featured-image-2234

Məkkə surələrindəndir.

Bismilləhir Rahmənir Rahim!

1) Əl-Qariə!
2) Nədir əl-Qariə?!
3) Sən nə bilirsən ki, nədir əl-Qariə?!
4) O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək;
5) Dağlar isə didilmiş yun kimi olacaqdır!
6) Tərəzisi ağır gələn kimsə,
7) Xoş güzəran içində olacaq!
8) Tərəzisi yüngül gələn kimsənin isə,
9) Məskəni Haviyə olacaqdır!
10) Sən nə bilirsən ki, o nədir?!
11) O çox qızmar bir atəşdir!

Əl-Qariə “əl-Haqqə”, “ət-Tamə”, “əs-Saxxə”, “əl-Ğaşiyə” və başqa adlar kimi Qiyamət günün adlarından biridir. Daha sonra Allah təala həmin günün əzəmətini, düşüləcək halın dəhşətini diqqətə çəkərək buyurur: “Sən nə bilirsən ki, nədir əl-Qariə?!” Sonra isə həmin ayəni növbəti ayə ilə təfsir edir: “O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək”. Yəni insanlar kəpənəklər kimi, gedib-gələcək, ayrılıb səpələnəcək, bir-yerdə qərar tuta bilməyəcəklər. Allah təala başqa bir ayədə buyurur: “Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar”. (əl-Qəmər, 7)
“Dağlar isə didilmiş yun kimi olacaqdır!” Yəni ora-bura yırğalanıb atılan dağlar didilmiş yun kimi olacaqlar. Mucahid, İkrimə, Səid ibn Cübeyr, Həsən, Qatədə, Atə əl-Xorasani, Dahhək və Süddi ayədəki “الْعِهْنُ” (“əl-ihn”) sözünün yun mənasında olduğunu söyləmişlər. Daha sonra Allah təala əməl sahiblərinin əməllərinin necəliyindən asılı olaraq onlara veriləcək əvəzi xatırladır, əvvəlcə xeyir əməl sahibləri barəsində xəbər verərək buyurur: “Tərəzisi ağır gələn kimsə”, yəni yaxşı əməlləri pis əməllərindən çox olan kimsə, “(Cənnətdə) Xoş güzəran içində olacaq!”
“Tərəzisi yüngül gələn kimsənin isə”, yəni yaxşı əməlləri pis əməllərdən az olan kimsənin “Məskəni Haviyə olacaqdır!” Ayənin mənası belədir: O, baş üstə Cəhənnəm oduna yuvarlanacaqdır. Adətən ana mənasını verən “أُمّ” (umm) sözü burada “başı üstə” mənasında işlənmişdir. Buna oxşar rəvayət İbn Abbas, İkrimə, Əbu Saleh və Qatədədən nəql edilmişdir. Qatədə deyir ki, o, Cəhənnəmə baş üstə yuvarlanacaqdır. Əbu Saleh də bu cür qeyd etmişdir. Həmçinin, belə deyirlər ki, onun dönüb qayıdacağı yer Haviyədir. Haviyə Cəhənnəmin adlarından biridir. İbn Cərir deyir ki, “anası haviyədir” deyilmə səbəbi, oradan başqa qaçıb qurtula biləcək yerinin olmamasıdır. İbn Zeyd ayəni “وَمَأْوَاهُمُ النَّارُ” (“sığınacaqları cəhənnəmdir”) deyə oxumuşdur. İbn Əbu Hatim Qatədənin belə dediyini nəql etmişdir: O, Cəhənnəmdir. Ora da onların sığınacaqlar məskəndir. Daha sonra Allah təala Özü Haviyə sözünü izah edərək buyurur: “Sən nə bilirsən ki, o nədir?! O çox qızmar bir atəşdir!”
İbn Cərir nəql edir: Bizə Əbdüləla Abdulla əl-Əmanın belə dediyini rəvayət edir: “Mömin öldüyü vaxt onun ruhu mömin ruhların yanına aparılar və deyilər: Qardaşınızı istirahət etdirin. Çünki o, dünya qəmində idi. Ondan “fılankəs nə etdi?” — deyə soruşarlar. O, “öldü, sizin yanınıza gəlmədimi?” Ona “yox, baş üstə Haviyəyə aparıldı” — deyilər. Bu rəvayəti Mərdaveyh Ənəs ibn Malik vasitəsilə bundan daha ətraflı və mərfu olaraq nəql etmişdir. Bu haqda “Cəhənnəmin vəsfi” kitabında ətraflı məlumat vermişik. Uca Allahdan diləyirik ki, lütf və rəhmətini bizə bəxş etsin!
“O çox qızmar bir atəşdir!” Son dərəcə qızmar, şiddətli və yandırıcıbir atəşdir. Əbu Musab malik vasitəsilə Əbu Hureyrədən nəql edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Adəm övladının yandırdığı od, Cəhənnəm odunun yetmişdə bir hissəsidir”. Dedilər: “Ey Allahın elçisi, bu bəs deyildimi?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Ona altmış doqquz hissə artırılıb”. Hədisi Buxari İsmayıl ibn Əbu Uveys vasitəsilə malikdən nəql etmişdir. Habelə, Muslim Quteybə vasitəsilə Əbu Zənaddan nəql etmişdir. Onun nəql etdiyi hədisin mətnində “Cəhənnəm odu Adəm oğlunun yandırdığı oddan altmış doqquz hissə çoxdur. Hər bir hissə onun istiliyindədir”.
İmam Əhmə deyir: Bizə Əbdürrəhman Həmmad vasitəsilə Məhəmməd ibn Ziyaddan nəql etdi ki, Əbu Hureyrə Əbul Qasimin (ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu eşidib: “Adəm oğlunun yandırdığı od Cəhənnəm odunun yetmişdə bir hissəsidir”. Bir nəfər dedi: “Bu bəs deyilmidir?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Ona altmış doqquz hissə daha artırılıb. Hər hissənin istiliyi eynidir”. Əhməd bu rəvayəti tək nəql etmişdir. Ancaq bu hədis Muslimin şərtlərinə müvafiqdir. İmam Əhməd digər bir rəvayət nəql edir: Bizə Süfyan Əbu Ziyad vasitəsilə Əbu Hureyrədən, Amr isə Yəhya ibn Cədadan nəql etdi ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “Sizin bu odunuz Cəhənnəm odunun yetmişdə bir hissəsidir. Hətta iki dəfə dənizə batırılib. Əgər belə olmasaydı, Allah təala odda heç kimə faydalanmaq imkanı verməzdi”. Bu hədis Buxari və Muslimin şərtlərinə müvafiqdir. Lakin onlar hədisi bu şəkildə qeyd etməmişlər. Muslim özünün “Səhih” kitabında həmin hədisi başqa hədis halqası ilə nəql etmişdir. Bəzzar isə Abdulla ibn Məsud və Əbu Səid əl-Xudridən bu şəkildə rəvayət etmişdir: “Sizin bu odunuz yetmişdə bir hissədən biridir”.
İmam Əhməd deyir: Bizə Quteybə Əbu Hureyrədən (Allah ondan razı olsun!) nəql etdi ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “Bu od Cəhənnəm odunun yüzdə bir hissəsidir”. Yenə də Əhməd bu hədisi tək rəvayət etmişdir. Əbul Qasim ət-Təbərani deyir: Bizə Əhməd ibn Amr İbrahim ibn Munzir vasitəsilə Əbu Hureyrədən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu rəvayət etmişdir: “Siz bilirsiniz, yandırdığınız bu od Cəhənnəm odu ilə müqayisədə nədir? Cəhənnəm odu qaralığı sizin yandırdığınız odun tüstüsündən yetmiş dəfə çoxdur”. Hədisi Musab da Malik vasitəsilə nəql etsə də, onu Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) qədər çatdıra bilməyib. Tirmizi və İbn Macə Abbas əd-Duri vasitəsilə Əbu Salehdən, o da Əbu Hureyrədən nəql etdi ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Od min il yandırıldıqdan sonra qızardı. Sonra daha min il yandırıldıqdan sonra ağardı. Daha sonra min ildə yandırıldı və qaraldı. Ona görə də od qap-qara və qaranlıqdır”. Bu hədis Ənəs və Ömər ibn Xəttabdan da nəql edilmişdir.
İmam Əhmədin Əbu Osman ən-Nəhdi vasitəsilə Əbu Hureyrədən nəql etdiyi başqa bir hədisdə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) dediyi rəvayət olunur: “Cəhənnəm əhlinin ən az əzaba düçar olanının ayağında iki başmağı olacaq və onların istisindən onun beyni qaynayacaq”. Buxari və Muslimin rəvayət etdikləri digər bir hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, “Cəhənnəm odu Rəbbinə şikayətlənib dedi: Ey Rəbbim mənim hissələrim bir-birilərini yeyir. Onların ikili vəziyyətdə olmasına izn ver: Qışda və yayda! Qışda qışın ən şiddətli soyuğunu, yayda yayın ən şiddətli istisini görsünlər”. Hər iki mənbədə rəvayət olunan başqa bir hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurur: “İsti artdıqda, namazla sərinlənin! Çünki istinin şiddəti Cəhənnəmin alovundandır”.
“Əl-Qariə” surəsinin təfsiri sona çatdı. Həmd və səna Allaha məxsusdur.

Bənzər Məqalələr