdi. Deməli, onlar ancaq öz istəklərinə uyğun hərəkət edirlər, onların sözləri isə eyni kəlmələrlə asanlıqla təkzib edilə bilən əsassız iddialardır.
Onların xalis kafir olmalarını xatırlatdıqdan sonra, Allah onlar üçün və bütün digər kafirlər üçün tədarük edilmiş cəzadan bəhs edir. Onlar Allaha iman gətirməkdən təkəbbürlə imtina edirdilər və buna görə də O, onları alçaldacaq və dözülməz işgəncələrə məruz qoyacaqdır.

(152) “Allaha və Onun elçilərinə iman gətirənlərə və onların hər hansı birinin arasında fərq qoymayanlara Allah mükafatlarını verəcəkdir. Allah Bağışlayan və Rəhmlidir.

Bu ayədə Allahın Özü haqqında xəbər verdiyi hər şeyə iman gətirən və Onun elçilərinin bütün rəvayətlərinə və hökmlərinə iman gətirən möminlərdən bəhs edilir. Onlar elçilər arasında fərq qoymadılar və onların hər birinə iman gətirdilər. Bunun sayəsində onlar həqiqi iman və dəlillərə, sübutlara istinad edən möhkəm əqidə sahibi oldular. Allah mütləq onları imanlarına və onunla bağlı olan saleh əməllərinə, gözəl kəlamlarına və yüksək əxlaqi keyfiyyətlərinə görə onlara layiq olan mükafatla təltif edəcəkdir. Onların hər biri əməllərinə müvafiq gələn əvəz alacaqlar. Aydındır ki, məhz buna görə Allah o mükafatı “onların mükafatı” adlandırır. Bağışlayan və Rəhmli Onun gözəl adlarındandır. O, Öz qullarına günahlarını bağışlayır və onların yaxşı, saleh əməllərini qəbul edir.

(153) “Kitab əhli səndən göydən bir kitab nazil etdirməni istəyirlər. Onlar Musadan bundan daha böyük olan bir şey istəyərək demişdilər: “Bizə Allahı açıq göstər”. Öz zalımlıqlarına görə ildırım onları vurdu. Onlara açıq-aydın ayələr gəldikdən sonra isə onlar buzova sitayiş etməyə başladılar, buna baxmayaraq Biz bunu bağışladıq və Musaya aydın bir dəlil əta etdik”.

(154) “Biz onlarla bağladığımız əhdə uyğun olaraq dağı onların başı üzərinə qaldırdıq və onlara dedik: “Şənbə günü həddi aşmayın!” Biz onlarla sərt əhd bağladıq”.

(155) “Onlar öz əhdlərini pozaraq Allahın ayələrinə iman gətirmədilər, peyğəmbərləri zalımcasına öldürərək deyirdilər: “Bizim ürəklərimizə pərdə çəkilmişdir (və ya biliklə doludur)”. Yox-yox, onları, kafirliklərinə görə, möhürləyən Allahdır və buna görə imanları cüzidir (və ya onlardan çox az bir hissəsi iman sahibidirlər)”,


(156) “iman gətirmədiklərinə, Məryəmə böyük iftira atdıqlarına görə”

(157) “və belə dedilər: “Həqiqətən, biz İsa Məsihi, Məryəmin oğlunu, Allahın elçisini öldürdük”. Lakin onlar onu öldürməyiblər və çarmıxa çəkməyiblər, bu, ancaq onlara belə görünmüşdür. Bu barədə mübahisə edənlər şübhə içindədirlər və bu barədə heç bir şey bilmirlər, təkcə zənnə qapılırlar. Onlar, doğrudan da, onu öldürməyiblər (və ya yəqinliklə öldürməyiblər)”.

(158) “Yox-yox! Allah onu Öz dərgahına yüksəltmişdir. Bilin ki, Allah Qüdrətli və Müdrikdir!”

Kitab əhli Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) elə bir sualla müraciət etmişdilər ki, onu həm inkar və həm də təkzib etsinlər. Onlar bildirmişdilər ki, verdikləri suala alacaqları cavabın qaneedici olub olmamasından asılı olaraq ona ya inanacaq, ya da onu rədd edəcəklər. Onlar ondan (ona Allahın salavatı və salamı olsun) tələb edirdilər ki, Tövrat və İncilin nazil edildiyi kimi, Müqəddəs Quran da bütövlüklə nazil edilsin. Bu, onların tərəfindən ən böyük zalımlıqdı, çünki Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bir insan və qul idi. O, Allahın iradəsindən asılıydı və Kainatdakı hadisələrə sərəncam çəkə bilməzdi, çünki bütün hakimiyyət bütövlükdə Allaha məxsusdur. O, Tək Özü elçilərini göndərir və istədiyini Öz qullarına nazil edir. Buna görə, müşriklərin Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) tələb etdiklərini xatırlatdıqdan sonra, Uca Allah ona (ona Allahın salavatı və salamı olsun) əmr edir ki, desin: “Allah pakdır! Mən isə bir insan və Elçiyəm” (İsra, 17/93).
Yəhudilər qərara almışdılar ki, Kitabın bütövlükdə və ya hissələrlə nazil edilməsi həqiqəti yalandan fərqləndirməyə əsas verən şərtdir. Lakin onların dəlili əsassız və yersizdi. Bundan başqa, o hətta şübhəli də deyildi, çünki Allahın peyğəmbərlərindən heç biri heç vaxt deməmişdi ki, Kitabın hissələr üzrə nazil edildiyi elçilərə inanmaq və etibar etmək olmaz. Müqəddəs Qurana gəldikdə isə, onun müəyyən hadisələrlə bağlı ayələrinin nazil edilməsi ancaq onun əzəmətinə və Allahın Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) bəslədiyi qayğısına dəlalət edir.
Uca Allah buyurur: “Kafirlər dedilər: “Niyə Quran ona bir dəfəliyə bütöv nazil edilməmişdir?” Biz belə etmişik ki, bununla sənin qəlbini sabitləşdirək və onu ən gözəl tərzdə izah etmişik. ۩ Onların sənə gətirdiyi məsəllərdən asılı olmayaraq, Biz sənə Haqqı və Gözəl Təfsiri bəyan etmişik” (Furqan, 25/32-33).
Yəhudilərin əsassız etirazlarını xatırlatdıqdan sonra Allah bildirir ki, onların belə davranmaları birinci dəfə deyil. Onlar əvvəllər də, özlərini ardıcılı saydıqları elçi ilə bundan daha yaramazcasına davranmışdılar. Onlar elçidən tələb etmişdilər ki, Allahı onlara göstərsin və öz əlləri ilə düzəltdikləri buzova sitayiş etməyə başlamışdılar, halbuki əvvəllər onlara əksər insanların görmədiyi möcüzələr əyani surətdə nümayiş etdirilmişdi.
Onlar Tövratın hökmlərini, nəhəng bir dağ onların başı üzərində qaldırılmayıncaya qədər, yerinə yetirməkdən boyun qaçırırdılar, onlar iman gətirməyi rədd edəcəkləri halda, Allah bu dağı onların üstünə atmaqla qorxutmamışdı. Ancaq bundan sonra onlar Kitabın qanunlarına riayət edəcəklərinə razılaşdılar. Onlar bu addımı, sanki gözlərini yumaraq atdılar və buna görə onların imanı məcburi atılan addıma bənzəyirdi.
Onlara əmr olunmuşdu ki, şəhərin darvazalarından içəri girərkən ibadət etsinlər və Allahdan bağışlanma diləsinlər, lakin onlar Rəbbin hökmünü yerinə yetirməkdən imtina etdilər. Onlar bu əmri həm sözdə və həm də əməldə pozdular. Onlardan bəziləri, bundan başqa, şənbəni pozmağa cəsarət etdilər və dəhşətli cəzaya məruz qoyuldular.
Allah onlarla sərt əhd bağladı, lakin onlar onu kənara atdılar, Onun ayələrinə iman gətirməkdən imtina etdilər və Onun elçilərini, heç bir haqları olmadan, öldürürdülər. Onlar hətta bildirmişdilər ki, İsa Məsihi öldürüb çarmıxa çəkmişlər. Lakin onlar onu nə öldürüblər, nə də çarmıxa çəkiblər — onlar başqa bir adamı onun yerinə qəbul etmişdilər ki, o da onun əvəzinə öldürülüb çarmıxa çəkilmişdi.
Onlar demişdilər ki, ürəklərinə pərdə çəkilmişdir və onlara deyilənləri başa düşmürlər. Onlar insanların Allah yoluna gəlməsinə və həqiqəti aydınlaşdırmasına maneə törədir və onları özlərinin getdiyi azğınlıq və aldanma yoluna çağırırdılar. Onlar qanunsuz olaraq əmlak əldə edir və sələmçiliklə məşğul olurdular, halbuki onlara qəti olaraq bu işə qurşanmaq qadağan olunmuşdu. Əgər onlar bu yaramaz işləri tuturdularsa, onda onların Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) Müqəddəs Kitabın göylərdən ona bütöv şəkildə nazil edilməsini tələb etmələri heç də təəccüblü deyildi.
Allah yəhudiləri təkzib etmək üçün ən gözəl üsul seçdi ki, onun vasitəsi ilə yalançıların dəlillərini darmadağın etmək mümkündür. Əgər onlar həm özlərini və həm də ətraflarındakıları azğınlığa yönəldən yalan və şübhəli iddiaların vasitəsilə haqqa qarşı mübahisə açmağa cəhd göstərsələr, onda onların tərəf müqabilləri onların artıq törətdikləri yaramaz sifətlərini və ən pis əməllərini göstərməlidirlər. Onda hər bir adama aydın olar ki, onların etirazları da bu əməllərə aiddir və elə özlərinin yaramaz keyfiyyətlərinin nəticələridir.
Bundan başqa, əgər müşriklər Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyini qəbul etmirlərsə, onda bu və ya bundan da sanballı dəlillərin vasitəsilə onların qəbul etdikləri elçinin də peyğəmbərliyini inkar etmək olar. Şübhəsiz ki, bunu etmək ancaq onların cinayətlərinin qarşısını almaq və yalanlarını darmadağın etmək üçün lazımdır. Əgər müşriklər qəbul etdikləri elçinin peyğəmbərliyinin həqiqiliyini təsdiq etməkdən ötrü əsaslandırmağa cəhd göstərsələr, onda elə eyni uğurla və ya daha da inandırıcı dəlilləri Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyinin təsdiqi üçün gətirmək olar.
Yəhudilərin çoxsaylı qüsurları onların etirazlarını təkzib etməkdən ötrü gətirdiyinə görə, Uca Allah onların barəsində burada daha ətraflı söhbət açmır, onları sadəcə qeyd edir. Onların hər birini Allah Öz Kitabının bunun üçün daha münasib bildiyi başqa yerlərində təfsilatı ilə izah edir.

(159) “Kitab əhli arasında eləsi qalmayacaq ki, ölümünə qədər ona iman gətirməsin, Qiyamət günü isə, o, onların əleyhinə şahid olacaqdır”.

Belə bir rəy mövcuddur ki, yiyəlik hal əvəzliyi bu ayədə Kitab əhlinə aiddir. Bu o deməkdir ki, ölüm anında onların hər birinə həqiqət aydın olur və o, İsa peyğəmbərə (ə) iman gətirir, amma iman gətirməsi artıq ona heç bir fayda vermir, çünki məcburidir. Belə şərh Kitab əhlinin ünvanına yönəldilmiş sərt təhdiddir. Onlar ölüm ayağında hökmən peşman olacaqları o yaramaz əməlləri törətməməliydilər. Onlar dirildilib qəbirlərindən çıxarıldıqları Həmin gün vəziyyətlərinin necə olacağını ancaq təsəvvür etmək olar.
Başqa bir şərhə görə, yiyəlik hal əvəzliyi İsa peyğəmbərə (ə) aiddir. Bu isə onu bildirir ki, Kitab əhli arasında o, Allahın rəhmətinə qovuşana qədər, ona iman gətirməyənlərdən heç kim qalmayacaqdır. Bu, Qiyamət gününə az qalmış, böyük əlamətlərin zühur etdiyi zaman başlayacaqdır.
Dünyanın Sonunun başlanğıcı ərəfəsində İsa peyğəmbərin (ə) səmadan yerə enəcəyi haqqında çoxsaylı hədislər vardır. İsa Peyğəmbər (ə) yalançı Məsihi öldürəcək, Kitab əhlindən alınan cizyəni (can vergisini) ləğv edəcək, çünki onlar mömin müsəlmanlarla birlikdə ona iman gətirəcəklər. Qiyamət günü başlayanda isə, İsa Peyğəmbər (ə) onların əməllərinin Allahın şəriətinə uyğun gəlib gəlmədiyinə şahidlik edəcəkdir. Şübhəsiz ki, o, Kitab əhlinin Quran qanunlarına və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) dəvətinə zidd olan baxışlarının qüsurlu olduğunu təsdiq edəcəkdir. Bizim bu barədə biliklərimiz Məsihin ədalətliliyinə və doğruçuluğuna əminliyimizdən irəli gəlir. Onun şəhadəti əsil həqiqət olacaqdır, çünki Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) təlimi yeganə bir həqiqətdir ki, ondan başqa olanlar azğınlıqdan və yalandan ibarətdir.

(160) “Yəhudilər zalımcasına davrandıqlarına və insanların bir çoxunu Allahın yolundan azdırdıqlarına (və yaxud insanları tez-tez yoldan çıxartdıqlarına) görə, Biz onlara icazə verilmiş nemətləri onlara haram etdik”,

(161) “haram edilməsinə baxmayaraq, faiz almalarına və adamların əmlakını qanunsuz yediklərinə görə. Onlardan olan kafirlər üçün Biz şiddətli əzab tədarük etmişik”.

Uca Allah bu ayələrdə xəbər verir ki, O, Kitab əhlinə əvvəllər onlara halal edilmiş dünya nemətlərinin çoxusunu haram qıldı. Bu qadağa onların zalımcasına rəftarlarına və icazə verilənlərin həddini aşdıqlarına, insanları Allahın yolundan çıxartdıqlarına, onlara doğru yolu tapmağa maneçilik törətdiklərinə və həm də onlara qadağan edilmiş faiz yediklərinə görə və cəza idi. Onlar ehtiyac içində olan insanları vicdanlı əqdlər bağlamaq imkanından məhrum edirdilər və cəza aldılar ki, bu da onların cinayətlərinə uyğun gəlir. Allah onlara əvvəl halal edilmiş və əslində təmiz və faydalı olan bir çox dünya nemətlərini qadağan etdi. Müsəlman milləti üçün təyin edilmiş haramlara gəldikdə isə, onlara ancaq dinlərinə və dünya həyatına zərər verə bilən pis şeylər haram qılınmışdır.

(162) “Lakin onların arasında dərin biliklərə yiyələnənləri və sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirib namaz qılan, zəkat verən, Allaha və Qiyamət gününə inanan möminləri Biz böyük mükafatla təltif edəcəyik”.

Kitab əhlinin biabırçı hərəkətlərini xatırladaraq, Allah onlardan tərifə layiq olanlar haqqında xəbər verir. Onlar qəlblərinə həkk olmuş dərin biliklərə sahibdirlər. Onlar möhkəm etiqad sahibi olmuşlar ki, bunun nəticəsi də — onların Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) nazil olanların və ondan əvvəlkilərə nazil olanların hamısına kamil iman bəsləmələri olmuşdur. Bu iki əməl ibadətin ən şərəfli ayinlərindəndir — onlar insana Allaha səmimiyyətlə ibadət etməyə və Onun qullarına xeyirxahlıq göstərməyə imkan verir. Bununla yanaşı onlar Qiyamət gününə inanır, sərt təhdiddən ehtiyat edir və öz Rəbbinin vədinə ümid bəsləyirlər. Onlar mütləq böyük mükafat alacaqlar, çünki özlərində bilik, iman və saleh əməlləri birləşdirməyi bacarmışlar və bütün Kitablara və Allahın bütün elçilərinə iman gətirmişlər.

(163) “Həqiqətən, Biz sənə də, Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi, vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba və onların nəsillərinə, İsaya, Əyyuba, Yunusa, Haruna, Süleymana vəhy etdik, Davuda isə Biz Zəbur bəxş etdik”.

(164) “Biz əvvəllər sənə bəzi elçilərdən danışmış və bəzilərindən də danışmamışıq. Musa ilə isə Allah söhbət etmişdir”.

Uca Allah bildirir ki, O, Öz quluna və Elçisinə (ona Allahın salavatı və salamı olsun) böyük qanunlar vəhy etmiş və ona gerçək əhvalatlar açıqlamışdır ki, onlar əvvəllər digər peyğəmbərlərə də bəyan edilmişdi. Buradan bir neçə faydalı nəticə çıxartmaq olar.
Birincisi, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) elçilərin birincisi deyildi. Ona qədər Allah insanlara çoxsaylı elçilər və bir çox peyğəmbərlər göndərmişdi və buna görə onun peyğəmbərliyinə ancaq cahillər və ya qeyri-adi inadcıl insanlar təəccüb edə bilərdilər.
İkincisi, Allah ona elə bir Kitab göndərmişdir ki, onun əsas müddəaları, əvvəlki elçilərə nazil edilmiş Kitabların əsas müddəaları ilə uyğun gəlir. Bununla bərabər o, eynilə ədalətlidir. Buradan aydın olur ki, Göylərin Vəhyləri bir-birinin doğruluğunu təsdiq edir və bir-biri ilə üst-üstə düşürlər..
Üçüncüsü, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) elçilərdən ancaq biridir və insanlar onu din qardaşları ilə – Allahın elçiləri ilə müqayisə edə bilərlər. Onun dəvəti onların dəvətindən fərqlənmirdi və onlar eyni əxlaqi keyfiyyətlərə malikdilər. Onlar elmi bir mənbədən əxz edir və eyni məqsədi güdürdülər. Bütün bunlar o deməkdir ki, o, adsız-sansız şəxsiyyətlərə, qəddar yalançılara və ya zalım hökmdarlara oxşamırdı.
Dördüncüsü, Allahın bir sıra elçilərinin sıra ilə yad edilməsi onların ünvanına yönəldilmiş tərif və onların həqiqi keyfiyyətlərinin izah edilməsi idi. Bunun sayəsində möminlər onlara bəslədikləri imanlarını daha da artırırlar. Onların peyğəmbərlərə məhəbbəti və onların doğru yolu ilə getmələri güclənir və onlar peyğəmbərlər qarşısında öz vəzifələrini daha yaxşı dərk edirlər. Buna görə Uca Allah buyurur: “Dünyalar arasında Nuha salam olsun! * Həqiqətən, Biz beləcə yaxşılıq edənlərə qarşılığını veririk. * Həqiqətən, o — Bizim mömin qullarımızdan biridir” (Saffat, 37/79-81);
“İbrahimə salam olsun! * Həqiqətən, Biz beləcə yaxşılıq edənlərə qarşılığını veririk. * Həqiqətən, o — Bizim mömin qullarımızdan biridir” (Saffat, 37/109-111);
“Musaya və Haruna salam olsun! Həqiqətən, Biz beləcə yaxşılıq edənlərə qarşılığını veririk. * Həqiqətən, onlar — Bizim mömin qullarımızdandırlar” (Saffat, 37/120-122);
“İlyasa (və ya Yasinin ailəsinə) salam olsun! * Həqiqətən, Biz beləcə yaxşılıq edənlərə qarşılığını veririk. * Həqiqətən, o — Bizim mömin qullarımızdan biridir” (Saffat, 37/130-132).
Hər bir xeyirxah insan öz yaxşı əməllərindən asılı olaraq, yaxşıca tərifə layiqdir. Kitabda isə xeyirxahlığın ən yüksək dərəcəsinə nail olmuş elçilər yad edilmişlər.
Allahın bütün elçilərinin vəhy aldıqlarını xatırlatdıqdan sonra, Allah onlardan hər birinin digərindən üstünlüyü barədə bəhs edir. Davud ləyaqətli və şöhrətli qul idi və ona Zəbur kitabı verilmişdi. Musa ilə Allah vasitəçisiz söhbət etmişdi ki, bu da ona böyük şöhrət gətirmişdi. Onu hətta Kəlim ər-Rahman çağırardılar. Bu — “Rəhmanla danışan adam” deməkdir.
Sonra Allah buyurur ki, peyğəmbərlər arasında elələri də var ki, O, Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) onların haqqında xəbər vermişdir və elçilərindən elələri də var ki, O, onların barəsində ona heç bir şey deməmişdir. Bu o deməkdir ki, Allahın elçiləri olduqca çox olmuşdur.
Allah xəbər verir ki, elçilər Ona itaət edənlərə və onların ardıyca gedənlərə həm bu dünyada və həm də Axirət həyatında mütləq səadət əldə edəcəkləri barədə müjdə verirdilər. Bununla yanaşı onlar Allaha itaətsizlik edənləri və onların hökmlərinə müqavimət göstərənləri hər iki dünyada bədbəxtliklərlə qarşılaşacaqları barədə xəbərdar edirdilər.
Onlar ona görə göndərilmişdilər ki, qoy heç kim onlara müjdə verən carçı və nəsihətçi gəlmədiyini deyə bilməsin. Uca Allah buyurur: “Ey Kitab əhli! Elçilərin olmadığı dövrdən sonra, Elçimiz sizə izahat vermək üçün yanınıza gəlmişlər ki, daha deməyəsiniz: “Bizə müjdə verən və xəbərdarlıq edən gəlməmişdir”. Müjdəçi və xəbərdar edən nəsihətçi artıq yanınıza gəlmişdir. Allah hər şeyə qadirdir” (Maidə, 5/19).

(165) “Müjdələyən və xəbərdarlıq edən elçiləri, onlar gəldikdən sonra, insanların Allaha qarşı heç bir sübut gətirə bilməməsi üçün göndərdik. Allah Qüdrətlidir və Müdrikdir”.

Allah insanlara bir-birinin ardınca Öz elçilərini göndərirdi və onlar da insanlara dini hökmləri izah edirdilər. Onlar insanlara hansı əməllərin onlara Allahın mərhəmətini qazandıracağı və hansıların Onun qəzəbinə səbəb olacağı haqqında xəbərləri çatdırırdılar. Elçilər Cənnət bağına aparan yola və Cəhənnəmə aparan başqa yollara aydınlıq gətirirdilər. Əgər bundan sonra insanlar iman gətirməkdən imtina edirdilərsə, onda artıq təkcə özlərindən küsməliydilər.
Allah elçilərini göndərdikdən sonra onlara Kitabını da nazil edirdi və bunlar Onun mütləq qüdrətinin və müdrikliyinin dəlilləriydi. Bu həm də Onun mərhəməti və xeyirxahlığının sübutu idi, çünki insanlar peyğəmbərlərə təsəvvür edilməyəcək dərəcədə çox böyük ehtiyac duyurdular.
Həmd olsun Allaha! O, bizə elçilər göndərərkən artıq bizə mərhəmət göstərmişdir və biz Ona minnətdarıq və Ondan rica edirik ki, bizə olan mərhəmətini bizi hidayət yolu ilə yönəltməklə sona çatdırsın. Həqiqətən, O — Səxavətli və Comərddir!

—————-
Əbdürrəhman bin Nasir əs-Səədi

MÜQƏDDƏS QURANIN TƏFSİRİ

Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov

Bənzər Məqalələr