featured-image-1697

Geri qaytarılmaq şərti ilə verilən pul və ya əşyaya borc deyilir. Fiqhi termin olaraq “deyn” adlanır. İnsanların bir-biriləri ilə köməkləşmə yollarından biri də borc alıb verməkdir. Borc alıb vermə İslamda nağd pul kimi sayıla bilən, buğda, arpa kimi ölçülə bilən, yaxud qızıl, gümüş və ət kimi çəkilə bilən mallarla da verilə bilər.

Borc vermə İslamda savabdır. Dinimiz bunu təşviq etmişdir. Hətta bəzi zamanlarda sədəqə verməkdən də savablıdır. Allah Təala belə buyurur:
Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir. (ət Təğabun 64/17)
Peyğəmbər (s.a.s) də bir sədəqəyə on misli savab veriləcəyini, borc verən kimsəyə isə on səkkiz misli savab veriləcəyini bildirmişdir. (Ət-Tərqib və Tərhib, II,40)

Bir kimsə borc verdiyi pul və ya bir şeyin tamamını bağışlaya bilər. İslam Borclusu çətin vəziyyətdədirsə ona müəyyən vaxt verilməsinə, hətta mümkündürsə alacağını bağışlamasını təşviq etmişdir. Quran Kərimdə:
Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir. ( əl -bəqərə 2/280)

Təbaraninin Əbu Ümamə (r.a) nəqlinə görə Rəsulullah (s.a.s) belə buyurdu: Öz kölgəsindən başqa bir kölgənin olmayacağı bir gündə Allahın onun özünün kölgələndirməsini arzu edən kimsə, çətin vəziyyətdə qalmış olan insana borcunu qaytarmaq üçün asanlıq yaratsın və ya onun borcunu azaltsın. (İbn Kəsir, Təfsirul Quranil Azim)

Buxari Əbu Hüreyrədən belə rəvayət etmişdir: Peyğəmbər (s.a.s) belə buyurdu: İnsanlara borc verən bir tacir var idi. Çətin vəziyyətdə qalan birini görüncə uşaqlarına, onun borcunu bağışlayın, bəlkə Allah də bizi bağışlayar deyərdi. Nəhayət Allah da onu bağışladı.

İmam Əhmədin rəvayətinə görə İbn Ömər belə dedi: Peyğəmbər (s.a.s) belə buyurdu: Duasının qəbul olunmasını, kədərlərinin açılmasını istəyən, borcunu ödəyə bilməyən, çətin vəziyyətdə qalmış kimsəni bu vəziyyətdən qurtarsın. (Əhməd b. Hənbəl, II,23)

İbn Abbasdan rəvayət edilmişdir: Rəsulullah (s.a.s) belə buyurmuşdur: Borcunu ödəməkdə çətinlik çəkən birinə möhlət verən və ya borcunun bir qismini bağışlayan kimsəni uca Allah cəhənnəm atəşindən qoruyar. (Buxari, Sehr 17, Müslim Zühd 74)

Borcun gərəksiz və səbəbsiz yerə gecikdirilməsi caiz deyil. Bu barədə Peyğəmbər (s.a.s) buyurmuşdur: Zənginin borcunu gecikdirməsi zülmdür. (Buxari, Həvalə 1-2, Müslim Musakat, 33)

Burada matl (gecikdirmə) bir kimsənin borcunu verməyi gecikdirməsi, alacaqlını incitməsi qarşılığında işlənmişdir. Qurtubi bu kəlimənin “ödəməsi lazım olan borcu” imkanı var ikən ödəməmək mənasına gəldiyini deyir.

Borcun yazılması: Quranda cəmiyyət içərisində yerləşdirilmək istənilən prinsip, malın yox olmaması və müəyyən bir zaman üçün alınan borclar xüsusunda borcun miqdarının yazılmasıdır. Bunu yazmaq istəyə bağlı deyil, ayə ilə fərz qılınmış bir haldır. Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. (əl -Bəqərə 2/282)

İslamın insanlığa gətirdiyi gözəl mesajlardan biri insanlara qarşı xoş niyyətlilikdir. İslam tamahkarlıq, eqoistlik, simiclik səhrasında insan oğlunun sığına biləcəyi yeganə kölgəlikdir. Bu din həm borc alan və həm də borc verən üçün və kölgəsində sığınan bütün topluluqlar üçün bir rəhmət və şəfqət qucağıdır.

Bənzər Məqalələr