Ramazan ayı, əməllərin qəbulu və xoşbəxtlik ayıdır. Bu ay, bağışlama və comərdlik ayıdır. Bu ay, yüksəliş və irəliləyişin başlanğıcıdır. İnsan – daima hər şeyin məntiqi izahını bilmək üçün çalışmalıdır. “Ramazan nə üçün var və bizdən nə istəyir?” sualını özünə verməli və bu sualının cavabını öyrənməyə çalışmalıdır.

 

Ramazan – bu ayda dəyişilməyimizi, Allahla aramızda olan passiv və tənbəl irtibatımıza ‘əl gəzdirməyimizi’ istəyir. Tənbəllik etməyənə, müjdə verir bu mübarək ay.. Ənəs b. Malik qüdsi bir hədisdə Peyğəmbərimizdən (ona salam olsun) Uca Allahın belə buyurduğunu nəql edir:

“Qul mənə bir qarış yaxınlaşarsa, Mən ona bir arşın yaxınlaşaram. O mənə bir arşın yaxınlaşarsa, Mən ona bir qulaç yaxınlaşaram. Mənə doğru iti addımlarla gələrsə, Mən ona doğru qaçaraq gələrəm.” (Buxari)

 

Ramazan – dünya sərxoşluğundan oyana bilməyən insan üçün bir xəbərdarlıq və oyanma şansıdır. İnsan, dünya həyatının şirin və gözəl olduğunu, lakin keçici olduğunu ‘dildə’ çox gözəl bilir. Lakin, bir çox hallarda bunu öz qəlbinə təsir etdirə bilmir.. Nemətləri vardır, saxta olmasa.. Zənginlikdir, sonda yox olmasa.. “Dünya məşğuliyyətləri” adlı fırtınalı dənizin dalğaları arasında itib-batan, sonda yox olur, dünyada məskunlaşan, sonra oradan köçür.. Ramazan – bunları xatırlamağımızı, fikrimizi, bizi yoxdan var Edən Uca Allaha cəmləməyimizi, Onunla pozulmuş olan irtibatımızı bərpa etməyimizi istəyir..

 

Təhlükələr, maneələr, qarışıq fitnələr, kiçik və böyük hadisələrlə dolu bir dünya.. Özünü, ailəsini və dostlarını – Allahın qəzəb və nifrətinə aparan amillərdən qoruyan kəs – nə xoşbəxt bir bəndədir! Ramazan, bu xoşbəxtliyi əldə etmə yolunda böyük deyil, ən böyük bir fürsətdir. Bunu isə, yalnız Allahın yoluna sarılmaqla etmək mümkündür:

“Allaha (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir”. (Quran, 3/101)

 

Himayə və qazancı ilə, gözəllik və böyüklüyü ilə mənfəət dolu bir ayın gəlib çatdığını hiss edə bilirsənmi? Nur saçan qonaq, xoş ətirli bir ay.. Gözəlliyi həddə sığmayan, xeyirləri sayılamayacaq qədər çox.. Nə zamana kimi bunları elə “şablon” sözlər olaraq oxuyacağıq? Ramazan’ı hiss etməyə çalışmaq – ilk hədəfimiz olmalı idi. Ramazan, bizdən məhz bunu istəyir, bu ay, bunun üçün var! Rəhmət qapılarının açıldığı necə də aşkar bir şəkildə hiss olunur! Hər kəs “Ramazan ayı nə zaman başlayır?” təlaşı içindədir. İnsanların Allaha, mənəviyyata, dinə olan solmuş hislərinin bu ayda necə cücərdiyini görə bilirsənmi? Hər kəsin olmasa da, insanların əksəriyyətinin hidayətə olan həvəsinin artması – məhz Ramazanda açılmış rəhmət qapılarının əlamətidir.. Biz isə, Ramazanı, sadəcə adi bir axşam yeməyi abu-havasında keçən iftarlar çərçivəsindən kənara çıxara bilmirik..

 

Bizi Ramazana qovuşdurduğu üçün Allaha nə qədər şükr etsək azdır. Bu aya qovuşmağı arzu edən nə qədər insan var idi ki, ona qovuşa bilmədi. Biz bu aya çatana qədər, nə qədər sevimli insanı, yaxınlarımızı məzara yatırdıq! “O məzara girəcək şəxs sən də ola bilərdin” – siqnalını xatırlamamızı istəyir Ramazan! Bizlərdən köçən köçdü. Onların gedişi bizim üçün bir xəbərdarlıqdır.

 

Ramazan bizdən nə istəyir? İstəyir ki, əbədi həyatı xatırlayaq.. Köçmə vaxtı yaxınlaşdı, azuqəmiz yox!.. Tövbə qapıları bağlanmadan, yəni – əcəl gəlib çatmamışdan əvvəl özünü xilas etməyə çalışan insan, qurtulacaqdır. O zaman heç kimə mal və mülkü fayda verməyəcək. Əzmi artıraraq, qəti qərar verməyin tam zamanıdır! Uca Allaha öz xeyirli əməllərimizi göstərməyin vaxtıdır.

 

Tənbəllik edənin ümidləri daima suya düşər və o, əsla müvəffəq olmaz. Aişə anamız belə demişdir:

“Allahın elçisi Ramazanda, başqalarından daha çox (xeyirli əməllər etməyə) səy göstərirdi”. (Muslim)

Allahın razı qaldığı ən sevimli bəndəsi olan Hz. Məhəmməd, bu ayda hər kəsdən daha çox Allahın razılığını qazanmaq üçün səy göstərərdi. Bununla, biz müsəlmanlara, “Ramazan – bəlkə də ən son fürsətdir, tənbəllik etmə, bu şansı dəyərləndir” deyə mesaj verirdi.

(ardı var)

 

 

 Ayxan Yaquboğlu

Bənzər Məqalələr