featured-image-2350

(87) “Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik. Məgər hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? Onların bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?”

Uca Allah İsrail oğullarının yanına, Rəbbi ilə söhbət etmiş və onlara Tövratı gətirmiş Musa peyğəmbəri (ə.) göndərdiyi zaman onlara bəxş etdiyi neməti xatırladır. Onun ardıyca digər elçilər də göndərilmişdi ki, onların hər biri Tövratın əsasında öz qərarlarını qəbul edirdilər. Onların sonuncusu İsa peyğəmbər (ə.) idi. Allah ona açıq-aydın möcüzələr vermişdi. Onlar tamamilə kifayət edərdi ki, insanlar ona iman gətirsinlər. Bununla yanaşı Allah ona Müqəddəs Ruhla kömək edirdi. Təfsirçilərin əksəriyyəti hesab ediblər ki, söhbət mələk Cəbraildən gedir. Başqa bir şərhə görə isə, Müqəddəs Ruh bir imandır ki, Allah onun vasitəsilə Öz qullarını müdafiə edir.
Belə çoxsaylı və dəyərləndirilməsi heç mümkün olmayan nemətlərə baxmayaraq, israillilər iman gətirməkdən təkəbbürlə boyun qaçırdılar. Bunun səbəbi isə, Allahın elçilərinin gətirdiklərinin onların xoşuna gəlməməsiydi. Belə olduqda, onlar bəzi elçilərə yalançı adı qoyur, digərlərini isə öldürürdülər. Onlar doğru rəhbərlik qarşısında öz alçaq istəklərinə, Axirət həyatı qarşısında isə bu dünya həyatına üstünlük verdilər. Şübhəsiz ki, bunların xatırladılması İsrail oğullarına sərt qınaq və ittiham idi.

(88) “Onlar dedilər: “Qəlblərimiz qapalıdır!” Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar”.

(89) “Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları peyğəmbər gəldikdə isə, onu inkar etdilər. Allah kafirlərə lənət etsin!”

(90) “Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər. Kafirlərə alçaldıcı bir əzab vardır”.

Ey Elçi! Onlar sənin təliminə inamsızlıqlarına, sənin sözlərini anlamağa mane olan pərdənin onların qəlbini örtməsi ilə bəraət qazandırırlar. Onlar elə zənn edirlər ki, bu minvalla öz xəbərsizliklərini əsaslandıra və kafirliklərinə haqq qazandıra biləcəklər. Lakin onlar, Uca Allahın lənətlədiyi və Öz mərhəmətindən uzaqlaşdırdığı yalançılardır. Bu lənətin səbəbi — onların kafirliyindədir, axı onların arasında möminlər olduqca azdır və əksəriyyətcə, kəmetiqad və ya imansızdırlar.
Allah onlara insanların ən yaxşısını və elçilərindən ən sonuncusunu göndərmişdir. O (s.ə.s.), onlara Tövratın doğruluğunu təsdiq edən Kitab gətirmişdir. Onlar onun şəxsiyyətində zühur edəcəyi ilə müşrikləri qorxutduqları Elçini (s.ə.s.) tanıdılar, o müşrikləri ki, cahiliyyə dövründə onlarla vuruşmalı olurdular. Onlar onun köməyinə ümid bəsləyir və müşrikləri xəbərdar edirdilər ki, onlara qarşı Allahın peyğəmbəri ilə birlikdə döyüşəcəklər. Amma Səmavi Kitab və tanıdıqları Peyğəmbər (s.ə.s.) gəldikdə, onlar ona iman gətirməkdən boyun qaçırdılar və möminlərə bəslədikləri paxıllığa görə yol verilən həddi aşdılar. Onlar razılaşa bilmədilər ki, Allah Mərhəmətini Öz qullarından istədiyinə bağışlayır və buna görə O, onları lənətlədi və onlara qəzəbləndi. Onlar buna layiq idilər, axı onlar həmişə imandan qaçırdılar, şübhə edirdilər və Allaha şərik qoşurdular. Məhz buna görə Axirət günü onlar alçaldıcı və əziyyətverici cəzaya məhkum olunacaqlar. Onlar Cəhənnəmə atılacaq və əbədi səadətdən məhrum ediləcəklər. Onların halı necə də acınacaqlıdır! Onların Allaha, Onun Kitablarına və Onun elçilərinə olan imanı dəyişdirmələri necə də acınacaqlıdır! Allaha, Onun Kitablarına və Onun elçilərinə qarşı imansızlıq göstərmələri nəticəsində əldə etdikləri şey necə də acınacaqlıdır! Onlar şüurlu surətdə belə davrandıqlarına görə cəzalarının ağırlığı daha da şiddətlənəcəkdir.

(91) “Onlara: “Allahın nazil etdiyinə inanın!” — deyildikdə, onlar: “Biz özümüzə nazil edilənə inanırıq” — deyib onun ardınca gələni inkar edirlər. Halbuki Quran onların yanında olanı təsdiqləyən bir həqiqətdir. De: “Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”

(92) “Musa sizə açıq-aydın dəlillər gətirmişdi. O getdikdən sonra siz buzovu ilahiləşdirib özünüzə zülm etdiniz”

Yəhudilərə, Allahın Öz Elçisinə (s.ə.s.) nazil etdiyi Qurana iman gətirin deyildikdə, onlar itaət etməkdən təkəbbürlə boyun qaçırır və bəyan edirdilər ki, onlar ancaq özlərinə nazil edilənə iman gətirirlər. Onlar başqa kitablara iman gətirmək istəmirlər, halbuki, onlar Allahın onlara və ya başqa xalqlara nazil etdiklərinin hamısına inanmağa borcludurlar. Təkcə belə iman insanlara fayda verə bilər və bu — Allahın bütün elçilərinə imandır. Əgər bir insan elçilər və Səmavi Kitablar arasında fərq qoyaraq onların birini qəbul edib, digərini inkar edirsə, onun iddialarını iman adlandırmaq olmaz. Əksinə, bu, əsil kafirlikdir. Buna görə Uca Allah buyurur: “Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən istəyib: “Biz o elçilərin bəzisinə inanırıq, bəzilərinə isə inanmırıq!” — deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər — məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq”.
Mərhəmətli və Uca Allah israillilərin sözlərini qətiyyətlə təkzib edərək, onları tamamilə çıxılmaz vəziyyətə saldı. O, Qurana iman gətirilməməsinin yanlışlığını iki dəlillə əsaslandırır. Birincisi, Müqəddəs Quran — həqiqətdir. Əgər Quran hekayətləri, hökmləri və qadağaları Rəbdən gələn həqiqətdirsə, onda bu Kitaba iman gətirməmək — Allahı və Allahın ayələrini inkar etməyə bərbərdir. İkincisi, Müqəddəs Quran özündən əvvəlki Kitabların da doğruluğunu təsdiq və mühafizə edir. Necə olur ki, adamlar onlara nazil edilən Kitaba inanır, amma oxşar digər Kitabı inkar edirlər? Həqiqətən də, bu — yanlış baxışlara qatı mövhumatçı kimi tərəfdar olmaq və doğru rəhbərliyə qarşı öz alçaq xislətinə yer verməkdir.
Digər tərəfdən, Müqəddəs Quran əvvəlki Kitabların doğruluğunu təsdiq edirsə, deməli o, onlarda qorunub saxlanan ayələrin həqiqiliyi xeyrinə təkzibolunmaz bir dəlildir. Bundan başqa, o həm də əvvəlki vəhylərin gerçəkliyinin yeganə sübutudur. Əgər onlar Qurana iman gətirməkdən boyun qaçırır və onu inkar edirlərsə, onda onlar öz doğruçuluğunun yeganə sübutunu inkar edən və pisləyən insanlara bənzəyirlər ki, belə bir dəlili olmadan onlar öz iddialarını əsaslandırmaq qabiliyyətinə malik ola bilməzlər. Məgər belə bir rəftar Kitab əhlinin düşüncəsizliyinə dəlalət etmirmi? Qurana iman gətirməkdən boyun qaçıraraq, onlar, əslində, onlara əvvəlcə nazil edilmiş Kitabı təkzib və rədd edirlər.
Uca Allah bunu izah etdikdən sonra, onların əvvəlki Kitablara iman gətirdikləri iddiasının yalan olduğunu sübut edir. Onlar doğrudan da iman sahibi olsaydılar, Allahın peyğəmbərlərini öldürməzdilər və onlara təkzibedilməz həqiqəti təsdiq edən açıq-aşkar möcüzələri göstərdikdən sonra, Musanın (ə.) yerində olmadığı az bir zamanda buzova sitayiş etməzdilər. Onlar özlərini zalımcasına aparırdılar və bəraət qazana bilməzdilər.

(93) “O zaman Biz sizinlə əhd bağlayıb dağı başınızın üstünə qaldırdıq: “Sizə verdiyimizdən möhkəm yapışın və eşidin!” — deyə əmr etdik. Onlar: “Eşitdik və asi olduq!” — dedilər. Küfrlərinə görə buzova olan məhəbbət onların qəlblərinə yeridildi. De: “Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir!”

Allah israillilərlə əhd bağlayaraq dağı onların başı üstünə qaldırır. Onlara əmr olunur ki, haqqı mütilik və itaətkarlıqla dinləsinlər. Lakin onlar Allahın hökmlərini dinləyərək, itaətdən imtina etdilər. Onların ürəyi məhəbbətini qızıl buzova və ona ibadətə bağladı, bunun səbəbi isə onların kafirliyində idi. Bax buna görə, Uca Allah Öz Peyğəmbərinə (s.ə.s.) buyurur ki, belə desin: “Ey İsrail oğulları! Siz özünüzü dindar adlandırır və haqq dinə ibadət etdiyinizlə fəxr edirsiniz. Lakin siz Allahın peyğəmbərlərini öldürürdünüz və Musa (ə.) olmayan zaman qızıl buzova sitayiş etdiniz. Allah dağı başınız üzərinə qaldırana və bununla sizi təhdid edənə qədər Onun hökmlərini və qadağanlarını qəbul etməkdən imtina edirdiniz. Siz ancaq sözdə itaət edəcəyinizə vədə verdiniz, amma əməlinizlə onu pozdunuz. Məgər bu iman adlanır? Məgər bu möminlikdir? Əgər sizin bu davranışınız dindirsə, belə din necə də pisdir ki, insanı həddini aşmağa, Allahın elçilərini inkar etməyə və çoxsaylı günahlar etməyə təkan verir”.
Tamamilə aydındır ki, əsil iman insana ancaq xeyir əməllər işlətməyə hökm verir və onu hər hansı şər əməldən çəkindirir. Uca Allah bunu bildirdikdən sonra İsrail oğullarının yalançı və ziddiyyətli iddialarını ifşa edir.

(94) “De: “Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və doğru deyirsinizsə, onda özünüzə ölüm diləyin!”

(95) “Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır”.

Ey Muhəmməd! İsrail oğullarına de: “Əgər sizin iddialarınız doğrudursa, əgər Cənnət məkanı yalnız sizin üçün nəzərdə tutulubsa, əgər Cənnət bağlarına yalnız yəhudilər və xristianlar girəcəklərsə və Cəhənnəm odu sizə cəmi bir neçə gün toxunacaqsa, onda özünüzə ölüm arzulayın!”
Allahın Elçisi (s.ə.s.) yəhudilərə təklif etdi ki, özlərinə ölüm arzulasınlar və onları çıxılmaz vəziyyətə saldı. Onlar özlərinin doğruluğunda inadla təkid edirdilər, ancaq indi onlar sadə bir seçim qarşısında dayanmışdılar. Onlar ya Allaha və Onun Elçisinə (s.ə.s.) iman gətirməli, ya da öz doğruçuluqlarına əmin olduqlarını sübut etməli, özlərinə ölüm diləməli və bundan o saat sonra, zənn etdikləri kimi, onlar üçün hazırlanmış Cənnət diyarında olacaqdılar. Lakin onlar bu addımı atmaqdan imtina etdilər və hər kəsə məlum oldu ki, onlar inadkar kafirlərdir və şüurlu surətdə Allahın və Onun Elçisinin (s.ə.s.) əleyhinə çıxırlar. Uca Allah xəbər verir ki, onlar heç vaxt özlərinə ölüm diləməzlər, çünki küfrə ibadət edir, günahlar törədir və yaxşı başa düşürlər ki, ölüm, onların törətdikləri bəd əməllərə görə, onlardan alınacaq qisası tezləşdirəcək.

(96) “Sən onların həyatına bütün insanlardan, hətta müşriklərdən də daha həris olduqlarını görəcəksən. Onlardan hər biri min il ömür sürməsini istər. Halbuki uzun ömür belə onu əzabdan uzaqlaşdıra bilməz. Allah onların nə etdiklərini görür”.

Ölüm yəhudilər üçün ən nifrətamiz hadisədir. Onlar bütün başqa adamlardan daha çox yaşamaq həsrətindədirlər, bunda hətta müşriklərə də üstün gəlirlər. Halbuki onlar elçilərə və Kitablara qətiyyən inanmırlar. Onların dünyəvi həyata həvəsi o qədər böyükdür ki, hər biri min il yaşamaq istəyir. Onlar özləri üçün mümkün olmayanı arzulayırlar və bu, onların bu dünya həyatına məhəbbət bəsləmələrinin ən yüksək həddə çatdığına dəlalət edir. Buna baxmayaraq, əgər onlar belə uzun bir ömür sürsələr belə, bu onlara heç bir fayda gətirməz və onları cəzadan xilas etməz, çünki Allah onların nə etdiklərini görür. Allah bunu bildirdikdən sonra Öz qullarını törətdikləri əməllərə görə qisas alınacağı barədə xəbərdar edir.

(97) “De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”.

(98) “Kim Allaha, Onun mələklərinə Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir”.

Ey Muhəmməd! Yəhudilər bəyan edirlər ki, sənə iman gətirməməklərinin səbəbi himayədarının mələk Cəbrail olmasıdır. Onlar deyirlər ki, onun yerinə başqa bir mələk olsaydı mütləq sənə iman gətirərdilər. Bu bəyanatlar ziddiyyətlərlə doludur və mənadan məhrumdur. O bəyanatlar onların Allaha qarşı təkəbbürlü münasibətinin göstəricisidir. Cəbrail Allahın Müqəddəs Quranını sənin qəlbinə yerləşdirdiyi kimi, Allahın digər peyğəmbərlərinə də eynilə nazil olmuşdur. O, Allahın hökmlərini icra edir və Allahın yalnız elçisidir. Cəbrailin gətirdiyi Kitaba gəlincə isə, o bütün əvvəlki Kitabların həqiqiliyini təsdiq edir. O, əvvəlki Müqəddəs Kitablarla təzad yaratmır və onları təkzib etmir. O, ən kamil rəhbərlikdir və ona əsaslanaraq, hər cür yanlışlıqlardan xilas olmaq mümkündür. Bununla yanaşı, o, ona iman gətirən hər bir insana dünya həyatında və Axirət günündə xoşbəxtlik haqqında müjdə verir.
Gözəl keyfiyyətlərə malik olan Cəbrailə qarşı düşmənçilik münasibəti Allaha və Onun ayələrinə inanmamağa, Allaha, Onun Elçisinə (s.ə.s.) və Onun mələklərinə qarşı düşmənçiliyə bərabərdir. Yəhudilərin Cəbrailə bəslədikləri nifrət, ona qarşı şəxsi düşmənçilikdən deyil, onun Allahdan Allahın elçilərinə gətirdiyi haqqa yönəldilmiş kin-küdurətdən irəli gəlirdi. Bütün bunlar onların kafirliyinə və Cəbraili göndərmiş Allaha, onun vasitəsilə nazil edilmiş Kitaba və onun yanına göndərildiyi Elçiyə (s.ə.s.) qarşı düşmənçiliklərinə dəlalət edir. Onların sözlərini və hərəkətlərini məhz belə başa düşmək lazımdır.

(99) “Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər”.

Ey Peyğəmbər! Biz sənə aydın başa düşülən ayələr nazil etdik və onlar doğru yola gəlmək istəyən hər kəsi bu yola yönəldir və inadkarcasına iman gətirmək istəməyən hər bir adamı öz nadanlığına isnad edib bəraət qazanmaq imkanından məhrum edir. Bu dəlillər həqiqət haqqında o qədər aydın sübutlardır ki, onlara itaət etməkdən ancaq fasiqlər boyun qaçıra bilər, çünki onlar Allaha tabe olmaqdan qaçırlar və Allahın hökmləri qarşısında özlərini həddən artıq təkəbbürlü aparırlar.

(100) “Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu pozmurmu? Həm də onların çoxu buna inanmır”.

Bu ayə insanları onunla təəccübləndirir ki, israillilər Allahla nə qədər tez-tez əhd bağlayırdılarsa da, bu əhdlərə sadiq qalmağa çox vaxt bir o qədər də səbirləri çatmırdı. Onları öz vədlərini pozmağa vadar edən nə idi? Bunun səbəbi — onların əksəriyyətinin kafir olmalarındaydı. Məhz möhkəm imanın olmaması israilliləri vədlərini pozmağa yönəldirdi. Əks halda onlar belə hərəkət etməzdilər, çünki Uca Allah buyurur: “Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər” (Əhzab, 33/23).

———————-

Bənzər Məqalələr