ƏMƏLLƏR NİYYƏTLƏRƏ BAĞLIDIR

1.«Bil ki, xalis din yalnız Allaha məxsusdur». (əz-Zumər 3). «Halbuki, onlara əmr edilmişdir ki, Allaha dini yalnız ona məxsus edərək, digər bütün batil dinlərdən İslama dönərək ibadət etsinlər. Namaz qılıb, zəkat versinlər. Doğru-düzgün din budur». (əl-Bəyyinə 5). De ki: «Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyrulmuşdur və mən ilk müsəlmanam!» (əl-Ənam 162-163).
Huzeyfə – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «(Keçmiş ümmətlərdə) Heç bir həsənə (xeyir iş) etməmiş bir kimsə ölümün gəlib çatdığını və yaşamaq ümüdünü itirdikdə ailəsini yanına çağıraraq onlara vəsiyyət edib dedi: «Mən öldükdən sonra odun toplayıb tonqal qalayın. Sonra məni (tonqalın) içinə atın. Atəş mənim vücudumu (cəsədimi), sümüklərimlə birlikdə yandırıb qurtardıqdan sonra (qalan) sümüklərimi üyüdüb toz halına salın. Sonra küləkli bir havanı gözləyib (üyüdülmüş cəsədimi) küləyə tutub dənizin üzərinə sovurun. (Başqa rəvayətdə: «Allaha and olsun! Əgər Rəbbim məni ələ keçirməyə qadir olarsa aləmlərdə heç bir kimsəyə tətbiq etmədiyi bir əzabla məni cəzalandıracaqdır» dedi). Bu kimsə öldükdən sonra (yaxınları) onun dediyi kimi etdilər. (Başqa rəvayətdə: «(Qiyamət günü) Allah yerə də, dənizə də əmr edər! Aldığınız zərrələri geri qaytarın!»). Sonra Allah onu zərrələrinə kimi toplayaraq: «Səni bu işə sövq edən nə idi? (Nəyə belə etdin?») deyə buyurdu. O, kimsə: «Sənin qorxun! Ya Rəbbim!» deyə cavab verdi. Allah da o, kimsəni bağışladı (Buxari 3452, Müslim 2756-2757.)
Əbu Hureyrə – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Həqiqətən Qiyamət günü əleyhinə hökm olunan ilk kimsə Allah yolunda (vuruşaraq) şəhid olmuş bir kimsədir. O, Allahın hüzuruna gətirilir. Allah da ona vermiş olduğu nemətləri xatırladır. O, da onları etiraf etdikdən sonra (Allah): «Bu verdiyim nemətlərin əvəzində sən nə əməl etdin?» deyə buyurur. (Şəhid): «Mən Sənin yolunda vuruşdum və şəhid oldum!» deyə cavab verir. (Allah): «Sən yalan söylədin! Çünki sənə cəsursan desinlər deyə vuruşdun və (onlar da) sənin haqqında belə dedilər!» deyə buyurur. Sonra əmr verilir və o, kimsə üzü üstə sürüklənərək Cəhənnəmə atılır».
(İlk sorğuya çəkilənlərdən biri də) Elm öyrənmiş, öyrəndiyini başqalarına öyrətmiş və Quran oxuyan bir kimsədir ki, Allahın hüzuruna gətrilir. Allah da ona vermiş olduğu nemətləri xatırladır. O, da onları etiraf etdikdən sonra (Allah): «Bu verdiyim nemətlərin əvəzində sən nə əməl etdin?» deyə buyurar. (Alim): «Elm öyrəndim, öyrəndiyim (elmi) başqalarına öyrətdim və Sənin rizan üçün Quran oxudum!» deyə cavab verir. (Allah): «Sən yalan söylədin! Çünki sənə (sən) alimsən desinlər deyə elm öyrəndin, gözəl qiraətçisən desinlər deyə Quran oxudun və sənin haqqında da bunlar söylənildi!» deyə buyurar. Sonra əmr verilir və o, kimsə üzü üstə sürüklənərək Cəhənnəmə atılır».
(Sorğuya çəkilənlərdən biri də) Allahın var-dövlət verdiyi və hər cür sərvət ehsan buyurduğu bir kimsədir ki, Allahın hüzuruna gətrilir. Allah ona da vermiş olduğu nemətləri xatırladır. O, da onları etiraf etdikdən sonra (Allah): «Bu verdiyim nemətlərin əvəzində sən nə əməl etdin?» deyə buyurur. (Varlı): «Xərclənilməsini sevdiyin elə bir yol yoxdur ki, mən o, yolların hamısında Sənin rizan üçün (malımı) sərf etməyim!» deyə cavab verir. (Allah): «Sən yalan söylədin! Çünki sənə (sən) mərhəmətli-sən desinlər deyə sərf etdin və sənin haqqında da bunlar söylənildi!» deyə buyurar. Sonra əmr verilir və o, kimsə üzü üstə sürüklənərək Cəhənnəmə atılır»(Müslim 1905.)

(İMAN, İSLAM, EHSAN)

2.«Yaxşı əməl sahibi olub özünü Allaha təslim (İslam) edən, İbrahimin hənif(1)millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər». (ən-Nisa 125). «Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, Axirət gününə, Mələklərə, Kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və Peyğəmbərlərə inanandır». (əl-Bəqərə 177). «Şübhəsiz ki, biz hər bir şeyi müəyyən ölçüdə (qədər) ilə yaratdıq». (əl-Qəmər 49). «O, Allah ki, səni namaza duranda da görür, səcdə edənlər içində olanda da. Həqiqətən (hər şeyi) eşidən və bilən Odur!». (əş-Şuəra 218-219). «Həqiqətən Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir». (ən-Nəhl 128).
Əbu Hureyrə – radıyallahu anhu — rəvayət edir ki, bir gün Peyğəmbər — sallallahu aleyhi və səlləm – insanların əhatəsində olduğu vaxt bir nəfər ona yaxınlaşıb: «Ya Rəsulallah! İman nədir?» deyə soruşdu. (Peyğəmbər): «(İman) Allaha, Mələklərinə, Kitablarına, Onunla (Allahla) görüşməyə, Peyğəmbərlərinə və Axirət günü dirilməyə iman etməkdir» deyə buyurdu. (Adam): «Ya Rəsulallah! İslam nədir?» deyə soruşdu. (Peyğəmbər): «(İslam) Allaha ibadət etmək və Ona heç bir şeyi şərik qoşmamaq, namaz qılmaq, fərz olan zəkatı vermək və Ramazan ayında oruc tutmaqdır» deyə buyurdu. (Adam): «Ya Rəsulallah! Ehsan nədir?» deyə soruşdu. (Peyğəmbər): «(Ehsan) Allaha Onu görür kimi ibadət etməkdir. Lakin sən Onu görməsən də, (şübhəsiz) ki, O səni görür!» deyə buyurdu. (Adam): «Ya Rəsulallah! «Mənə Qiyamət günü haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «Bu məsələdə soruşulan soruşandan cox bilmir (elimli deyildir). Lakin mən sənə onun əlamətləri haqqında xəbər verə bilərəm. Qul qadın (cariyənin) öz ağasını doğması, ayaq-yalın, cılpaq, (bir vaxtlar mal-qara otarması ilə məşğul olan) cobanların hündür binalar tikməkdə bir-biriləri ilə yarışmaları. (Qiyamət günü) qeybdən olan beş şeyin içərisindədir ki, onları Allahdan başqa heç kəs bilməz». Sonra Peyğəmbər: «Həqiqətən qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir, heç kəs səhər nə edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir və (hər şeydən) xəbərdardır!». (Loğman 34) ayəsini oxudu.
(Əbu Hureyrə) dedi ki: «Sonra o, şəxs çıxıb getdi». Onun ardından Peyğəmbər — sallallahu aleyhi və səlləm – (səhabələrinə): «Onu geri qaytarın!» deyə buyurdu. (Səhabələr) Onu geri qaytarmaq üçün axtarmağa başladılar. Lakin heç kəsi tapa bilmədilər. Bundan sonra Peyğəmbər: «Bu Cəbrail — əleyhissəllam — idi. İnsanlara dinlərini öyrətmək üçün gəlmişdi!» deyə buyurdu. (Başqa rəvayətdə: «Bu Cəbrail — əleyhissəllam — idi. Öyrənməyinizi istədi. Çünki siz soruşmamışdınız!» deyə buyurdu). Başqa rəvayətdə: Ömər – radıyallahu anhu — rəvayət edir ki, bir gün Rasulullah — sallallahu aleyhi və səlləm – in hüzurunda oturmuşduq. Bu vaxt paltarı düm ağ, saçları olduqca qara, üzərində səfər əlaməti görünməyən və aramızda hec kimsənin tanımadığı bir nəfər içəri girib, Peyğəmbər — sallallahu aleyhi və səlləm – in yanında oturdu. İki dizini onun dizlərinə söykəyib, əllərini (öz) dizlərinin üstünə qoyaraq: «Ey Məhəmməd! Mənə İslam haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «(İslam) Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədın Allahın elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazanda oruc tutmaq, imkan olduqda Kəbəni həcc etməkdir» deyə buyurdu. (Adam): «Doğru söylədin!» deyə cavab verdi. (Ömər) dedi ki, adama heyrət etdik. Həm ona sual verir, həm də onun söylədiklərini təsdiq edirdi. (Adam): «Mənə İman haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «(İman) Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə, Axirət gününə və Qədərin Xeyir və Şərridə Allahdan olmasına inanmaqdır» deyə buyurdu… (Ömər) dedi ki, sonra o, adam durub getdi. Bir müddətdən sonra (Peyğəmbər) mənə buyurdu: «Ey Ömər! O, sual verənin kim olduğunu bilirsənmi?» (Ömər): «Allah və Rəsulu daha gözəl bilir!» deyə cavab verdi. (Peyğəmbər): «O, Cəbrail — əleyhissəllam – idi. Sizə dininizi öyrətməyə gəlmişdi!» deyə buyurdu(Buxari 50, Müslim 8-9-10.)

(1)HƏNİF — haqq üzərində düz yeriyən və ona uyan kimsə deməkdir. Bütün dinlərdən üz çevirərək haqqa yönələn kimsədir. «Lisanul-Ərab» 9/157, «İbn Kəsir təfsir» 1/186,187, «Muhtarus-Sihah» s. 159. Digər bir tərif — şirkdən uzaq olan, Allaha ixlas üzərində bina edilmiş dinin adıdır. «Uç əsas» Seyx Useyminin şərhi ilə.

HƏR BİR ŞEY ƏZƏLDƏN TƏQDİR EDİLMİŞ QƏDƏRLƏDİR

3.«Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa doğru yönəldər və o, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər. Allah hər şeyi biləndir». (ət-Təğabun 11). «O, Allah ki, göylərin və yerin hökmü Onundur. O (özünə) heç bir övlad götürməmişdir. Mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun üçün nə olacağını) əvvəlcədən müəyyən etmişdir». (əl-Furqan 2).
Əbu Hureyrə – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Adəm ilə Musa — əleyhimussəlam – Rəbbləri qatında bir-birləri ilə mücadələ etdilər. Nəticədə Adəm, Musaya hüccətlə qələbə çaldı. Musa: «Sən, Allahın əli ilə yaratdığı, öz ruhundan üfürdüyü, mələklərini sənə səcdə etdirdiyi, Cənnətdə yerləşdir-diyi, sonra da etdiyin xətadan ötrü insanları yer üzünə endirən Adəm deyilsənmi?» deyə soruşdu. Adəm: «Sən, Allahın Rəsulu və kəlimi olaraq seçdiyi, içində hər şeyin bəyanı olan Lövəhləri (Tövratı) verdiyi və səninlə (vasitəçisiz) danışmaq üçün Allahın özünə yaxınlaşdırdığı Musa deyilsənmi? Səncə Mənim yaradılışımdan neçə il öncə Allahın Tövratı yazdığını bilirsən?» deyə soruşdu. Musa: «Qırx il əvvəl» deyə cavab verdi. Adəm: «Tövratın içində: «Və Adəm Rəbbinə asi oldu …». (Ta ha 121) ayəsini oxudunmu?» deyə soruşdu. Musa: «Bəli, oxudum» deyə cavab verdi. Adəm: «Elə isə Allahın məni yaratmamışdan qırx il öncə üzərimə yazdığı və edəcəyim bir işdən ötrü məni qınayırsan?» dedi. Peyğəmbər: «Beləcə Adəm, Musanı hüccətlə məğlub etdi!» deyə buyurdu(Müslim 2652.)

İLK VƏHYİN BAŞLANMASI

4.«Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük Kərəm sahibidir! O, Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. O, Rəbbin ki, insana bilmədiklərini öyrətdi». (əl-Ələq 1-5). «Ey (libasına) örtünüb bürünmüş Peyğəmbər! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut. Libasını təmizlə. Əzaba səbəb olacaq pis şeylərdən uzaqlaş. (Etdiyin yaxşılığı) çox bilib başa qalxma. Rabbinin rizasını qazanmaq üçün səbr et». (əl-Muddəssir 1-7).Aişə – radıyallahu anhə — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — ə ilk vəhyin başlanğıcı yoxusunda doğru yuxu (RUYAİ-SADİQA) görməklə başlamışdır. Yuxusunda gördüyü hər bir yuxu səhər aydınlığı kimi açıq şəkildə həyata keçirdi. Bundan sonra qəlbinə tənha qalmaq sevgisi sevdirildi. Artıq Hira mağarasına çəkilərək orada ailəsinin yanına qayıdana qədər bir neçə gün tək qalaraq təhənnəs (yəni ibadət) edərdi. Bu məqsədlə bir neçə günlük azuqə götürüb mağaraya gedərdi. Azuqə qurtardıqda Xədicə – radıyallahu anhə — nin yanına qayıdar, yenə eyni şəkildə (bir neçə günlük) azuqə götürərək təkrar geri qayıdardı. Onda olan bu hal Hira mağarasında Haqq (yəni vəhy) gəlincəyə qədər davam etdi. Nəhayət Peyğəmbər — sallallahu aleyhi və səlləm — bir gün Hira mağarasında olduğu vaxt Haqq (yəni vəhy) gəldi. Ona mələk gələrək: «İqra! (Oxu!)» dedi. O, da: «Mən oxuya bilmirəm!» deyə cavab verdi. Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu ki: «(Mən bu sözləri deyəcək) Mələk məni götürərək qucaqladı və taqətim kəsilincəyə qədər sıxdı. Sonra məni buraxaraq yenə də: «İqra! (Oxu!)» dedi. Mən də: «Mən oxuya bilmirəm!» dedim. Yenə məni götürüb qucaqlayaraq ikinci dəfə taqətim kəsilincəyə qədər sıxdı. Sonra məni buraxaraq yenə də: «İqra! (Oxu!)» dedi. Mən də: «Oxuya bilmirəm!» dedim. Nəhayət məni təkrak qucaqlayaraq üçüncü dəfə taqətim kəsilincəyə qədər sıxdı. Sonra məni buraxaraq bu ayələri oxudu: «Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük Kərəm sahibidir! O, Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. O, Rəbbin ki, insana bilmədiklərini öyrətdi». (əl-Ələq 1-5).
Peyğəmbər — sallallahu aleyhi və səlləm — vəhy olunan bu ayələrdən sonra qəlbində bir qorxu (titrəmə) olaraq evə Xədicə b. Xuveylid – radıyallahu anhə — nin yanına qayıtdı. Dərhal: «Məni örtüb bürüyün! Məni örtüb bürüyün!» deyə buyurdu. Onu örtdülər. Qorxu ondan gedənə qədər o, bu vəziyyətdə qaldı. (Qorxu ondan getdikdən sonra) Peyğəmbər — sallallahu aleyhi və səlləm — Xədicə – radıyallahu anhə — ə: «Ey Xədicə! Mənə nə olur?» deyə buyurdu və baş vermiş şeyləri ona xəbər verdi. Peyğəmbər: «Özüm-özümdən (nəfsimdən) qorxdum!» deyə buyurdu. Xədicə: «Yox, yox elə demə! Allaha and olsun ki, Allah səni heç vaxt utandırmaz (rüsvay etməz). Çünki sən qohumluq əlaqələrini möhkəmlən-dirir, daima sözün düzünü deyir (yalan danışmır), işini görməkdə aciz olanların yükünü yüngülləşdirir, kasıba əl tutur, müsafirə (qonağa) ehtiram göstərir, haqq yolunda baş verən hadisələr qarşısında (xalqa) kömək edirsən!» dedi.
Bundan sonra Xədicə – radıyallahu anhə — Peyğəmbər — sallallahu aleyhi və səlləm — i götürüb əmisi oğlu Varaka b. Nofəl b. Əsədi b. AbdulUzzanın yanına aparır. O, cahilyiyyə dövründə Xristianlığı qəbul etmiş bir kimsə idi. Ərəbcə (oxuyub) yazmağı bacarır, İncildən bəzi şeyləri Allahın dilədiyi qədər ərəbcəyə (tərcümə edərək) yazırdı. Varaka, gözlərinə korluq gəlmiş yaşlı (ixtiyar çağına çatmış) bir kimsə idi. Xədicə: «Ey əmi! Dinlə gör əmin oğlu nə danışır?» dedi. Varaka: «Ey qardaşım oğlu! Danış görək nələr görürsən?» dedi. Peyğəmbər — sallallahu aleyhi və səlləm — gördüklərini xəbər verdi. Varaka (qulaq asdıqdan) sonra ona: «Bu gördüyün Allah — subhənəhu və təalə — nin Musa — əleyhissəlam — a göndərdiyi Namusdur (yəni vəhyin sirrinin sahibi Cəbrail — əleyhissəlam — dır). Varaka: «Ah! Kaş ki, sənin dəvət günlərində cavan olardım! Qövmün səni qovalayacaqları zaman həyatda olardım!» dedi. Peyğəmbər: «Onlar məni qovalayacaqlarmı?» deyə buyurdu. Varaka: «Bəli, çünki sənin gətirdiyin şeyi (dini, şəriəti) gətirmiş olan hər kəs bu düşmənçiliyə məruz qalmışdır. Lakin sənin dəvət günlərinə çatsam sənə son dərəcə çox yardım edərəm!» deyə cavab verdi. Lakin Varaka bir müddətdən sonra dünyasını dəyişir, vəhy isə bir müddət kəsilir.
Cabir b. Abdullah – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «(Bir gün) Yol ilə gedərkən birdən-birə səmadan bir səs eşitdim. (Başqa rəvayətdə — Dərhal qabağıma, arxama, sağıma və soluma baxdım. Lakin heç kimsəni görmədim. Sonra yenə də nida olundum, bu dəfə də baxdım. Lakin heç kimsəni görmədim. (Bir müddətdən sonra yenə də nida olundum). Bu dəfə başımı yuxarı qaldırdım. Bir də baxdım ki, Hira mağarasında mənim yanıma gələn Mələk (Cəbrail) səma ilə yer arasında bir kürsü üzərində oturmuşdur. Mən çox qorxdum. Dərhal evə gəldim və: «Məni örtün! Məni örtün!» dedim. Məni bütüyüb örtdülər. Bundan sonra Allah bu ayələri mənə endirdi: «Ey (libasına) örtünüb bürünmüş Peyğəmbər! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut. Libasını təmizlə. Əzaba səbəb olacaq pis şeylərdən uzaqlaş. (Etdiyin yaxşılığı) çox bilib başa qalxma. Rabbinin rizasını qazanmaq üçün səbr et». (əl-Muddəssir 1-7). Bundan sonra vəhy arxa-arxaya heç kəsilmədən gəlməyə başladı.
Rəvayət edilir ki, İbn Abbas – radıyallahu anhu — Allah — subhənəhu və təalə — nin bu ayələrini: «(Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələmtələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə!)» (əl-Qiyəmə 16) təfsir edərkən deyərdi: «Peyğəmbər — sallallahu aleyhi və səlləm — vəhyin ilk başlanğıcında həmişə sıxıntı (qorxu) hiss edərdi. Bu da onun (Quranı tələm-tələsik əzbərləmək üçün Cəbrail ilə birlikdə) dodaqlarının tərpətməsinə səbəb olurdu». İbn Abbas – radıyallahu anhu — (öz tələbələrinə) deyərdi: «İndi məndə eynilə Peyğəmbərmiz — sallallahu aleyhi və səlləm — in dodaqlarını tərpətdiyi kimi tərpədəcəyəm!». İbn Abbas – radıyallahu anhu — deyir ki, Allah — subhənəhu və təalə — digər bir ayəni nazil etdi: «(Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələmtələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə!). Çünki onu sənin qəlbində cəm etmək (dilində) oxutmaq Bizə aiddir» (əl-Qiyəmə 16-17). İbn Abbas – radıyallahu anhu — deyir: «(Bu o, deməkdir ki) Ayələri sənin qəlbində elə bir şəkildə cəm etmək ki, sən onları oxuya biləsən» (Allah — subhənəhu və təalə — özü bütün Quranı sənin qəlbində cəm edəcəkdir və sənin üçün asant olsun deyə onun oxunuşunu da asantlaşdıracaqdır. ) (O, ki qaldı bu ayələrə) Allah — subhənəhu və təalə — buyurur: «Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə» (əl-Qiyəmə 18). İbn Abbas – radıyallahu anhu — deyir: «(Bu o, deməkdir ki) Ona (Cəbrailə) diqqətlə qulaq as!». Allah — subhənəhu və təalə — buyurur: «Sonra onu (sənə) izah etmək də Bizə aiddir!» (əl-Qiyəmə 19). İbn Abbas – radıyallahu anhu — deyir: «(Bu o, deməkdir ki) Ayələri sənin oxumağın üçün sənə izah etmək də bizə aiddir. Bundan sonra Peyğəmbər — sallallahu aleyhi və səlləm — Cəbrail — əleyhissəlam — a diqqətlə qulaq asıb onu dinləyər. O, getdikdən sonra isə onun dediklərini olduğu kimi təkrar edərdi»(Buxari 3-4-5, Müslim 160-161.)

(PEYĞƏMBƏRİMİZ MUHƏMMƏD — sallallahu aleyhi və səlləm — in MERAC SƏFƏRİ)

5.«Biz onu yüksək məqama qaldırdıq». (Məryəm 57). «Bəzi ayələrmizi göstərmək üçün bəndəsini bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) MəscidülƏqsaya aparan Allah pak və müqəddəsdir. O doğurdan da, (hər şeyi) eşidən və biləndir!» (əl-İsra 1).
Məlik b. Sasa – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Kəbədə əl-Hicr deyə adlanan yerdə yatarkən biri gəlib boğazımdan qarnımın alt tərəfinə qədər olan hissəni yardı. Sonra qızıldan bir qab gətirdi. Qəlbimi çıxardıb Zəm-Zəm suyu ilə yuduqdan sonra onu hikmət və iman ilə doldurdu. Sonra (qəlbimi) yerinə qaytardı. Bu da məni irəlidə gözləyən üçün bir hazırlıq idi. (Başqa rəvayətdə: Ənəs b. Məlik – radıyallahu anhu — deyir ki, Əbu Zərr – radıyallahu anhu — belə rəvayət etdi ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Mən Məkkədə olduğum vaxt evimin tavanı yarıldı. Cəbrail — əleyhissəlam — endi. Köksümü yararaq onu Zəm-Zəm suyu ilə yudu. Hikmət və iman ilə dolu qızıldan bir qab gətirdi. İçindəkiləri köksümün içinə boşaltdı. Sonra köksümü bağladı. Əlimdən tutaraq məni səmaya doğru qaldırdı!»). (Başqa rəvayətdə isə: Ənəs b. Məlik – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — uşaqlarla oynayarkən Cəbrail — əleyhissəlam — onun yanına gəldi. Onu götürərək yerə yıxdı və sinəsini yardı. Qəlbini çıxardı. Qəlbindən bir qan laxtasını çıxardıqdan sonra: «Bu şeytanın səndən olan bir nəsibidir!» deyə ona göstərdi. Sonra qəlbini qızıldan bir qab içində Zəm-Zəm suyu ilə yudu. Daha sonra qəlbini yerinə qoydu. Onunla oynayan uşaqlar qaçaraq süd anasının yanına gəldilər və: «Məhəmməd öldürüldü!» dedilər. Onun yanına gəldilər. Rəngi soluq bir halda idi. Ənəs: «Mən Peyğəmbər — sallallahu aleyhi və səlləm — in sinəsində olan o, izi görmüşəm!» dedi).
Sonra qatırdan alçaq, eşşəkdən böyük olan Burak adı verilən ağ bir minik gətirildi. Bu minik addımını gözün son görmə hədinə qədər qoyardı. (Başqa rəvayətdə: «Cəbrail — əleyhissəlam — ilə birlikdə miniyə mindim. Beytul Məqdisə gəldim. Onu (miniyi məndən əvvəlki) Peyğəmbərlərin bağladıqları halqaya bağladım. Sonra məscidə girdim. Peyğəmbərlərə imam olaraq iki rükət namaz qıldım. (Bütün Peyğəmbər-lər də onun arxasında namaz qıldılar)». Sonra Cəbrail — əleyhissəlam — ilə birlikdə dünya səmasına yüksəldim. Birinci səmanın (qapılarına) yaxınlaşdıq. Cəbrail — əleyhissəlam — (qapıların) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. «Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalət verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və onun üçün səma (qapısı) açıldı. Birinci səmada Adəm — əleyhissəlam — göründü. Cəbrail mənə: «Bu sənin baban Adəmdir, ona salam ver!» dedi. Peyğəmbər — sallallahu aleyhi və səlləm — ona salam verdi, o da salamı alıb: «Saleh övladıma və saleh Peyğəmbərə salam olsun!» dedi. (Başqa rəvayətdə: «Adəmin sağ tərəfində xoşbəxt kimsələrin ruhları, sol tərəfində isə bədbəxt kimsələrin ruhları vardır. O, sağ tərəfinə baxdıqda sevinər və gülərdi, sol tərəfinə baxdıqda isə ağlayardı. Çünki sağ tərəfində olanlar Cənnət əhli, sol tərəfində olanlar isə Cəhənnəm əhlindən olan kimsələr idi!»). Sonra Cəbrail — əleyhissəlam — mənimlə ikinci səmaya qalxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. «Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalət verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. İkinci səmada Yəhya və İsa — əleyhimussəlam — göründü. Cəbrail — əleyhissəlam — dedi ki, bunlar Yəhya və İsadır, hər iksinə salam ver. O, da onlara salam verdi, onlar da salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» dedilər. Sonra Cəbrail — əleyhissəlam — mənimlə üçüncü səmaya qalxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. «Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalət verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Üçüncü səmada Yusif — əleyhissəlam — göründü. Cəbrail — əleyhissəlam — dedi ki, bu Yusifdir, ona da salam ver. O, da salam verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» dedi. Sonra Cəbrail — əleyhissəlam — mənimlə dördüncü səmaya qalxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. «Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalət verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Dördüncü səmada İdris — əleyhissəlam — göründü. Cəbrail — əleyhissəlam — dedi ki, bu İdrisdir, ona da salam ver. O, da salam verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» deyə dua etdi. (Başqa rəvayətdə: «Allah buyurur: «Biz onu yüksək məqama qaldırdıq». (Məryəm 57). Sonra Cəbrail — əleyhissəlam — mənimlə beşinci səmaya qalxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. «Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalət verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Beşinci səmada Musa — əleyhissəlam — ın qardaşı İmran oğlu Harun — əleyhissəlam — göründü. Cəbrail — əleyhissəlam — dedi ki, bu Harundur, ona da salam ver. O, da salam verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» dedi. Sonra Cəbrail — əleyhissəlam — mənimlə altıncı səmaya çıxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. «Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalət verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Altıncı səmada Musa — əleyhissəlam — göründü. Cəbrail — əleyhissəlam — dedi ki, bu Musadır, ona da salam ver. O, da salam verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» dedi. Yanından getdikdə Musa ağladı. Ondan soruşdular: «Səni ağladan nədir?». Musa: «Çünki məndən sonra Peyğəmbər olaraq göndərilən bu gəncin ümmətindən Cənnətə girəcək olanlar, mənim ümmətimdən Cənnətə girəcək olanlardan daha çoxdur! (Başqa rəvayətdə: Ənəs – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «İsra gecəsində Musanın yanına çatdım. Qırmızı qum təpəsinin yanındakı qəbrində idi )(Müslim «Fəzail» 2375. )». Sonra Cəbrail — əleyhissəlam — mənimlə yeddinci səmaya qalxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. «Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Muhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Ona risalət verildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Yeddinci səmada Xalilur-Rahmən İbrahim — əleyhissəlam — göründü. Cəbrail — əleyhissəlam — dedi ki, bu sənin atan İbrahimdir, ona da salam ver. O, da salam verdi, salamını alıb: «Saleh övlad və saleh Peyğəmbərə salam olsun!» dedi.
Sonra Peyğəmbər — sallallahu aleyhi və səlləm — Sidrətul-Muntəhaya qədər yüksəldi. Bir də gördüm ki, Sidr ağacının yarpaqları fillərin qulaqları kimidir. Onun yemişləri isə (Yəmənin Həcər qəsəbəsindəki) fincanlara (gildən düzəldilmiş qablara) bənzəyirdi. Orada Sidrənin dibindən çıxan dörd çay vardı. Bu çaylardan ikisi zahiri, ikisi isə batini çaylar idi. Mən: «Ey Cəbrail! Bu nə çaylardır?» deyə buyurdum. Cəbrail: «Batini olan çaylar Cənnət çaylarıdır. Zahiri olan çaylar isə Nil və Fərat çaylarıdır». Allahın əmri ilə orada olan gözəllikləri gördüm. Artıq Allahın məxluqlarından oranın gözəlliyinin bir qismini belə təsvir və ya tərif etməyə qadir ola biləcək bir kimsə yoxdur.
Sonra Beytul-Məmura yüksəldik. (Başqa rəvayətdə: «İbrahim — əleyhissəlam — belini yeddinci səmadakı Beytul-Məmura söykəmişdi»). Bu Beytul-Məmura gündə yetmiş min mələk girər, orada Allaha ibadət edər, namaz qılar, sonra oradan çıxar və bir daha oraya qayıtmazlar. Oradan çıxdıqdan sonra Cəbrail — əleyhissəlam — mənə bir qab şərab və bir qab da süd gətirdi. Mən südü seçdim. Cəbrail — əleyhissəlam — mənə: «Sən fitrəti seçdin, ümmətin də fitrət üzərindədir. Əgər şərabı seçmiş olsaydın ümmətin haqq yoldan azardı (azğın olardı)» dedi. (Başqa rəvayətdə: Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Sonra Cəbrail — əleyhissəlam — məni yuxarıya götürə-götürə nəhayət (qəza və qədəri yazan) qələmlərin cızıltılarını eşidəcək bir səviyyəyə çatdıq!»).
Sonra Allah Muhəmməd — sallallahu aleyhi və səlləm — ə bir gün və bir gecədə əlli vaxt namaz fərz etdi. Peyğəmbər buna təslimiyyətlə razı oldu. Səmadan enib Musa — əleyhissəlam — ın yanından keçərkən: «Rəbbin ümmətinə nəyi fərz etdi?» deyə buyurdu. Mən: «O, bir gündə əlli namaz fərz etdi!» buyurdum. Musa: «Sənin ümmətinin buna gücü çatmaz. Səndən əvvəl mən öz ümmətimə bunu bəyan etmişdim. İsrail oğullarından çox çətinliklərlə qarşılaşdım. Rəbbinə qayıt və ümmətin üçün yükünün yüngülləşdirilməsini dilə!» deyə buyurdu. Mən də Rəbbimə dönüb: «Ya Rəbbim! Ümmətim üçün yüngülləşdir!» deyə buyurdum. Məndən on vaxt namaz endirildi. Sonra Musa — əleyhissəlam — ın yanına qayıtdım: «Məndən on namaz vaxtı endirildi!» deyə buyurdum. Musa: «Şübhəsiz ki, ümmətinin buna da gücü çatmayacaqdır. Rəbbinə dön və yüngülləşdiril-məsini dilə!» deyə buyurdu. Mən yenə də Rəbbimə dönüb: «Ya Rəbbim! Ümmətim üçün yüngülləşdir!» deyə buyurdum. Məndən (qalan namazların vaxtından) yenə də on vaxt namaz endirildi. Sonra Musa — əleyhissəlam — ın yanına qayıtdım: «Məndən yenə də on namaz vaxtı endirildi!» deyə buyurdum. Musa: «Şübhəsiz ki, ümmətinin buna da gücü çatmayacaqdır. Rəbbinə dön və yüngülləşdirilməsini dilə!» deyə buyurdu. Beləcə Rəbbim ilə Musa — əleyhissəlam — arasında beş vaxt namaz əmr olunana qədər gedib-gəldim. Sonra yenə Musa — əleyhissəlam — ın yanına qayıtdım və o, mənə: «Nə ilə əmr olundun?» deyə buyurdu. Mən: «Hər gün beş vaxt namaz ilə əmr olundum!» deyə buyurdum. Musa: «Sənin ümmətin hər gün beş vaxt namaz qılmağa da taqəti çatmaz. Rəbbinə dön və yüngülləşdirilməsini dilə!» deyə buyurdu. Mən: «Rəbbimdən çox istədim. Artıq ondan utanıram. Mən beş vaxta razıyam. Allahın əmrinə təslim oluram!» deyə cavab verdim. Bundan sonra bir carçı: «Fərzlər yəqinləşdi, qullarıma da (yükləri) yüngülləşdirildi!» deyə səslədi. Rəbbim: «(Namazlar) beşdir, yenə onlar əllidir. Mənim dərgahımda hökm əsla dəyişməz!». Bundan sonra Peyğəmbər — sallallahu aleyhi və səlləm — ə Cənnət və Cəhənnəm də göstərildi. Cənnətəin içində bir çox incidən olan qübbələr (çadırlar) vardı. Torpağı da miskdən idi. Usamə b. Zeyd – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «(Merac gecəsində) Cənnətin qapısında durub içəri baxdım. Oraya girənlərin böyük çoxluğunun miskinlər olduğunu gördüm. Mal sahiblərindən Cəhənnəmlik olanlardan başqaları (haqq-hesab) üçün həps olunmuşlar. Atəş əhli olan zənginlərin isə Cəhənnəmə atılmaları öncə əmr olunmuşdur. Cəhənnəmin qapısında da durdum. Bir də baxdım ki, Cəhənnəmə girənlərin çoxu qadınlardır (Başqa rəvayətdə: «Biz nəyə görə Cəhənnəm əhlinin çox hissəsi olacağıq)» dedilər. Peyğəmbər: «Çünki çox lənət edir və ərlərnizə qarşı nankorluq edirsiniz. Yaxşılığa qarşı küfr edirsiniz. Onlardan birinə dünya durduqca yaxşılıq etsən və sonra səndən məmnun olmayacaq bir şey görsə — səndən heç bir xeyir görmədim deyər. Ağıl və din naqisliyi də vardır. Sizin qədər ağlı başından alaraq kişiyə üstün gələni görmədim». Qadınlar: «Ağıl və din naqisliyi nədir?» deyə soruşdular. Peyğəmbər: «Ağlı nöqsanlığa gəldikdə — iki qadının şahidliyi bir kişinin şahidliyinə bərabərdir. Dini naqisliyə gəldikdə isə — (heyzli günlərdə) namaz qılmazsınız və ramazanda da (bir müddət) oruc tutmazsınız»(1) Ənəs – radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «İsra gecəsində dırnaqları uzun olan bir qövmə çatdım. Onlar üzlərini və (kökslərini) cırmaqlayırdılar». Mən: «Ey Cəbrail! Bunlar kimlərdir?» deyə soruşdum. Cəbrail: «Bunlar insanların ətlərini yeyənlərdir (qeybət edənlər)» deyə buyurdu(2)Daha sonra Peyğəməbr — sallallahu aleyhi və səlləm — səmadan enib Məkkəyə geri döndü»(3) Cabir – radıyallahu anhu— rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Qureyş məni təqzib etdiyi vaxt Allah Beytul Məqdisi mənə təcəlli etdi. Mən onlara onun əlamətlərini bir-bir xəbər verməyə başladım. Mən Beytul Məqdisə baxır, həm də xəbər verirdim»(4) Daha sonra Peyğəməbr — sallallahu aleyhi və səlləm — səmadan enib Məkkəyə geri qayıtdı»(5)
—-
(1)Buxari «Rikak» 51, Müslim 79, 2736
(2)Əbu Davud 4870, 4879.
(3)Buxari, Müslim.
(4)Buxari, Müslim 170.
(5)Buxari 349-3887, Müslim 259-260.

qeyd:Peyğəmbər — sallallahu aleyhi və səlləm — 10 il Allahın əmrinə tabe olaraq tövhidə dəvət etdi. On ildən sonara göylərə yüksəldi. Merac — ARACƏ sözündən götürülüb. Yəni URUC – qalxmaq, yüksəlmək deməkdir. İsra — ƏSRA sözündən götrülüb. Bəzilərinin dediyinə görə Peyğəmbər — sallallahu aleyhi və səlləm — Merac səfərini yuxuda edib, digərlərinin dediyinə görə o — sallallahu aleyhi və səlləm —, Meraca yalnız ruhu ilə gedib. Lakin səhih odur ki, həm ruhu, həm də cəsədi ilə gedib və ömründə bir dəfə olub.
————-
MÜƏLLİF: K.HÜSEYN

Share Button
Tarix: 20.03.2009 | Oxunma sayı: 452 baxış