Başlarına gələn müsibətdən sonra insanlara bir rəhmət (rahatlıq) dadızdırsaq, yenə ayələrimiz barəsində onların bir hiyləsi olar. De ki: “Allahın hiyləsi daha sürətlidir”. Şübhəsiz, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar.” (10/21)

Bu ayə (Yunus, 21) Məkkə əhalisi haqqında nazil olmuşdur. Tarixi mənbələrə görə, Məkkəyə yeddi il yağış yağmamış, bunun nəticəsində baş vermiş quraqlıq səbəbiylə qıtlıq və xəstəliklər baş vermişdi. Bu qıtlıq o qədər şiddətli idi ki, bir çox insan və heyvanın məhvinə belə səbəb olmuşdu. Nəhayət, Məkkəlilərin azğınlıq və şirklə dolu həyatına baxmayaraq, Mərhəmətli və Rəhmli olan Uca Allah, ora bol yağış yağdırmış, Məkkə şəhəri yenidən bolluq və bərəkətə qovuşmuşdu. Lakin, imansızlar, bu lütfün Allahdan deyil, ulduzlardan və bütlərdən gəldiyinə inanaraq, yenə də haqqı yalanlamağa davam etdilər. Günümüzdə də bir çox imansızlar, nemətlərə və həmçinin, bəlalardan qurtuluşa görə Allaha şükür etməzlər, hətta bu düşüncə, onların ağıllarına belə gəlməz. Kimisi, sanki elə bu cür də olmalı imiş kimi vecsizlik edir, kimisi bu kimi hadisələri öz fərasət və ya digər dünyavi üstünlüyünə bağlayır, kimisi də bu nemət və qurtuluşları keçmişdəki imansız müşriklərin etdiklərinə bənzər bir şəkildə bütləşdirdikləri ölüb-getmiş salehlərdən, ulduzlardan, qəbirdən və ya digər bu kimi – Allah qatında aciz məxluqlardan bilmişlər.

Uca Allah, yuxarıda sadaladığımız qruplar haqqında, ilk başda qeyd etdiyimiz ayənin həmən ardıyca belə buyurmuşdur:

Sizi quruda və dənizdə yeridən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə: “Əgər bizi bundan xilas etsən, mütləq şükür edənlərdən olacağıq!” – deyə (dini, duanı başqalarına deyil, yalnız Allaha aid edərək, başqa şeylərə deyil) sırf Allaha dua edərlər. (10/22)

Bəli, təəssüf ki, insan belədir.. Nankor, unutqan və naşükür. Sıxıntısı başa çatan kimi, azğınlıq etməyə, Allahı unutmağa və hətta Ona şərik qoşmağa belə davam edər. Sanki, heç Allaha möhtac olan o deyildi.. Növbəti ayədə Uca Allah bu barədə belə buyurmuşdur:

Ancaq onları xilas etdiyi zaman bir də görərsən ki, onlar yer üzündə haqsız yerə azğınlıq edirlər. Ey insanlar! Dünya həyatının fani zövqü olan azğınlığınız yalnız öz əleyhinizədir. Sonunda dönüşünüz yenə Bizədir. Biz də etdiyiniz əməlləri sizə xəbər verəcəyik. (10/23)

Allaha sözün əsl mənasında iman edən, səmimi olaraq Ona məhəbbət bəsləyərək, səbrlə ibadət edən və həyatını başqalarının deyil, Onun razılığını qazanmaq üçün yaşayan kəslər bu qəflətdən istisnadırlar. İmanları və etdikləri xeyirli əməllərinin mükafatı olaraq, Uca Allah onlara sağlam təfəkkür və şükür edə bilmək nemətini lütf etmişdir.

 

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr