İki mühüm prinsip vardır ki, xoşbəxt həyat – yalnız onları doğru anlamaq və bu yolda çalışmaqla gerçəkləşir:

 

1. Doğuş’dan müsəlman olmaq, bir zəfər deyildir. Bu, çox mühüm bir nüansdır. Çünki insan, bunun üçün əlavə bir əmək sərf etmir, belə yaradılır və buna görə də burada zəfər hesab olunacaq bir səbəb yoxdur. Əsl zəfər, müsəlman olaraq bu dünyadan köçməkdir.

“Ey (Allaha və böyük imtahan gününə) inananlar/iman gətirənlər! Allahdan layiqincə qorxun! Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!” (Quran, 3/102)

 

‘Müsəlman kimi ölmək’ – çox mühüm mənaları ehtiva edir. Hər bir müsəlman üçün bu, heç də asan bir məsələ deyil. Yuxarıdakı ayədə deyilmək istənilir ki, ‘24 saatın hər dəqiqəsini müsəlman kimi, halal-harama və Allahın əmrlərinə riayət edərək yaşamalısan. Çünki, ölümün nə zaman gələcəyini heç kim bilməz və yalnız bu halda, müsəlman kimi ölməyə şans vardır..’ Müdriklərdən biri necə də gözəl buyurmuşdur:

الحياة في سبيل الله أصعب من الـموت في سبيل الله

“Allah yolunda (Onun buyurduğu kimi) yaşamaq, Allah uğrunda ölməkdən daha çətindir..”

 

2. Əgər insan, Allah’dan başqa heç kimə möhtac olmadığına tam bir yəqinliklə inanarsa, Allah da onu başqasına möhtac etməz. Rəbbimiz bunun zəmanətini vermişdir.

“..Kim Allahdan qorxsa (Onun buyurduğu kimi yaşayaraq pis işlərdən çəkinsə və əmrlərinə riayət etsə), Allah ona (hər çətinlikdən) bir çıxış yolu bəxş edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə (güvənsə), (Allah) ona kifayət edər..” (Quran, 65/2-3)

 

 

Ayxan Yaquboğlu (islamevi.az)

Bənzər Məqalələr