ƏBU SUFYAN —radıyallahu anhu— nun HERAKLLA GÖRÜŞÜ

6.«Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz ona (Allaha) təslim olmuşlar və onun hüzuruna qayıdacaqlar». (Ali-İmran 83). «(Ya Muhəmməd!) Söylə ki, Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq (Allaha təslim olanlarıq)». (Ali-İmran 64).İbn Abbas — radyallahu anhu — deyir ki, Əbu Sufyan(Əbu Sufyan b. Hərb — radyallahu anhu — 630-cu ilə qədər Peyğəmbər — sallallahu aleyhi və səlləm — in qatı düşmənlərindən olub. Lakin Məkkənin fəthi günü İslamı qəbul edir. Qızı Ramlə b. Əbu Sufyan (həmçinin Ummu Həbibə də deyirdilər) Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yoldaşı idi. ) — radyallahu anhu — mənə dedi: «Mənimlə Peyğəmbər — sallallahu aleyhi və səlləm — in arasında imzalanmış sülh müqaviləsi müddətində(HUDEYBIYYƏ — Qureyş müşrikləri ilə Peyğəmbər — sallallahu aleyhi və səlləm — arasında bağlanmış sülh müqaviləsidir. Mart 628-ci il Məkkə yaxınlığında. ) mən Qureyşin ticarət karvanı ilə birlikdə Şama (indiki Livan, Suriya, İordaniya və Fələstinin ərazisi sayılır. ) getmişdim. Mən Şamda olduğum müddətdə Peyğəmbər — sallallahu aleyhi və səlləm — dən Rumun İmperatoru Herakliyusa (Bizans imperatoru 610-641-ci illərdə hökmranlıq edib) bir məktub gətirilmişdi. Bu məktubu (Rumun imperatoruna) Dihyətul Kəlbi (Səhabələr içərisində gözəlliyi ilə seçilən bir səhabə idi. Cəbrail — əleyhissəlam — əksər vaxtlarda onun görkəmində gələrdi. ) gətirmiş və Busranın əmirinə vermişdi. Busranın əmiri də məktubu Herakliyusa göndərmişdi. Herakliyus da: «Burada (yəni Şamda) Peyğəmbər olduğunu iddia edən adamın qövmündən bir kimsə varmı?» deyə xəbər aldı. Əyanları: «Bəli, vardır!» dedilər. Bundan sonra (Əbu Sufyan — radyallahu anhu — bir qrup yoldaşları ilə) birlikdə imperatorun hüzuruna İliyuya (Yerusəlimin qədim adlarından biridir. (Həmçinin Beytul Məqdis, Qüds).) gətrildilər. Herakl Rumun tanınmış insanlarının əhatəsində onları və tərcüməçisini öz yanına çağıraraq (tərcüməçisi vasitəsilə): «Peyğəmbər olduğunu iddia edən bu şəxsə nəsəb (qohumluq) etibarı ilə ən yaxın olanınız hansınızdır?» deyə soruşdu. Əbu Sufyan: «Nəsəb etibarı ilə ən yaxın olan mənəm» dedim. Herakl: «Onu mənə yaxın otuzdurun, yoldaşlarını isə onun arxa tərəfində otuzdurun!» dedi. Sonra Herakl tərcüməçisinə: «Mən Peyğəmbər olduğunu iddia edən o, şəxs haqqında bu adamdan bəzi şeyləri soruşacağam. Əgər o, mənə yalan desə sizlər onun yalanını təkzib edin!» dedi. Əbu Sufyan: «Allaha and olsun ki, yoldaşlarım tərəfindən yalanımın hər tərəfə yayılmasından qorxmasaydım Peyğəmbər haqqında şübhəsiz ki, yalan uydurardım» dedim. Sonra (Herakl) Peyğəmbər haqqında mənə ilk sualını verdi.
«Sizin içinizdə onun nəsəbi necədir?» deyə soruşdu. Mən: «İçimizdə onun nəsəbi çox böyükdür. O, hörmətli bir ailədəndir» deyə cavab verdim. O: «Sizdən bu sözü ondan öncə söyləmiş (yəni ondan əvvəl Peyğəmbərlik iddiası etmiş) bir kimsə olubmu?» deyə soruşdu. Mən: «Xeyr!» deyə cavab verdim. O: «Ata-babaları içərisində bir padşah olubmu?» deyə soruşdu. Mən: «Xeyr!» deyə cavab verdim. O: «Ona kimlər tabe olur. İnsanların şərəfliləri (yəni tanınmışlar, varlılar), yoxsa insanların zəifləri (kasıblar, sadələr)?» deyə soruşdu. Mən: «İnsanların zəifləri (kasıbları, sadələri)» deyə cavab verdim. O: «Ona tabe olanlar artır, yoxsa azalırlar?» deyə soruşdu. Mən: «Xeyr, azalmır. Əksinə artırlar!» deyə cavab verdim. O: «İçərilərində onun dininə girdikdən sonra bəyənməməzlikdən onun dinini tərk edən varmı?» deyə soruşdu. Mən: «Xeyr!» deyə cavab verdim. O: «Bu dediklərini deməzdən (yəni Peyğəmbərlikdən) əvvəl heç onu yalan (danışmaqda) ittiham etmisinizmi?» deyə soruşdu. Mən: «Xeyr!» deyə cavab verdim. O: «Heç əhdini pozubmı?» deyə soruşdu. Mən: «Xeyr, əhdə vəfasızlıq etməz. Lakin indi biz onunla bir müddətlik sülh müqaviləsi bağlamışıq. Bu müddət ərzində onun nə edəcəyini bilmirik. Mən bu dediklərimə heç bir söz əlavə edə bilmədim. (Yəni Peyğəmbərə qarşı heç bir söz deyə bilmədim)» deyə cavab verdim. O: «Heç onunla müharibə etdinizmi?» deyə soruşdu. Mən: «Bəli» deyə cavab verdim. O: «Onunla etdiyiniz müharibənin nəticəsi necədir?» deyə soruşdu. Mən: «Onunla bizim aramızda olan müharibə qarşılıqlı olub. O, da bizə qalib gəlib, biz də ona qalib gəlmişik» deyə cavab verdim. O: «O, sizə nəyi etməyi əmr edir?» deyə soruşdu. Mən: «O, bizə tək Allaha ibadət etməyi və Ona heç bir şeyi şərik qoşmamağı bir də ata-babalarımızın dediyi şeylərdən çəkinməyimizi əmr edir. Sonra bizə namaz qılmağı, düz söz danışmağı (yalan danışmamağı), yaxşılıq etməyi və qohumluq əlaqələrini möhkəmləndirməyi (kəsməməyi) əmr edir!» deyə cavab verdim.
Onda (Herakl) öz tərcüməçisinə əmr etdi ki, mənə desin: «Mən səndən onun nəsəbi haqqında soruşdum. Sən də: «İçimizdə onun nəsəbi çox böyükdür. O, hörmətli bir ailədəndir» deyə cavab verdin. Axı bütün (əvvəlki) Peyğəmbərlər də belə qövümlərin yüksək nəsəb sahiblərinin içindən göndərilmişlər. Mən səndən: «Sizdən bu sözü ondan əvvəl söyləmiş (yəni ondan əvvəl Peyğəmbərlik iddiası etmiş) bir kimsə olubmu?» deyə soruşdum. Sən də: «Xeyr!» deyə cavab verdin. Mən də düşündüm ki, əgər kimsə belə bir şey (Peyğəmbərlik iddiası) haqqında ondan əvvəl söyləmiş olsaydı, onda belə qərara gəlmək olardıki o, da özündən əvvəl kimsə tərəfindən deyilmiş bir sözü təkrar edir. Mən səndən: «Ata-babaları içərisində bir padşah olubmu?» deyə soruşdum. Sən də: «Xeyr!» deyə cavab verdin. Mən də düşündüm ki, əgər ata-babaları içərisində bir padşah olsaydı, onda belə qərara gəlmək olardıki o, (ata-babalarının) mülkünü geri almaq istəyən bir kimsədir. Mən səndən: «Bu dediklərini deməzdən (yəni Peyğəmbərlikdən) əvvəl heç onu yalan (danışmaqda) ittiham etmisinizmi?» deyə soruşdum. Sən də: «Xeyr!» deyə cavab verdin. (Bu sözlərdən) mənə aydın oldu ki, əgər o, insanlara qarşı yalan danışmayıbsa deməli Allaha qarşı da yalan danışmaz (uydurmaz). Mən səndən: «Ona kimlər tabe olur. İnsanların şərəfliləri (yəni tanınmışlar, varlılar), yoxsa insanların zəifləri (kasıblar, sadələr)?» deyə soruşdum. Sən də: «İnsanların zəifləri (kasıbları, sadələri)» deyə cavab verdin. Məhz (Peyğəmbərlərə) tabe olanlarda onlardır. Mən səndən: «Ona tabe olanlar artır, yoxsa azalır?» deyə soruşdum. Sən də: «Xeyr, azalmır. Əksinə artırlar» deyə cavab verdin. Məhz iman da belədir. (Qəlbə girdimi) kamillik dərəcəsinə çatana qədər artar. Mən səndən: «İçərilərində onun dininə girdikdən sonra bəyənmədən onun dinini tərk edən varmı?» deyə soruşdum. Sən də: «Xeyr!» deyə cavab verdin. Məhz həqiqi iman da belədir. Qəlbə girib orada (kök atdıqda). Mən səndən: «Heç əhdini pozarmı?» deyə soruşdum. Sən də: «Xeyr, əhdə vəfasızlıq etməz!» deyə cavab verdin. Peyğəmbərlər də heç vaxt əhdə vəfasızlıq etməzlər. Mən səndən: «Heç onunla müharibə etdinizmi?» deyə soruşdum. Sən də: «Bəli» deyə cavab verdin. Mən: «Onunla etdiyiniz müharibənin nəticəsi necədir?» deyə soruşdum. Sən də: «Onunla bizim aramızda olan müharibə qarşılıqlı olub. O, da bizə qalib gəlib, biz də ona qalib gəlmişik» deyə cavab verdin. Peyğəmbərlər də belədirlər. Onlar (Allah tərəfindən səbr etdiklərinə görə əcrləri böyük olsun deyə) bəlalara düçar olurlar. Lakin sonra yaxşı aqibət onların leyhinə olur. Mən səndən: «O, sizə nə etməyi əmr edir?» deyə soruşdum. Sən də: «O, bizə tək Allaha ibadət etməyi və ona heç bir şeyi şərik qoşmamağı, bütlərə ibadətdən çəkinməyimizi əmr edir. Sonra bizə namaz qılmağı, düz söz danışmağı (yalan danışmamağı) və yaxşılıq etməyi əmr edir» deyə cavab verdin. Əgər o, şəxs haqqında dediklərin doğrudursa, yəqinliklə söyləyirəm ki, onun mülkü mənim bu iki ayaqlarımın altında olan yerlərə qədər çatacaqdır. Şübhəsiz ki, mən onun çıxacağını bilirdim. Lakin onun sizdən olacağını düşünmürdüm. Əgər mən əmin olsaydım ki, ona çata biləcəyəm, onunla görüşmək üçün çalışardım. Əgər onunla görüşsəydim mütləq ona (xidmət edərək) ayaqlarını yuyardım» dedi və sonra Peyğəmbər — sallallahu aleyhi və səlləm — in məktubunu istədi. Məktubu gətirən şəxs onu Herakla verdi. Məktubu açaraq oxumağa başladı. Orada bunlar yazılmışdır.
«Rahmən və Rahim olan Allahın adı ilə. Allahın Rəsulu Muhəmməd — sallallahu aleyhi və səlləm — dən Rumun İmperatoru Herakla! Salam olsun doğru yolda olanlara! Sonra: «(Ey Rum imperatoru!) Mən səni İslama dəvət edirəm. İslamı qəbul et və canını qurtar. Allah da sənin əcrini iki qat versin. Əgər bu dəvətimi qəbul etməzsənsə ətrafındakı Xristianların da günahı sənin boynunadır. «(Ya Muhəmməd!) Söylə ki, Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq. (Allaha təslim olanlarıq)». (Ali-İmran 64).
Əbu Sufyan: «(Herakl) deyəcəklərini dedikdən və məktubu oxuduq-dan sonra yanında səslər yüksəldi və gurultu çoxaldı. Bizim çıxarılmağı-mızı əmr etdi. Biz də onun yanından çıxarıldıq. Çıxarıldığımız zaman mən yoldaşlarıma: «İbn Əbu Kəbşə (8) o, qədər mühüm bir insandır ki, hətta ondan Bəni Əsfarın (9) məliki də qorxur. Artıq o, vaxtdan (Peyğəmbər — sallallahu aleyhi və səlləm — in) qalib gələcəyinə və Allahın İslamı qəlbimə yerləşdirdiyi günə qədər əmin olmaqda davam etdim».
İbn ən-Natur İliya (yəni Beytul Məqdisin) əmiri idi. Herakl isə Şamın Xristianlarının yepiskopu idi. (İbn ən-Natur) deyir ki: «Herakl İliyu (yəni Beytul Məqdisə) gəldiyi zaman günlərin birində səhər çox kədərli göründü». Patriklərindən bəziləri ona: «Sənin halın bizim xoşumuza gəlmir» dedilər. İbn ən-Natur: «Herakl münəccim (Ulduzlar haqqında elmi öyrənən insana verilən ad ) və gələcəkdən xəbər verən bir kimsə (kahin) olduğu üçün onların sualına belə cavab verdi: «Bu gecə ulduzlara baxdıqda gördüm ki, sünnətlər məliki zühr edib (qalib gəlib). (Mən də bilmək istəyirəm) bu ümmət içərisində sünnət olunanlar kimlərdir!» dedi. Ona: «Yəhudilərdən başqa sünnət olunan yoxdur. Bu da səni narahat etməməlidir. Öz məmləkətinin şəhərlərinə məktublar göndər ki, oradakı Yəhudiləri öldürsünlər!» dedilər. Bu vaxt Heraklın hüzuruna Qassani (ərəb knyazlığı. ) məliki tərəfindən Peyğəmbər — sallallahu aleyhi və səlləm — haqqında xəbər gətirən bir nəfər gətirilir. (Herakl) o, kimsəni sual-cavab etdikdən sonra öz (əlaltılarına) əmr edir ki, o kimsənin sünnətlimi, yoxsa sünnətsizmi olduğunu yoxlasınlar. Onlar yoxladıqdan sonra sünnətli olduğunu bildirdilər. Bundan sonra Herakl o, kimsədən ərəblər haqqında soruşmağa başladı. (O, da) onların da sünnət olunduq-larını xəbər verdi. (Qulaq asdıqdan sonra) Herakla aydın olur ki, sünnətlər məliki onların içindəndir (yəni ərəblərdəndir). Sonra Herakl Rumiyyədə (yəni Romada) elmdə onun kimi olan bir dostuna məktub yazaraq Xımsa(Suriya ərazisində şəhərdir) yollanır. Bu şəhərdən dostundan cavab məktubu gəlincəyə qədər ayrılmır. (Məktubda isə) Peyğəmbərin zühur etdiyi və bu şəxsin həqiqi Peyğəmbər olduğu haqqında mənim sözlərimə (fikirlərimə) uyğun bir məktub gəldi. Herakl Xımsda Rumun böyüklərini hüzuruna dəvət etdi. Dəvət olunanlar saraya daxil olduqdan sonra (sarayın) qapılarının bağlanmasını əmr etdi. Sonra hündür bir yerə çıxaraq: «Ey Rum cəmaatı! Haqq yoluna yönəlmək və mülkünüzün qalmasını istəyirsinizsə bu Peyğəmbərə beyət edin!» deyə xitab etdi. (Bu sözləri eşidcək) onlar vəhşi eşşəklər kimi qapılara doğru qaçmağa başladılar. Lakin qapıların bağlı olduqlarını gördülər. (Herakl) bu dərəcədə nifrətin və onun sözlərinin (onlar üçün) heç bir əhəmiyyət kəsb etmədiyini, onların iman gətirməyəcəklərinə ümüdünü kəsərək: «Onları geri çağırın!» deyə əmr etdi. (Onlar qayıtdıqda) O: «Mən bu sözləri yalnız sizi dininizə bağlılığınızı yoxlamaq üçün söylədim. İndi isə (sizin dininizə bağlılığınıza) gözlərimlə şahidi oldum!» deyə cavab verdi. Bu sözlərdən sonra oradakılar (öz məmnuniyyətlərini bildirməkdən ötrü) onun qarşısında təzim olaraq səcdəyə qapandılar. Bu da Heraklı (İslam ilə bağlayan) son hadisə idi» (Buxari 7, Müslim 1773)

HUDEYBİYYƏ SÜLHÜ

7.«Sizi onlara (müşriklərə) qalib etdikdən sonra Məkkə vadisində (Hudeybiyyədə) onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən (onları sizinlə, sizi də onlarla vuruşmağa qoymayan) Odur. Allah sizin nə etdiyinizi görəndir!». (əl-Fəth 24). Misvər b. Məxrəmə – radıyallahu anhu — və Mərvan b. əl-Həkəm bir-birinin rəvayətini təsdiqləyərək demişlər: «Peyğəmbər — sallallahu aleyhi və səlləm — Hudeybiyyə sülhündə (HUDEYBIYYƏ — Bu sülh müqaviləsi 628-ci ildə baş verib. Sülh müqaviləsində iştirak edənlərin sayı 1400, bir rəvayətdə isə 1500 nəfər idi. Müslim, Həkim və s. ) iştirak etmək üçün (Mədinədən səfərə) çıxdı və bir qədər yol getdikdən sonra səhabələrinə belə buyurdu: «Xalid b. Vəlid (Xalid b. Vəlid – radıyallahu anhu — o, vaxtlar hələ müsəlman deyildi. Lakin 629-cu ildə İslamı qəbul edir və İslamın dahi şəxslərindən birinə çevrilir. SEYFULLAH — Allahın qılıncı adı ilə tanınmışdır.) – radıyallahu anhu — nun başçılıq etdiyi Qureyşin süvari qoşunu Ğəmim vadisində pusquda dayanıblar. Buna görə də siz sağ tərəfə gedin!» Allaha and olsun ki, Xalid – radıyallahu anhu —, Peyğəmbər — sallallahu aleyhi və səlləm — və onun səhabələrini görmədi. Yalnız onların arxasınca qalxan toz-torpağı gördükdən sonra atını çaparaq (müsəlmanların gəldiyini) Qureyşə xəbər verməyə getdi. Peyğəmbər — sallallahu aleyhi və səlləm — isə (səhabələrilə birlikdə) yoluna davam etdilər. Nəhayət gəlib Məkkəyə aparan Hudeybiyyə vadisindəki dağ yoluna çatdılar. Burada Peyğəmbər — sallallahu aleyhi və səlləm — in dəvəsi yerə çökdü və insanlar: «Hü! Hü!» deyə dəvəni yerindən tərpətməyə çalışdılar. Lakin dəvə çökdüyü yerdən qalxmadı və onlar: «Qasva (Peyğəmbər — sallallahu aleyhi və səlləm — in dəvəsinin adı idi. ) inadkarlıq edib qalxmır!» dedilər. Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Qasva inadkarlıq etməz! Bu onun adəti deyildir. Lakin (bir zamanlar Məkkəyə daxil olmaq istəyən) fili tutub saxlayan Allah indi də Qasvani saxladı. Nəfsim əlində olan Allaha and olsun ki, müşriklər Allahın haram buyurduqlarına əməl etməklə məndən hər nə istəsələr onlara istədiklərini verəcəyəm!» Sonra Peyğəmbər — sallallahu aleyhi və səlləm — Qasvanı tərpətdi və heyvan dərhal ayağa qalxdı. Peyğəmbər — sallallahu aleyhi və səlləm — Hudeybiyyənin qurtaracağında yerləşən və içində az miqdarda su olan çuxurun yanına gəldi. Səhabələr çuxurda olan sudan az-az o, qədər daşıdılar ki, orada su qurtardı. Onlar susuzluqdan Peyğəmbər — sallallahu aleyhi və səlləm — ə şikayət etdikdə o, ox qabından bir ox çıxardıb onlara verdi və onu çuxura sancmaqlarını əmr etdi. Allaha and olsun ki, ox çuxura sancılan kimi oradan su fəvvarə kimi vurmağa başladı. Bu fəvvarə onlar susuzluqlarını yatırdıb oradan uzaqlaşanadək davam etdi. Bu vaxt Budeyl b. Vərqa əl-Xuzai – radıyallahu anhu — öz qəbiləsindən Xuzaədən olan bir dəstə adam ilə Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına gəldilər. Tihaməlilər (Məkkə və onun ətrafına Tihamə deyilir. Orada yaşayanlar isə Tihaməlilər adlanır. Fəthul Bəri 5/396.) içərisində Xuzaə qəbiləsindən olanlar əvvəldən Peyğəmbər — sallallahu aleyhi və səlləm — in sirdaşı idilər. Budeyl – radıyallahu anhu — dedi: «Mən Kəb b. Lueyyi və Amir b. Lueyyi (Hər ikisi də Qureyşin ulu babalarındandır. Yəni: «Onların nəslindən olanları Məkkədə tərk edib gəlmişəm» deməkdir. Fəthul Bəri 5/398.) Məkkədə tərk edib gəlmişəm. Onlar Hudeybiyyə vadisindəki ən zəngin su quyularını ələ keçiriblər. Səninlə müharibə etmək və Məkkəyə daxil olmağına mane olmaq istəyirlər. (Uzun müddət müqavimət göstərib qaçmamaq üçün) özləri ilə süd verən və balası yanında olan dişi dəvələr də (və ya arvad-uşaqlarını da) gətiriblər». Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Biz müharibə etmək üçün gəlməmişik! Biz yalnız Ümrə ziyarəti etmək üçün gəlmişik. Həqiqətən müharibə Qureyşi maddi və mənəvi cəhətdən zəiflətmiş, onları ziyana uğratmışdır. Əgər istəyirlərsə müharibəni dayandırıb onlarla sülh müqaviləsi bağlayım. Qoy onda mənimlə digər insanlar (ərəblərdən və qeyri ərəblərdən olan kafirlər) arasında olan münasibətə qarışmasınlar. Əgər mən o, kafirlərə məğlub olsam bu onlar üçün bir dəstək olacaq, yox əgər qalib gəlsəm onda onlar da digərləri kimi İslam dininə daxil ola bilərlər. Əks halda isə (Allah və onun Rəsuluna itaət etməsələr) mən onlarla bağladığım müqaviləni pozmayacağam. Beləliklə də onlar istirahət edəcəklər (bir müddət müharibədən yaxa qurtaracaqlar). Onlar mənim bu təklifimi qəbul etməyib bizim içimizə müdaxilə etsələr, nəfsim əlində olan Allaha and olsun ki, başım bədənimdən ayrılana qədər onlarla vuruşacağam. O, zaman Allah Öz vədini (İslam dinini ucaldacağını) mütləq doğruldacaqdır!».
Budeyl – radıyallahu anhu — dedi: «Sənin dediklərini onlara çatdıracağam!» Sonra o, Qureyşlilərin yanına gəlib dedi: «Biz Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına getdik və ondan bəzi şeylər eşitdik. İstəyirsinizsə onun dediklərini sizə çatdırım!». Onların arasındakı səfehlər: «Ondan bizə hər hansı bir xəbər verməyinə ehtiyacımız yoxdur!» deyə etirazlarını bildirdilər. Ağıllıları isə: «De görək ondan nə eşitmisən!» deyə soruşdular. O: «Mən ondan filan, filan təklifləri eşitdim!» deyib Peyğəmbər — sallallahu aleyhi və səlləm — dən eşitdiklərini bir-bir onlara çatdırdı. Sonra Urva b. Məsud ayağa qalxıb: «Mən sizin valideiniz, siz də mənim övladlarım hesab olunmursunuzmu?» dedi (Başqa rəvayətdə: «Mən sizin övladınız, siz də mənim valideynim hesab olunmursunuzmu?» Fəthul Bəri 5/399.) Onlar: «Bəli!» deyə cavab verdilər. O, yenə soruşdu: «Siz məni günah etməkdə ittiham edirsinizmi?» Onlar: «Xeyr!» deyə cavab verdilər. O, bir daha soruşdu: «Ukaz əhlini sizin köməyinizə çağırdığımı və onlar sizə yardım göstərməkdən imtina etdikdən sonra əhli-əyalımla, övladlarımla və mənə tabe olanlarla birlikdə sizə yardım etməyə gəldiyimi bilirsinizmi?» Onlar: «Bəli, bilirik!» deyə cavab verdilər. Urva dedi: «Həqiqətən, bu adam sizə xeyir, əmin-amanlıq və islah olunmağınızı təklif edir. Onun dəvətini qəbul edin və mənə də onunla danışıq aparmağa izn verin!» Onlar: «Gedə bilərsən!» deyə cavab verdilər. O, danışıq aparmaq üçün Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına gəldi. Peyğəmbər — sallallahu aleyhi və səlləm — Budeyl – radıyallahu anhu — ya dediklərini Urvaya da dedi.
Urva dedi: «Ey Muhəmməd! Sən öz qövmünü bu şəkildəmi islah olunmasını istəyirsən? (Sən onları məhv etmək istəyirsən?). Heç ərəblərdən öz qövmünü məhv edən bir kəs barəsində eşitmisənmi? Bəs onlar sənə qalib gəlsələr necə? Allaha and olsun ki, mən sənin tərəfdarların arasında cəsarətli üzlər görmürəm. Mən burada bir çox insanlar görürəm ki, onlar səni müharibə başlayan kimi qoyub qaçacaqlar!» Əbu Bəkr – radıyallahu anhu — (Urvanın bu dediklərinə dözməyib) dedi: «Get Latın (Müşriklərinin ibadət etdikləri bütün adıdır.) fərcini sor! Sən elə zənn edirsən ki, biz onu qoyub qaçacağıq?!» O: «Bu kimdir?» deyə soruşdu. Səhabələr: «Bu Əbu Bəkr – radıyallahu anhu — dur!» deyə cavab verdilər. O: «Nəfsim əlində olana and olsun ki, bir zamanlar mənə göstərdiyin və əvəzini vermədiyim qayğı olmasaydı sənin cavabını verərdim!» deyib Peyğəmbər — sallallahu aleyhi və səlləm — ilə söhbətinə davam etdi. O, danışdıqca (hər dəfə söz söylədikdən sonra ərəblərin adətinə görə) Peyğəmbər — sallallahu aleyhi və səlləm — in saqqalından tutardı. Bu vaxt Muğira b. Şöbə – radıyallahu anhu — əlində qılınc və başında dəmir dəbilqə Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanında dayanıb onu qoruyurdu. Urva Peyğəmbər — sallallahu aleyhi və səlləm — in saqqalına əl atdıqca Muğira – radıyallahu anhu — qılıncın qını ilə onun əlindən vurur və ona: «Peyğəmbər — sallallahu aleyhi və səlləm — in saqqalından əl çək!» deyirdi. Urva başını qaldırıb: «Bu kimdir?» deyə soruşdu. Onlar: «Bu Muğira b. Şöbə – radıyallahu anhu — dir!» deyə cavab verdilər. O: «(Üzünü ona tutaraq) Ey xain! Mən hələ də sənin xainliyin nəticəsində (Səqif qəbiləsi ilə aramızda) baş verən anlaşılmazlıqları həll etməklə məşğulam!» dedi. Cahiliyyə dövründə Muğira – radıyallahu anhu — bir dəstə adam (Səqif qəbiləsindən olan Məlikin oğulları) ilə yol yoldaşı olmuş və yolda onları öldürərək mallarını götürüb Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına gələrək İslamı qəbul etmişdir. Peyğəmbər — sallallahu aleyhi və səlləm — ona belə buyurmuşdu: «İslam dininə daxil olduğunu səndən qəbul edirəm, lakin qəsb etdiyin malı qəbul etmirəm!». Sonra Urva Peyğəmbər — sallallahu aleyhi və səlləm — in səhabələrinə nəzər saldı və (öz yoldaşlarının yanına qayıdaraq) dedi: «Allaha and olsun ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — in ağzından çıxan tüpürcək onlardan birinin ovucuna düşsə, bu tüpürcəyi üzünə və bədəninə sürtər, onlara bir şey əmr etdikdə dərhal onu yerinə yetirərdilər. Dəstamaz aldığı sudan (alıb qurtardıqdan sonra) əldə etmək üçün öz aralarında mübarizə edərdilər. Onun yanında danışanda səslərini qaldırmır və hörmət əlaməti olaraq onun üzünə baxmırdılar».
Sonra Urva tərəfdarlarının yanına qayıdaraq: «Ey qövmüm! Mən bir nümayəndə kimi çox padşahların: «Qeysərin, Xosrovun, Nəcaşinin və s. hüzurunda olmuşam. Padşahların tərəfdarlarının onlara necə təzim etdiklərini də görmüşəm. Lakin Muhəmməd — sallallahu aleyhi və səlləm — in səhabələrinin ona təzim etdikləri kimi heç bir padşaha təzim olunduğunu görməmişəm. Allaha and olsun ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — in ağzından çıxan hər bir tüpürcək onlardan birinin ovucuna düşsə, bu tüpürcəyi üzünə və bədəninə sürtər, onlara bir şey əmr etdikdə dərhal onu yerinə yetirərdilər. Dəstamaz aldığı sudan (alıb qurtardıqdan sonra) əldə etmək üçün öz aralarında mübarizə edərdilər. Onun yanında danışanda səslərini qaldırmır və hörmət əlaməti olaraq onun üzünə baxmırdılar! Həqiqətən o, sizə xeyir, əmin-amanlıq və islah olunmağınızı təklif edir. Onun təklifini qəbul edin!»
Bənu Kinanə qəbiləsindən olan bir kişi dedi: «İzn verin mən gedib onunla danışım!» Onlar: «Gedə bilərsən!» deyə cavab verdilər. O, səhabələrin yanına yaxınlaşdıqda Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Bu gələn filankəsdir. O, elə bir tayfadandır ki, onlar qurbanlıq dəvələrinə çox hörmət edir və onları qiymətləndirirlər. Elə isə qurbanlıq dəvələrini ona tərəf sürün!». Səhabələr dərhal qurbanlıq dəvələrini sürüb təlbiyə (Həcc vaxtı duadır. /Ləbbeykə-Allahummə-Ləbbeykə/.)edərək onu qarşıladılar. O, təlbiyə edərək gələn səhabələri və qurbanlıq dəvələrini gördükdə: «Subhənəllah! Onlar Allahın evini ziyarət etməkdən məhrum olunmağa layiq deyillər!» dedi. Sonra o, tərəfdarlarının yanına gəlib: «Mən onların ümrə ziyarətində kəsəcəkləri, üzərlərində qurbanlıq nişanələri olan dəvələrini də gördüm. Düşünürəm ki, Allahın evini ziyarət etməyə onlara mane olmamalıyıq!» dedi.
Bu vaxt Mikrəz b. Həfs adlı bir kişi ayağa qalxıb dedi: «İzn verin mən gedib onunla danışım!» Onlar: «Gedə bilərsən!» deyə cavab verdilər. O, səhabələrin yanına yaxınlaşdıqda Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Bu gələn Mikrəzdir, o xain bir kimsədir!». O, Peyğəmbər — sallallahu aleyhi və səlləm — ilə söhbət etdiyi vaxt Suheyl b. Amr onların yanına gəldi. Məmər deyir ki, Əyyub İkrimədən xəbər verir ki, Suheyl (SUHEYL — asanlıq deməkdir.) b. Amr gəldikdə Peyğəmbər — sallallahu aleyhi və səlləm — səhabələrə buyurmuşdu: «Artıq sizin bütün işləriniz yüngülləşdi!»
Məmər xəbər verir ki, Zuhri rəvayətinə davam edib demişdir: «Suheyl b. Amr Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına gəlib: «Gəl bizimlə sizin aranızda (on illik) sülh müqaviləsi bağlayaq!» Peyğəmbər — sallallahu aleyhi və səlləm — katibi (Əli b. Əbu Talib – radıyallahu anhu — nu) yanına çağırıb müqaviləni yazmağı ona əmr edib buyurdu: «Yaz! Rəhimli və Mərhəmətli Allahın adı ilə /BİSMİLLƏHİR-RAHMƏNİR-RAHİM/» Suheyl b. Amr: «O, ki, qaldı Rahmənə, Allaha and olsun ki, mən onu tanımıram! Biz bir vaxtlar yazdığımız kimi «Allahım! Sənin adın ilə başlayıram /BİSMİKƏ ALLAHUMMƏ/ yaz!» dedi. Bu vaxt müsəlmanlar: «Allaha and olsun ki, biz yalnız /BİSMİLLƏHİR-RAHMƏNİR-RAHİM/ yazacağıq!» deyə etiraz etdilər. Peyğəmbər — sallallahu aleyhi və səlləm — katibinə əmr edərək: «Yaz! Allahım sənin adınla başlayıram! Bu Allahın elçisi Muhəmmədin bağladığı sülh müqaviləsidir!» Suheyl yenə etiraz edərək: «Əgər biz sənin Allahın elçisi olduğunu etiraf etsəydik Onun evini ziyarət etməyə sənə mane olmazdıq və səninlə müharibə etməzdik. Elə isə yaz — Muhəmməd b. Abdullah!» dedi. Peyğəmbər: «Baxmayaraq ki, siz məni təkzib edirsiniz, amma Allaha and olsun ki, həqiqətən mən Allahın elçisiyəm!» Katibinə əmr edərək: «Muhəmməd b. Abdullah» yazmağı əmr etdi. (Başqa rəvayətdə: «Peyğəmbər — sallallahu aleyhi və səlləm — Əli – radıyallahu anhu — ya: «Rəsulullah — sözünü silməyi əmr etdi». Əli: «Xeyr, Vallahi onu silməyəcəyəm!» dedi. Bu dəfə Peyğəmbər: «Onun yerini mənə göstər!» deyə buyurdu. Peyğəmbər öz əli ilə oranı silərək «İbn Abdullah!» sözünü yazdırdı). (Başqa rəvayətdə: «Sülh müqaviləsi imzalanandan sonra otuza yaxın silahlanmış gənc bizə tərəf hücum etdi. Peyğəmbər — sallallahu aleyhi və səlləm — Allaha dua etdi və onların gözləri kor oldu. Biz onları əsir tutub Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına gətirdik. O: «Siz kiminləsə müqavilə bağlamağa gəlmisiniz, yoxsa kimsə sizin təhlükəsizliyinizə zəmanət verib?». Onlar: «Xeyr!» deyə cavab verdilər. Peyğəmbər — sallallahu aleyhi və səlləm — onlara heç bir cəza verməyib hamısını azad etdi və Uca Allah bu ayəni nazil etdi: «Sizi onlara (müşriklərə) qalib etdikdən sonra Məkkə vadisində (Hudeybiyyədə) onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən (onları sizinlə, sizi də onlarla vuruşmağa qoymayan) Odur. Allah sizin nə etdiyinizi görəndir!». (əl-Fəth 24)-(Bir rəvayətdə — səksənə yaxın silahlanmış gənc bizə hücum etdilər. Müslim 1808.) Zuhri deyir ki: «Peyğəmbər — sallallahu aleyhi və səlləm — Suheylin dedikləri ilə razılaşdı, çünki o: «Nəfsim əlində olana (Allaha) olsun ki, müşrüklər Allahın haram buyurduqlarına əməl etməklə məndən hər nə istəsələr onlara istədiklərini verəcəyəm!» deyə söz vermişdir. Sonra Peyğəmbər — sallallahu aleyhi və səlləm — ona ilk şərtini təklif edərək: «Allahın evini təvaf etməkdə bizə əngəl törətməyəcəksiniz!» deyə buyurdu. Suheyl: «Xeyr! Allaha and olsun ki, bu dəfə təvaf etməyə sizə izn verməyəcəyik. Çünki ərəblər: «Müsəlmanlar bizim müqavimətimizi qırdılar və bizi məcbur etdilər» deyə şayələr buraxacaqlar. Elə isə gələn ildən etibarən istədiyiniz qədər Allahın evini ziyarət edə bilərsiniz!» dedi. Əli – radıyallahu anhu — onun dediklərini yazdı. Sonra Suheyl ikinci şərti təklif edib: «Bizim tərəfdən sənin yanına gələn hər bir adamı hətta sənin dinini qəbul etsə belə geri qaytarmalısan!» dedi. Müsəlmanlar heyrətlə: «Subhənəllah! Müsəlman olub yanımıza gələn bir kimsə müşriklərə qaytarıla bilərmi?!». Onlar bu məsələni müzakirə edərkən Əbu Cəndəl b. Suheyl b. Amr – radıyallahu anhu — ayaqları qandallanmış vəziyyətdə onların yanına gəldi. (Əbu Cəndəl radıyallahu anhu — İslam dinini qəbul etdiyi üçün Məkkəlilər onu həbs etmişdilər). O, Məkkənin aşağısında həbs olunduğu yerdən qaçmış və nəhayət özünü müsəlmanlara çatdırmışdır. Bu vaxt Suheyl: «Ey Muhəmməd! Bu müqavilənin ilk maddəsinə əsasən onu mənə qaytarmalısan!» dedi. Peyğəmbər: «Biz hələ müqaviləni tamamlamamışıq!». O: «Allaha and olsun ki, belə olduğu təqdirdə mən də sənin heç bir təklifinlə razı olmayacağam!» Peyğəmbər: «Sən Əbu Cəndəl – radıyallahu anhu — nu bu müqavilədən istisna et və onu mənə bağışla!». O: «Mən onu qoyduğumuz şərtdən istisna edib sənə bağışlaya bilmərəm!». Peyğəmbər: «Sən gəl razı ol, onu mənə bağışla!». Suheyl qətiyyətlə rədd edib: «Mən heç cür sənin dediyinə əməl edə bilmərəm!». Bu zaman Mikrəz dedi: «Onu özünüzdə saxlamağa sənə icazə verdik!» (Müqavilə bağlayan Suheyl isə buna razılıq vermədi). Əbu Cəndəl: «Ey müsəlman cəmaatı! Artıq müsəlman olub sığınacaq tapmaq üçün sizin yanınıza gəldim. İndi də məni müşriklərə təhvil verirsiniz? Mənim əzab-əziyyətlərə məruz qaldığımı görmürsünüzmü?» dedi. O, Allah yolunda müşriklərin çox ağır işkəncələrinə məruz qalmışdı.
Ömər b. əl-Xəttab – radıyallahu anhu — deyir ki, o zaman mən (dözməyib) Peyğəmbər — sallallahu aleyhi və səlləm — dedim: «Məgər sən Allahın haqq Peyğəmbəri deyilsənmi?» O: «Bəli!» deyə cavab verdi. Mən dedim: «Məgər biz haqq yolunda, düşmənlərimiz isə batil yolda deyillərmi?» O: «Bəli!» deyə cavab verdi. (Başqa rəvayətdə: «Məgər bizim ölülərimiz Cənəttdə, onların ölüləri Cəhənnəmdə deyilmi?» O: «Bəli!» deyə cavab verdi). Mən: «Elə isə nə üçün nöqsan və qüsurların dinimizə daxil olmasına imkan verməliyik?» deyə soruşdum. O: «Həqiqətən mən Allahın elçisiyəm və heç vaxt Ona asi olmuram! Məhz Allah mənə yardım edir!» deyə cavab verdi. Mən: «Məgər sən bizə «Bu yaxınlarda Allahın evinə gedib onu təvaf edəcəyik!» deyə xəbər verməmişdinmi?» O: «Elədir! Məgər mən sənə məhz bu il təvaf edəcəyimizi xəbər vermişdim?» deyə cavab verdi. Mən: «Xeyr!» deyə cavab verdikdə o, buyurdu: «(Yaxın zamanlarda) Sən mütləq gedib Kəbəni təvaf edəcəksən!». Sonra mən Əbu Bəkr – radıyallahu anhu — nun yanına gəlib dedim: «Məgər bu adam Allahın haqq Peyğəmbəri deyilmi?» O: «Bəli, elədir!» deyə cavab verdi. Mən: «Məgər biz haqq yolunda, düşmənlərimiz isə batil yolda deyillərmi?» O: «Bəli, elədir!» deyə cavab verdi. Mən: «Elə isə nə üçün nöqsan və qüsurların dinimizə daxil olmasına imkan verməliyik?» deyə soruşdum. Əbu Bəkr: «Ey insan! Həqiqətən o Allahın elçisidir və heç vaxt Rəbbinə asi olmur! Allah onun yardımçısıdır. Elə isə onun sünnəsindən yapış (əmr və qadağalarına riayət et!) Allaha and olsun ki, o haqq üzərindədir!» deyə cavab verdi. Mən: «Məgər o bizə «Bu yaxınlarda Allahın evinə gedib onu təvaf edəcəyik!» deyə xəbər verməmişdimi?» O: «Bəli, elədir. Məgər o sənə məhz bu il təvaf edəcəyini xəbər vermişdi?» deyə soruşdu. Mən: «Xeyr!» deyə cavab verdikdə o, dedi: «(Yaxın zamanlarda) Sən mütləq gedib Kəbəni təvaf edəcəksən!» (Başqa rəvayətdə: «Bu hadisədən sonra Fəth surəsinin ayələri nazil oldu. Peyğəmbər — sallallahu aleyhi və səlləm — dərhal Ömər – radıyallahu anhu — ya xəbər göndərdi və bunu ona oxudu!». Ömər: «Ya Rəsulullah! Fəth budurmu? Deyə soruşdu. Peyğəmbər: «Bəli!» deyincə Ömərin qəlbi rahatlandı). Zuhri xəbər verir ki, Ömər – radıyallahu anhu — dedi: «Bu əməlimdən sonra (kəffarə olaraq) bir çox xeyirli işlər görmüşdüm».
Peyğəmbər — sallallahu aleyhi və səlləm — sülh müqaviləsini bağladıqdan sonra səhabələrinə: «Qalxın, qurbanlarınızı kəsin, başınızı qırxın!» deyə buyurdu. Allaha and olsun ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — bunu üç dəfə təkrar etdi, lakin səhabələrdən heç biri ayağa qalxmadı. Səhabələrin yerlərindən tərpənmədiyini görən Peyğəmbər — sallallahu aleyhi və səlləm — Ummu Sələmə – radıyallahu anhə — nin yanına daxil olub onların bu etinasızlığını ona xəbər verdi. Ummu Sələmə: «Ey Allahın elçisi! İstəyirsənsə onlar sənin əmrinə tabe olsunlar, bayıra çıx, sonra qurbanlıq dəvələrini kəsməyincə və dəlləyini çağırıb başını qırxdırmayınca onlara bir kəlmə də belə demə!» O, bayıra çıxıb qurbanlıq dəvələrini kəsdi, dəlləyini (Xuzaə qəbiləsindən olan Xəraş b. Umeyyəni – radıyallahu anhu —) çağırıb başını qırxdırdı və onlara heç bir söz də demədi. Bunu görən səhabələr dərhal qalxıb dəvələrini kəsdilər və bir-birlərinin başlarını qırxmağa başladılar. Hətta iş o, yerə çatdı ki, (onun əmrini daha tez yerinə yetirmək üçün baş vermiş çaxnaşma nəticəsində) səhabələr bilmədən az qala bir-birlərini öldürmüşdülər.
Sonra mömin qadınlar Peyğəmbər — sallallahu aleyhi və səlləm — yanına hicrət etdilər və Uca Allah bu ayəni nazil etdi: «Ey iman gətirənlər! Mömin qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bu qadınların (həqiqi) mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bu qadınlar onlara (kafirlərə), nə də onlar bu qadınlara halaldır. Onların (kafirlərin) həmin qadınlara xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bu qadınların mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah olmaz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. Həmin qadınlara verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin. Kafirlər də (İslamı qəbul edib möminlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O, sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!». (əl-Mumtəhinə 10). Bu ayə nazil olduqdan sonra Ömər – radıyallahu anhu — iki müşrik zövcəsini boşadı və onlardan birini Muaviyə b. Əbu Sufyan – radıyallahu anhu —, digərini isə Səfvan b. Umeyyə aldı. Peyğəmbər — sallallahu aleyhi və səlləm — Mədinəyə gəldikdən sonra müsəlman olmuş Qureyşli Əbu Bəsir (Utbə b. Useyd əs-Səqəfi) – radıyallahu anhu — onun yanına gəldi. Qureyş də onu qaytarmaq üçün iki nəfər göndərdi və onlar Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına gəlib: «Bizimlə bağladığın sülh müqaviləsinə görə Əbu Bəsri – radıyallahu anhu — nu geri qaytarmalısan!» deyə ona müraciət etdilər. O, Əbu Bəsri – radıyallahu anhu — nu həmin iki kişiyə təhvil verdilər. Onlar Əbu Bəsri – radıyallahu anhu — ilə Məkkəyə yola düşdülər və nəhayət gəlib Zul-Huleyfə adlanan yerə çatdılar. Burada onlar (xurcunlarındakı) xurmadan yemək üçün dayandılar. Əbu Bəsri – radıyallahu anhu — onlardan birinə (Xuneyn b. Cabirə): «Ey filankəs, Allaha and olsun ki, sənin bu qılıncın çox gözəldir!» dedi. Qılıncın sahibi onu qınından çıxardıb dedi: «Doğrudan da bu çox gözəl qılıncdır. Mən onu bir neçə dəfə təcrübədən keçirmişəm». Əbu Bəsri: «Göstər görüm necə qılıncdır?» dedi. (Qılıncı ona göstərdikdə Əbu Bəsri) fürsət tapıb qılıncı onun əlindən aldı və nəfəsi kəsilənə qədər qılıncla onu vurdu. O, birisi isə (Xuneysin mövlası) qaçıb Mədinəyə gəldi və tələsik məscidə daxil oldu. Peyğəmbər — sallallahu aleyhi və səlləm — onun vahimə içində yürüyə-yürüyə gəldiyini görüb: «Bu adam nədənsə qorxub!» deyə buyurdu. O, Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına gəlib dedi: «Allaha and olsun ki, yoldaşım öldürüldü! (Qorumasanız) Mən də öldürüləcəyəm!». Bu vaxt Əbu Bəsri – radıyallahu anhu — gəlib dedi: «Ey Allahın Rəsulu! Allaha and olsun ki, artıq o, sənə vədini yerinə yetirməyə yardım etdi və sən də məni müşriklərə təhvil verdin. Sonra isə Allah məni onların əlindən xilas etdi». Peyğəmbər: «Vay bunun anasının halına! Bu müharibə alovunu qızışdıran bir kimsədir. Əgər bir neçə nəfər də onunla həmrəy olsa (o, zaman müharibə alovu qızışacaq və sülh müqaviləsi pozulacaq)». Əbu Bəsri – radıyallahu anhu — bunu eşitdikdə onun yenidən müşriklərə qaytarılacağını başa düşdü və Mədinədən çıxıb dənizin sahilinə tərəf getdi. Sonra müşriklərdən canını qurtarmış Əbu Cəndəl b. Suheyl – radıyallahu anhu — da gəlib ona qoşuldu. Daha sonra Məkkə müşriklərindən yaxa qurtaran hər bir müsülman ona qoşuldu və beləliklə də onlar qüvvətli bir dəstəyə çevrildilər. Vallahi onlar hər dəfə Qureyşin ticarət karvanının Şama yola düşdüyündən xəbər tutduqda karvanın qabağını kəsər və onları öldürüb mallarını götürürdülər. Bu təhlükəni görən Qureyş öz tərəfindən bir nümayəndəni (Əbu Sufyan) Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına göndərdilər. Bu dəfə Qureyş Peyğəmbər — sallallahu aleyhi və səlləm — i Allaha and verib aralarında olan qohumluq əlaqələrinin hörmətinə görə (onların ticarət karvanlarını Əbu Bəsir – radıyallahu anhu — və onun cəmaatından qorumaq üçün) ona yalvardılar. Onlar Peyğəmbər — sallallahu aleyhi və səlləm — ə: «Bundan sonra müsəlman olaraq Məkkədən hicrət etmiş hər bir şəxs əmin ola bilər ki, (geri gətirilməyəcəkdir)» deyə xəbər göndərmişdilər.
Peyğəmbər — sallallahu aleyhi və səlləm — səhabələrdən birini (bu xoş xəbəri çatdırmaq üçün) Əbu Bəsir və onun cəmaatının yanına göndərdi və Uca Allah bu ayəni nazil etdi: «Sizi onlara (müşriklərə) qalib etdikdən sonra Məkkə vadisində (Hudeybiyyədə) onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən (onları sizinlə, sizi də onlarla vuruşmağa qoymayan) Odur…» ayəsindən: «Kafirlər öz ürəklərində Cahiliyyət təkəbbürünə və təəssübünə qapıldıqları zaman…». (əl-Fəth 24-26). Onalrın təkəbbür və təəssübü Hudeybiyyə müqaviləsinə «Bismilləhir-Rahmənir-Rahim», «Muhəmmədən Rəsulullah» sözlərini yazmaqdan imtina etmələri və həmin ili (hicrətin 6-cı ilində) müsəlmanların Məkkəyə daxil olub Allahın evini ziyarət etməyə razılıq verməmələri idi (Buxari 2731, Müslim 1783.) Sələmə b. Əkva – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — ilə birlikdə Hudeybiyyəyə gəldik. O, gün bizim sayımız 1400 nəfər idi. Özümüzlə əlli qoyun da gətirmişdik. (Ora çatdıqda susuzluq bizi bürümüşdü). Peyğəmbər — sallallahu aleyhi və səlləm — su quyusunun kənarında oturdu. Sonra (mən bilmədim) Peyğəmbər — sallallahu aleyhi və səlləm — ya dua etdi, ya da quyunun içinə tüpürərək oradan su fəvvarə ilə vurmağa başladı. Biz (oradan gedənə qədər) doyunca su içdik, heyvanlarmıza su verdik və özümüzlə də sudan (xeyli miqdarda) götürdük. Sonra Peyğəmbər — sallallahu aleyhi və səlləm — bizləri bir ağacın altına beyət etmək üçün dəvət etdi. İnsanlar içərsində ilk olaraq mən ona beyət etdim. Sonra digərləri beyət etməyə başladılar. Nəhayət insanların (beyət edənlərin) sayı yarıya çatmışdı ki, Peyğəmbər: «Beyət et! Ey Sələmə!» Mən: «Ey Allahın Rəsulu! Mən sənə ilk beyət edənlərdən oldum!» dedim. O: «Bir daha beyət et!» deyə buyurdu. Peyğəmbər — sallallahu aleyhi və səlləm — məni silahsız görüb dəridən bəzədilmiş bir qalxanı mənə verdi və beyət etməyinə davam etdi. Nəhayət insanların (beyət edənlərin) sonuna çatdığı zaman mənə: «Sən beyət etmirsən, ey Sələmə!» deyə buyurdu. Mən: «Ey Allahın Rəsulu! Mən sənə ilk beyət edənlərdən və insanların (beyət edənlərin) yarıya çatdığı zaman yenə beyət edənlərdən oldum!» dedim. O: «Bir daha beyət et!» deyə buyurdu. Mən üçüncü dəfə beyət etdim. Sonra o, mənə buyurdu: «Ey Sələmə! Sənə verdiyim qalxan haradadır?» Mən: «Ey Allahın Rəsulu! Əmim Amiri – radıyallahu anhu — nu silahsız gördüyüm üçün qalxanı ona verdim» dedim. Peyğəmbər — sallallahu aleyhi və səlləm — gülərək buyurdu: «Sənin əminlə olan bu halın əvvəlki (ümmətlərdə) yaşamış bir adamın söylədiyi kimi: «Ey Allahım! Mənə öz nəfsimdən daha çox sevdiyim bir (adamı, dostu, neməti) əta et!» sözlərini deyən şəxsə bənzəyirsən!».
Sonra müşrüklər bizim yanımıza öz nümayəndələrini göndərib sülh müqaviləsi bağlamağı təklif etdilər. Sülh müqaviləsi bağlandı. Arada gediş-gəliş bərpa olundu. Mən Təlhə b. Ubeydullah – radıyallahu anhu — nun xidmətçisi idim. Onun atını suvarır, daraq ilə atı təmizləyir, habelə ona digər xidmətlər göstərir və onun yeməyindən yeyirdim. Mən Allahın (rəhmini qazanmaq) və Peyğəmbər — sallallahu aleyhi və səlləm — ə itaət etmək üçün ailəmi (qohum-əqrabamı) və malımı tərk edib (Mədinəyə hicrət etmişdim). Məkkə əhalisi ilə arada sülh müqaviləsi bağlanıb və gediş-gəliş bərpa olunduqdan sonra mən dincəlmək üçün bir ağacın yanına yaxınlaşdım. Ağacın altına tökülən tikanları təmizləyib orada uzandım. Bu zaman Məkkə müşriklərindən dörd nəfər mənim yanıma gəlib Peyğəmbər — sallallahu aleyhi və səlləm — haqqında nəlayiq sözlər deməyə başladılar. Mən onların dediklərinə qəzəblənib yerimi dəyişərək başqa ağacın altına keçib uzandım. Onlar da silahlarını ağacdan asıb orada uzanaraq yatdılar. Bu zaman vadinin aşağı tərəfindən bir carçı səsləyərək: «Gəlin ey mühacirlər! İbn Zuneym – radıyallahu anhu — nu öldürmüşlər!» qışqırırdı. Mən dərhal qılıncımı sıyıraraq yatmaqda olan dörd (müşrükün) üstünə hücum edərək qılınclarını aldım. Muhəmmədin üzünü mübarək edən Allaha and olsun ki, sizlərdən kim başını qaldırsa boynunu vuracağam. Sonra onları qabağıma salıb Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına gətirdim. Bu arada əmim Amir (Qureyşin) Abələ qolundan olan Mikrəzi və yetmiş müşriki qabağına salıb zirehli atın üstündə Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına gəldi. Peyğəmbər — sallallahu aleyhi və səlləm — gətirilən əsirlərə baxaraq: «Onları buraxın! Bu onlar üçün birinci və axırıncı dəfə olsun!» deyə buyurdu. Peyğəmbər — sallallahu aleyhi və səlləm — onları bağışlayaraq hamısını buraxdırdı və (bu səbəbdən də) Uca Allah bu ayəni nazil etdi: «Sizi onlara (müşriklərə) qalib etdikdən sonra Məkkə vadisində (Hudeybiyyədə) onların əlini sizdən, sizizn də əlinizi onlardan çəkən (onları sizinlə, sizi də onlarla vuruşmağa qoymayan) Odur. Allah sizin nə etdiyinizi görəndir!». (əl-Fəth 24). Mədinəyə qayıtmaq üçün yola çıxdıq. Yolda müşrik olan Lahyan qəbiləsinə yaxın bir yerdə dayanmalı olduq. Bizimlə onların arasında bir dağ var idi. Peyğəmbər — sallallahu aleyhi və səlləm — bu gecə o, dağa çıxıb müşriklər haqqında həm (düşmənin halı, sayı, həm də müsəlmanları düşmənlərin hücumundan xəbərdar etmək üçün) xəbər gətirən şəxs üçün Allahdan bağışlanma dilədi. Əbu Sələmə deyir ki: «Mən o, gecə iki və ya üç dəfə o, dağa çıxdım. Nəhayət Mədinəyə gəlib çatdıqda Peyğəmbər — sallallahu aleyhi və səlləm — in xidmətçisi Rəvahla birlikdə məni geridə qalmış minik və yük dəvələrinə baş çəkməyə göndərdi. Mən də Təlhə – radıyallahu anhu — nun atını götürüb Rəvahla yola düşdüm. (Atı, minik və yük dəvələri ilə bərabər suya gətirir, suvardıqdan sonra bir az otladır sonra yenə də suvarmağa gətirirdik). Səhər bir də nə görsək yaxşıdır! AbdurRahman əl-Fəzari Peyğəmbər — sallallahu aleyhi və səlləm — in minik və yük dəvələrinə basqın etmiş, çobanı öldürərək heyvanların hamısını qabağına qatıb sürüb aparmışdı. Mən: «Ya Rəvah! Bu atı götür və dərhal onu Təlhə b. Ubeydullah – radıyallahu anhu — ya çatdır. Peyğəmbər — sallallahu aleyhi və səlləm — də xəbər ver ki, müşriklər onun heyvanlarına basqın ediblər». Sonra mən bir təpənin üstünə çıxaraq üç dəfə: «Ey sabahlayanlar! (oyananlar!) Köməyə gəlin, basqın var!» deyə səslədim. Sonra müşrikləri həm ox atəşinə tutur həm də: «ƏNƏBNUL ƏKVA VƏL YƏVMU YƏVMUR RUDDA — Əkvanın oğluyam mən, alçaqların ölüm günüdür bu gün!» deyərək qısa vəznli şer söyləyirdim. Nəhayət onlardan birinə çatdım. Ona doğru ox atdım. Ox onun çiyninə batdı. Mən: «Al səni! Əkvanın oğluyam mən, alçaqların ölüm günüdür bu gün!» dedim. Allaha and osun ki, mən heç dayanmadan onları ox atəşinə tutub öldürürdüm. Mən onları ox atəşinə tutduqca onlar (çıxılmaz vəziyyətdə qalaraq) özlərini dağın dərəsinə saldılar. Dərhal dağın üstünə çıxaraq başlarına daş yağdırmağa başladım. Onları izləməkdən bir addım belə geriyə çəkilmədim. Nəhayət ələ keçirdikləri heyvanları bir-bir buraxaraq qaçmağa başladılar. Onlar (canlarını qurtarsınlar) deyə yüklərini yüngülləşdirmək üçün otuzdan çox paltar və nizə atmışdılar. Peyğəmbər — sallallahu aleyhi və səlləm — və səhabələri bilsinlər deyə onların (müşriklərin) atdıqları silahların üzərinə daşlardan işarələr qoydum. Nəhayət gəlib dar bir dağ yoluna çatdılar. Bu vaxt AbdurRahman b. Bədr əl-Fəzarinin oğlu onların yanına gəlib oturdu. Oturub səhər yeməyini yeməyə başladılar. Mən də dağın kiçik bir təpəsinin üstündə oturub onlara tamaşa etməyə başladım. Fəzari onlara: «Bu gördüklərim nədir belə?» Onlar: «Təpənin üstündəki o, adamı görürsən? Vallahi alaqaranlıqdan bizdən heç ayrılmır, dayanmadan bizi ox atəşinə tutub. Əlimizdə olan hər şeyi alıbdır». Fəzari: «Dərhal sizdən dörd nəfər onun yanına getsin!» dedi. Dörd nəfər mənə tərəf gələrək dağa çıxmağa başladılar. Onlar mənimlə danışa biləcək bir məsafəyə çatdıqda mən: «Siz məni tanıyırsınız?» deyə soruşdum. Onlar: «Xeyr! Sən kimsən?» dedilər. Mən: «Mən Sələmə b. Əkvayam. Muhəmmədin üzünü mübarək edən Allaha and olsun ki, sizdən kimi tutmaq (öldürmək) istəsəm buna nail ola bilərəm. Lakin sizlər məni tutmaq (öldürmək) istəsəniz də tutub (öldürə) bilməzsiniz». Onlardan biri: «Mən də elə bunu zənn edirəm» deyib geri qayıtdılar. Mən isə Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yardım üçün gələn süvarilərini görməyənədək yerimdən tərpənmədim. Süvarilər ağacların arasından görünməyə başladılar. Süvarilərin önündə Əxrəm əl-Əsədi – radıyallahu anhu —, ondan arxada Əbu Qatadə əl-Ənsari – radıyallahu anhu —, onun da ardınca Miqdad b. əl-Əsvəd əl-Kindi – radıyallahu anhu — vardı. Mən (onlara yaxınlaşıb) dərhal Əxrəm – radıyallahu anhu — nun atının yüyənindən tutdum. Bu an həmin o, (müşriklər) qaçmağa başladılar. Əxrəm: «Axı onlar qaçırlar!» Mən: «Ya Əxrəm! Onlardan özünü qoru! Mən istəmirəm ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — in səhabələri gəlincəyə qədər onlar səni öldürsünlər!» dedim. Əxrəm: «Ey Sələmə! Əgər sən Allaha və Axirət gününə iman edir və Cənnətin haqq, Cəhənnəmin haqq olduğuna inanırsansa Onun yolunda şəhid olmağıma mane olma!» dedi. Mən də ona heç bir söz deməyib onu sərbəst buraxdım. Əxrəm – radıyallahu anhu — ilə əl-Fəzari bir-biri ilə tək-bətək qarşılaşdılar. Əxrəm – radıyallahu anhu — əl-Fəzarinin qarşısında atını dayandırdı. əl-Fəzari nizə ilə onu vurub öldürdü və dərhal atının üstünə minərək qaçdı. Əbu Qatadə – radıyallahu anhu — və Peyğəmbər — sallallahu aleyhi və səlləm — in süvariləri ona çataraq nizə ilə vurub onu öldürdülər. Muhəmmədin üzünü mübarək edən Allaha and olsun ki, onların ardınca qaçır və onları təqib edirdim. Nəhayət arxamda nə Muhəmmədin səhabələrindən, nə də onların (atlarının yürüməsindən çıxan) tozlarından heç bir şey görmürdüm. Müşriklər günəş batmamışdan əvvəl Zu-Qarad adlanan su vadisinə gəlib çatdılar. Onlar susamış bir halda idilər. Onlar mənim (onların) ardınca gəldiyimi bilib bir qurtum su belə içmədən oranı tərk etdilər. Qaçaraq təpənin üstünə çıxmağa başladılar. Mən də onların ardınca qaçaraq birinə yaxınlaşaraq ox atdım. Ox (müşrikin) arxa tərəfdən çiyin nahiyəsinə batdı və mən: «Al səni! Əkvanın oğluyam mən, alçaqların ölüm günüdür bu gün!» dedim. O (müşrik): «Anası onu itirsin! Sən alaqaranlıqdan şer oxuyan Əkvasan?» dedi. Mən: «Bəli, ey nəfsinin düşməni! Mən alaqaranlıqdan (sizi izləyən) Əkvayam!» dedim. Onlar dağın təpəsində iki atı tərk edərək getdilər. Mən də o, iki atı sürüb Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına gətirdim. Yolda Amir – radıyallahu anhu — məni bir əlində bir az süd, digər əlində isə su olan iki tuluq ilə qarşıladı. Mən su ilə dəstəmaz aldım, süddən də içdim. Sonra Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına gəldim. O, müşriklərin tərk etdikləri suyun kənarında dayanmış və onlardan aldığım dəvələri, paltarları və nizələri götürmüşdü. Bilal – radıyallahu anhu — isə dəvələrdən birini kəsib ciyəri ilə hürgücündən (dəvənin belindəki təpəcik) Peyğəmbər — sallallahu aleyhi və səlləm — üçün qızardırdı. Mən: «Ya Rəsulullah! Mənə izn ver yüz nəfər seçib götürüb o, (müşriklərin) ardınca gedib hamısını qırım. Bu sözlərə Peyğəmbər — sallallahu aleyhi və səlləm — gündüzün parlaqlığında yan dişləri görünənə qədər güldü və: «Ey Sələmə! Əgər sənə izn versəm bu işi edəbiləcəksənmi?» deyə buyurdu. Mən: «Səni hörmətli edən Allaha and olsun ki, edə bilərəm!» dedim. Peyğəmbər: «Hal hazırda onlar Ğatafan ərazisində ziyafətdə qonaqdırlar. Ğatafan ərazisindən bir nəfər gəlib dedi: «Filan kimsə onlar üçün dəvə kəsdi. Onlar dəvənin dərisini soyarkən bir toz gördülər. Oradakılar: «Sizi qovalayanlar gəlirlər!» deyərək qaçıb getdilər. Səhəri Peyğəmbər: «Bu gün süvarilərimizin ən xeyirlisi Əbu Qatadə, piyadalarımızın ən xeyirlisi isə Əbu Sələmədir!» deyə buyurdu. Sonra Peyğəmbər — sallallahu aleyhi və səlləm — bir süvari hissəsindən bir də piyada hissəsindən iki hissə (qənimətdən) ayıraraq mənə verdi. Sonra Mədinəyə qayıdarkən Peyğəmbər — sallallahu aleyhi və səlləm — məni Adba adlı dəvəsinin arxasına mindirdi. Biz bu şəkildə yollandıq. Yolda Ənsarlardan biri: «Mədinəyə qədər qaçaraq yarışmaq istəyən varmı?» deyərək sözünü bir neçə dəfə təkrar etdirdi. Mən onun bu sözlərini eşidcək: «Məgər sən alicənab, möhtərəm insanlara hörmət etmirsən?» dedim. O: «Xeyr! Mən yalnız Allahın Rəsuluna hörmət edirəm!» dedi. Mən: «Ya Rəsulullah! Atam anam sənə fəda olsun! Mənə izn ver o, adamla yarışım!» dedim. Peyğəmbər: «İstəyirsənsə yarış!» deyə buyurdu. Mən (üzümü yarışmaq istəyən o, adama tutaraq): «Sən qaç!» dedim. Mən ayaqlarımı qaçış üçün büküb onun ardınca sıçrayaraq qaçmağa başladım. Ona qarşı bir və ya iki yerdə nəfəsimi almaq üçün dayandım. Sonra yenə də onun ardınca sürətlə qaçmağa başladım. Sonra yenə də bir və ya iki yerdə nəfəsim kəsilməsin deyə dayandım. Sonra yenə də ona çatmaq üçün ardınca qaçdım. Nəhayət gəlib ona çatdıqda çiyninə vuraraq: «Vallahi mən səni ötdüm!» dedim. O: «Mən də hesab edirəm ki, sən məni ötdün!» dedi. Beləliklə Mədinəyə qədər yarışdıq və mən onu arxada qoydum. Sələmə: Allaha and olsun ki, biz bu Zu-Qarad səfərindən qayıtdıqdan sonra Mədinədə üç gün dincəldikdən sonra Peyğəmbər — sallallahu aleyhi və səlləm — ilə birlikdə Xeybər istiqamətində yola çıxdıq. Əmim Amir – radıyallahu anhu — qısa vəznlə şerlər deyirdi:
TƏLLAHİ! LƏVLALLAHU MƏHTƏDƏYNƏ
VƏ LƏ TƏSADDƏQNƏ VƏ LƏ SALLƏYNƏ
VƏNƏHNU AN FƏDLİKƏ MƏSTƏĞNƏYNƏ
FƏSƏBBİTİL ƏQDƏMƏ İN LƏQƏYNƏ
VƏ ƏNZİLƏN SƏKİNƏTƏN ALEYNƏ
Allaha and olsun ki, Allah istəməsəydi hidayət olunmazdıq biz,
Nə sədəqə verərdik, nə də namaz qılardıq biz,
Olmasaydı lütfün sənin, keçinə bilməzdik biz,
Sabit et qədəhlərmizi, düşmənlə qarşılaşdıqda biz,
Sakitlik (mənəvi bir qüvvət) nazil et Sən bizə!
Peyğəmbər: «Bu kimdir?» deyə buyurdu. Amir: «Mənəm Amir!» dedi. Peyğəmbər: «Allah sənə məğfirət etsin!» deyə dua etdi. Belə bir şey vardı ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — kimin üçün Allahdan xüsusən məğfirət diləyirdisə o, şəxs mütləq şəhid olurdu. Bu vaxt dəvə üstündə əyləşmiş Ömər b. əl-Xəttab – radıyallahu anhu — dedi: «Ey Allahın Rəsulu! İzn ver Amir oxusun və bizi feyziyab etsin!». Biz Xeybərə çatdıqda düşmənlərin başçısı Mərhəb qılınc oynadaraq irəli çıxdı və:
QAD ALİMƏT XEYBƏRU ƏNNİ MƏRHƏB
ŞƏKİSSİLƏHİ BƏTALUN MUCƏRRABU
İZƏL HURUBU ƏQBƏLƏT TƏLƏHHƏBU
Artıq Xeybər tanıdı, bildi ki, Mərhəbəm mən!
Müharibə başlayıb, döyüş alovlanarkən,
Mahir silah ustası, təcrübəli ərəm mən!
Əmim Amir – radıyallahu anhu — onunla təkbətək döyüşmək üçün irəli çıxdı və:
QAD ALİMƏT XEYBƏRU ƏNNİ AMİRU
ŞƏKİSSİLƏHİ BƏTALUN MUĞAMİRU
Artıq Xeybər tanıdı, bildi ki, Amirəm mən,
Mahir silah ustası, çevik qəhrəmanam mən!
Təkbətək döyüş başladı və hər ikisi bir-birinə qılınc ilə zərbələr endirməyə başladılar. Mərhəbin qılıncı Amirin qalxanına dəydi. Amir də onu alt nahiyədən vurduqda qılıncı özünə qayıdaraq qolunun damarını kəsdi. Amirin ölümü də bu yaradan oldu. Mən gördüm ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — in səhabələrindən bir neçəsi: «Amirin cihad əməli batil oldu, o özü-özünü öldürdü!» deyə danışırdılar. Mən ağlayaraq Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına gəldim və: «Ey Allahın Rəsulu! Amirin cihad əməli batil olub boşa getdimi?» deyə soruşdum. Peyğəmbər: «Bunu kim iddia edir?» deyə buyurdu. Mən: «Səhabələrdən bəziləri» dedim. O: «Bunu söyləyən yalan demişdir! Əksinə o, ikiqat savab qazanmışdır!» deyə buyurdu. Sonra Peyğəmbər — sallallahu aleyhi və səlləm — məni Əli – radıyallahu anhu — nu çağırmağa göndərdi. Əli – radıyallahu anhu — gözlərinin ağrısından əziyyət çəkirdi. Peyğəmbər: «Bu bayrağı (sabah) elə bir kimsəyə verəcəyəm ki, o Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir!» deyə buyurdu. Mən Əli – radıyallahu anhu — nun yanına gəldim. Gözləri ağrıdığı üçün onun əlindən tutub Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına gətirdim. Peyğəmbər — sallallahu aleyhi və səlləm — Əli – radıyallahu anhu — nun gözlərinə tüpürərək dua etdi və onun gözləri dərhal sağaldı. Bayrağı ona verdi. Yəhudi Mərhəb irəli çıxaraq:
QAD ALİMƏT XEYBƏRU ƏNNİ MƏRHƏB
ŞƏKİSSİLƏHİ BƏTALUN MUCƏRRABU
İZƏL HURUBU ƏQBƏLƏT TƏLƏHHƏBU
Artıq Xeybər tanıdı, bildi ki, Mərhəbəm mən!
Müharibə başlayıb döyüş alovlanarkən,
Mahir silah ustası, təcrübəli ərəm mən.
Onun sözlərinə cavab olaraq Əli – radıyallahu anhu — dedi:
ƏNNƏLLƏZİ SƏMMƏTNİ UMMİ HƏYDƏRAH
KƏLƏYSİ ĞABƏTİN KƏRİHİL MƏNZARAH
UFHİMU BİSSAİ KƏYLƏSSƏNDƏRAH
Anamın Heydər (aslan) adlandırdığı mənəm,
Meşələr aslanı tək zəhimli görkəmliyəm,
Düşmənləri pərən-pərən edib tez öldürərəm!
Şeri oxuyaraq döyüşə atıldı və Mərhəbin başından qılınc ilə vuraraq onu öldürdü. Bundan sonra Xeybər məhz Əli – radıyallahu anhu — nun iki əli ilə alındı . (Başqa rəvayətdə: «Peyğəmbər — sallallahu aleyhi və səlləm — Əli – radıyallahu anhu — nun gözlərini müalicə etdikdən sonra Əli: «Ya Rəsulullah! Xeybər Yəhuduləri ilə onlar da bizim kimi (müsəlman) olana qədər vuruşacağam» dedi. Peyğəmbər: «(Ey Əli!) Onların sahəsinə girdiyin zaman yavaş-yavaş yeri. Sonra onları İslama dəvət et və üzərilərinə vacib olan İslam əsaslarını onlara xəbər ver. Allaha and olsun ki, (EY Əli!) tək bir nəfəri sənin səbəbinlə Allah hidayətə yönəldərsə bu sənin üçün qırmızı dəvələrdən də xeyirli olar!» deyə buyurdu
(Buxari «Xeybər döyüşü babı», Müslim 2406.)

[b]AİŞƏ — radyallahu anhə —yə: «YALAN, BÖHTAN ATMAQ CƏHƏNNƏMƏ APARAN YOLDUR»

8.«O, kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz)». (əl-Furqan 72). «O, kəslər ki, lağlağıdan, lüzumsuz şeylərdən üz döndərərlər». (əl-Muminun 3). «Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (Qiyamət günü) çox böyük bir əzab gözləyir». (ən-Nur 23). «Mömin kişi və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər». (əl-Əhzab 58). «İsmətli qadınlara zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsil fasiqlərdir». (ən-Nur 4).
Aişə — radyallahu anhə — rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm — bir səfərə çıxmaq istədikdə zövcələri (yoldaşları) arasında püşk atardı. Püşk onlardan hansına düşsəydi Peyğəmbər – səllallahu aleyhi və səlləm — onu özü ilə birlikdə səfərə aparardı. Döyüşlərin birinə getmək istədiyi vaxt həmişəki kimi aramızda püşk atdı və bu dəfə püşkdə mənim adım çıxdı. Mən Peyğəmbər – səllallahu aleyhi və səlləm — ilə birlikdə səfərə çıxdım. Bu səfərimiz artıq hicab ayəsinin nazil olmasından sonra baş vermişdi. Məni Kəcavəndin içərisində aparırdılar. (Dincəlmək istədikdə) kəcavəndin içərisindən düşərdim. Bütün səfər boyu belə davam etdi. Nəhayət Peyğəmbər – səllallahu aleyhi və səlləm — bu döyüşü başa vurub Mədinəyə yaxınlaşdıqda (dincəlmək üçün) dayandı. (Bir müddət orada qaldıqdan sonra) Peyğəmbər – səllallahu aleyhi və səlləm — hərəkət etmək əmrini verdi. Mən (ehtiyacımı ödəmək üçün təkbaşına) ordudan ayrılmışdım. Ehtiyacımı yerinə yetirib geri qayıtdım. (Yolda əlimi) sinəmə vurduqda gördüm ki, Yəmən muncuqlarından olan boyunbağım qırılıb düşmüşdür. Dərhal dönüb onu axtarmağa başladım. Elə onu axtarmaq da məni yoldan saxladı. Mənim kəcavəndimi aparan kimsələr mənim orada olduğumu zənn edərək kəcavəndi dəvənin üstünə qoymuşdular. O, zaman qadınlar xəfif və az yedikləri üçün yüngül çəkili olurdular. Elə bu səbəbdən də kəcavəndi qaldıran kimsələr onun çəkisindəki fərqə varmayaraq onu (dəvənin üzərinə) qoymuşdular. O, vaxt mən kiçik yaşda (gənc yaşında) bir qadın idim. Bu səbəblə də dəvəni qaldırıb və çəkib getmişdilər. Ordu getdikdən sonra mən boyunbağımı tapdım. Mən ordunun olduğu yerə gəldikdə artıq orada nə bir çağıran, nə də bir cavab vərən vardı. Kəcavəndin qoyulduğu yerə gəldim. Onlar məni kəcavəndin içərisində tapmadıqlarını bilib geri dönəcəklərini güman etdim. Mən bu fikirlə yerimdə oturdum. (Bir müddətdən sonra) gözlərim mənə üstün gəlib yatdım (yuxuladım).
Səfvan b. Muattil əs-Suləmi sonra Zəkvani(ZƏKVANDA — yaşadığı üçün bu ad verilmişdir. Səfvan — radyallahu anhu — Ömər — radyallahu anhu — nun xəlifəliyi dövründə hicrətin on yeddinci ilində Ermənistanı fəth edərkən şəhid olmuşdur. ) arxadan gələn əsgərlərin qalmış olan əşyalarını və s. şeyləri götürərək (toplayaraq) sahibinə qaytarmaq vəzifəsinə sahib idi. Bu kimsə səhərə yaxın mən olduğum yerə gəlib çatdıqda yatmış bir insan qaraltısını görüb mənə yaxınlaşmışdı. O, (hicab ayəsi) nazil olmamışdan əvvəl məni gördüyü üçün dərhal məni tanımışdı. Mən onun (məni tanıdığı an) /İNNƏ LİLLƏHİ VƏ İNNƏ İLEYHİ RACİUN — Biz Allahın bəndələriyik və ona tərəf qayıdacağıq». (əl-Bəqərə 156) ayəsini «İstirca» sözlərini söyləməsi ilə ayıldım. Dərhal çarşabla üzümü örtdüm. Allaha and olsun ki, bir tək kəlmə də belə demədi və mən ondan «İstirca» sözlərindən başqa bir kəlmə də belə eşitmədim. Mənim dəvəyə minməyim üçün dəvənin ön ayaqlarını basaraq (dəvəni) çökdürdü. Mən dəvəyə mindim. (Dəvənin üzəngisindən) tutaraq çəkib apardı. Nəhayət şiddətli isti olduğundan dincəlmək üçün dayanmış orduya çatdıq. Bu an haqqımda (iftira olaraq) həlak olan həlak olmuşdur. İftira atan Abdullah b. Ubeyy b. Səlul idi. Nəhayət Mədinəyə çatdıq.
Mədinəyə gəldikdə bir ay xəstə oldum. Bu vaxt cəmaat iftira söhbətlərini (sözlərini) danışır və müzakirə edirdilər. Mən isə bunların heç birindən xəbərdar deyildim. Yalnız xəstələndiyim zaman məni şübhələndirən bir şey vardı ki, o da Peyğəmbər – səllallahu aleyhi və səlləm — dən başqa vaxtlarda görməkdə olduğum Lütf və Mərhəməti bu xəstəliyim vaxtı görmürdüm. Ancaq yanıma gəldikdə salam verər, sonra da (adımı çəkmədən): «Xəstəniz necədir!» deyə buyurardı. Bütün bunlar məni şübhələndirsə də mən şərri hiss etmirdim. Nəhayət xəstəliyimdən təzə qurtarmışdım ki, (sağalmışdım) evdən çölə çıxdım. Mənimlə bərabər Mistahın anası (Ummu Mistah) da çıxmışdı. Biz ehtiyacımızı ödəmək üçün Mənasi tərəfə çıxmışdıq. Buralar ancaq gecədən-gecəyə zəruri ehtiyacımızı ödəmək üçün çıxdığımız yerlər idi. Bu da evlərimizin yaxınlıqlarında ayaqyolları tikilənə qədər davam etdi. O, vaxtlar bizim bu halımız ibtidai ərəblərin halına bənzəyirdi (onlar da zəruri ehtiyaclarını ödəmək üçün evlərindən çox uzaqlaşardılar). Mən də Mistahın anası ilə çölə çıxdım. Bu qadın Əbu Ruhm b. Muttalib b. Abdi Mənafın qızıdır. Anası da Səxr b. Amirin qızıdır ki, bu qadın da Əbu Bəkr əs-Sıddıqın xalasıdır. Əbu Ruhmın qızının oğlu da Mistah b. Usasə b. Abbad b. Muttalibdir. Birgə evə qayıtdıqda Mistahın anasının paltarının (ətəyi) ayağına ilişərək sürüşdü. (Ərəblər arasında fəlakət zamanı söylənilməsi adət olan: «Düşmənin həlak olsun! duası yerinə): «Mistah həlak olsun! deyə oğluna bəd dua etdi. Mən də ona: «Nə pis söz söylədin! Bədr döyüşündə döyüşən bir kimsəni söyürsən?» dedim. Qadın mənə: «Eh! Sən onun söylədikləri sözləri hələ eşitməmisən?» deyə cavab verdi. Mən: «O, nə deyib ki!» deyə soruşdum. O, da mənə iftira sahiblərinin dedikləri sözləri xəbər verdi. Artıq xəstəliyimin üstünə bir xəstəlik də əlavə olundu. Evə qayıtdıqda yanıma Peyğəmbər – səllallahu aleyhi və səlləm — gəldi. İçəri daxil olaraq salam verdi və: «Xəstəniz necədir?» deyə buyurdu. Mən də valideyinlərimin yanına getmək üçün ondan izn istədim. Niyyətim (mənim haqqımda gəzən) bu xəbərin doğru olub-olmadığını valideyinlərimdən dəqiqləşdirmək idi. Peyğəmbər – səllallahu aleyhi və səlləm — mənə izn verdi. Mən də valideyinlərimin yanına gələrək anama: «Anacan! İnsanlar nə danışırlar?» deyə soruşdum. Anam: «Qızım! Özünü üzmə. Özünü və səhhətini fikirləş. Vallahi bir kişinin yanında sevdiyi gözəl bir qadını olsun və onun bir çox ortaqları olsun və onun əleyhinə danışmasınlar bu çox nadir hallarda (olan bir hadisədir)» deyə cavab verdi. Mən: «Subhənəllah! İnsanlar bunu mu danışırlar?» dedim. Bunun üzərinə bütün gecəni ağladım. Səhərə qədər gözümün yaşı dayanmırdı. Səhərə kimi bir anlıq belə yuxuya gedə bilmədim. Ağlamaqla səhəri açdım. Peyğəmbər – sallallahu aleyhi və səlləm — vəhyin nazil olması gecikdiyi üçün Əli b. Əbu Talib və Usamə b. Zeyd — radyallahu anhum — yanına çağırdı. Onlardan zövcəsindən ayrılıb-ayrılmamaq haqqında məsləhət aldı. Usamə b. Zeydi — radyallahu anhu — Peyğəmbər – sallallahu aleyhi və səlləm — in ailəsini yaxından tanıdığı və qəlbində onlara bəslədiyi sevgiyə görə: «Ya Rəsulullah! Onlar sənin əhlindir. Biz onun haqqında xeyirdən başqa bir şey bilmirik» dedi. Əli b. Əbu Talib — radyallahu anhu — ya gəlincə isə o: «Allah sənə heç bir hədd qoymamışdır (dünyanı sənə dar etməmişdir). Ondan başqa nə çox qadınlar. Aişə — radyallahu anhə — nin xidmətçisi Bərirə — radyallahu anhə — dən soruşsan o, da sənə düzünü deyəcəkdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm — Bərirə — radyallahu anhə — ni yanına çağırıb buyurdu: «Ey Bərirə! Aişədə səni şübhələndirən bir hal gördünmü?» Bərirə: «Səni haqq ilə göndərən Allaha and olsun ki, ondan heç bir qəbahətli iş görmədim. Əgər görsəydim onu qınayardım. Yalnız bir şeyi demək istəyirəm ki, az yaşlı təzə bir qadındır. Ailəsinin xəmirini yoğurarkən (xəmiri) qorumağı ona tapşırırdım. O, da yatdığı üçün qoyun gəlib xəmiri yeyərdi. Bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm — minbərə çıxıb iftiranı ortaya atan Abdullah b. Ubeyy b. Səlul üzr istəsin deyə cəmaata xitab edərək buyurdu: «Ey müsəlman cəmaatı! Sizlərdən kim mənim əhlimə əziyyət verən kimsənin ittihamını rədd edərək əhlimə bəraət qazandıra bilər? Vallahi mən öz əhlim (yoldaşım) haqqında xeyirdən başqa bir şey bilmirəm. Bu iftiraçılar bir adamın adını da ortaya çıxardıblar ki, (Səfvan b. Muattıl) bu kimsə haqqında mən xeyirdən başqa bir şey bilmirəm. Bu adı çəkilən fəzilətli insan bu ana qədər mənimlə bərabər olmaq müstəsna mənsiz ailəmin yanına girməmişdir». Bu vaxt ənsarlardan Əus qəbiləsindən olan Sad b. Muaz — radyallahu anhu — ayağa qalxaraq: «Ya Rəsulullah! O, kimsəyə qarşı mən sənə kömək edəcəyəm (haqq qazandıracağam). Əgər bu iftiranı çıxaran Əus qəbiləsindəndirsə biz onun boynunu vurarıq. Yox əgər (qardaşlarımız) olan Xazrac qəbiləsindəndirsə bizə əmr et biz də əmrini yerinə yetirək. Bu dəfə Sad b. Ubadə ayağa qalxdı. O, da Xazrac qəbiləsinin başçısı idi. Əvvəl əməlisaleh olmuş sonra isə yolunu azmışdı. Sad b. Muaza qarşı: «Sən yalan söylədin! Allaha and olsun ki, sən nə onu öldürənsən, nə də öldürməyə qadirsən!» dedi. Bu dəfə Sad b. Muaz — radyallahu anhu — nun əmisi oğlu olan Useyd b. Xudeyr — radyallahu anhu — ayağa qalxaraq Sad b. Ubadəyə qarşı: «Allaha and olsun ki, sən yalan danışırsan! Vallahi biz onu əlbətdə ki, öldürərik. Həqiqətən sən münafiqsən ki, münafiqlərin tərəfini saxlayaraq bizimlə münaqişə edirsən. Beləliklə Əus və Xazrac qəbilələri arasında elə bir münaqişə düşdü ki, az qala bir-birlərini öldürəcəkdilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm — minbərdən enərək onları sakitləşdirdi.
Aişə: «Mən daha bir gün də ağladım. Gözümün yaşı dayanmırdı və bir an belə yuxuya gedə bilmirdim. Valideyinlərim mənim bu cür ağlamağımı görüncə elə zənn etdilər ki, ciyərimi parça-parça edəcəyəm. Onlar mənim yanımda olduqları vaxt ənsarlardan bir qadın mənim yanıma daxil olmaq üçün izn istədi. Mən də ona izn verdim. Gəlib mənimlə birlikdə (dərdimə şərik olaraq) ağlamağa başladı. Bu vaxt Peyğəmbər – sallallahu aleyhi və səlləm — içəri daxil olub salam verdi və əyləşdi. Halbuki Peyğəmbər – sallallahu aleyhi və səlləm — bundan əvvəl haqqımda iftiralar başlanan müddətdən bəri yanımda oturmamışdı. Bir ay keçməsinə baxmayaraq haqqımda heç bir şey vəhy olunmamışdı. Peyğəmbər – sallallahu aleyhi və səlləm — əyləşib Allaha həmd-sənalar etdikdən sonra buyurdu: «Ey Aişə! Haqqında mənə filan-filan sözlər çatıbdır. Əgər sən onların dediklərin-dən uzaqsansa tezliklə Allah səni təmizə çıxardacaqdır. Yox, əgər belə bir haram işi etmisənsə Allahdan bağışlanma dilə və Allaha tövbə et. Çünki qul günahını etiraf edib Allaha tövbə etdikdə Allah da onun tövbəsini qəbul edib onu bağışlayar. Peyğəmbər – səllallahu aleyhi və səlləm — bu sözlərini deyib qurtardıqdan sonra gözümün yaşı kəsildi. Gözümdən bir damla da belə yaş axmadı. Mən atama: «Peyğəmbər – sallallahu aleyhi və səlləm — in söylədiyi bu sözlərə mənim tərəfimdən cavab ver!» dedim. Atam: «Vallahi Peyğəmbər – sallallahu aleyhi və səlləm — ə nə deyəcəyimi bilmirəm!» dedi. Sonra anama: «Peyğəmbər – səllallahu aleyhi və səlləm — in söylədiyi bu sözlərə mənim tərəfimdən cavab ver!» dedim. Anam: «Vallahi Peyğəmbər – sallallahu aleyhi və səlləm — ə nə deyəcəyimi bilmirəm!» dedi. Mən az yaşlı uşaq olduğum üçün Qurandan da çox dəlil-sübut bilmirdim: «Vallahi mən qəti olaraq bildim ki, siz bu iftiraçıların (dedi-qodularını) eşitmisiniz. Hətta bu sözlər sizin qəlblərinizdə yer almış və ona inanmısınız. Əgər mən sizə bu günahdan uzaq olduğumu desəm, Allah da bilir ki, mən bu günahdan uzağam (günahsızam), lakin siz mənə inanmayacaqsınız. Yox, əgər günahkar olduğumu etiraf etsəm yenə də Allah bilir ki, mən bu günahdan uzağam, lakin siz bunu dərhal təsdiq edəcəksiniz. Vallahi mən bu vəziyyətdə özüm üçün və sizin üçün bu ayədən başqa bir məsəl bilmirəm. Ancaq Yusif — əleyhissəlam — ın atası Yəqub — əleyhissəlam — a dediyi sözlər kimi: «Mənə yalnız tükənməz, dözümlü səbr gərəkdir. (Yusif barəsində) dediklərinizin yalan olduğunu (sübut etməyə isə) ancaq Allahdan kömək diləmək lazımdır». (Yusif 18)» belə cavab verdim. Bu sözləri söyləyib yatağıma gedib yatdım. Vallahi o, zaman mən inanırdım ki, Allah mənim günahsız olduğumu üzə çıxaracaqdır. Lakin vallahi haqqımda (Qiyamətə qədər) oxunacaq bir vəhy endiriləcəyini heç zənn etmirdim. Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm — in yuxusunda bir yuxu görməsini və Allahın da o, yuxu ilə mənə bəraət qazandıracağını ümüd edirdim. Vallahi Peyğəmbər – sallallahu aleyhi və səlləm — otur-duğu yerdən qalxmamışdı. Ev əhlindən də heç kimsə çölə çıxmamışdı. ƏZİZ və CƏLİL olan Allah Peyğəmbər – sallallahu aleyhi və səlləm — ə vəhy nazil etdi. Ona vəhy nazil olduğu zaman həmişə düşdüyü bir vəziyyətə düşdü. Endirilən sözün ağırlığından soyuq qış günündə də belə ondan mirvari dənələri kimi tər axırdı. Vəhy nazil olduqdan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm — sevincindən gülürdü. Dediyi ilk söz isə bu oldu: «Müjdə ya Aişə! Allah səni təmizə çıxartdı!». Bu an anam mənə: «Qızım Peyğəmbər – sallallahu aleyhi və səlləm — ə doğru çıx və ona təşəkkür et!» dedi. Mən: «Vallahi nə ona tərəf çıxaram, nə də Allahdan başqasına həmd edərəm!» dedim. Uca Allah on ayə nazil etdi: «Həqiqətən (Aişə) barəsində yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o, xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O, zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdullah b. Ubeyy) isə (qiyamət günü) çox şiddətli bir əzab gözləyir. Məgər o, yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub: «Bu açıq-aydın bir böhtandır!» deməli deyildilərmi. (Aişəyə) iftira yaxanlar nə üçün özlərinin doğru yolda olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madəm ki, şahid gətirmədilər, deməli onlar Allah yanında əsl yalançıdırlar. Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı o, yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O, zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və ona yüngül, asan (insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu Allah yanında çox böyük günahdır. Məgər siz onu eşitdiyiniz zaman: «Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman Allah! Bu çox böyük bir böhtandır!» deməli deyildinizmi. Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə bir daha belə şeyləri etməyəsiniz. Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir və hikmət sahibidir. Möminlər arasında pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz! Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli və mərhəmətli olmasaydı (halınız necə olardı? Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi). Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim şeytanın getdiyi yolla getsə, o (insanlara) çirkin, pis işləri görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edir. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidən və biləndir». (ən-Nur 11-21).
Allah mənim bəraətim haqqında ayələr nazil etdikdən sonra qohumluq əlaqələrinin hörmətinə və Mistah b. Usasənin kasıb bir (səhabə) olduğundan öz malından onun üçün xərcləyən Əbu Bəkr əs-Sıddıq — radyallahu anhu — dedi: «Qızım Aişə — radyallahu anhə — haqqında söylədiyi iftiralara görə mən ona malımdan heç bir şey verməyəcəyəm. (Bu sözlərdən sonra) Allah ayə nazil etdi: «Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey verməyəcəkləri, heç bir kömək göstərməyəcəkləri barədə) and içməsinlər. (Onları) əfv edib (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarnızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayan və rəhm edəndir!» (ən-Nur 22).
Hibban b. Musa dedi ki, Abdullah b. Mubarak: «Bu Allahın kitabında ən ümüdlü ayələrdir!» dedi. Bu ayənin nazil olması ilə Əbu Bəkr: «Vallahi mən Allahın məni bağışlamasını ümüd edirəm və Mistaha verdiyim malı təkrar ona verməyə başladım. Və ondan heç vaxt malımı əsirgəməyəcəyəm!» dedi.
Peyğəmbər – sallallahu aleyhi və səlləm — zövcəsi (yoldaşı) Zeynəb b. Cəhş — radyallahu anhə — dən də mənim haqqımda: «Ya Zeynəb! Aişə haqqında nə bilirsən və nə görmüsən!» deyə buyurdu. Zeynəb: «Ya Rəsulullah! Mən qulağımı, gözümü eşitmədiyim və görmədiyim şeydən mühafizə edirəm. Vallahi Aişə haqqında xeyirdən başqa bir şey bilmirəm» deyə şəhadət etmişdi. Bu o, Zeynəb idi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm — in zövcələri arasında gözəlliyi və Peyğəmbər – sallallahu aleyhi və səlləm — in yanında olan mövqeyi ilə mənimlə rəqabət aparırdı. Lakin Allah onu təqvası səbəbilə (fitnəyə düşməkdən) qorumuşdur. Bacısı Həmnə b. Cəhş isə mənə qarşı iftiraçılara qoşularaq böhtanları yaymağa başladı və bu səbəblə də həlak olanlar içərisində həlak oldu (Buxari 1121, 2661, Müslim 2770.)

KƏB B. MƏLİK — radıyallahu anhu — : «DOĞRULUQ CƏNNƏTƏ APARAN YOLDUR

9.«Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun!» (ət-Tövbə 119). «Həqiqətən Allah… doğru-danışan kişilər və qadınlar…üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!» (əl-Əhzab 35).
İbn Şihab deyir ki, mənə Abdullah b. Kəb — radıyallahu anhu — xəbər verdi ki, atası (yəni Kəb b. Məlik) kor olduğu zaman onun oğulları içərisində Kəb b. Məlik — radıyallahu anhu — nun həyatda köməkçisi (yəni bələdçisi) o, olmuşdur və o, atasının ona danışmış olduğu Təbuk döyüşü ərəfəsində baş vermiş hadisəni belə xatırlayır.
Kəb: «Mən bu ana qədər Təbuk döyüşündən başqa Peyğəmbər — sallallahu aleyhi və səlləm — in iştirak etdiyi döyüşlərin birindən də geri qalmamışdım (1) Həmçinin Bədr döyüşündə də iştirak etməmişəm (2)Lakin bu döyüşdən geri qalan (iştirak etməyən) heç kimsə bu döyüşdə iştirak etmədiyinə görə qınanılmamışdı. Çünki Peyğəmbər — sallallahu aleyhi və səlləm – və müsəlmanların bu səfərə çıxmaqlarının səbəbi (Şamdan gələn) Qureyşin karvanını ələ keçirmək idi. Lakin Allah — subhənəhu və təalə — müsəlmanlarla düşmənlərini bir-biri ilə qarşılaşdırdı.
And olsun ki, mən Əqabə (3) gecəsi İslama kömək etmək üçün bizdən söz aldıqda Peyğəmbər — sallallahu aleyhi və səlləm — ilə bir yerdə idim. Hər nə qədər insanlar Əqabədən çox Bədr döyüşünün fəzilətindən danışsalar da mən Əqabəni Bədrə heç nə ilə dəyişməzdim(4) Mənim Təbuk döyüşündə Peyğəmbər — sallallahu aleyhi və səlləm — ilə birlikdə iştirak etməməyimə gəlincə (o, da bu cür baş vermişdi).
«Həqiqətən mən o, vaxt Peyğəmbər — sallallahu aleyhi və səlləm — dən geri qalıb döyüşə getmədiyim an heç vaxt olmadığı kimi güclü və maddi cəhətdən təminatlı idim. Allaha and olsun ki, bu döyüşdən əvvəl heç bir vaxt iki dəvəm olmamışdır. Lakin bu döyüş ərəfəsində iki dəvəm vardı. O, ki qaldı Peyğəmbər — sallallahu aleyhi və səlləm — ə, döyüşə çıxmağı arzuladığı zaman getdiyi istiqamətin tam əksinə işarə edərdi (5)Döyüşə isə Peyğəmbər — sallallahu aleyhi və səlləm — havanın çox isti vaxtında çıxmışdı. Səfər uzaq və təhlükəli olmaqla yanaşı çox sayda olan düşmənin üzərinə yönəlmişdi. Peyğəmbər — sallallahu aleyhi və səlləm — bu döyüşə hazırlaşsınlar deyə müsəlmanlara vəziyyəti bildirdi və onlara gedəcəkləri istiqaməti söylədi. Peyğəmbər — sallallahu aleyhi və səlləm — ilə bu döyüşə çıxan müsəlmanların sayı çox idi. (Onların) adlarının yazıldığı bir siyahı da yox idi».
Kəb: «Döyüşə qatılmayanlar çox az sayda idilər. Onlar da elə zənn edirdilər ki, bu haqda heç kəs bilməyəcəkdir. Lakin bu Allah — subhənəhu və təalə — nin onlar haqqında ayə nazil etməsinə qədər davam etmişdi. Peyğəmbər — sallallahu aleyhi və səlləm — bu döyüşə meyvələrin yetişdiyi və ağacların gözəl kölgə verdiyi vaxt çıxmışdı. Mən isə bunlara çox meylli idim». «Peyğəmbər — sallallahu aleyhi və səlləm — və döyüşə gedən müsəlmanlar öz hazırlıqları ilə məşğul olurdular. Mən də onlarla birlikdə yola hazırlaşmaq üçün evdən çıxar və heç bir iş (hazırlıq) görmədən evə qayıdardım. Öz-özümə: (Vaxta hələ var) istədiyim vaxt bunu edə bilərəm» deyirdim. Müsəlmanlar ciddi olaraq bu döyüşə hazırlaşdıqları zaman mən isə heç bir şey hazırlamayıb vaxtımı keçirir-dim. Nəhayət hamı hazır olduqdan sonra səhər tezdən Peyğəmbər — sallallahu aleyhi və səlləm — və müsəlmanlar səfərə çıxdılar. Mən isə hələ də heç bir şey hazırlamamışdım. (Döyüşə yollananlar) sürətlə irəliləyir və artıq çox uzaqlaşmışdılar. Mən isə qərara gəldim ki, hazırlaşıb onlara çataram. Kaş ki, mən bunu edə bilərdim! Lakin bu da mənə müyəssər olmadı. Peyğəmbər — sallallahu aleyhi və səlləm — və (müsəlmanlar) döyüşə çıxdıqdan sonra insanlar arasında dolaşdıqda məni üzən bir şey vardı. (Mən) özüm kimisini orada görmədim. Gördüklərim ya münafiqlik damğası vurulmuş kimsələr, ya da Allah — subhənəhu və təalə — nin bəraət qazandırdığı zəif kimsələr idi». Peyğəmbər — sallallahu aleyhi və səlləm — Təbuka çatıncaya qədər məndən heç danışmamışdı. Təbukda səhabələrin əhatəsində oturarkən məni xatırlayaraq: «Kəb b. Məlik nə edir?» deyə buyurmuşdu. Bəni Səlimə qəbiləsindən olan biri: «Ya Rəsulullah! Onu iki paltarı və təkəbbürlüyü (döyüşə gəlməyə) qoymadı!» dedi. Muaz b. Cəbəl: «Vallahi Ya Rəsulullah! Biz Kəb b. Məlik haqqında xeyirdən başqa bir şey bilmirik!» dedi. Peyğəmbər — sallallahu aleyhi və səlləm — heç bir şey deməyib susdu. Bu an düm ağ paltarda bir adam göründü. Peyğəmbər: «Bu Əbu Heysəmə olmalıdır?» deyə buyurdu. Həqiqətən baxdıq ki, gələn Əbu Heysəmə əl-Ənsaridir. Bu kimsəni münafiqlər döyüşə bir sa (6) xurma verdiyi üçün ələ salırdılar.
Kəb: «Artıq Peyğəmbər — sallallahu aleyhi və səlləm — in Təbukdan Mədinəyə doğru yönələrək gəldiyi xəbəri mənə çatdıqda şiddətli hüzn və dərin kədər məni bürüdü. Artıq yalan bəhanələr düşünməyə başladım və öz-özümə: «Peyğəmbər — sallallahu aleyhi və səlləm — in qəzəbindən nə ilə qurtula bilərəm?» deyirdim. Hətta ailə üzvlərimin içərisindən ağıllı və ağ saqqal insanlardan məsləhətlər almaq üçün kömək tələb edirdim. Mənə Peyğəmbər — sallallahu aleyhi və səlləm — in (Mədinəyə) yaxınlaşması xəbəri verilincə batil və yalan fikirlər məndən uzaqlaşdı. Artıq başa düşdüm ki, yalan və (boş-boş) sözlərlə Peyğəmbər — sallallahu aleyhi və səlləm — in qəzəbindən qurtara bilməyəcəyəm və düzünü söyləməyi qərara aldım. Peyğəmbər — sallallahu aleyhi və səlləm — səhəri Mədinəyə gəldi. Bir səfərdən qayıtdıqda Peyğəmbər — sallallahu aleyhi və səlləm — in ilk olaraq etdiyi iş məscidə gedib orada iki rükət namaz qılar və cəmaatla oturub söhbət edərdi. Bu dəfə də adəti üzrə bunları yerinə yetirib məsciddə otururkən Təbuk döyüşünə getməyənlər (bir-bir) gəlib üzrxahlıqlarını bildirir və bu üzrxahlıqlarını and içməklə doğrulayırdılar. (Təbuk döyüşünə) getməyənlərin sayı səksən nəfər idi. Peyğəmbər — sallallahu aleyhi və səlləm — onların zahirinə baxaraq üzrxahlıqlarını qəbul edib, iç üzlərini Allaha həvalə edərək onlar üçün bağışlanma diləyirdi. Nəhayət (növbə) mənə gəlib çatdı. Yaxınlaşıb salam verdim. Qəzəbli bir gülüşlə təbəssüm etdi. Sonra mənə: «Yaxınlaş!» buyurdu. Mən də yaxınlaşıb onun yanında oturdum. Mənə: «Nə üçün bizimlə getmədin? Məgər sən beyət etməmişdin?» deyə buyurdu. Kəb: «Ya Rəsulallah! Allaha and olsun ki, səndən başqa bir kimsənin yanında oturmuş olsaydım üzrxahlıq gətirərək qəzəbindən qurtarardım. Mən gözəl danışmaq qabiliyyətinə malikəm. Lakin mən Allaha and olsun ki, qətiyyətlə bilirəm ki, bu gün sənin qəlbini ala biləcək bir yalan uydurub desəm çox keçməz ki, Allah (yalanımın üstünü açaraq) səni mənə daha da qəzəbləndirər. Lakin sənə düzünü desəm yenə də mənə qəzəblənəcəksən. Lakin doğru söyləməklə Uca Allahdan xeyirli sonluq ümüd edirəm. Allaha and olsun ki, mənim döyüşdən geri qalmağımda heç bir üzr yoxdur. Vallahi bu günki gün kimi heç bir zaman bu qədər güclü və bu qədər geniş imkanlara sahib deyildim!». Kəb dedi: «Peyğəmbər: «Bu kimsə həqiqəti söylədi. Ey Kəb! Qalx, Allah sənin haqqında hökmünü verənə qədər gözlə!» deyə buyurdu. Mən də qalxdım. Bəni Səlimə qəbiləsindən olan kimsələr də qalxdılar. Arxadan mənə yaxınlaşaraq: «Vallahi biz bundan əvvəl sənin bir günah etmiş olduğunun şahidi olmamışıq. Sən də digərləri kimi bir üzr gətirib canını qurtarardın. Peyğəmbər — sallallahu aleyhi və səlləm — də sənin üçün Allaha dua edərək bağışlanma diləyərdi və onun duası da sənə kifayət edərdi». Kəb: «Allaha and olsun ki, (Bəni Səlimə) qəbiləsindən olanlar mənim üstümə o, qədər düşdülər ki, bir anlığa geri dönüb dediklərimi geri götürmək istədim. (Bu an) mən onlara: «Mənimlə bərabər bu vəziyyətdə olan bir kimsə varmı?» dedim. Onlar: «Bəli, iki nəfər sənin söylədiyin kimi söylədilər və sənə söylənilən sözlərin eynisi onlara da söyləndi» dedilər. Kəb dedi: «Onlar kimlərdir?» Onlar: «Murra b. Rabia əl-Əşari və Hilal b. Umeyyə əl-Vəqifi» dedilər. Kəb dedi: «Mənə Bədr döyüşündə iştirak etmiş iki saleh kimsənin adlarını çəkdilər. Bunlar mənə söyləndikdə mən də öz (fikirlərimdən) vaz keçib onlardan nümunə götürmək qərarına gəldim».
Kəb: «Bundan sonra Peyğəmbər — sallallahu aleyhi və səlləm — döyüşə getməyənlər içərisindən yalnız bizim üçümüzlə danışmağı qadağan etdi. Cəmaat da bizdən uzaq durmağa başladılar. Elə bir vəziyyət yarandı ki, hətta yaşadığım torpaq da mənə qəribə gəlirdi. Artıq bu mənim tanıdığım torpaq deyildi. Bu hal əlli gün davam etdi. Mənim iki dostuma gəlincə isə onlar cəmaatdan ayrılaraq evlərinə çəkilib günlərini ağlamaqla keçirirdilər. Mən daha gənc və qüvvətli olduğum üçün evimdən çıxar, cəmaat namazında iştirak edər və bazarları dolaşardım. Lakin heç kimsə mənimlə danışmırdı. Namazdan sonra Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına gəlib salam verdim. Qəlbimdə: «Görəsən salamıma cavab olaraq dodağını tərpətdimi? Yoxsa yox?» Namazlarımı Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanında qılardım və gizlincə ona baxardım. Namazı qıldıqda o, mənə tərəf baxardı. Lakin mən ona tərəf baxdıqda üzünü dərhal məndən çevirərdi. Bu hal üzərə bir müddət davam etdikdən sonra bir gün evdən çıxıb insanlar içərsində ən çox sevdiyim əmim oğlu Əbu Qatadənin yanına yollandım. Onun bağçasının divarına yaxınlaşıb hasarın üstüna çıxdım. Salam verdim. Allaha and olsun ki, salamımı almadı. Mən: «Ey Əbu Qatadə Allah xatirinə de: «Mənim Allah və Rəsulunu sevdiyimi bilirsənmi?» deyə soruşdum. O, susub cavab vermədi. Mən yenə də: «Allah xatirinə soruşdum!». Yenə də susdu. Üçüncü dəfə yenə də: «Allah xatirinə soruşdum!». Bu dəfə: «Allah və Rəsulu bu haqda daha yaxşı bilir!» deyə cavab verdi. Gözlərim yaşla doldu. Hasardan enib geri qayıtdım.
Bir gün Mədinə bazarlarını dolaşırdım. Bu vaxt Şamdan Mədinəyə ticarət üçün gələn xristian əkinçilərdən biri: «Mənə Kəb b. Məliki göstərin?» deyə soruşurdu. Cəmaatda ona işarə ilə məni göstərməyə başladılar. Əkinçi mənə yaxınlaşıb Qassani məlikindən bir məktub verdi. Mən də yazıb-oxumağı bacardığım üçün məktubu oxudum. Məktubda bunlar yazılmışdır: «Bizə xəbər çatıb ki, dostun səni tərk edib. Lakin Allah sənin təhqir olunmağına və sənə qarşı haqsızlıq edilməsinə imkan verməz. Bizə qoşul sənə qarşı gözəl rəftar edərik!». Məktubu oxuyub: «Bu da bir imtahan deyib, oda atıb yandırdım».
Beləcə (izdirablı) əlli gündən qırx gün keçmişdi. Allahın hökmü isə hələ də gəlməmişdi. Peyğəmbər — sallallahu aleyhi və səlləm — in elçisi (Xuzeymə b. Sabit) yanıma gəlib dedi: «Allahın Rəsulu, sənə zövcəndən (yoldaşından) ayrı durmağı (ona yaxınlaşmamağı) əmr edir». Mən də: «Qadını boşamalıyam, yoxsa?» dedim. O, da: «Xeyr! Boşama. Sadəcə ondan uzaq dur və ona yaxınlaşma!» dedi. Bu əmr eyni ilə iki dostuma da verilmişdi. Mən də zövcəmə: «Allah bu haqda hökm verincəyə qədər ata evinə get və orada gözlə!» dedim. Hilal b. Umeyyənin zövcəsi Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına gələrək: «Ya Rəsulullah! Hilal b. Umeyyə qocalmış, ixtiyar çağına çatmışdır. Gücü və qüvvəti qalmamışdır. Xidmətçisi də yoxdur. Ona xidmət etməyimi pis görürsən?» deyə soruşdu. Peyğəmbər: «Xeyr, sən ona xidmət edə bilərsən. Lakin o, sənə yaxınlaşmamalıdır!» deyə buyurdu. Qadın: «Ya Rəsulallah! Allaha and olsun ki, heç bu haqda düşünmür. Bu imtahan (bəla) başlayan gündən bu günə qədər ağlamağdan başqa bir şey bilmir» dedi. Bu hadisədən sonra yaxınlarımdan (qohum-əqraba) bəziləri mənə: «Sən də yoldaşın haqqında Peyğəmbər — sallallahu aleyhi və səlləm — dən izn istə. Axı Peyğəmbər — sallallahu aleyhi və səlləm — Hilal b. Umeyyənin yoldaşına ona xidmət etməsinə icazə vermişdir» dedilər. Mən də: «Vallahi mən buna görə Peyğəmbər — sallallahu aleyhi və səlləm — dən izn istəməyəcəyəm. Nə bilim Peyğəmbər — sallallahu aleyhi və səlləm — mənə nə deyəcəkdir. Axı mən cavanam» dedim. Beləcə on gün də gözlədim. Tam əlli gün gəlib keçdi. Səhəri sübh namazını evimin damında qıldıqdan sonra Allah haqqımda buyurduğu kimi: «Belə ki, gen dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı». (ət-Tövbə 118). Nəfsim sıxılmış, yer üzü geniş olmağına baxmayaraq mənə dar gəlirdi. Bu an Səl dağı üzərindən: «Ey Kəb b. Məlik müjdə!» deyə qışqıran birisinin səsini eşitdim. Dərhal səcdəyə qapandım və başa düşdüm ki, artıq rahatlıq gəlmişdir. Peyğəmbər — sallallahu aleyhi və səlləm — sübh namazından sonra Allahın tövbələrini qəbul etmiş üç nəfərin xəbərini cəmaata bildirmişdir. İnsanlar da bu xəbəri bizə çatdırmaq üçün gəlirdilər. Məni müjdələmək üçün iki nəfər, biri atla (Zubeyr b. Əvvam), digəri isə Səl dağından qışqıran Əsləm qəbiləsindən olan (Həmzə b. Amr) adında bir nəfər idi. Səsini eşitdiyim müjdəçi mənim yanıma gəlincə əynimdə olan paltarı çıxardıb ona verdim. Allaha and olsun ki, o gün bundan başqa paltarım yox idi. Əmanət olaraq (Əbu Qatadədən) iki paltar aldım. Geyinib Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına yollandım. Yolda insanlar axın-axın məni qarşılayır və tövbəmin qəbul olunmasından ötrü məni təbrik edirdilər. Allahın tövbəmi qəbul buyurduğuna görə «Mübarək olsun sənə!» deyirdilər. Nəhayət məscidə girdim. Peyğəmbər — sallallahu aleyhi və səlləm — səhabələrin əhatəsində oturmuşdu. Təlhə b. Ubeydullah — radıyallahu anhu — məni görcək dərhal yerindən qalxaraq mənə tərəf yürüyüb əlimi sıxdı, təbrik etdi. Vallahi mühacirlərdən Təlhə — radıyallahu anhu — dan başqa heç kəs ayağa qalxmadı. Mən onun bu əməlini heç vaxt unutmadım».
Kəb: «Peyğəmbər — sallallahu aleyhi və səlləm — ə salam verdim. Onun üzü sevincdən parıldayırdı. O, buyurdu: «Anan səni doğduğu gündən bəri (bu günə kimi) sənin üçün bu gün ən xeyirli gündür! Müjdə sənə!». Mən: «Ya Rəsulullah! Bu müjdə sən tərəfindəndir, yoxsa Allah tərəfindən!» dedim. Peyğəmbər: «Xeyr, bu Uca Allah tərəfindəndir!» deyə buyurdu. Sevindirici bir hadisə baş verdikdə Peyğəmbər — sallallahu aleyhi və səlləm — in mübarək üzü ay parçası kimi parlayırdı və biz də onun mübarək üzünə baxdıqda bu (sevinci) hiss edirdik. Peyğəmbər — sallallahu aleyhi və səlləm — in yanına yaxınlaşıb oturdum. Ya Rəsulallah! Tövbəmin qəbul olunmasına görə malımın hamısını Allah və Rəsulu üçün kasıblara paylamaq istəyirəm. Peyğəmbər: «Yaxşı olar ki, bir hissəsini özün üçün saxlayasan. Bu sənin üçün daha xeyirli olar» deyə byurdu. Mən: «Xeybərdəki payıma düşən hissəmi özümə saxladım». «Ya Rəsulullah! Allah məni yalnız doğru söylədiyim üçün bu imtahandan qurtardı. Həyatım boyu doğru olmayan başqa bir söz söyləmərəm» dedim. Mən: «Vallahi bunu Peyğəmbər — sallallahu aleyhi və səlləm — ə söylədikdən sonra müsəlmanlardan elə bir kimsə tanımıram ki, doğru danışdığına görə Allahın mənə göstərdiyi imtahandan daha yaxşısını ona göstərmiş olsun. Vallahi mən Peyğəmbər — sallallahu aleyhi və səlləm — ə bu sözləri söylədikdən sonra bu günə qədər bilərək yalan danışmamışam. Ümüd edirəm ki, nə qədər ömrüm qalıbsa Allah məni (yalan danışmaq-dan) qoruyacaqdır».
Kəb: «Allah çətin saatda bir qisminin ürəyi (şəkk-şübhəyə düşüb peyğəmbərdən və cihaddan) dönmək üzrə ikən Peyğəmbərə, onun ardınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra Allah onlara qarşı şəfqətli və mərhəmətli olduğu üçün tövbələrini qəbul buyurdu. Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, gen dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız onun özünə sığınmağın mümkün olduğunu başa düşdüler. Allah onlara tövbə etmək üçün tövbə nəsib etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir və rəhimlidir. Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun!». (ət-Tövbə 117-119).
Kəb: «Vallahi Allahın mənə ehsan buyurduğu nemətlər içərisində məni İslama hidayətindən sonra Peyğəmbər — sallallahu aleyhi və səlləm — ə doğru söyləməyim və məni yalan söyləyib yalanları nəticəsində həlak olanlardan etməməsidir. Həqiqətən Allah yalan söyləyənlər haqqında vəhy endirəndə hər hansı bir kimsəyə söylənəbiləcək ən pis şeyi söyləmişdir. «Yanlarına qayıtdığınız zaman onlardan üz döndərməməniz, onları məzəmmət etməməniz üçün (yalandan) Allaha and içəcəklər. Siz də onları məzəmmət etməyin. Çünki onlar murdardırlar və qazandıqları günahlara görə düşəcəkləri yer də cəhənnəmdir. Onlardan razı olsınız deyə, qarşınızda (Allaha) and içəcəklər. Siz onlardan razı olsanız da, Allah fasiq bir tayfadan razı olmaz!». (ət-Tövbə 95-96).
Kəb: «Biz üçümüz o, biriləri kimi Peyğəmbər — sallallahu aleyhi və səlləm — ə and içdikləri və Peyğəmbər — sallallahu aleyhi və səlləm — də onların andlarını qəbul edib (onlar) üçün bağışlanma dilədiyi vaxt onlardan geri qaldıq. Peyğəmbər — sallallahu aleyhi və səlləm — bizim bu işimizi Allahın bu haqda hökmü gəlincəyə qədər təxirə saldı. Allah buyurdu: «…Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). (ət-Tövbə 118). Bu ayədə qeyd olunan «Geri qalanlar» ifadəsi heç də bizim Təbuk döyüşündə geri qalmağımız deyildir. Əksinə Peyğəmbər — sallallahu aleyhi və səlləm — bizi və bizim tövbələrmizin, Peyğəmbər — sallallahu aleyhi və səlləm — ə and içərək üzrxahlıq gətirənlərin hökmündən sonraya buraxılması mənasındadır». Başqa rəvayətdə – Peyğəmbər — sallallahu aleyhi və səlləm — Təbuk döyüşünə dördüncü günü çıxmış və (ümumən) dördüncü günü səfərə çıxmağı xoşlayardı. Başqa rəvayətdə – Peyğəmbər — sallallahu aleyhi və səlləm — öz səfərlərində səhər Duha namazı vaxtı qayıtmağı xoşlayardı

—————-
(1)Peyğəmbər — sallallahu aleyhi və səlləm — 27 bəzi mənbələrə görə 29 döyüşdə iştirak etmişdir. Bunlardan yalnız doqquzunda özü şəxsən döyüşmüşdür. 1. Bədr, 2. Uhud, 3. Xəndək, 4. Bəni Qureyzə, 5. Bəni Mustələq, 6. Xeybər, 7. Fəth, 8. Huneyn, 9. Taif, Təbuk. Bu döyüşlərin dördündə müsəlmanlara Mələklər kömək ediblər. Bədr-Hicri 2-ci il, Uhud-Hicri 3-cü il, Xəndək-Hicri 5-ci il (Bu döyüşə həmçinin Əhzab döyüşü də deyillər), Huneyn-Hicri 8-ci ili Şəvvalın 6-sı Məkkənin fəthindən 16-ı gün sonra.
(2)Mədinədən 150 km aralıda yerləşən quyuların adı idi. Bəzi rəvayətlərə görə o, ərazinin sahibi Bədr b. Kəlbə olduğu üçün onun adından götrülmüşdür. Hicri 2-ci ili 624-cü il Ramazan ayının 27-si Cümə günündə olmuşdur. Müsəlmanlar 319 mücahid ilə 950-1000 nəfərlik düşmənə qarşı vuruşub qalib gəlmişlər.
(3)Məkkə yaxınlığında bir yerin adıdır. 620-ci ildə birinci Əqabə beyəti, 621-ci ildə isə ikinci Əqabə beyəti olmuşdu
(4)Kəb b. Məlik — radıyallahu anhu — Əqabə beyətini Bədr döyüşündən üstün tutur. Çünki Əqabə beyəti Peyğəmbər — sallallahu aleyhi və səlləm — in Məkkədən Mədinəyə hicrətindən əvvəl olmuşdur.
(5) Düşmənlərə, münafiqlərə bildirməmək üçün. Onlardan gizli saxlamaq üçün belə edərdi
(6)Bir sa — 4,2125 litrə bərabərdir.

ELM ÖYRƏNMƏYİN FƏZİLƏTİ

10.«Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar». (Fatir 28). «Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdar-dır!» (əl-Mücadələ 11). «Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər». (əl-Bəqərə 269).
Əbu Musa — radyallahu anhu — rəvayət etdi ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm — buyurdu: «Allah — subhənəhu və təalə — nin mənim vasitəmlə (insanlara) göndərdiyi Hidayət və Elm torpağa düşən yağmura bənzər. (Bu torpaqların hər biri yağmuru bir cür qəbul edər). Torpağın bir hissəsi bərəkətlidir. Üzərindəki suyu özünə çəkib bol ot və bitki bitirər. (Digər bir hissəsi isə) doymuş torpaqdır. Suyu (özünə çəkməyib) üzərində saxlayar və Allah — subhənəhu və təalə — də onu (suyu) (insanların) istifadəsinə yönəldər. İnsanlar da həm özləri içər, həm heyvanlarını suvarar, həm də (əkində) suvarmaq üçün istifadə edərlər. Yağmurun düşdüyü digər bir qisim torpaqda vardır ki, düz və qurudur. (Bu torpaq) nə suyu öz üzərində saxlayar, nə də ot və bitki bitirər. (Torpağın bu hissələri) O, kimsələrə bənzəyir ki, onlar Allahın dinini anlayıb (qəbul edib), Allahın mənim vasitəmlə (insanlara) göndərdiyi (Hidayət və Elmdən) faydalanıb, özləri elm alıb və (o, elmi) başqalarına ötürüblər. Həmçinin də o, kimsələr ki, (Allahın dinini anlayıb) lakin onu qəbul etməyən, başlarını da belə qaldırmayan və Allahın mənim vasitəmlə (insanlara) göndərdiyi Hidayəti qəbul etməyən kimsələrin misalıdır»(Buxari 79, Müslim 2282.)
Suheyb — radyallahu anhu — rəvayət etdi ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm — buyurdu: «Sizdən əvəlki ümmətlərdə bir hökmdar və onun bir sehrbazı vardı. Sehrbaz yaşlandıqda hökmdara: «Artıq mən qocalmışam. Mənə bir uşaq göndər ki, ona sehr elmini öyrədim!» dedi. Hökmdar da ona (sehrbaza) sehri öyrətsin deyə bir uşaq göndərdi. (Uşaq da hər gün sehrbazın yanına gəlib-gedərdi). Uşağın (sehrbazın yanına getdiyi) yolunun üzərində bir rahib vardı. Uşaq (sehrbazın yanına getməmişdən əvvəl) rahibin yanında oturar, sözlərini dinləyər və (rahibin dediyi bu sözlər) onun xoşuna gələrdi. Artıq hər dəfə sehrbazın yanına getdikdə (yol üstü) rahibin yanına gedər və onun yanında oturub (sözlərini dinləyərdi). Bu səbəbdən də hər dəfə sehrbazın yanına gec gəldiyi üçün (sehrbaz) onu döyərdi. Uşaq döyülməsindən rahibə şikayət etdi. Rahib: «Əgər sehrbazdan qorxsan de ki, evdən gec buraxıblar, yox əgər ailəndən qorxsan de ki, sehrbaz məni gec buraxıb!». Uşaq bu minvalla gedib-gələrkən bir gün cəmaatın yolunu kəsmiş böyük bir heyvana rast gəldi. Uşaq: «Həqiqətən mən bu gün biləcəyəm sehrbazmı daha fəzilətlidir? Yoxsa rahibmi?» dedi. Yerdən bir daş götürüb: «Allahım əgər rahibin əməlləri sənin üçün sehrbazın əməllərindən sevimlidirsə bu heyvanı öldür və insanlar da rahat gedib-gələ bilsinlər!» deyə dua etdi və daşı heyvanın üstünə atdı. Heyvan öldü. İnsanların da gediş yolu rahatlandı. Bundan sonra uşaq rahibin yanına gəlib baş verən hadisəni ona danışdı. Rahib: «Oğlum! Bu gün sən artıq məndən də fəzilətlisən. Artıq mən görürəm ki, sən yüksək dərəcələrə çatmısan və qarşıda bir çox bəlalara (imtahanlara) məruz qalacaqsan. Əgər belə bir bəlalara (imtahanlara) məruz qalsan yerimi heç kimə bildirmə!» dedi. Bundan sonra uşaq anadan gəlmə korları, cüzəm xəstəliyinə tutulanları və digər başqa ağır xəstələri sağaltmağa başladı. Hökmdarın yaxın adamlarından biri (vəziri) kor idi. Bu haqda eşitdikdə bir çox hədiyyələrlə uşağın yanına gəlib və: «Əgər mənə şəfa verə bilsən bu gətirdiyim hədiyyələrin hamısı sənin olacaqdır!» dedi. Uşaq: «Mən heç kimə şəfa vermirəm. Şəfanı ancaq Allah verir. Əgər Allaha iman gətirsən Allaha dua edərəm ki, sənə şəfa versin!» deyə cavab verdi. Bundan sonra o, kor Allaha iman etdi. Allah da ona şəfa verdi.
Sonra (həmin adam) öz hökmdarının yanına qayıdıb, hər zaman olduğu kimi onun yanında oturdu. Hökmdar: «Sənə gözünü kim geri qaytardı?» deyə soruşdu. O: «Rəbbim?» deyə cavab verdi. Hökmdar: «Sənin məndən başqa Rəbbin varmı?» deyə soruşdu. O: «Mənim də Rəbbim, sənin də Rəbbin Allahdır?» deyə cavab verdi. Hökmdar onun tutulmasını əmr etdi və uşağın yerini deyincəyə qədər ona işgəncələr verməyə başladılar. (Vəzir işgəncələrə dözməyib uşağın yerini dedi). Nəhayət uşaq gətirildi. Hökmdar: «Oğlum! Sehrinlə anadan gəlmə korları, cüzəm xəstəliyinə tutulanları sağaltmaq dərəcəsinə yüksəlmisən. (Ayrıca) daha başqa xeyirli əməllərin də vardır!». Uşaq: «Şübhəsiz ki, mən heç kimə şəfa vermirəm. Şəfanı verən ancaq Allahdır!» dedi. Hökmdar: «Uşağın tutulub rahibin yerini deyincəyə qədər işgəncə verilməsini əmr etdi!». Uşaq işgəncələrə dözməyib rahibin yerini dedi. Rahib gətirildi. Ona: «Dinindən dön?» deyildi. Lakin o, dönmədi. Hökmdar mişarın gətirilməsini əmr etdi. Mişarı rahibin başının tən ortasından qoyaraq iki hissəyə böldülər. Hətta başının bir hissəsi yerə düşdü. Sonra hökmdarın yaxın adamı (vəziri) gətirilir. Ona da: «Dinindən dön?» deyildi. Lakin o, da dönmədi. Mişarı onun da başının ortasından qoyaraq bir hissəsi yerə düşənə qədər iki hissəyə böldülər. Sonra uşağı gətirib ona da: «Dinindən dön?» deyildi. O, da dönmədi. Hökmdar uşağı adamlarından bir neçəsinə verib dedi: «Uşağı götürüb filan dağın başına çıxın. Dağın təpəsinə çatdıqda əgər dinindən dönərsə (buraxın), yox əgər dönməzsə onu dağdan aşağı buraxın!». Onlar uşağı götürüb dağa çıxmağa başladılar. Uşaq: «Ya Rəbbim! Məni onlardan özün istədiyin (dilədiyin) kimi qoru!» deyə dua etdi. Bu an dağ sirkələnməyə başladı. Hökmdarın adamları dağdan aşağı yuvarlanıb öldülər. Uşaq isə hökmdarın yanına qayıtdı. Hökmdar: «Mənim göndərdiyim adamlara nə oldu?» deyə soruşdu. Uşaq: «Allah məni onlardan qorudu!» dedi. Hökmdar bir dəstə də düzəldib uşağı onlara verib dedi: «Uşağı götürüb böyük bir gəmiyə mindirin və dənizin ortasına doğru üzün. Dinindən dönərsə (buraxın), yox əgər dönməzsə (dənizə) atın. Onlar uşağı götürüb deyilən yerə çatdılar. Uşaq: «Ya Rəbbim! Məni onlardan özün istədiyin (dilədiyin) kimi qoru!» deyə dua etdi. Duanı bitirən kimi gəmi batmağa başladı. Hökmdarın adamları suya qərq oldular. Uşaq isə hökmüdarın yanına qayıtdı. Hökmdar: «Mənim göndərdiyim adamlara nə oldu?» deyə soruşdu. Uşaq: «Allah məni onlardan qorudu!» dedi. Uşaq sözünə davam edərək: «Sən mənim dediklərimi yerinə yetirmədən məni öldürə bilməzsən!» dedi. Hökmdar: «Nədir o?» dedi. Uşaq: «Cəmaatı bir meydana topla, məni də bir xurma ağacına bağla. Sonra oxumdan birini götürüb yayın ortasına qoyaraq: «BİSMİLLƏHİ RABBİL ĞULƏM – Uşağın Rəbbi olan Allahın adı ilə!» de və sonra oxu at. Belə etdikdə məni öldürə bilərsən!» dedi. Hökmdar cəmaatı bir meydançaya topladı və uşağı da xurma ağacına bağladı. Uşağın dediyi kimi oxlardan birini götürüb yayın ortasına qoyaraq BİSMİLLƏHİ RABBİL ĞULƏM – Uşağın Rəbbi olan Allahın adı ilə! deyərək oxu atdı. Ox uşağın alnına batdı. Uşaq əlini alnına qoyub öldü. Bu zaman cəmaat: «Biz uşağın Rəbbinə iman etdik! Biz uşağın Rəbbinə iman etdik! Biz uşağın Rəbbinə iman etdik!» dedilər. Daha sonra hökmdarın adamları: «Gördünmü? Qorxduğun şey başına gəldi. Artıq cəmaat iman etdi!» dedilər. Hökmdar dərhal yol ağızlarında xəndəklər qazılmasını əmr etdi . Xəndəklər qazıldı, içərsində od qalandı. Hökmdar: «Atın özünüzü xəndəklərə!» deyə əmr etdi. «Hər kim dinindən dönməzsə onu xəndəyə atın!» dedi. Hökmdarın adamları əmri yerinə yetirərək insanları odla dolu xəndəklərə atmağa başladılar. Nəhayət növbə yanında körpə uşaq olan bir qadına gəldi. Qadın odla dolu xəndəyə düşməkdən qorxaraq geri çəkildi. Bu an körpə uşaq dilə gələrək: «Anacan! Səbr et, şübhəsiz ki, sən haqq üzərindəsən!» dedi (Müslim 3005. )

———————–
MÜƏLLİF: K.HÜSEYN

Share Button
Tarix: 20.03.2009 | Oxunma sayı: 599 baxış