Borc – bir haqq və məsuliyyətdir. Borclu insan, borcu – əgər geri qaytarmaq niyyəti ilə götürübsə, Allah bu işi onun üçün asanlaşdırar və onu Öz himayəsi altında saxlayar. Lakin, borcunu qaytarmaqda həqiqətən çətinlik çəkən şəxsə qarşı təzyiq etmək və daima onun canını sıxmaq – icazəli deyil. 

Bəli, dediyimiz kimi, borc – ağır bir məsuliyyətdir. Lakin bəzən insan, çətin vəziyyətə düşdüyü üçün borcunu qaytara bilmir, borc sahibi isə, nəinki güzəştə getmir, hətta onun həbsxanaya atılmasına belə razı olacaq dərəcədə rəhmsizləşir, qəddarlaşır.. Aşağıdakı sətrlərdə, böyük İslam alimi Muhəmməd Saleh’in (Allah rəhmət etsin) sözlərindən istifadə olunmuşdur:

 

«Bəzi borc sahibləri, borcu olan kasıbları borclarını qaytara bilmədikləri üçün  məhkəməyə şikayət edərək, onu həbs etdirirlər. Bunu edənlər – hədlərini aşmış, zalım və günahkarlardır.

 

Qorxuruq ki, Allah da həmin insanları və onların övladlarını da elə bir çətinliyə düçar edər.. Qorxuruq ki, Allah onlara şiddətli əzab verər, onların bu kasıba etdiyi zülmdən, onların özünə də edilər. Uca Allah buyurur:

“Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!” (Bəqərə, 280).

 

O tamahkar borc sahibləri isə, sanki belə deyirlər: ‘Borcu olan şəxs çətin vəziyyətdədirsə, onu həbsə atın!’ Yəni, Allahın əmr etdiyinin tam əksini edirlər. Bu əməldən Allaha sığınırıq!

 

Onlar kasıbı məcbur edirlər ki, başqa yerdən borc tapıb onların borcunu qaytarsın. Şəkk yoxdur ki, bu haramdır. Kimsəyə icazəli/halal deyil ki, borclu olan kasıbdan borcunu tələb etsin. Hətta, onun kasıb olduğunu bildiyi halda ona bircə kəlmə: “borcumu qaytar” – demək belə haramdır! Çünki bununla onu sıxıntıya salaraq, utandırmış olur.

 

Halbuki Uca Allah “Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!” – deyə əmr edir. Yəni, maddi vəziyyəti düzələnə qədər ona möhlət verin…»

Qeyd: Burada söhbət, sui-istifadə edənlərdən deyil, həqiqi mənada borcunu qaytara bilməyən şəxslərdən gedir.

 

   

 

İstifadə olunmuş mənbə: Fətava, 18/215

Materiallardan istifadə edərkən istinad zəruridir!

Bənzər Məqalələr