Ermənilər 26 fevral 1992-ci ildə bəşər tarixinin ən böyük cinayətinə imza atıbılar

Keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində qalması tarixin ibrət dərsidir. Azərbaycanın çağdaş tarixində də unudulması mümkün olmayan, bütövlükdə xalqın təhtəlşüuruna dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman milli yaddaşdan silinməyəcəkdir. Erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhşətli hadisələrdəndir. 16 il öncə – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə belə amansız cinayətə rəvac vermiş ermənilər dünyanın ən əzazil, qəddar və qaniçən milləti olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmişlər.

Tarixi faktlar təsdiqləyir ki, “Dənizdən-dənizə Ermənistan” xülyası ilə yaşayan ermənilər müəyyən xarici havadarlarının köməyilə müxtəlif dönəmlərdə azərbaycanlılara qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirmiş, etnik təmizləmə siyasəti aparmışlar. Bir sıra dövlətlərin hakim dairələri tərəfindən himayə olunan bu mənfur siyasət çar Rusiyası və Sovet hakimiyyəti dövründə də ardıcıl şəkildə davam etdirilmiş, SSRİ-nin süqutu prosesi azərbaycanlıların doğma torpaqlarından qovulması, qaçqın və məcburi köçkünə çevrilməsi, kütləvi qırğınlarla müşayiət olunmuşdur. Təcavüzkar erməni millətçilərinin və sərsəm “Böyük Ermənistan” ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasətinin nəticələrini bütövlükdə milyondan çox azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.

Xocalıda törədilmiş amansız qətliam isə nəinki Azərbaycana, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş genosid aktı idi. Həmin gün azğınlaşmış erməni quldur birləşmələri mənfur imperiyanın 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirəyə aldıqları Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı işə saldılar: 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı bir neçə saatın içində milli zəmində amansızlıqla qətlə yetirən, 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri isə girov götürən ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etdirdilər. Beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri insanları qətlə yetirmək məqsədilə ən qəddar üsullara əl atdılar. Şahidlərin təsdiqlədiyinə görə həmin gecə onlarla qadın, 2 yaşından 15 yaşınadək olan uşaqlar, ahıl qocalar güllələnmiş, insanların başlarının dərisi soyulmuş, müxtəlif əzaları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları yarılmış, adamlar diri-diri torpağa basdırılmış və ya yandırılmışdır. Güllə yarasından ölməyənlərin başlarına sonradan güllə vurulmuş, meyitlər zorakılığa məruz qalmışdır.

Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən hissələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Xocalıdan çıxan əhalinin Naxçıvanik kəndi ərazisində pulemyot, avtomat və başqa silahlardan gülləbaran edilməsi faktı bunu bir daha təsdiqləyir. Bütün bunlar ermənilərin 16 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərinin kökündə məhz genosid (soyqırımı) niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır. Genosid cinayəti üçün xüsusi niyyətin olması zəruri şərt sayılır və bu dəhşətli akt hökmən milli, etnik, irqi, dini qruplara qarşı yönəlməlidir. Bu hüquqi müstəvidən yanaşdıqda aydın görünür ki, erməni silahlı birləşmələrinin çirkin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları məhz milli-dini zəmində son nəfərədək qətlə yetirmək olmuşdur. Ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırımı cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl atmış, misli görünməmiş qətliam törətmişlər.

Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırım cinayəti kimi tövsifi üçün kifayət qədər ciddi əsaslar verir. Ümumiyyətlə, ilk dəfə Nürnberq Hərbi Tribunalının nizamnaməsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilmişdir. Orada soyqırımı cinayəti insanlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir.
BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 1948-ci il tarixli Konvensiyasında isə soyqırımı cinayətinin mahiyyəti tam olaraq əksini tapmışdır. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla ən ağır beynəlxalq cinayət sayılır. Soyqırımı hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş bu cinayət hərəkətlərinə deyilir: birincisi, həmin qrupun üzvlərinin öldürülməsi; ikincisi, onların şikəst edilməsi, bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; üçüncüsü, hər hansı qrupa onun qəsdən tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması; dördüncüsü, həmin qrupda doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; beşincisi, azyaşlı uşaqların bir insan qrupundan alınıb başqasına verilməsi. Bunlardan hansısa biri hadisənin soyqırımı kimi qiymətləndirilməsi üçün kifayət edir. Bu meyarlar baxımından, Xocalı faciəsi soyqırımı cinayəti kimi qiymətləndirilməlidir.

Soyqırımı – beynəlxalq hüququn qəbul edilmiş ümumi pirinsip və normalarının, habelə insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır. Soyqırımının əsas ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətin törədilməsi nəticəsində ayrıca mədəniyyəti, adətləri, ənənələri, bir sözlə, yaşam tərzi olan milli, etnik, irqi və ya dini qrup tamamilə və ya qismən öz mövcudluğunu itirə bilər. Bu isə insanlar birliyinin müxtəlifliyinin itirilməsinə, beynəlxalq nizamlama qanunauyğunluqlarının əsaslarının sarsılmasına gətirib çıxara bilər. BMT Baş Məçlisinin 10 dekabr 1948-ci il qəbul etdiyi “Ümumdünya insan hüquqları” Bəyannaməsində qeyd olunur ki, “EHər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır, heç kəs insan ləyaqətini alçaldan alçaldıcı və qeyri-insani cəza və işgəncələrə məruz qala bilməz. Hər bir insan onun harada olmasından asılı olmayaraq hüquq subyekti hesab olunur və bütün insanlar qanun qarşısında bərabərdir və qanunlarla eyni dərəcədə müdafiə olunurlar”.

XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımının məhz azərbaycanlı milli qrupuna qarşı yönəldiyi inkarolunmaz faktdır və bu da ermənilərin qeyri-insani davranışlarının genosid (soyqırımı) kimi tövsifi üçün ciddi hüquqi əsaslar verir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minmiş “Genosid cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında” Konvensiyada insanğıla yönəlmiş bu qeyri-humanist aktın hüquqi əsasları təsbit olunmuşdur.

Ermənistanın müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq prinsiplərinə məhəl qoymaması ilə bağlı faktlar yalnız bununla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdirmişlər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atmışlar.

Xocalıda baş verənlərin soyqırımı olduğunu həmin dövrdə bir sıra ölkələrin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri də təsdiqləmişlər. Bu baxımdan, faciə baş verən gün Xankəndidə ezamiyyətdə olmuş Fransanın “Libardion” qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi çoxlu müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazmışdır. Jurnalist “Libardion” qəzetində çap etdirdiyi “Erməni terrorizminin canlı şahidi oldum” sərlövhəli yazıda Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan etmişdir. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olmuş, erməni terrorizmi dünyanı məhz bu yolla “ram etməyə” çalışmışdır. Fransalı müxbir Xocalı qətliamında iştirak edən erməni terror dəstələrinin necə amansızlıq etdiklərinin canlı şahildi olduğunu yazmışdır. Mənfur sovet ordusunun 366-cı motoatıcı alayının ermənilərlə birgə Xocalı üzərinə hücumundan bir gün əvvəl Xankəndidə bu alayın ştabında olan Vayner orada rus polkovniki Zaviqarovun əməliyyata ciddi hazırlaşdığının şahidi olduğunu göstərmişdir. “Hələ Xocalı işğal edilməmişdən bir gün əvvəl 49 azərbaycanlı əsir alınaraq kütləvi şəkildə güllələndi. Batalyon və hərbi hissələrin komandirləri dinc əhalinin məhvinə qərar vermişdilər. Hücumdan bir neçə saat əvvəl 366-cı alayın ştabında 58 azərbaycanlı qətlə yetirildi. Onların çoxu qadın və uşaqlar idi. Cəsədlərin gömüldüyü quyuların yanından keçmək mümkün deyildi. Çünki oradan dəhşətli dərəcədə meyit iyi gəlir, itlərin, çaqqalların səsləri eşidilirdi” – deyə müşahidələrini obyektiv şəkildə qeydə almış fransalı jurnalist Xocalıya hücum ərəfəsində Ermənistanın hakimiyyət orqanları rəhbərlərinin 366-cı motoatıcı alayın ştabında olduğunu da vurğulamışdır.

Xocalı soyqırımını törətməklə erməni millətçiləri xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqlarının işğalı faktı ilə barışdırmaq kimi çirkin niyyətlər güdürdülər. Azərbaycan xalqına qarşı misli görünməmiş kütləvi və amansız qırğın aktı ermənilərin Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf götürmüş məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, insanlığa qarşı yönəlmiş irimiqyaslı cinayət idi. Lakin hiyləgər və məkrli düşmən bu amansız cinayətlə istəyinə qətiyyən nail ola bilmədi. Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmadılar, sonadək vuruşaraq Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər. Xalqımız 1990-cı ilin yanvarından sonra bir daha öz milli kimliyini, düşmənə qarşı mübarizə əzmini, qətiyyətini, döyüş ruhunu nümayiş etdirdi.

Ruhları şad olsun!
———
İnformasiya mənbəyi:
Yeni Çağ İnformasiya Agentliyi

Share Button
Tarix: 26.02.2008 | Oxunma sayı: 1. 286 baxış