Nəsihət – İslam dininin ana sütunlarından biridir. Məhz bu səbəblə də, Peyğəmbərimiz ﷺ Din – nəsihətdir” – deyə buyurmuşdur (Muslim). Çünki, nəsihət olmadan, insanlar bir-birinə xeyirli və faydalı işləri tövsiyə etmədən və həmçinin, pis və xeyirsiz əməllərdən gözəl şəkildə çəkindirmədən – fərdlərin və cəmiyyətin əxlaqi islahı formalaşa bilməz.

 

Nəsihətdən ibrət almaq və qəlbini nəsihətə daima açıq tutmaq – Allaha həqiqi mənada təslim olaraq müsəlman adını almış hər bir insanın əsla vaz keçməməli olduğu bir işdir. Bunun üçün isə, qəlbini Allahın bəyənib razı qaldığı əməllərlə doldurmalıdır ki, qəlb diri, oyaq və xeyirə meyl etməyə həvəsli olsun. Uca Allah bu barədə belə buyurmuşdur:

Rəbbinin izni ilə gözəl məmləkətin (torpağın) bitkiləri də (gözəl) çıxar. Pis olan (bir torpağın bitkiləri) isə, ancaq və ancaq çətinliklə çıxar. Şükür edən bir qövm üçün ayələri belə bəyan edirik. (Quran, 7/58)

Uca Allah bu ayədə özəl bir bənzətmə etmişdir. Allaha həqiqi mənada iman etmiş kəs (mömin), torpağı münbit və yararlı olan bir məmləkətə bənzədilmişdir. Yəni, haqq sözü eşitdikdə onu qəbul edərək faydalanar və bunun da nəticəsi olaraq gözəl əməllər ortaya çıxar. Haqq sözü eşitdiyi halda nəfsinə ağır gəldiyi üçün qəbul etməyən inkarçı kafirlər, qəlbində xəstəlik olan münafiqlər və onlara bənzəyən kəslər isə, əkin üçün yararsız bir torpağa bənzədilmişdir. Xeyirli nəsihət – Allahın lütfü və hədiyyəsidir. Qəlbini islah etməmiş, Allaha sözün əsl mənasında sevgi və qorxuyla boyun əyməmiş kəslər bu hədiyyəni öz əllərilə geri çevirmiş olurlar.

 

 

Ayxan Yaquboğlu

 

Share Button
Tarix: 14.08.2022 | Oxunma sayı: 1. 488 baxış